“Müəllimlər də tələbələrin
təcrübələrindən yararlanmaq
istəyir”
ABŞ-ın Yel
Universitetinin tələbəsi Vüsal Kərimovla söhbət
Vüsal Əmir oğlu Kərimov
1983-cü il sentyabrın 30-da Naxçıvan şəhərində
anadan olub. 2000-ci ildə Naxçıvan Türk Liseyini əla qiymətlərlə bitirib.
2005-ci ildə Türkiyənin Ankara
Universitetini beynəlxalq
münasibətlər ixtisası
üzrə bitirərək
bakalavr dərəcəsi alıb.
2005-2006-cı illərdə
İsveçin Lund Universitetində beynəlxalq siyasət
(Avropa siyasəti) ixtisası üzrə magistr təhsili
alıb. 2006-2007-ci
illərdə hərbi xidmətdə olub. 2007-2011-ci
illərdə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyində, o cümlədən nazirliyin Naxçıvan
Muxtar Respublikasındakı İdarəsində attaşe və
üçüncü katib vəzifələrində
çalışıb. 2011-2014-cü illərdə Azərbaycan
Respublikasının Malayziyadakı səfirliyində ikinci
katib diplomatik vəzifəsində işləyib. Hazırda “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı” çərçivəsində
ABŞ-ın Yel Universitetində biznesin idarəolunması
ixtisası üzrə magistr (MBA) proqramında təhsil
alır.
- Orta məktəb
illərində uğurlarınız. Daha
çox hansı fənlərə maraq göstərirdiniz?
- Orta məktəb
təhsilimi Naxçıvan şəhər 11 nömrəli məktəbdə
və Naxçıvan Türk Liseyində (NTL) almışam.
Orta məktəb illərində riyaziyyat, fizika və tarix ən
çox maraq göstərdiyim fənlər olub. Riyaziyyat
üzrə Muxtar Respublikada təşkil olunan olimpiadalarda
müxtəlif dərəcələrlə təltif
olunmuşam. İbtidai məktəb müəllimim
və NTL-dəki fizika və tarix müəllimlərim mənim
təhsil bazamın və digər insani keyfiyyətlərimin
formalaşmasında həlledici rol oynayıblar. Onlardan
nizam-intizam ilə çalışmağı, insanlara və
müxtəlif fikirlərə hörmətlə
yanaşmağı, səbrli olmağı və digər bir
sıra müsbət
keyfiyyətləri öyrənmişəm. Həyatda
nail olduğum hər şeydə onların payının
olduğuna inanıram. Ali məktəbə qəbul
üçün həm TQDK imtahanında, həm də
Türkiyə universitetlərinə qəbul imtahanlarında
çox yüksək nəticələr göstərmişəm.
- Sizdə
ixtisasınıza maraq
necə və nə vaxtdan yarandı?
- Mən
özümü iki əsas ixtisas üzrə inkişaf
etdirmişəm. Birincisi, beynəlxalq münasibətlərdir.
Orta məktəbin son iki ilində dünyada
baş verən hadisələrin də təsiri ilə aktual məsələlərə
daha çox maraq göstərməyə başladım.
Ölkəmizin qlobal müstəvidə layiqli
yerini tapması üçün beynəlxalq münasibətlər
sahəsində daha çox çalışmamızın zəruri
olduğunu düşünürdüm. Özümü
bu sahədə formalaşdırmaq üçün diplomatiya
ixtisasını seçdim və bu istiqamət üzrə
Türkiyə və İsveçdə təhsil aldıqdan
sonra Azərbaycan Xarici İşlər Nazirliyinə işə
qəbul oldum. İkinci ixtisasıma - biznes
və maliyyə sahəsinə marağım təsir
gücü günbəgün artan özəl sektorun və
maliyyə vasitələrinin gündəlik həyatımıza
birbaşa təsirlərini müşahidə prosesində
yarandı.
- Xaricdə
təhsil almağa necə qərar verdiniz?
- Mən
daha əvvəl Avropada təhsil almışdım. Lakin maliyyə və biznes sahəsinə
marağım artdıqca bu istiqamət üzrə təhsil
almağımın zəruriliyi ortaya çıxdı. Həmçinin, həyatımın hansısa mərhələsində
ABŞ-ın ən yaxşı universitetlərindən birində
təhsil almağı nəzərdə tuturdum. Əlbəttə ki, bu fikrimi Xarici İşlər
Nazirliyinin rəhbərliyinə bildirmişdim. Təhsilimi inkişaf etdirmək fikrimi müsbət
qarşılayan xarici işlər naziri Elmar Məmmədyarovun
dəstəyi mənim üçün əvəzsiz oldu.
Müvafiq razılıq verildikdən sonra hədəf
olaraq seçdiyim bir neçə universitetin biznes məktəblərinə
müraciət etdim. Hədəfimdəki
universitetlərə qəbul olmaq olduqca çətin proses
idi. Valideynlərimin və digər
yaxınlarımın dəstəyi ilə bu çətinliyin
öhdəsindən gəldim. Nəticədə,
dünyanın ən yaxşı biznes məktəbləri
siyahısında yer alan dörd ABŞ
universitetinə qəbul oldum. Bunlar arasından
Yel Universitetini seçdim.
- Dövlət Proqramına qəbul olunmanız xəbərini
necə qarşıladınız? Ümumiyyətlə, bu proqramın əhəmiyyəti
barədə nə deyə bilərsiniz?
- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” ölkəmizin gələcəyinə qoyulan ən
səmərəli investisiyalardan biridir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
proqrama xüsusi əhəmiyyət verməsi biz gəncləri
ruhlandırır və bizim gələcəyə ümidlə
baxmağımızı təmin edir. Bu
proqram ölkəmizdə gənclərə göstərilən
qayğının əyani sübutudur. Fürsətdən
istifadə edərək, ölkə rəhbərliyinə
xaricdə təhsil alan azərbaycanlı tələbələr
adından dərin minnətdarlığımızı
bildirirəm.
Məlumdur
ki, xaricdə təhsil almaq istəyən bir çox gənc
maliyyə vəsaiti olmadığı üçün öz arzusunu yerinə
yetirə bilmirdi. İndi isə xaricdə təhsil
proqramı sayəsində gənclərimiz dünyanın
aparıcı ölkələrinin universitetlərində
müxtəlif akademik dərəcələr üzrə təhsil
alırlar. Bunun ölkəmizə müsbət
təsirlərini artıq görürük. Həm təhsilini bitirdikdən sonra ölkəmizə
geri dönən gənclərimiz, həm də dünyanın
bir sıra tanınmış təşkilatlarında və
şirkətlərində işləyən həmvətənlərimiz
Azərbaycanın inkişafı və təbliği
üçün mühüm funksiyalar yerinə yetirirlər.
Dövlət Proqramına qəbul olunmağım xəbərini
böyük sevinc hissi ilə qarşıladım. Bu, mənə
göstərilən etimad və əvəzsiz dəstək
idi. Bunun üçün Təhsil
Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına
bir daha minnətdarlığımı bildirirəm.
- Tələbə
həyatınız, asudə vaxtınız necə keçir? Başqa ölkəyə
adaptasiya sizin üçün çətin olmadı ki?
- Yel Universitetində MBA proqramı çox gərgin
rejimli proqramdır. Universitet tərəfindən təklif olunan çox
faydalı və maraqlı dərslər var. Bu isə öz
növbəsində iş yükünü artırır. Vaxtımı əsasən mütaliə ilə
keçirirəm. Kitabxanada və ya
qaldığım yerdə dərslərin mütaliəsinə
çox vaxt ayırıram. Qeyd edim ki,
universitetin professorları adətən öz sahələrində
mühüm nailiyyətlər əldə etmiş
insanlardır. Onlar arasında Nobel mükafatı laureatları,
ABŞ-ın sabiq dövlət katibləri (nazirləri) və
s. qeyd etmək istərdim. Buna görə də
dərslərə çox zaman ayırmalıyam.
Asudə vaxtlarımda proqramdakı digər dostlarımla
birlikdə şəhər kənarına və yaxud da şəhərdəki
maraqlı yerlərə gedirik. Həmçinin,
müxtəlif idman oyunlarına, konsertlərə, teatra və
film izləməyə gedirik. Yel
Universitetinin çox böyük və tarixi konsert-tamaşa
zalları var.
Həyatımın
böyük bir qismini xarici ölkələrdə
keçirdiyim üçün ABŞ-a
adaptasiya olmaq mənim üçün çətin
olmadı.
-
Seçdiyiniz ixtisas
sahəsi sizin üçün nə dərəcədə
maraqlıdır?
- 1701-ci
ildə qurulmuş Yel Universiteti ABŞ-ın və
dünyanın ən mötəbər ali
təhsil qurumlarından biridir. Bu universitet
bütün elm sahələri üzrə böyük nailiyyətlərin
mərkəzi olmuşdur.
Biznes Administrasiyası üzrə magistr (MBA)
proqramları dünyanın hər yerində çox populyar
proqramlardır. Buna əsas səbəb odur ki, bu proqramlarda biznesin
müxtəlif sahələrinə dair həm elmi, həm də
praktiki təlimlər keçirilir. Universitetlər
biznes məktəblərinə həddindən artıq
çox investisiya qoyurlar. Bu məktəblərdən
məzun olan insanlar dünyanın aparıcı şirkətlərində
mühüm işlər görürlər. Bu məktəblərdə tədris olunan proqram
biznesin müxtəlif cəhətlərini eyni zamanda təhlil
edir və tələbələrin bu sahələrdə
ümumi bilik alaraq istədikləri sahədə
ixtisaslaşmasına şərait yaradır. Təhsilin praktiki
olaraq öyrədilməsi də çox mühümdür. Belə ki, biz bir
sıra dərslərin tərkib hissəsi olaraq, Nyu-York və
Boston şəhərində yerləşən dünyanın
ən böyük şirkətlərində, eləcə də
banklarda dəfələrlə qısamüddətli praktiki təlimlərdə
olmuşuq. İstənilən iş sahəsini dərindən
öyrənmək üçün bu metod çox faydalı
nəticələr verir.
Proqramın təmin etdiyi imkanlar və dinamika məndə
bu sahəyə daha da böyük maraq yaranmasına səbəb
olur. Dünyanın taleyini dəyişdirən
böyük təşəbbüslərin hansı şəraitdə
irəli sürüldüyünü görmək,
mühüm elmi-texnoloji innovasiyaların təşəbbüskarı
olan insanlarla görüşmək mənim perspektivimi
çox genişləndirir. Həmçinin,
iri qlobal maliyyə institutlarının aparıcı menecerləri
ilə görüşdükcə maliyyə bazarlarında
baş verən hadisələrin səbəbi və nəticələri
barədə daha dolğun məlumat sahibi oluram.
-
Oxuduğunuz universitetdə müəllim - tələbə
münasibətləri necə qurulub?
- Burada
müəllim-tələbə münasibəti əsasən
dostluq zəminindədir. Müəllim kimliyindən
asılı olmayaraq tələbələrlə hər bir məsələni
müzakirə edir və tövsiyələr verir. Mənim təhsil aldığım proqramda iştirak edən tələbələr
əsasən daha əvvəl müxtəlif yerlərdə
çalışmış təcrübəli insanlardır. Buna görə də müəllimlər də tələbələrin
təcrübələrindən yararlanmaq istəyir. Buradakı müəllimlər hər zaman tənqidləri
qəbul edirlər və daha da yaxşı olmağa
çalışırlar. Hər hansı
məsələdə müəllimin fikri ilə
razılaşmamaq çox adi haldır. Mənim bir
professorun sözü heç vaxt yadımdan çıxmaz:
“İstənilən insan tənqidə açıq
olmalıdır və bununla özünü daha da inkişaf
etdirməlidir. Fikirlərimlə hamı
razılaşdığı zaman o fikrimi yenidən nəzərdən
keçirirəm”.
-
Universitetdə imtahan sessiyası, mühazirələr necə təşkil
olunur?
- ABŞ-da ali təhsil sisteminin üstün cəhətlərindən
üçünü xüsusilə qeyd etmək istərdim. Birincisi, bəzi dərslərin yekun imtahanları
olsa da, qiymətləndirmə üçün ən əsas
meyar layihələr və həftəlik
tapşırıqlardır. Bununla semestr
boyunca dərslərdə keçilən mövzularla daim məşğul
olursan. İkincisi, dərslərdə
müzakirə olunan məsələlər üzrə daha əvvəl
hazırlanmış, tədqiqata və müsahibələrə
əsaslanan işlər (case) olur. Bununla
mövzular nəzəriyyə cəhətdən ələ
alınmaqla yanaşı, daha çox praktiki təsirləri
ilə təhlil olunur. Məsələn, dünyada karqo
və daşımacılıq iş sahəsinin necə
yarandığına, hansı inkişaf mərhələlərindən
keçdiyinə və hazırkı vəziyyətinə həsr
olunmuş sessiyadan əvvəl bu sahədə qələmə
alınmış işi oxuyuruq və dərs müddətində
real nümunələri müzakirə edirik. Üçüncüsü,
mühazirələr ancaq müzakirə formatında
keçirilir. Yəni, 80 dəqiqəlik dərsin
təxminən 50 dəqiqəsini tələbələr
danışır. Beləliklə, əvvəldən
hazırlanmış tələbələr mövzu ilə
bağlı fikirlərini və təcrübələrini
bölüşür, müəllimlər isə əsasən
yaranan suallara aydınlıq gətirirlər. Təbii ki, xüsusilə texniki-maliyyə dərslərində
struktur daha fərqlidir.
- Xaricdə
təhsilin hansı üstünlüklərini qeyd edə bilərsiniz?
-
Hazırkı şəraitdə xaricdə təhsil
almağın üstünlükləri çoxdur. Xüsusilə ABŞ-dakı elmi institutlarda yeni
biliklərə yiyələnmək və innovativ metodları
öyrənmək üçün imkanlar çoxdur. Əsas məsələ budur ki, bunlardan istifadə
edərək ölkəmizin inkişafına necə təkan
verə biləcəyimiz barədə düşünməliyik.
- Azərbaycan
diasporası ilə əlaqələriniz...
- Nyu Heven
şəhərində, təəssüf ki, azərbaycanlılar
çox azdır. Xoşbəxtlikdən universitetə bu il daha iki nəfər azərbaycanlı tələbə
qəbul olunub və onlar təhsillərinə
başlayıblar. Azərbaycanı təbliğ etmək
üçün apardığımız işlər bu il daha çox əks-səda yaradır. Ötən
il universitetdə tək olsam da, Azərbaycanla bağlı informativ üç tədbir keçirmişdim. Ən əsası isə, dərslərdə və
digər tədbirlər zamanı müzakirə olunan
mövzular üzrə Azərbaycandan nümunələr verərək,
diqqəti ölkəmizə yönəltməyə
çalışıram. Ölkəmiz
universitetdə kifayət qədər tanınır. Ancaq
bu istiqamətdə görüləcək iş çoxdur. Belə mötəbər universitetlərdə daha fəal
olmalıyıq. Bildiyiniz kimi, ABŞ-da
ictimai-siyasi rəyin formalaşmasında Harvard, Yel, Prinston,
Stanford kimi universitetlərin rolu çox böyükdür.
Ümumiyyətlə, fürsət olduqca Nyu-Yorka gedirik və
oradakı azərbaycanlı tələbələr və
diaspora nümayəndələri ilə
görüşürük.
- Gələcək
planlarınız?
- Yel Universitetində əldə etdiyim bilik və
bacarıqları ölkəmiz üçün ən səmərəli
şəkildə istifadə edə biləcəyim yerdə
olmaq istəyirəm.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.13.