Ürək deyir yaşa hələ...

 

Bu misra Azərbaycanın çox sevilən xanəndələrindən biri, görkəmli muğam bilicisi və ifaçısı, xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli Əlibaba Məmmədovun özünün bəstələdiyi və uzun illər sevə-sevə oxuduğu bir mahnıdandır. Bu gün artıq 85 yaşında olan ustad sənətkar, görünür, ürəyinin sözünə həmişə qulaq asıb. Yaşayıb və ecazkar sənəti ilə çoxsaylı pərəstişkarlarını, musiqisevərləri də mənən, ruhən yaşadıb, ucaldıb, saflaşdırıb. Həmin mahnı bu gün də Əlibaba müəllimin sevimli mahnılarından biri olaraq qalmaqdadır. Çünki buradakı məlum misra onu yenə də yaşayıb-yaratmağa, öz zəngin təcrübəsini, biliyini ardıcıllarına, muğam aləminə təzə-təzə qədəm basan tələbələrinə öyrətməyə səsləyir. Bunu görkəmli sənətkarın 85 illik yubileyi ilə bağlı vaxtilə məzunu olduğu, sonralar uzun illər müəllim kimi çalışdığı Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində onunla keçirilən görüşdə də duymaq mümkün idi. Görüşdə həm də Əlibaba Məmmədov haqqında yazılmış "Bizim ustad" kitabının təqdim olunması nəzərdə tutulmuşdu.

Tədris ocağının müəllim və tələbələri ilə bərabər bir sıra tanınmış musiqi xadimininiştirak etdiyi tədbiri Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq yubilyarı və zala toplaşanları salamladı, görüşün proqramı və qonaqlarla onları tanış etdi.

Kolleclərində tanınmış sənətkarlarla, musiqi xadimləri ilə görüşlərin, yubiley mərasimlərinin tez-tez keçirildiyini deyən və nümunə üçün bir neçəsini də xatırladan N.Kazımov belə tədbirlərin onlar üçün əsl bayrama çevrildiyini, məzunlarla görüşlərin isə onlara ikiqat bayram sevinci yaşatdığını söylədi.

Professor Nazim Kazımov yubilyarın sənət yoluna qısaca nəzər salaraq bildirdi ki, Əlibaba Məmmədov 1953-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna daxil olaraq ustad sənətkar Seyid Şuşinskidən muğamların sirlərini öyrənmiş, fitri istedadı, orijinal ifa üslubu, işgüzarlığı sayəsində tezliklə özü də istedadlı muğam ifaçısı kimi tanınmış və sevilmişdir.

Ustad sənətkarın milli xanəndəlik məktəbinin ənənələrinin davaminkişaf etdirilməsində, muğamlarımızın təbliği və öyrədilməsində mühüm xidmətləri olduğunu, onun uzun illər rəhbərlik etdiyi "Humayun" xalq çalğı alətləri ansamblının neçə-neçə istedadı aşkara çıxarıb xalqa tanıtdığını vurğulayan N.Kazımov kolleclərinin belə məzunları ilə həmişə fəxr etdiyini, bütün həyatını muğamlarımıza, xalq mahnılarına həsr etmiş bu böyük ustadla keçirilən bugünkü görüşün tələbələrin xatirində daim yaşayacağını və onları kamil sənətkarlar kimi yetişməyə ruhlandıracağını bildirdi.

Çıxışının sonunda Nazim Kazımov Əlibaba Məmmədovu 85 illik yubileyi münasibəti ilə təbrik edib, ona kolleclərindən bəhs edən kitabgül dəstəsi təqdim etdi.

Sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Səadət Təhmirazqızının Əlibaba Məmmədov haqqında yazdığı və 2015-ci ildə "Nərgiz" nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan buraxılmış "Bizim ustad" kitabının təqdimatı oldu.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Əlibaba Məmmədovun musiqimiz qarşısındakı xidmətlərindən, kitabın müəllifinin yaradıcılıq yolundan və "Bizim ustad" kitabının yazılma zərurəti, strukturu və məziyyətlərindən bəhs etdi. Kitabın böyük sənətkarın həyatı və yaradıcılıq yolunu mərhələlərlə əks etdirməsini, maraqlı struktura malik olmasını, orijinal üslubda qələmə alınmasını onun əsas məziyyətləri kimi dəyərləndirən Zemfira xanım burada Əlibaba Məmmədovun yaradıcılığının, onun ifa etdiyi dəsgahların, müəllifi olduğu mahnı və təsniflərin çox professionallıqla təhlil edildiyini diqqətə çatdırdı. Monoqrafiyanı dərslik kimi dəyərləndirən məruzəçi onun araya-ərsəyə gəlməsi üçün böyük zəhmət çəkən Səadət Təhmirazqızına Əlibaba sənətini sevənlər adından dərin minnətdarlığını bildirdi.

Sonra görüş Musiqi Kolleci tələbələrinin bu təhsil ocağının məzunu Əlibaba Məmmədovun 85 illiyinə həsr edilmiş konsert proqramı ilə davam etdi.

Kollecin istedadlı tələbələrindən Vüqar Əbilov, Seymur Niftiyev, İntizam Qasımov, muğam müsabiqəsinin laureatı Fərid Əliyev, Orxan Hüseynli, Nərgiz Nuriyeva Əlibaba Məmmədovun xalq arasında çox sevilən "Gözlərin", "Min yaşasın", "Söylə", "Dəşti təsnifi", "Şahnaz təsnifi" və "Vətən yaxşıdır" mahnılarını məharətlə ifa etdilər.

Tədbirin sonunda söz böyük sənətkara verildi. Asəf Zeynallı adına musiqi texnikumunu bitirməsi ilə həmişə fəxr etdiyini söyləyən Əlibaba Məmmədov görüş üçün kollecin rəhbərliyinə təşəkkür etdi.

Son illər ölkəmizdə muğam sənətinin yeni inkişaf yoluna çıxdığını diqqətə çatdıran yubilyar bu işdə, eləcə muğamlarımızın təbliğındə, dünya xalqlarına çatdırılmasında Heydər Əliyev Fondunun, onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mühüm xidmətləri olduğunu söylədi ona minnətdarlığını bildirdi.

Çıxışının sonunda böyük sənətkar tələbələrə bir sıra tövsiyələrini verdi.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2015.- 7 mart.- S.14.