Azərbaycan müəllimi qəzetinin yaradıcı kollektivi

İnformasiya Texnologiyaları İnstitutunda olub

 

Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıqla bağlı əldə olunmuş razılığa əsasən Azərbaycan müəllimi qəzetinin yaradıcı heyəti oktyabrın 22-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna mediatur keçirib.

Mediatur iştirakçılarını salamlayan institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisə haqqında məlumat verib.

Qısa məlumatından sonra akademik R.Əliquliyev redaksiya əməkdaşlarını bu elm ocağında fəaliyyət göstərən mərkəzlərlə tanış edib. Öncə tədris-innovasiya mərkəzinə baxış keçirilib. Məlumat verilib ki, institutun Tədris-İnnovasiya Mərkəzi doktorant və dissertantlarla iş, tədrisin təşkili və layihələrin idarə edilməsi kimi üç sektordan və biri Distant Tədris Mərkəzi, digəri isə Wiki Mərkəzi olmaqla 2 mərkəzdən ibarətdir. Mərkəzlər ən müasir İKT avadanlığı ilə yüksək səviyyədə təchiz olunub. Burada İKT üzrə tədrisin təşkili, eləcə də distant təhsillə bağlı son texnologiyalardan istifadə edilir. Mərkəzin iş pinsipləri haqında jurnalistlərə məlumat verilib.

İnstitutun Multimedia Resursları Mərkəzi də mediatur iştirakçılarında dərin təəssürat yaradıb. Onlara məlumat verilib ki, burada institutun əməkdaşları tərəfindən yazılan kitab, tədris materialları və metodik vəsaitlər çap olunur, multimedia resurslarının yaradılması, dizayn, layihələndirmə, qrafika işləri, elektron resursların saxlanması və s. həyata keçirilir. İnstitutun nəşriyyatı məhsulun yüksək keyfiyyətini təmin edən dünya standartlarına uyğun ən müasir rəqəmsal mətbəə avadanlıqlarına malikdir. Daha sonra internet-kafeyə baxış keçirilib. Jurnalistlər burada institut əməkdaşları üçün yaradılmış şəraitlə tanış olublar.

E-kitabxana Mərkəzinə baş çəkən mediatur iştirakçılarına məlumat verilib ki, mərkəzdə fəaliyyət göstərən Apache platformasında yaradılmış İntellektual İnformasiya Xidməti Sistemi institutun əməkdaşlarına xidmət göstərir. Bu sistem vasitəsi ilə hər bir əməkdaş online formada kitabxanaya daxil olaraq yeni ədəbiyyatla tanış ola, rəhbərliyin ona ünvanladığı materiallara və nəşr olunmuş elmi əsərlərinin siyahısına nəzarət edə bilir. E-kitabxana Mərkəzində yaradılmış imkanlar kifayət qədər genişdir. Burada həm texniki avadanlıq, həm də proqram təminatı problemi ən yüksək səviyyədə həll olunub. Kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyalarından istifadə olunur.

İTİ-nin AzScienceNet elm kompüter şəbəkəsinə baxış da mediatur iştirakçılarının dərin marağına səbəb olub. Jurnalistlərə bildirilib ki, şəbəkənin strukturu Cisco, HP və İBM firmalarının məhsulları olan telekommunikasiya və server avadanlıqları əsasında yaradılıb. AMEA-nın 32 institutu və təşkilatının kompüter şəbəkələri fiber optik kabellə AzScienceNet şəbəkəsinə birləşdirib. Şəbəkənin internetə çıxış sürəti 270Mbit/san-dır.

İnstitutla tanışlıqdan sonra bu elm ocağının Elmi Şurasının üzvləri ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev qəzetin əməkdaşlarını bir daha salamlayaraq onları rəhbərlik etdiyi müəssisədə görməkdən məmnunluğunu bildirib və Elmi Şuranın fəaliyyəti, keçirdiyi iclaslar, müzakirə etdiyi məsələlər haqqında məlumat verib, elmi-tədqiqat fəaliyyətinin istiqamətlərindən danışıb.

Görüşdə çıxış edən Azərbaycan müəllimi qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə Elmi Şura üzvlərini salamlayaraq, mediatur və görüş üçün institutun rəhbərliyinə təşəkkür edib, qəzet, eləcə də redaksiyanın fəaliyyəti, həyata keçirilən layihələr haqqında məlumat verib. Ölkə elmində gedən yeniləşmə, əldə olunan yeni elmi nailiyyətlər, Azərbaycan Milli Elmlər Akademiyası və onun elmi-tədqiqat institutlarının fəaliyyəti haqqında oxuculara daha geniş, müntəzəm və sistemli məlumatlar verilməsinin vacibliyini vurğulayan, bunun üçün də ölkənin elmi qurumları ilə daha sıx əməkdaşlığı zəruri sayan baş redaktor İTİ ilə Azərbaycan müəllimi qəzeti arasında əməkdaşlığın bu baxımdan faydalı olacağına əminliyini bildirib.

Sonra institutla redaksiya arasında əməkdaşlığın konkret istiqamətləri, mövzuları müzakirə olunub.

Mediaturun sonunda xatirə şəkli çəkdirilib.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2015.- 24 oktyabr.- S.5.