“Ölkəmizi tanıyaq” tur-aksiyası gənc nəslin

vətənpərvərlik tərbiyəsinə mühüm töhfədir

 

Bu gün müstəqil Azərbaycan Respublikasında gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il məktəblilərin noyabr tətili günlərində respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyası da məhz bu amala - ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyır. Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə təşkil edilən bu tur-aksiya Azərbaycan Prezidentinin yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olunan tur-aksiyaya Sumqayıt məktəbliləri də qatıldı. 35 nəfərdən ibarət Sumqayıt məktəblisini bu sətirlərin müəllifinin rəhbərliyi ilə “İstedadliseyinin direktor müavini İlhami Hüseynov, 29 nömrəli tam orta məktəbin direktor müavini Vahid Mustafayev,13  nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Qocayev, 2 nömrəli uşaq poliklinikasının həkimi Sevinc  Abdullayeva və “REGEA Travel” şirkətinin əməkdaşları müşayiət etdilər. Bu ekskursiyanı həyata keçirən “REGEA Travel” şirkəti bizi hərtərəfli rahatlığı ilə seçilən xüsusi avtobuslarla təmin etmişdi.

16 noyabr 2015-ci il tarixdə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev, Sumayıt şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və şöbənin digər əməkdaşları tərəfindən  ölkəmizin şimal-qərb bölgələrinə ekskursiyaya yola salındı. Bizimlə eyni vaxtda Abşeron və Xızı rayonlarının məktəbliləri də həmin istiqamətdə tur-aksiyaya qoşuldu.

İlk səfərimiz İsmayıllı şəhərindən başlandı. Bizi İsmayıllı şəhərində ümummilli lider  Heydər Əliyevin adını daşıyan mərkəzin qarşısında İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri səmimi, mehriban qarşıladı və səfərin əhəmiyyətini qeyd edərək uğular arzuladılar. Daha sonra Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon Mədəniyyət Mərkəzi ilə tanış olduq. Bundan sonra İsmayıllı rayonunda yerləşən, əhalisi ruslardan ibarət olan, ölkəmizdə yeganə olaraq kolxoz quruluşunu qoruyub saxlayan İvanovka kəndinə səfər etdik. Kolxozun rəhbərliyi, kənd əhalisi bizi çox böyük qonaqpərvərliklə qarşıladılar və kənd həyatı barədə məlumat verdilər. Daha sonra İvanovka kənd mədəniyyət mərkəzində məktəblilərin Azərbaycan və rus musiqilərindən ibarət konsertinə tamaşa etdik.  İvanovka  kəndinə  səfərimiz zamanı kənddəki səliqə-sahman, təmizlik hər birimizin diqqətini cəlb elədi. Elə həmin gün Qəbələ rayonunda yerləşən Nohur  gölünə  ekskursiya etdik. Qəbələdə hər  bir  şəraiti ilə fərqlənən “Yeddi Gözəl” otelində yerləşdirildik. Ekskursiyamızın birinci günü məhz belə başa çatdı.

Noyabrın 17-də bizi qədim Albaniya dövlətinin paytaxtı Qəbələ şəhərinə ekskursiya gözləyirdi. Həmin gün bizi Qəbələ şəhərində rayon icra hakimiyyətinin nümayəndələri qarşılayaraq Qəbələnin son dövrdə sürətlə inkişafı, tarixi yerləri haqqında məlumatlandırdıqdan sonra ekskursiyamızı davam etdirdik. Çuxur Qəbələ Tarix Mədəniyyət Qoruğuna, Heydər Əliyev Mərkəzinə, Qəbələ Tarix Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres mərkəzinə və “Qəbələnd” istirahət mərkəzinə ekskursiyalar etdikdən sonraTufandağ” Xizəkçilik Kompleksinə, “Beltmanpianino fabrikinə və “Gilanqida sənayesi şəhərciyinə baxdıq.

Noyabrın 18-də isə Şəki şəhərinə yola düşərkən yolüstü udinlərin yaşadığı  Qəbələ rayonunun Nic kəndindəki qədim alban kilsəsi ilə tanış olduq. Daha sonra Şəki şəhərində Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə görüşdük, Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinə, “Şəki xan sarayı”na, sənətkarlıq məhəllələrinə, Karvansaraya, Kiş alban məbədinə ekskursiya etdik.

Noyabrın 19-da ekskursiyadan qayıdarkən yolüstü Qobustan rayonunda “Qobulənd” istirahət mərkəzinə, Heydər Əliyev Mərkəzinə və “Diri-Baba” türbəsinə səyahət etdik.

Beləliklə, dörd gün davam edən tur-aksiya başa çatdı. Aksiyanın səfər proqramı çox zəngin və zəngin olduğu qədər də maraqlı idi.

Respublikamızın ictimai və mədəni həyatında çox mühüm hadisəyə çevrilən “Ölkəmizi tanıyaq” tur-aksiyası nəinki şagirdlər, eyni zamanda  ölkəmizin digər  vətəndaşları tərəfindən də böyük razılıq hissi və rəğbətlə qarşılanır. Sadə insanların, ziyalıların, müəllimlərin, valideynlərin yekdil rəyinə görə, bu layihə məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir.

 

Fariz ORDUXANOV,

Sumqayıt şəhər Gənc Turistlər və

Diyarşünaslıq Mərkəzinin direktoru

 

Azərbaycan müəllimi.- 2015.- 28 noyabr.- S.10.