Bilik Fondunun rəhbərliyi "Azərbaycan

müəllimi" qəzetinin redaksiyasında olub

 

Əsas məqsədi ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətini, ictimai-siyasi, sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq olan Azərbaycan  Respublikasının Prezidenti yanında Bilik Fondu ilə  təhsil siyasətinin  həyata keçirilməsinə  mətbu sözün vasitəsi ilə hərtərəfli dəstək verən Təhsil Nazirliyinin orqanı "Azərbaycan müəllimi" qəzetinin redaksiyası  arasında birgə əməkdaşlıq barədə razılıq əldə olunub. Bununla əlaqədar  oktyabrın 6-da redaksiyamızda  Bilik Fondunun  icraçı direktoru Oktay Səmədovun  rəhbərliyi altında Fondun bir qrup əməkdaşı ilə  görüş keçirilib. Görüşdə Fondla redaksiya arasında birgə  əməkdaşlığa dair fəaliyyət planı müzakirə edilib.

Qonaqları salamlayan və onların  redaksiyamıza gəlişindən məmnunluğunu bildirən  "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə Bilik Fondunun fəaliyyət göstərdiyi qısa bir dövr ərzində  bir sıra  layihələrə imza atdığını,  səmərəli işi ilə ölkə ictimaiyyətinin dərin rəğbətini qazandığını bildirib.   Fondun təhsil sahəsində də maraqlı proqramlar reallaşdırdığını vurğulayan baş redaktor redaksiyanın  bu istiqamətdə Fondla  əməkdaşlıq etməkdə maraqlı olduğunu, birgə  əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb və bunun hər iki qurum üçün faydalı olacağına əminliyini ifadə edib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov  səmimi qarşılanmaya görə redaksiya rəhbərliyinə və kollektivə təşəkkür edib, birgə əməkdaşlığın onlar tərəfindən də yüksək dəyərləndirildiyini, bunun üçün hər iki tərəfin kifayət qədər potensialı və imkanları olduğunu söyləyib, Fondun həyata keçirdiyi  layihələr, xüsusən də təhsillə bağlı proqramları barədə məlumat verib.

Sonra birgə əməkdaşlığa dair fəaliyyət planının layihəsi müzakirə olunub, bir sıra maraqlı təkliflər irəli sürülüb.  Geniş müzakirələrdən və bəzi əlavə və dəqiqləşdirmələrdən sonra qəbul olunan birgə fəaliyyət planında  Bilik Fondunun fəaliyyəti ilə bağlı olan tədbirlərin "Azərbaycan müəllimi" qəzetində işıqlandırılması,  hər iki qurumun təşkilatçılığı ilə şagird və tələbələr arasında müxtəlif məzmunlu  bilik və yaradıcılıq yarışlarının, müsabiqələrin keçirilməsi və nəticələrin  "Azərbaycan müəllimi" qəzetində dərc olunması, hər iki qurumun əməkdaşlarının birgə iştirakı ilə təhsildə olan yeniliklərin  ölkə ictimaiyyətinə çatdırılması məqsədilə təhsil müəssisələrinə mediaturların təşkili, təhsil sisteminin  ictimaiyyəti ən çox maraqlandıran istiqamətləri ilə bağlı mütəxəssislərin iştirakı ilə birgə "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur. Fəaliyyət planında habelə Bilik Fondu ilə birgə təhsilin müxtəlif istiqamətləri ilə bağlı  "Azərbaycan müəllimi" qəzetinin xüsusi buraxılışlarının hazırlanması, təhsildən yazan jurnalistlər, o cümlədən  "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları üçün  tədris səfərlərinin, seminarların təşkil olunması, bölgələrdə maarifləndirici konfransların keçirilməsi, təhsilin müxtəlif aktual  problemləri ilə əlaqədar sorğuların aparılması və nəticələrin  qəzetimizdə dərc edilməsi də öz əksini tapıb. Əldə olunan  razılaşmaya görə, müəllim peşəsinin təbliği ilə bağlı birgə təbliğat işlərinin aparılması, yerlərdə oxucu konfranslarının  keçirilməsi, Azərbaycana dəvət olunmuş xarici ölkələrin təhsil və mətbuat işçilərinin "Azərbaycan müəllimi" qəzetinin  kollektivi ilə görüşlərinin təşkili, qəzetin əməkdaşlarının Bilik Fondunun layihələrində iştirakı və s. kimi  tədbirlər də planlaşdırılıb.

Görüşün sonunda "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru B.Hüseynzadə müzakirənin səmərəli olduğunu qeyd edib və qonaqlara təşəkkürünü bildirib. Belə qarşılıqlı faydalı işgüzar görüşlərin  vaxtaşırı keçirilməsinin zəruriliyi ifadə olunub, xatirə şəkli çəkdirilib.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2015.- 10 oktyabr.- S.5.