“Ülkərin könül dünyası”nın əlvan rəngləri

 

Noyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Ülkər Zeynalovanın “Ülkərin könül dünyası” adlı fərdi rəsm sərgisi açılıb. Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən və gənc fırça ustasının sayca ikinci olan sərgisində 200-dək əsər nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağalı İbrahimov fırça ustası Ü.Zeynalovanın humanizminsani hisslərin təsvirindən yaranan ekspozisiyalarının mükəmməlliyindən söz açıb. Bildirib ki, sərgiyə təqdim olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsinin öz əksini tapması ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də cəlbedicidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon şöbəsinin baş mütəxəssisi Əzizə Ağahüseynqızı sərginin əhəmiyyətindən söz açaraq gənc rəssamın əsərlərində müşahidə olunan sənətkarlıq izlərinin onun könül dünyasının zənginliyi ilə səsləşdiyini qeyd edib.

Digər natiqlər də fırça ustasının əsərləri haqqında fikirlərini bölüşərək təqdim olunan rəsmlərdə gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğunu diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin Ü.Zeynalovanın bu yaxınlarda çapdan çıxmış “Mənin fırçam sehrlidir” adlı şeirlər kitabı da iştirakçılara təqdim olunub.

Rəssamın anası Mina Zeynalova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgiyə təqdim olunan sənət əsərlərində Azərbaycan təbiəti, adət-ənənələrə bağlılıq, mənzərə, güllər, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşmaemosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb. Qonaqlar sərgidə rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi incəsənətə aid olan müxtəlif mövzulu portretləri maraqla seyr ediblər.

Sərgi noyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, fiziki qüsurlu gənc rəssam Ülkər Zeynalova VI və VII əlillərin Ümumrespublika rəsm sərgi müsabiqələrində bir sıra diplom və hədiyyələrə layiq görülüb.

 

Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.22.