Bəstəkar-pianoçu İstanbulda müəllim və

tələbələr üçün ustad dərsləri keçib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi və doktorantı, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı, bəstəkar-pianoçu Pikə Axundova-Talıblı 16-18 noyabr tarixlərində Türkiyənin Mimar Sinan Güzel Sanatlar Universitesi Devlet Konservatuarında keçirilən Bəstəkarlar Forumunda iştirak edib.

Səfərdə olan Pikə Axundova-Talıblı musiqişünaslıq kafedrası tərəfindən aldığı təkliflə  universitetin tələbə, magistr, doktorant və müəllim heyəti qarşısında seminar-dərslər keçib. Birinci seminarı o, müəllimi, xalq artisti, professor Arif Məlikovun həyat və yaradıcılığına həsr edib. Seminarda bəstəkarın yaradıcılığı üzərində geniş təhlillər aparılaraq, onun müxtəlif janrlarda yazdığı əsərləri auditoriya tərəfindən dinlənilib.  Professor  Gülper Refigin sözləri ilə desək, Pikə Axundova-Talıblı seminar iştirakçılarını Azərbaycan musiqisinin sehrinə sala bilib.

17 noyabr tarixində isə Bəstəkarlar Forumu çərçivəsində Pikə Axundova-Talıblının ustad dərsləri keçirilib. Burada bəstəkarlıq kafedrasının müdiri, professor Hasan Uçarsu, müəllimlər Mehmet Nemutlu, professor Gülper Refig və başqaları iştirak ediblər. Forum iştirakçılarının istəyi ilə Azərbaycan bəstəkarı öz əsərlərini onlara dinlədib.  Bəstəkarın fortepiano konserti, simfoniyası və bir sıra kamera-instrumental əsərləri forum iştirakçılarının böyük marağına səbəb olaraq alqışlarla qarşılanıb. Forumda bəstəkarlıq kafedrası tələbələrini maraqlandıran yaradıcı insanın musiqi dili, prosesi, onun qarşısında duran yaradıcı problemlər və s. üzərində geniş diskussiyalar aparılıb. Məruzəçi Azərbaycanda bəstəkarlıq məktəbi, gənc bəstəkarların təhsili, tədris proqramı və başqa məsələlər ətrafında söhbətlər aparıb. İki saatdan artıq keçən ustad dərsi tələbələrdə  xoş ovqat yaradıb və onları  maraqlandıran  suallar cavablandırılıb.

Noyabrın 18-də bəstəkarın Azərbaycan musiqi tarixinə həsr olunmuş seminarı keçirilib. Burada Pikə Axundova-Talıblı Azərbaycanda şifahi-professional ənənəvi musiqinin, bəstəkarlıq məktəbinin yaranmasının, onun keçdiyi inkişaf yollarının geniş təhlilini aparıb. Bir neçə bəstəkarın əsərlərini də auditoriyaya dinlədən məruzəçi seminarda iştirak edən tələbə və müəllimlər tərəfindən yüksək dəyərləndirilib.  Mühazirədə təhlil olunan hər bir mövzunu özləri üçün qeyd edən tələbələr seminardan sonra da Azərbaycan musiqisi haqqında əlavə məlumatlar əldə etmək arzusunda  olduqlarını  bildiriblər.

Azərbaycan musiqisinin beynəlxalq aləmdə təbliği, son illər bu istiqamətdə görülən işlər haqqında söhbətlər də maraqla qarşılanıb.  Müəllim və tələbələr uzun vaxt çərçivəsində keçən seminardan heç də yorulmadıqlarını və Azərbaycanın zəngin mədəni irsi haqqında geniş məlumat aldıqlarını söyləyiblər.

Qeyd edək ki, bu, Pikə Axundova-Talıblının İstanbul şəhərində yerləşən Mimar Sinan Güzel Sanatlar Universitesi Devlet Konservatuarında ilk əməkdaşlığı  deyil.  O, ilk dəfə  2010-cu ildə  solo konsert proqramı ilə orada çıxış edərək musiqiçılərin rəğbətini qazanmışdı.

Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2015.- 28 noyabr.- S.14.