Xarici dildə lüğət mənimsəmə

 

İkinci dilin mənimsənilməsində lüğət biliyinin vacibliyi hər kəsə aydındır. Dilşünas Devid Vilkins qeyd edir ki, "qrammatika olmadan çox az məlumat çatdırmaq olar, lüğətsiz isə heç bir şey". Dilçilər, ingilis dilinin orta hesabla 500000 və ya bundan daha çox söz ehtiyatına malik olduğu qənaətindədirlər. Lüğət ehtiyatına mükəmməl yiyələnmək nəinki ikinci dil öyrənənlər üçün, eləcə də dil daşıyıcıları üçün belə bəzən çətinlik yaradır. Dil öyrənənin lüğət bazasının zənginliyi, onun dil bacarığı səviyyəsinin göstəricisi hesab olunur. Dilçilər lüğət ehtiyatını aktivpassiv lüğətə bölürlər. Passiv lüğət dil öyrənənin tanıya biləcəyi bütün sözləri əhatə edir. Aktiv lüğət dedikdə isə onun danışıq və ya yazı zamanı rahat istifadə etdiyi leksika nəzərdə tutulur. Tədqiqatçılar dilin lüğət ehtiyatını yüksək istifadə tezliyinə malik sözlər (High Frequency Words), elmi-texniki terminlər (Academic and Technical Words) və aşağı istifadə tezliyi olan sözlərə (Low Frequency Words) bölürlər. Dildəki sözlər, bu sözlərə dəfələrlə rast gəldikdən sonra tədricən mənimsənilir. Lüğət vahidini mənimsəmənin müxtəlif dərəcələri məlumdur. Sözü gördükdə tanıya bilmə bacarığı - qəbuletmə biliyi (Receptive Knowledge), danışarkən və ya yazarkən ondan istifadə edə bilmə isə produktiv bilik (Productive Knowledge) hesab olunur. Sözü öyrənmək, sadəcə onun ana dilində tərcüməsini bilməkdən ibarət olmayıb olduqca mürəkkəb bir prosesdir. Mütəxəssislər söz mənimsənilməsinin aşağıdakı aspektlərini sadalayırlar: Sözün mənası, yazılı forması, tələffüz forması, qrammatik davranışı, əmələ gətirdiyi söz birləşmələri, dildə işlənmə tezliyis. Tədqiqatçılar dildən uğurlu istifadənin mümkün olması üçün orta hesabla 5000 yüksək tezlikli söz bazasının olmasını zəruri hesab edirlər. Lüğət ehtiyatı nə qədər böyük olarsa ünsiyyət bir o qədər rahat olar. Dilçilikdə xarici dildə çoxsaylı lüğət zənginləşdirmə strategiyaları göstərilir. Bunlardan ən geniş istifadə olunanı Tematik qruplaşdırma (Thematic Grouping), Söz yaratma (Word Formation), Qohum sözlər (Cognates) və digərlərini göstərmək olar. Tematik qruplaşdırma strategiyası, hər hansı mövzuya aid sözlərin qruplaşdırılaraq öyrənilməsini nəzərdə tutur. Mövzular fənlər, hisslər, tərəvəzlər, mətbəx əşyaları, rənglər, su heyvanları və başqaları ola bilər. Tematik qruplaşdırmaya aşağıdakı sxemi nümunə kimi göstərə bilərik:

Tematik qruplaşdırma

Sözyaratma strategiyası naməlum sözlərin potensial mənalarını düşünüb tapmaqda öyrənənlərin köməyinə gələn bir strategiya hesab olunur. Suffiks və prefikslərin mənasını bilmə lüğət öyrənmə prosesini asanlaşdırır. Dil tədqiqatçısı Marcio Vilaça (2009) sözyaratma strategiyasına belə bir sxemi misal göstərir:

Sözyaratma.

Bu sxemdə bütün sözlərin kökü "act" sözüdür.

Qohum sözlər, müxtəlif dillərdə mənaca və quruluşca yaxın və ya eyni olan sözlərdir. Məsələn, chocolate sözü ingilis, ispanportuqal dillərində mənaca və formaca eynidir. Həmçinin ingilis dilindəki information sözü, rus dilində informasiya, Azərbaycan dilində informasiya, italyan dilində İnformazione formasındadır və bu sözlər qohum sözlərə misal ola bilər. Lüğət ehtiyatının zənginləşdirilməsində cognates adlandırılan bu qohum sözlərin rolu da mühümdür.

Bir çox tədqiqatçılar (Stephen D. Krashen, 2002), ikinci dilin mənimsənilməsində iki müstəqil sistemin olduğu fikrini irəli sürürlər: şüurlu dilöyrənmə (Conscious Language Acquisition) qeyri-şüuri (şüuraltı) dil götürmə (Subconscious Language Acquisition). Şüurlu dilöyrənmə linqvistik səhvlərin düzəldilməsi, qaydaların birbaşa öyrənənə təqdim edilməsi vasitəsilə həyata keçir. Dil öyrənənlər minlərlə yeni sözü və yüzlərlə qrammatik qaydanı şüurlu olaraq səy edib öyrənirlər. Şüuraltı dil götürmə prosesi isə birbaşa kommunikasiya tələb edir ki, burada da dil öyrənənlər çatdırdıqları mesajın formasına deyil, mənasına daha çox diqqət edirlər. Dil öyrənən şəxs yeni sözlərə müxtəlif kontekstlərdə dəfələrlə rast gəlir və bu sözlərin mənası tamamilə qeyri-şüuri olaraq mənimsənilir. Dil öyrənən şəxs bunun üçün şüurlu cəhd göstərmir. Bir çox dilçilər şüurlu dilöyrənmənin vacibliyini vurğulayır, digərləri isə hər iki prosesin vəhdətinin əhəmiyyətini ön plana çəkirlər. Fikrimizcə, qeyri-şüuri dil götürmənin effektivliyi danılmazdır. Belə dilöyrənmə dildə mütəmadi qiraət zamanı da səmərə verir. Yeni sözlərə dəfələrlə rastgəlmə nəticəsində onların mənasının mənimsənilməsi qeyri-şüuri gedir, oxu və dinləmə fəaliyyəti geniş olan dil öyrənənlərin lüğət bazası da durmadan genişlənir. Əlbəttə ki, ana dilimizdəki sözlərin mənalarını mənimsəyərkən də lüğətə baxmamışıq və bu proses dinləmə, danışma və ünsiyyət nəticəsində mümkün olub. İkinci dilin sözlərinin tərtib olunmuş siyahılar şəklində öyrənilməsi təqdirəlayiqdir, çünki qısa müddət ərzində çoxsaylı sözlərin öyrənilməsi ilə nəticələnir. Amma unutmayaq ki, belə siyahılarda sözlər, bütün kontekstual mənalarından məhrumdurlar, onların digər sözlərlə əmələ gətirdikləri assosiasiyalar göstərilmir, nəticədə yeni söz tam deyil, yarımçıq mənimsənilir, uzunmüddətli yaddaşa həkk olunması gecikir. Sözün mənasının kontekstdən mənimsənilməsi zamanı, dil öyrənən, söz barəsində daha geniş məlumat alır, daha aydın təsəvvürü yaranır və daha dərin yaddaş mexanizmləri işə düşür. Dünya dilçilərinin gəldikləri qənaətə görə, dil öyrənənin oxu və yazı zamanı təmasda olduğu lüğət bazasının orta hesabla yarısı onun fəal danışığında istifadə olunur. Təhlillər göstərir ki, öyrənən 2000 yüksək işlənmə tezlikli söz bilərsə mətnin informasiyasının 80%-ni başa düşəcək. 10000 lüğət ehtiyatı ilə original mətndəki informasiyanın 93%-ni ala biləcəkdir. Lüğətöyrənmə prosesi vaxt və məşq tələb edən davamlı prosesdir. Bu, dil öyrənəndən mütəmadi təkrarlama, öyrənilən elm sahəsinə yüksək maraqmotivasiya, fərdi dil götürmə qabiliyyəti və ümumilikdə gərgin əmək tələb edir.

 

Ellada MİRZƏYEVA,

Sabirabad şəhər 5 nömrəli tam

orta məktəbin ingilis dili müəllimi

Azərbaycan müəllimi.- 2015.- 3 oktyabr.- S.12.