Rusiyanın nüfuzlu ali məktəblərinin
rektorları qəzetimizə müsahibə
verdilər
Xəbər
verdiyimiz kimi, noyabrın 20-də Bakıda Rusiyanın təhsil və elm
naziri Dmitri Livanovun rəhbərlik
etdiyi nümayəndə heyətinin Bakıya səfəri
çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil
Müəssisələri Assosiasiyasının təsis
olunması mərasimi keçirilib. Mərasimdə Azərbaycanın
təhsil naziri Mikayıl
Cabbarov, Rusiyanın təhsil
və elm naziri Dmitri Livanov, eləcə də hər iki
ölkənin ali təhsil müəssisələrinin rəhbərləri
iştirak ediblər. Hər iki ölkənin təhsil nazirlərinin çıxışlarından
sonra Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının yaradılması barədə memorandum
imzalanıb. Sazişi Azərbaycan
tərəfdən
Sumqayıt Dövlət
Universitetinin rektoru Elxan Hüseynov, Rusiya tərəfindən Ufa
Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin
imzalayıblar. Tədbirin gedişində “Azərbaycan
müəllimi” qəzetinə
verdikləri eksklüziv
müsahibələrində Rusiya universitetlərinin
rektorları assosiasiyanın
yaradılmasını hər
iki ölkənin təhsil həyatında mühüm hadisə
kimi qiymətləndirərək öz təəssüratlarını
bölüşüblər. Rektorlarla müsahibələri
təqdim edirik.
“Çox
maraqlıdır, əla qəzet buraxırsınız”
Boris
YAKİMOVİÇ,
M.T.Kalaşnikov
adına İjevsk Dövlət
Texniki
Universitetinin rektoru, professor
Bugünkü tədbir
barədə təəssüratlarım
çox genişdir. Əlbəttə
ki, biz iki ölkənin təhsil həyatında
baş verən mühüm hadisənin şahidi olduğumuzu birmənalı söyləyə
bilərik.
Artıq
bir neçə ildir ki, Azərbaycan Texniki Universiteti ilə
maşınqayırma, texnologiya, informasiya texnologiyaları, eləcə də sənayenin
müxtəlif istiqamətləri
üzrə kadr hazırlığı sahəsində əməkdaşlıq edirik. Bizim universitetlərin əməkdaşlığına
dair artıq konkret nəticələr var. Forum çərçivəsində
biz AzTU ilə əməkdaşlıq müqaviləsi imzaladıq. Müqavilədə ali məktəblərimizin
birgə tədqiqatlar aparması, birgə layihələrin hazırlanması, iqtisadiyyatın
ayrı-ayrı sahələri
üçün yüksəkixtisaslı mühəndis
kadrların hazırlığının intensivləşdirilməsi
nəzərdə tutulur. Ali məktəblər arasında elmi
və texniki konfranslar təşkil etmək, müştərək
tədris proqramları hazırlamaq, ikili diplomlar vermək də qərara
alınıb.
AzTU ilə
yanaşı, Azərbaycanın digər ali
məktəbləri ilə də əməkdaşlıq
edirik. Biz forum çərçivəsində
Sumqayıt Dövlət
Universiteti ilə əməkdaşlığa
dair saziş imzaladıq. Forum ali məktəblərimiz
arasında əlaqələri
inkişaf etdirmək
üçün yeni bir addım oldu. Adıçəkilən
ali məktəblərlə bizim əməkdaşlığımız
davam edəcək. Ümid edirik
ki, Azərbaycanın
digər ali məktəbləri ilə də əlaqələrimiz,
əməkdaşlığımız inkişaf
edəcək. Forum ali məktəblərimizə assosiasiya
çərçivəsində Azərbaycan və
Rusiyanın iqtisadiyyatı üçün tələbat duyulan kadrların hazırlığı
işində təhsil və elm sahəsində əməkdaşlığı
genişləndirmək üçün yeni impuls verdi.
Bakı səfərimiz və forumla bağlı təəssüratlarım
zəngindir. Bakı çox gözəl şəhərdir.
Bir daha
Bakının qonaqpərvərliyinin şahidi
olduq, insanlar çox səmimidir. Hesab edirik ki, tədbir çox əhəmiyyətli
keçir və
biz assosiasiyanın işinə müvəffəqiyyətlər, Azərbaycan xalqına firavanlıq, onun ali məktəblərinə
uğurlar arzulayırıq.
Rektor
Boris Yakimoviç
əlimizdəki “Azərbaycan müəllimi” qəzetinin son saylarından birinə diqqət
çəkərək tanış olmaq istədiyini bildirdi
və vərəqlədikdən sonra “bu formatda qəzet görməmişdim,
çox maraqlıdır, əla
qəzet buraxırsınız,
afərin sizlərə” söylədi.
“Azərbaycan alimlərindən
öyrənə biləcəyimiz çox şeylər var”
Dmitri
BIKOV,
Samara
Dövlət Texniki
Universitetinin
rektoru, professor
Mən
Sumqayıt Dövlət Universitetində azərbaycanlı həmkarlarımla
görüşdə də dedim,
bugünkü tədbir tarixi əhəmiyyət
daşıyır. İndi biz bir-birimizin imkanlarından istifadə
edəcəyik. Bizim belə bir imkanımız
yaranıb. Biz eyni
bir təhsil məkanında
yaşamışıq. Azərbaycan
Rusiyanın elmi məktəbinə, Rusiya
isə Azərbaycanın elmi məktəbinə bələddir.
Biz azərbaycanlı alimlərlə sıx əlaqə
saxlayırıq, mənim azərbaycanlı professorlar arasında çoxlu
dostlarım var. Münasibətlərimiz çox gözəldir. Biz tez-tez qarşılıqlı səfərlər
edir, görüşürük. Lakin bunlar
azdır. Gənc nəslə gəldikdə
isə onun münasibəti fərqlidir, onlar bir-birləri barədə
heç nə bilmir. İndi bizim
qarşımızda duran
başlıca vəzifə
təhsil sistemlərimizi
bir-birinə yaxınlaşdırmaq, sonda isə birləşdirməkdir. Ona nail olmalıyıq ki, bizim gənclik əvvəlki
tək Azərbaycan və Rusiya
xalqları kimi dostluq şəraitində yaşasın. Gənclər
bir-birinin mədəniyyətinə bələd olmalıdır. Bir-birinə hörmət
etməli və birgə inkişafda qarşılıqlı
yardıma xidmət etməlidir.
Forumda belə bir fikir səsləndi ki, əgər bir-birimizə dəstək
verməsək, bizə heç kim kömək etməyəcək. Azərbaycan və
Rusiya xalqlarının çox yaxın mentaliteti var. Düzdür, bu oxşarlıq tarixən
formalaşıb, lakin bu
keçmişdə qalmayıb.
Əgər indi
biz addım atmasaq, forum çərçivəsində
gənc nəslin inkişafı barədə çox
danışıldı, onda ölkələrimizin inkişaf
vektorları yarıyolda qalacaq, bizdən uzaqlaşacaq. Biz inkişaf
vektorlarımızı yaxınlaşdırmalıyıq, bu, həm Rusiyanın, həm də Azərbaycanın
strateji maraqlarına cavab verir. Assosiasiyanın fəaliyyətindən gözləntilərim
çoxdur. Bir universitet
rektoru olaraq azərbaycanlı həmkarlarımla tədris, metodika, elmi əməkdaşlıq, tələbələrlə iş
sahəsində bir sıra layihələrimi və
planlarımı
bölüşə bilərəm. Biz əldə etdiyimiz bir sıra innovativ layihələri
azərbaycanlı həmkarlarımızla
birlikdə tətbiq etməyə
ümid edirik. Yüksək
intellektual səviyyə
innovativ yanaşma tələb
edir. Azərbaycanda isə innovativ təkliflər
var.
Azərbaycan alimləri çox yüksək səviyyəlidir.
İki il əvvəl mən Bakıda görkəmli akademik Azad Mirzəcanzadənin
yubileyi münasibətilə təşkil olunan konfransda
iştirak etdim. Mən konfransda
A.Mirzəcanzadənin tələbələrinin elmi səviyyəsini,
intellektual potensialını gördüm. Onun qoyduğu, yaratdığı məktəbi gördüm, düzdür, o, təəssüflər
olsun ki, aramızda deyil, lakin onun məktəbi
yaşayır! Bu
məktəb inkişaf edir. Çox ciddi kəşflər,
çox gözəl riyazi cihazlarınız var. Bunları deməkdə məqsədim
odur ki, bizim də Azərbaycan elmindən, alimlərindən
götürəcəyimiz, öyrənə biləcəyimiz çox
şeylər var. Və biz bunu məmnuniyyətlə edəcəyik. Sonda Bakı qonaqpərvərliyini
xüsusi qeyd etmək istəyirəm, azərbaycanlı
dostlarımı da, kimlərəsə qəribə gəlməsin, azərbaycanlı qardaşlarım adlandırmaq istərdim.
“Forum barədə təəssüratlarım
zəngindir”
Yefim PİVOVAR,
Rusiya
Dövlət Humanitar Universitetinin rektoru, professor
Bu gün hər iki ölkənin təhsil həyatında
mühüm hadisə baş verir.
Bugünkü tədbir və ümumiyyətlə, Azərbaycan
- Rusiya ali məktəblərinin forumu barədə
təəssüratlarım zəngindir. İki ölkənin ən nüfuzlu ali məktəblərinin
iştirakı ilə Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının əsası
qoyulur. Assosiasiyanın
yaradılması,
şübhəsiz ki, hər iki ölkənin
universitetləri arasında əməkdaşlığın
möhkəmlənməsi və təcrübə mübadiləsi
yolunda çox mühüm addımdır. Əminəm ki, yeni qurum böyük uğurla fəaliyyət
göstərəcək. Bu qurum Azərbaycan və
Rusiya arasında təhsil əlaqələrinin genişlənməsinə,
möhkəmlənməsi istiqamətində öz dəyərli
töhfəsini verəcək.
Ümid edirəm ki, Azərbaycan
və Rusiya ali məktəbləri arasında əməkdaşlığa dair
memorandumun imzalanması
universitetlərimiz arasında
çoxşaxəli əlaqələrin daha da genişlənməsinə,
professorlarımız arasında məsləhətləşmələrin
intensivləşməsinə,
kadr
hazırlığı məsələlərində, birgə elmi tədqiqatların
aparılmasında yeni bir mərhələ olacaq. Bu forum və onun nəticəsi
olaraq imzalanmış əməkdaşlığa dair müqavilə ali
məktəblərimizdə tədrisin metodikası, ali təhsilin aktual məsələlərinə
dair təcrübə mübadiləsini genişləndirəcək. Qeyd olunmalıdır ki, təmsil etdiyim
universitetlə Azərbaycanın
bir sıra ali məktəbləri
arasında sıx əlaqələr mövcuddur və ikitərəfli əməkdaşlığımız bugünkü memorandumun
imzalanmasından sonra daha da intensiv xarakter alacaq və yaxın
vaxtlarda birgə layihələrin
işlənib hazırlanması və həyata keçirilməsində
mühüm rol oynayacaq. Ümid edirəm ki, yeni yaradılan
qurum ali məktəblərimiz arasında hazırda mövcud olan əlaqələrə
müsbət təkan verəcəkdir.
“Universitetimizdə üç azərbaycanlı
paralimpiyaçı təhsil alır”
Vaqif BAYRAMOV,
Moskva
Dövlət Humanitar-İqtisad
Universitetinin
rektoru, professor
Öncə
qeyd edim ki, bugünkü imzalanma mərasimi və ümumiyyətlə, Bakıda Azərbaycan və Rusiya ali məktəb
rəhbərlərinin
iştirakı ilə
keçirilən yüksək səviyyəli
görüşlərlə bağlı məmnunluğumu ifadə
etmək istəyirəm. Mənim
Azərbaycan elm və təhsil sistemi ilə sıx əlaqələrim
var, ali məktəb
rəhbərləri ilə dostluq edirəm. Bu gün onlarla yenə
də bir aradayam. Bir az əvvəl
Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının
imzalanması mərasimi oldu.
Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru kimi deyə bilərəm
ki, bizim, şübhəsiz ki,
iki ölkənin ali məktəblərinin daha yaxından əməkdaşlıq
etməsini nəzərdə tutan
assosiasiya elm və təhsil
sahəsində əlaqələrin inkişafına töhfə
verəcək. Assosiasiyanın yaradılması universitetlərimiz
arasında əməkdaşlığın
inkişafına təkan verəcək. Layihədə birgə
fəaliyyətin istiqamətləri təsbit olunub.
Əlbəttə
ki, bu gün
burada Azərbaycan və Rusiya təhsil nazirlərinin
iştirakı ilə keçirilən mərasimdə yeni
qurumun yaradılması hər
iki ölkənin ali təhsil sistemi üçün
mühüm əhəmiyyət daşıyır.
Qeyd edim
ki, rəhbərlik etdiyim universitet inklüziv təhsil sahəsində
xidmət göstərir və təkcə Rusiyada deyil,
bütün postsovet məkanında unikal ali məktəbdir. Əsasən sağlamlıq
imkanları məhdud gənclərin təhsili, reabilitasiyası ilə məşğul
oluruq. Ali məktəbdə Azərbaycan və digər ölkələrdən olan gənclər
inklüziv təhsilə cəlb olunub. Təhsillə
yanaşı, tələbələrə hərtərəfli qayğı
göstərilir. Universitetdə
əlilliyi olan tələbələrin təhsili və
onların rahat hərəkət edə bilmələri
üçün bütün şərait yaradılıb.
Hazırda universitetdə üç azərbaycanlı paralimpiyaçı təhsil
alır.
“Belə görüşləri davam
etdirmək lazımdır”
Boris KOSTİŞKO,
Ulyanovsk
Dövlət Universitetinin rektoru, professor
Şübhəsiz
ki, bugünkü hadisə barədə təəssüratlarım
boldur. Deyə bilərəm
ki, hər iki ölkənin təhsil sistemi üçün əlamətdar
hadisə baş verir. Bir az əvvəl
Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının əsası qoyuldu. Ümumiyyətlə, Azərbaycan - Rusiya ali məktəblərarası
forumu çox
yüksək səviyyədə keçdi. Forumda ölkələrimizin ali təhsil
sistemi qarşısında duran
mühüm və aktual vəzifələr
müzakirə olundu . Bir daha qeyd olundu ki,
qarşımızda dövrün
çağırışlarına uyğun olaraq çox ciddi təxirəsalınmaz vəzifələr durur ki, onlardan da ən vacibi ali təhsil sahəsinə aiddir. İki gündür
ki, Azərbaycandayıq. Dünən Azərbaycan
və Rusiya ali məktəbləri
arasında forumun ilk iclası keçirildi.
Bu gün
isə biz Bakı Dövlət Universiteti ilə əməkdaşlıq
haqda müqavilə imzaladıq. Rəhbərlik
etdiyim Ulyanovsk
Dövlət
Universiteti Azərbaycanın
ali məktəbləri ilə sıx əməkdaşlıq
edir və əlaqələrimiz gündən-günə
genişlənir. Hesab edirəm
ki, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri
Assosiasiyasının yaradılması, ilk növbədə, hər
iki ölkənin
universitetləri arasında elm, təhsil sahəsində əməkdaşlığın
və təcrübə mübadiləsinin aparılmasına
xidmət edəcək. Yeni qurum universitetlərimiz arasında əlaqələrin
möhkəmləndirilməsi yolunda çox mühüm
addımdır və belə görüşləri davam etdirmək
lazımdır. Rusiyanın təhsil nazirinin də
bugünkü çıxışında bildirdiyi kimi, ölkəmizin
aparıcı ali məktəb rektorlarının Bakıda həmkarları
ilə görüşlərinin keçirilməsi, praktiki əməkdaşlıq
məsələlərinin müzakirəsi çox
mühümdür. Bundan başqa, əminik ki, yeni qurum universitetlərimiz
arasında elmi əlaqələri genişləndirmək
yolunda bir sıra vacib vəzifələri müəyyənləşdirməyə kömək edəcək. Bizim
Bakı Dövlət Universiteti ilə
imzaladığımız sənəddə ali təhsil və elmin
müxtəlif sahələrində qarşılıqlı fəaliyyətə
dair konkret təkliflər əksini
tapıb. Biz hər iki ölkənin elmi
institutlarının yardımı ilə birgə elmi tədqiqatların
aparılmasının önəmini xüsusi qeyd etmək istəyirik.
Ümid edirik ki,
bugünkü tədbir assosiasiya çərçivəsində
nəzərdə tutulmuş bir sıra layihələri həyata
keçirməyə imkan verəcək.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2015.- 28 noyabr.- S.5.