Müsabiqə və festivallar qalibi

 

Nərminə İsmayılova 2000-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Musiqi sədaları altında böyüyən qızcığaz fortepianoda ilk dərslərini 5 yaşından almağa başlayıb. 2007-ci ildə o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano şöbəsinin I sinfinə daxil olub. Hazırda məktəbin VIII sinfində təhsil alır. Bu illər ərzində müxtəlif müsabiqə və festivallara qatılaraq uğurlu çıxışlar nümayiş etdirib.

2009-cu ili Nərminə üçün daha əlamətdar saymaq olar. Çünki məhz həmin ildə o ilk uğuruna imza ataraq Gənc ifaçıların N.Əliverdibəyov adına Respublika müsabiqəsinin laureatı olub. 2013-cü ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I dərəcəli diploma layiq görülüb. 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. 2015-ci ilin aprelində zəmanəmizin görkəmli pianoçusu Denis Matsuyevin təşkilatçılığı ilə Astana şəhərində keçirilən gənc pianoçuların "Astana Piano Passion" III Beynəlxalq müsabiqəsində də Nərminənin məharətli çıxışı diploma layiq görülüb.

Hazırda gənc istedad xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin solistidir. Anası, əməkdar artist Nərgiz Kərimova Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. Bu səbəbdən gənc fortepianoçu bir çox konsertlərdə səhnəni anası ilə birgə bölüşdürür. Artıq o, fortepianoda vokal əsərlərini professional musiqiçi kimi ifa edir.

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.14.