Ümumrespublika Proqramlaşdırma

Olimpiadasına yekun vuruldu

 

Mayın 16-da "Bakı" nəşriyyatının dəstəyi ilə keçirilən ALPlogo ümumrespublika proqramlaşdırma olimpiadasının finalı olub.

Qeyd edək ki, ALPLogo Azərbaycan dilində yaradılmış ilk proqramlaşdırma mühitidir. Təxminən yarım əsrdir ki, bütün dünyada kiçikyaşlı məktəblilər proqramlaşdırmanı, əsasən, LOGO dili vasitəsilə öyrənirlər. Uşaqlar üçün LOGO proqramlaşdırma dili 1967-ci ildə Massaçusets Texnologiya İnstitutunun əməkdaşları Seymur Paypertİdit Xarel tərəfindən yaradılmışdır. Bu dil vasitəsilə kiçikyaşlı məktəblilər proqramlaşdırma konsepsiyasının əsaslarını öyrənir, onlarda düşüncə və məsələ həlli vərdişləri inkişaf etdirilir. LOGO mühiti uşaq personajına çevrilmiş Tısbağanın hərəkətlərinin proqramlaşdırılmasına əsaslanır. Tısbağa hərəkət etdikcə iz qoyur və nəticədə rəngarəng təsvirlər alınır. Bu gün dünyanın əksər dillərinə tərcümə olunmuş LOGO-nun onlarla yeni versiyası vardır.

LOGO proqramlaşdırma dilinin ALPLogo adlanan Azərbaycan versiyası 2012-ci ildə ümumtəhsil məktəbləri üçün informatika dərsliklərinin müəllifləri və proqramçı Cəmşid Naxçıvanskidən ibarət qrup tərəfindən "Bakı" nəşriyyatında işlənib hazırlanmış və artıq üç ildir ki, respublika məktəblərində böyük uğurla istifadə olunur. Proqram mühiti V, VI və VII sinif informatika dərsliklərinə daxil edilmişrespublika məktəblərinə pulsuz olaraq yayılması təmin olunmuşdur. ALPLogo-nun VII siniflər üçün nəzərdə tutulmuş yeni versiyası daha geniş hesablamaqrafik imkanlara malikdir. Proqramın başlıca özəlliyi komandaların Azərbaycan, ingilisrus dillərində yazıla bilməsindədir. Azərbaycan və rus bölmələrində dərs zamanı müəllimlərin hər hansı dildə yazılmış hazır kodlardan asanlıqla istifadə etmələri üçün proqramda interfeys dilinin dəyişdirilməsi ilə yanaşı, kodun bir dildən başqa dilə avtomatik çevrilməsi imkanı da vardır.

"Bakı" nəşriyyatının dəstəyi ilə ikinci dəfə keçirilən ALPLogo proqramlaşdırma olimpiadasının şərtləri informatik.az saytında və facebook şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda əvvəlcədən elan olunmuşdu. Məktəblərdə keçirilmiş birinci turun qalibləri aprelin 25-də respublika turunda iştirak etmək hüququ əldə etmişdilər. Olimpiada böyük uğurla keçirildi və mayın 16-da ona yekun vuruldu.

Ötənilki olimpiadadan fərqli olaraq bu il keçirilən olimpiadada zonalar üzrə respublikanın 14 bölgəsində olimpiada mərkəzləri yaradılmışdı. Ümumilikdə isə olimpiadada 159 şagird iştirak edirdi.

Final turunda şagirdlər ALPLogo proqramlaşdırma mühitində 2 saat ərzində 4 tapşırıq yerinə yetirməli idilər. 5 və 6-cı sinif şagirdləri ilə 7-ci sinif şagirdlərinə verilmiş tapşırıqlar onların yaş səviyyələrinə uyğun olaraq fərqli idi.

İşləri yoxlayan zaman şagirdlərin proqramlaşdırma bacarıqlarını belə yüksək səviyyədə nümayiş etdirməsi münsiflər heyətini çox sevindirdi. Proqramlaşdırma sənətinin özəlliyi ondadır ki, bir məsələnin həlli üçün müxtəlif proqramlar tərtib oluna bilər. Tərtib olunan hər bir proqram başqasından proqramçının iti düşüncəsi, maraqlı tapıntıları, optimal alqoritmləşdirmə bacarıqları, bir sözlə, proqramçının proqramlaşdırma məharəti ilə fərqlənir. Bu baxımdan, iştirakçılar təcrübəli proqramçılardan ibarət münsiflər heyətini, sözün əsl mənasında, heyrətləndirməyi bacardılar.

Müsabiqə bitən kimi bütün işlər kodlaşdırıldı və münsiflər heyətinin üzvləri tərəfindən ayrı-ayrılıqda məxfi olaraq qiymətləndirildi. Sonra münsiflər heyətinin hər bir üzvünün tərtib etdiyi reytinq cədvəli təhlil edilərək ümumi nəticəyə gəlindi. Qiymətləndirmə başa çatdıqdan sonra nəticələr dekodlaşdırılaraq informatik.az saytında və facebook şəbəkəsinin "İnformatika müəllimləri" qrupunda yerləşdirildi.

Müsabiqənin nəticələri təhlil edilən müddətdə facebook şəbəkəsindəki müvafiq qrupda informatika müəllimlərinin göstərdikləri fəallıq münsiflər heyətində analoji müsabiqənin müəllimlər arasında da keçirilməsi təşəbbüsünü doğurdu. Bu, bütün müəllimlər tərəfindən sevinclə qarşılandı. Müsabiqənin şərtləri elan edildi: bütün işlər "İnformatika müəllimləri" qrupuna yerləşdirildi və qaliblər bütün müəllimlər tərəfindən açıq səsvermə ilə müəyyənləşdirildi. Hər gün bir-birinin ardınca hamını heyrətləndirən təsvirlər yaranırdı. Hər yeni qrup üzvləri tərəfindən müzakirə olunur və rəylər bildirilirdi.

Bu müsabiqə ALPLogo proqramlaşdırma mühitinin çox böyük imkanlarını nümayiş etdirdi. Səsvermə bütün qrup üzvləri tərəfindən açıq keçirildiyindən nəticələr hamını qane etmiş oldu: I yerə Aygül Orucova, II yerə Nərminə Nadirova və Təranə Məmmədova, III yerə isə Aynurə Kərimova, Sevda Həndəmova və Eldar Əmirov layiq görüldülər.

Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçirilmiş mükafatlandırma mərasimi 17 may - Ümumdünya Telekommunikasiyaİnformasiya Cəmiyyəti Gününə həsr edilmişdi. Tədbirə respublikanın müxtəlif bölgələrindən 150-dən çox iştirakçı gəlmişdi. Bütün iştirakçılara və mərkəz rəhbərlərinə sertifikatlar verildi. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.

Tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqov, BDU-nun dosenti Ramin Mahmudzadə və əməkdar müəllim Naidə İsayeva çıxış edərək şagird və müəllimlərin böyük marağına səbəb olan belə müsabiqələrin gələcək proqramçıların yetişməsində böyük əhəmiyyətindən danışdılar. Fəxri yerləri qazanmış şagirdlər arasında beynəlxalq olimpiadalarda iştirak üçün namizədlərin seçilməsi və onlarla ciddi məşğul olunması nəzərdə tutulur.

İsmayıl Sadıqov çıxışında onu da diqqətə çatdırdı ki, "Bakı" nəşriyyatının dəstəyi ilə keçirilən müsabiqənin miqyası genişlənərək bütün respublikanı əhatə etdiyindən növbəti ildən müsabiqə Təhsil Nazirliyinin xətti ilə keçiriləcəkdir. Ramin Mahmudzadə AMEA-nın prezidenti Akif Əlizadənin bir neçə gün əvvəl İnformasiya Texnologiyaları İnstitutunda çıxışı zamanı informatika fənnindən sualların tezliklə qəbul imtahanlarına daxil edilməsinin vacibliyi barədə söylədiyi fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxış edənlər son zamanlar informatika fənni ətrafında gedən söhbətlərə də münasibət bildirdilər.

Sonda ikinci ildir ki, qalib adını qazanan Bakı şəhəri 114 nömrəli məktəbin şagirdi Ülviyyə Əliyevanın atası valideynlər adından çıxış edərək təşkilatçılara öz minnətdarlığını bildirdi.

 

Azərbaycan müəllimi.- 2015.- 23 may.- S.7.