Müəllim, tələbə və şagirdlər

üçün dəyərli kitab

 

Azərbaycan MEA-nın əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları A.B.Bayramov, M.M.Məhərrəmov və A.R.Əliyev tərəfindən yazılmış “Çay sularında üzvi çirklənmənin bioloji analizinin sadə üsulları”  kitabı “Əcəmi” nəşriyyatında çapdan çıxmışdır. Kitab universitetlərdə və orta məktəblərdə biologiya fənnini tədris edən müəllimlər, biologiya ixtisası üzrə təhsil alan tələbələr və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun “Ön sözü” kitabın məqsəd və məzmununa ilk səhifələrdən aydınlıq gətirir. Burada əsas diqqət müasir dünyada günü-gündən kəskinləşən içməli su probleminə, şirin su ehtiyatlarının səmərəli istifadəsi və bu sərvətin təmizliyinin qorunması məsələlərinə yönəldilmişdir.

Oxucularda maraq doğuraraq yığcam məlumatlar kitabın “Su! Onun haqqında bildiklərimiz”, “Hidrosfer haqqında”, “Şirin sular”, “Üzvi çirklənmə və bioloji özünütəmizləmə prosesləri” və s. başlıqları altında verilmiş hissələrində  öz əksini tapmışdır. Həmin  hissələrdə su molekulunun struktur quruluşusuyun sanki diriliyə hesablanmış bir sıra qeyri-adi fiziki-kimyəvi xassələri sadə cümlələrlə izah olunmuş, su adlı əvəzsiz  sərvətin insan həyatında, təbiətdə və Yer planetində rolu işıqlandırılmışdır. Su ekosistemlərində, o cümlədən, içməli suyun başlıca mənbəyini təşkil edən çaylarda üzvi çirklənmə və bioloji özünütəmizləmə proseslərinin mexanizmi aydın şərh edilmişdir. Müəlliflərin səth və yeraltı suların digər çirklənmə tipləri, onun mənbələri haqqında məlumatları faydalı hesab edilməlidir.

Bəzən elə olur ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində çaylar onları qidalandıran sutoplayıcı hövzədən azotfosforun ionları ilə zəngin olan üzvi maddələrlə buya digər dərəcədə çirklənməyə məruz qalır. Bu zaman çayların dib faunasının növ tərkibində adekvat dəyişikliklər baş verir. Başqa sözlə, “təmiz suların” öz faunası, “çirklənmiş suların” isə dərəcəsindən asılı olaraq özünəməxsus dib faunası formalaşır. Müasir hidrobiologiyada bu bioloji qanunauyğunluqdan istifadə edərək biogöstərici dib orqanizmlərinin vasitəsi ilə sututarların üzvi çirklənmə səviyyəsi qiymətləndirilir.

Kitabda Naxçıvan Muxtar Respublikasının çayları üçün daha səciyyəvi olan 39 növ biogöstərici makrobentik orqanizmin biomorfoloji əlamətlərinin təsviri ilə birlikdə illüstrativ atlas-təyinedicisi verilmişdir. Daha sonra  kitabda sututarların  bioloji analizində geniş tətbiq tapmış 5 sadə monitorinq üsulunun və hər bir üsulun tətbiqi zamanı alınan nəticələrin izahına geniş yer ayrılmış, həmçinin çay sularının keyfiyyət dərəcələri, ekoloji vəziyyəti və suyun təsərrüfat təyinatı haqqında məlumatlar öz əksini tapmışdır.

Müəlliflər bioloji analiz üsullarının yalnız biogen elementlərlə zəngin üzvi maddələrlə çirkləndirilmiş sututarların ekoloji vəziyyətinin qiymətləndirilməsi üçün keçərli olduğunu xüsusi qeyd edirlər. Kitabın sonunda verilmiş izahlı ekoloji anlayışlar, inanırıq ki, istər şagirdlərin, istərsə də gələcək bioloqların dünyagörüşünü zənginləşdirən bir mənbə olacaq.

Bu vəsait müasir gəncliyin bizi əhatə edən təbiətlə vəhdət yaratmasına, ona doğma münasibət bəsləməsinə və ətraf mühitin sərbəst öyrənilməsinin sadə vərdişlərinə yiyələnməsinə xidmət edir. 

 

Arzu MƏMMƏDOV,

biologiya üzrə fəlsəfə doktoru, dosent,

 

Hüseyn RƏSULZADƏ,

kiçik elmi işçi, AMEA Naxçıvan Bölməsi

Bioresurslar İnstitutunun əməkdaşları

 

Azərbaycan müəllimi.- 2015.- 17 oktyabr.- S.14.