Azərbaycan Dövlət Aqrar
Universiteti
"Mənim universitetim" layihəsinin budəfəki hədəfi
Azərbaycan Dövlət Aqrar
Universitetidir
Maddi-texniki baza
Aqrar Universitet
6 tədris korpusundan ibarətdir. Hazırda universitetdə
struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı,
tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat,
informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr,
qiyabi təhsil, təcrübə və işədüzəltmə
şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət
muzeyi, 2 sahə elmi-tədqiqat laboratoriyası, magistr
hazırlığı, distant və əlavə təhsil mərkəzləri,
əsaslı kitabxana, elektron kitabxana, mətbəə və
"Aqrar mütəxəssis" qəzetinin redaksiyası, 7
fakültə, 30 kafedra fəaliyyət göstərir.
Kənd
Təsərrüfatı Nazirliyinin
nəzdində baytarlıq nəzarəti
xidməti tərəfindən universitetə bütün
avadanlıqları ilə birlikdə baytarlıq-sanitariya
ekspertizası laboratoriyası, "Aqrolizinq" ASC tərəfindən
16 adda yeni xarici kənd təsərrüfatı texnikası, o
cümlədən NEW HOLLAND markalı taxılyığan
kombayn, Belarus MTZ-892 traktoru, kotan, toxumsəpən, çiləyici,
kartof basdıran, bağlıq və üzümlükdə cərgə
arasını becərən frez, mineral gübrəsəpən,
rotorlu və bıçaqlı otbiçən, pnevmatik toxumsəpən,
kartofqazan və s. verilib. Mühəndislik fakültəsinin
kafedralarında uzun müddət istifadə edilməyən,
nasaz halda olan 3 ədəd traktor, 2 ədəd yük
avtomobili, 1 ədəd KAMAZ və 1 ədəd
yükünü özüboşaldan avtomobil əsaslı təmir
edilərək işlək vəziyyətə gətirilib, 1
ekskovator alınıb. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə universitetə 3 ədəd
"Hyundai" markalı avtobus, 1 ədəd "Peugeot",
1 ədəd "Vito" markalı mikroavtobus verilib.
Universitetin ərazisində maşın-traktor
parkı yaradılıb ki, bu parkda
avtobuslar, yük avtomobilləri, traktor və müxtəlif
markalı müasir kənd təsərrüfatı
maşınlarının olması təcrübə məşğələlərinin,
sürüş təlimlərinin təşkilinə, tələbələrin
müasir texnikanın quruluşuna, nizamlanmasına və
istismar qaydalarına dərindən yiyələnməsinə
imkan və şərait yaratmaqla yanaşı, elmi-tədqiqat
işlərinin səviyyəsinin yüksəldilməsinə
də xidmət edəcək.
İdman salonu əsaslı təmir, lazımi trenajorlarla təchiz edilib və
30 ədəd idman geyim forması, 24 ədəd qədim milli
geyim forması alınıb.
1 nömrəli yataqxanada
tələbələrin asudə
vaxtının səmərəli təşkili məqsədilə
istirahət otağı yaradılmış, müasir mebel,
internetə qoşulmuş kompüter dəsti, mini-kitabxana,
böyük ekranlı televizor quraşdırılıb.
Dövlət proqramının tələblərinə
uyğun olaraq tələbə şəhərciyi
ərazisində 7 mərtəbəli 514 yerlik mehmanxana tipli
müasir tələbə yataqxanasının tikintisi başa
çatmaq üzrədir. Digər yataqxananın tikintisi davam
etdirilir.
Təkcə
2014-cü ildə 22 smart (interaktiv)
lövhə, 102 noutbuk, 16 printer, 27 proyektor, proyektor
üçün 4 pərdə,
11 elektron tərəzi, 96 mikroskop, 65 kompüter dəsti, 9
konfrans masası, 35 kompüter masası, 250 tələbə
masası, 15 qulaqcıq, 2 qoruyucu kamera, 500 stul İSO, 1 kabinet
dəsti, 2 tennis stolu, 20 kürsü, 20 plastik lövhə
alınıb.
Mühəndislik fakültəsinin tədris
korpusu şəhərin ən
böyük binalarındandır ki, burada 2 fakültə,
böyük idman salonu, bir neçə struktur bölmə fəaliyyət
göstərir. Korpusda əsaslı təmir və abadlıq işləri
başa çatdırılmışdır. Binanın foye, dəhliz
və pilləkənlərinə mərmər döşənmiş,
fasad hissəsi müasir səviyyədə gözəlləşdirilmiş,
yeni tədris avadanlıqları alınmış, tədris
binası cari tədris ilinin başlanğıcında müəllim
və tələbələrin istifadəsinə verilib. Tədris
korpusu üçün 828 masa, 1778 stul və digər tədris
avadanlıqları alınıb.
Bütün tədris korpuslarına universitetin daxili imkanları hesabına
videokameralar quraşdırılıb.
İmtahan sessiyası
Payız və yaz semestrlərinin
imtahan sessiyalarının Təhsil Nazirliyinin normativ-hüquqi
sənədlərinin tələbləri əsasında tam
aşkarlıq şəraitində keçirilməsi məqsədi
ilə lazımi sayda müasir kompüter dəsti
alınıb.
Bu da sessiyalarda imtahanların kompüterlər vasitəsilə
qəbul edilməsinə imkan yaradır.
"Elektron universitet" layihəsi çərçivəsində
mühəndislik korpusunda 150 kompüter dəstindən ibarət
2 auditoriya ayrılıb, imtahan fənləri üzrə
mütəxəssis olmayan şəxslərdən ibarət nəzarət
qrupu təşkil olunub, valideynlərə, kütləvi
informasiya vasitələrinin nümayəndələrinə
imtahanlarda iştirak etmək üçün şərait
yaradılıb. Bütün kurslarda imtahanlar test üsulu ilə
aparılır.
Kitabxana
Əsası 1929-cu ildə qoyulan ADAU-nun əsaslı
kitabxanası ümumiyyətlə, elmin və xüsusən kənd
təsərrüfatı elminin çoxşaxəli sahələrinə
aid nadir inciləri qoruyub saxlayır. Əsaslı kitabxana ADAU-nın
professor-müəllim heyətinə, tələbələrə,
habelə gənc tədqiqatçılara xidmət göstərir.
Kitabxananın fondunda 700 min nüsxəyə yaxın müxtəlif
adlı dərslik, elmi və bədii ədəbiyyat
oxucuların istifadəsindədir. Respublikanın müxtəlif
bölgələrində aqrar sahə üzrə
çalışan mütəxəssislər və elmi - tədqiqat
işçiləri də vaxtaşırı bu kitabxana
fondundan bəhrələnirlər.
Kitabxanada bir oxu zalı
fəaliyyət göstərir. ADAU-da həmçinin Elektron
kitabxana yaradılıb ki, burada Asiya, Avropa, Afrika və Yaxın Şərq
ölkələrinin, Türkiyə, Avstraliya, Yeni Zelandiya və
Sakit okean hövzəsi ölkələri, FAO Catalogue, Kanada və
Meksika və Latın Amerikası ölkələrinin
kitabxanalarından faydalanmaq mümkündür. Həmçinin
rus və Azərbaycan dillərində müxtəlif qəzetlərdən
və elmi jurnallardan da istifadə etmək olar.
Elmi-tədqiqat işləri və
əldə edilən uğurlar
ADAU-nun
professor-müəllim kollektivi
2015-2017-ci illərdə "Torpaqların münbitliyinin
yaxşılaşdırılması, qorunması,
meliorasiyası və suvarma texnologiyalarının öyrənilməsi,
kənd təsərrüfatı bitkilərinin genefondunun
toplanması, toxum və ting istehsalı, əkinçilikdə
müasir becərmə texnologiyalarının işlənməsi,
yeni heyvan cinslərinin yaradılması, damazlıq işlərinin
təşkili, heyvandarlıqda xəstəliklərə
qarşı profilaktik tədbirlərin hazırlanması,
bitkiçilik və heyvandarlıq məhsullarının
daşınması və saxlanması, kənd təsərrüfatının
bütün sahələrində istifadə olunan
texnikaların səmərəliliyinin artırılması,
fermer təsərrüfatlarının idarə
olunmasını və kənd təsərrüfatı məhsullarının
iqtisadi təhlili" istiqamətlərində elmi-tədqiqat
işlərini davam etdirirlər.
Bu işlərin yerinə yetirilməsində 31 kafedra, 2 sahəvi laboratoriya və 534 əməkdaş
iştirak edir.
2014-cü
ildə ADAU əməkdaşları
tərəfindən 1 monoqrafiya, 23 dərslik, 20 dərs vəsaiti, 24 broşür, 1750 məqalə (
bunlardan 132 xaricdə), 3
tövsiyə, 13 elmi əsərlər məcmuəsi,
151 proqram nəşr edilib. Ötən il 1 nəfər elmlər
doktoru, 9 nəfər isə fəlsəfə doktoru adına
layiq görülüb.
Seleksiyanın "Qızıl fondu"
hesab edilən 68 başlanğıc
material pitomnikində 312 nümunə seçilib, həmin
nümunələr kolleksiya, hibrid və seleksiya pitomniklərində
səpilib, onlar üzərində fenoloji müşahidələr,
sünbül və dərz analizləri aparılıb. Yeni
yaradılmış "ADAU-80" qarğıdalı sortunun
toxumları çoxaldılaraq bir çox rayonların
qabaqcıl təsərrüfatlarına təhvil verilib.
Beynəlxalq
"CİMMUT" proqramının metodikasına uyğun olaraq bir sıra ölkələrdən,
o cümlədən Türkiyədən gətirilmiş 50
nümunə sınaqdan keçirilib. 2014-cü ildə ADAU əməkdaşları
tərəfindən "Məhsuldar" qarğıdalı, "Qismət"
Tritikale və "Qırmızı buğda" yumşaq
sortlarının rayonlaşdırılması Respublika Sort Sınaq Stansiyasında
davam etdirilib.
Bağçılıq kafedrasının
əməkdaşları 2014-cü ildə
3 üzüm sortunu rayonlaşdırmaq üçün Respublika Sort Sınaq
Stansiyasına təqdim ediblər.
İnək, camış, qoyun və keçilərin süd məhsullarının
identifikasiyası, ekspertizası, soyudulması, dondurulması və
saxlanması üsulları, saxlanma zamanı onun tərkibində
gedən fiziki, kimyəvi və bakterioloji dəyişikliklər
öyrənilib.
"Baytarlıq və balıqçılıq təsərrüfatı
işi" ixtisası üzrə mütəxəssis
hazırlığının keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti
və zoomühəndislik fakültəsində "Qapalı
balıq yetişdirmə tədris təcrübə
laboratoriyası"nın tikintisi başa
çatdırılıb.
Kənd təsərrüfatı məhsullarının
qurudulması üçün sadə və
ucuz günəş kollektorlarının texniki şərtləri
işlənib hazırlanıb və onun əsasında Rusiyada
Texniki Rezin Məmulatları EİB-də orijinal qurğu
hazırlanaraq sınaqdan çıxarılıb.
Yeni laboratoriyalar
Təkcə 2014-cü ildə
linqafon kabineti, "kimya", "əczaçılıq və
BSE", "fizika və riyaziyyat" kafedraları
üçün laboratoriyalar, "bitkiçilik və bitki
mühafizəsi" kafedrasına isə fitopatologiya üzrə
"KARMALAB" laboratoriyası quraşdırılıb.
Baytarlıq təbabəti və
zoomühəndislik fakültəsinin ərazisində
balıqçılıq və balıq təsərrüfatı
işi ixtisası üzrə mütəxəssis
hazırlıq keyfiyyətinin
yaxşılaşdırılması üçün 1 ədəd
126 kub.m-lik yeraltı hovuz hazırlanıb, 16 ədəd
yerüstü hovuz (hər biri 24 kub.m)
quraşdırılmışdır. 8 hovuzda hazırda
balıq yetişdirilir.
Laboratoriya Türkiyə mütəxəssisləri
tərəfindən
quraşdırılıb. Laboratoriyada tələbələr
balıq kürüsünün alınması,
mayalandırılması mərhələsindən
başlayaraq balıq alınmasınadək bütün
texnoloji prosesdə iştirak edəcək, həmçinin
müxtəlif növ balıqların yetişdirilməsi və
yemləndirilməsi texnologiyasına da yiyələnəcəklər.
Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində
"Quşçuluq tədris-təcrübə mərkəzi"
yaradılıb. Mərkəzin yaradılmasında məqsəd
quşçuluq sahəsində yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasıdır.
Təməli 2013-cü ilin noyabr ayında qoyulan
quşçuluq tədris mərkəzi 2014-cü ilin oktyabr
ayında fəaliyyətə başlayıb. Tədris mərkəzi 3000
baş broyler cücəsinin yetişdirilməsi
üçün nəzərdə tutulub.
Bu mərkəzdə birinci
və ikinci kurs tələbələri
quşçuluqda işin birinci praktik bacarıqlarını əldə
edərək laborantlar kimi tədris təcrübəsini
keçəcəklər. Üçüncü kursun tələbələri
- kiçik elmi işçilər, briqadirlər,
seleksiyaçılar, quşun yemləndirilməsi üzrə
mütəxəssislər, baytar həkimləri yeni istehsal təcrübəsini
orta əlaqənin mütəxəssislərinin dublyorları
kimi keçməlidirlər.
Quşçuluq tədris mərkəzinin əməkdaşlarınin tədqiqatlarının
materialları əsasında istehsalata tövsiyələr
hazırlanır.
"Balıqçılıq və
balıqçılıq təsərrüfatı
işi" ixtisası üzrə mütəxəssis
hazırlığının keyfiyyətini
yaxşılaşdırmaq məqsədilə baytarlıq təbabəti
və zoomühəndislik fakültəsinin nəzdində
"Qapalı balıqyetişdirmə laboratoriyası"
yaradılmış və iki
növdə 2 mindən çox balıq yetişdirilməsinə
başlanıb.
Beynəlxalq əlaqələr
ADAU tələbə
və müəllimlər üçün Erasmus Mundus
INFINITY, TEMPUS- SuToMa, "Mövlanə" Mübadilə
Proqramı, Vaynştefan proqramının, həmçinin
müəllimlər üçün olan TEMPUS FLEPP layihəsinin
iştirakçısıdır.
Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi nəzdindəki
İqtisadi Ticarət Müşavirliyi ilə əməkdaşlıq
çərçivəsində Azərbaycan Dövlət
Aqrar Universitetinin əməkdaşları Çində təşkil
edilmiş kənd təsərrüfatının müxtəlif
problemlərinə həsr olunan silsilə seminarlarda iştirak
edirlər. Hər
biri 20 gün olan və cari ilin noyabr ayına kimi davam edəcək
seminarların bütün xərcləri (viza xərcləri
istisna olmaqla) Çin Hökuməti tərəfindən
ödənilir. Hər bir seminarda 5 nəfər əməkdaşın
iştirakına icazə verilməklə, xarici dil bilikləri olan gənc
müəllim və doktorantların iştirakının təmin
olunmasına üstünlük verilir.
Avropa İttifaqının TEMPUS proqramı
dəstəyi ilə həyata keçirilən FLEPP (Foreign Language Education for Professional
Purposes) layihəsi ilə əlaqədar 15 dəst kompüter,
1 ədəd proyektor, 2 ədəd printerlə universitetin dillər
kafedrasının nəzdində xüsusi auditoriya
yaradılıb.
23-24 aprel 2015-ci ildə
Serbiyanın paytaxtı Belqrad şəhərində
keçirilmiş Qara dəniz regionu ölkələri ali məktəblərinin rektorlarının
11-ci konfransının sessiyasında Qara Dəniz Universitetləri
Şəbəkəsinin Baş Assambleyasının qərarına
əsasən Azərbaycan Dövlət Aqrar Universiteti təşkilata
üzv qəbul olunub. Təşkilat dünyanın 12 ölkəsinin
120 universitetini özündə birləşdirməklə,
üzvlər arasında təhsil, elmi-tədqiqat və mədəniyyət
sahələrində əməkdaşlığın
inkişaf etdirilməsi missiyasını yerinə yetirir.
Hazırda Gəncə şəhərindən yalnız Azərbaycan
Dövlət Aqrar Universiteti qeyd olunan təşkilatın
tamhüquqlu üzvüdür.
İctimai təşkilatlar
Azad Həmkarlar
İttifaqı Komitəsi. Azərbaycan Dövlət Aqrar
Universitetində həmkarlar ittifaqı təşkilatı
1929-cu ildən fəaliyyət göstərir. Hazırda
ittifaqın 1013 üzvü var. İttifaqın fəaliyyəti
müxtəlif istiqamətlidir. İttifaq üzvlərinin əmək,
sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin
müdafiəsi, müəssisənin rəhbərliyi ilə əməkdaşlıq
çərçivəsində ittifaq üzvlərinin mənafelərini
təmsil etməsi, kollektiv danışıqların
aparılması, kollektiv müqavilənin bağlanması və
onun yerinə yetirilməsinə nəzarətin həyata
keçirilməsi, əməyin mühafizəsinə, ətraf
mühitə, sağlamlığa mənfi təsir göstərən
faktorların aradan qaldırılmasına, üzvlərinin
sağlam və təhlükəsiz iş şəraiti ilə
təmin edilməsinə ictimai
nəzarətin təşkili və s. kimi müxtəlif səpgili
işlər görürlər.
ADAU Həmkarlar İttifaqı Komitəsinin
11 üzvü var. Komitənin nəzdində
5 fakültə və 3 şöbə həmkarlar ittifaqı
təşkilatı fəaliyyət göstərir.
Tələbə Azad Həmkarlar
İttifaqı Komitəsi
Tələbə
Həmkarlar İttifaqı Komitəsi universitetdə 1935-ci ildən
fəaliyyət göstərir. Komitənin fəaliyyət
istiqamətlərinə həmkarlar ittifaqı üzvlərinin
əmək, sosial, hüquqlarının və mənafelərinin
müdafiəsi, həmkarlar ittifaqı üzvlərinin,
onların ailə üzvlərinin sağlamlığına
qayğı göstərilməsi, onların təqaüd təminatının,
sanatoriya, kurort müalicəsinin və istirahətinin, asudə
vaxtının səmərəli təşkili, bədən tərbiyəsi
və idmanın inkişaf etdirilməsi daxildir.
Tələbə Elmi Cəmiyyəti
Tələbə
Elmi Cəmiyyəti (TEC) universitet daxilində
yaradılmış ictimai təşkilat olub, universitetin
elmi işlər üzrə
prorektoruna tabedir. TEC-in şurası və redaksiya heyəti mövcuddur. TEC-in Şurası universitetdə
olan bütün fakültələri təmsil etməklə
20 nəfərdən ibarətdir. Yəni, şuraya hər
fakültənin tələbə elmi cəmiyyətinin sədri,
onun rəhbərliyi altında fəaliyyət göstərən
komitə üzvləri və bir qrup əlaçı tələbələr
daxildir. TEC 30 kafedrada müxtəlif ixtisas istiqamətli elmi dərnəklər
əsasında fəaliyyət göstərir. Cəmiyyətin
əsas məqsədi tələbələrin elmə meyilinin
və öz ixtisasları üzrə biliklərinin
artırılmasıdır.
Cəmiyyətin vəzifələrinə tələbələrin elmi
marağının artırılması ilə bağlı tədbirlər,
intellektual oyunların təşkili, fənn olimpiadalarında
tələbələrin iştirakının təmini, fakültədaxili
yarışların keçirilməsi, əlaçı və
yaxşı qiymətlərlə oxuyan tələbələrin
müvafiq kafedralara istiqamətləndirilməsi, elmi seminar və
konfransların təşkili, fəal tələbələrin
bu konfranslarda iştirakının təmin edilməsi, tələbələrin
elmi məqalələrinin nəşr edilməsi daxildir.
Tələbə Gənclər Təşkilatı
ADAU-da TGT 2005-ci ildən
fəaliyyət göstərir. Təşkilat Azərbaycan
Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər
və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr
və tövsiyələrinə və təşkilatın əsasnaməsinə
uyğun fəaliyyət göstərir.
Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata
keçirilməsi istiqamətində tələbələrin
və ayrı-ayrılıqda hər bir tələbənin
maraqlarını təmsil və müdafiə etmək,
respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında
onların fəal iştirakını təmin etməkdir.
Tələbələrin sosial problemlərinin həlli
istiqamətində, eləcə də tələbələr
arasında maarifləndirmə işlərinin
aparılması, tələbələrin asudə
vaxtının səmərəli təşkil edilməsi, tələbələrin
hüquqlarının təmin edilməsi, respublikanın
daxilində və xaricində keçirilən müsabiqələrdə,
olimpiadalarda, sərgilərdə istedadlı və
yaradıcı tələbələrin iştirakını, tələbələr
arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər
neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata
keçirilməsi, tələbələrin iştirakı ilə
müsabiqələrin, seminarların, festivalların,
forumların, toplantıların, sərgilərin,
aksiyaların, "dəyirmi masa"ların, elmi
konfransların, təlim kurslarının, kütləvi təbliğat
kampaniyalarının, diskusiya klublarının, müzakirələrin,
simpoziumların, görkəmli şəxslərlə
görüşlərin təşkil edilməsi də təşkilatın
işinə daxildir.
Tələbə həyatı -
Enactus
Azərbaycan Dövlət Aqrar Universitetinin
"Enactus" (SIFE) komandası ilk olaraq 2008-ci ildə
yaranıb.
2009-cu ildə keçirilən yarış zamanı respublika
çempionu adını qazanıb. Almaniya Federativ
Respublikasında Dünya kuboku yarışında Azərbaycanı
təmsil edib. 2012-ci ildə MDB dövlətləri arasında
keçirilən "SIFE SİLK ROAD" adlı Beynəlxalq
konfransda universitetlərarası dörd komanda içərisində
Azərbaycan Dövlət Aqrar Universitetinin "Enactus"
(SIFE) komandası seçilib və bütün komanda üzvləri
sertifikatla təltif olunub. 2012-ci ildə isə Milli
çempionatda iştirak edərək "SPRİT of SIFE"
(SIFE-ın ruhu) kubokunu əldə etmiş və "İlin
komandası" nominasiyasında fərqlənmişdir.
2013-cü
ildə isə milli çempionatda iştirak edərək
"Ən güclü region komanda" adına və həmçinin
komandanın yarışda təqdim etdiyi layihələrdən
biri olan "Qida məhsullarının təhlükəsizliyi"
layihəsi münsiflər heyətinin üzvləri tərəfindən
"İlin ekoloji və sosioloji layihəsi" fəxri
diplomu ilə mükafatlandırılıb.
Hazırda ADAU-nun "Enactus" (SIFE) komandası başqa ölkələrin
komandaları və digər universitetlərin tələbələri
ilə də əməkdaşlıq edir.
ADAU "Enactus" (SIFE) komandası Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi,
Almaniyanın GTZ şirkəti, Elba MMC, "Çinar Otel"
İstirahət Mərkəzi, "My Way otel", "Pal
Market" , "Kəpəz Alçı" MMC, AURA PARK və
başqa sponsorlarla layihələr həyata keçirib. Layihələrdən
bir neçəsi bitsə də "Virtual Market", "Yaşıl Çay"
"TRASEKA" (Qədim İpək yolu ) layihələri
davam edir.
Məzun yarmarkası
Hər il universitetdə məzun yarmarkası təşkil
olunur. Yarmarkalarda rayonların icra hakimiyyətləri, Kənd
Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Dövlət Məşğulluq Xidməti və digər
orqan və təşkilatların tabeliyində olan firma, müəssisə
və təşkilatın nümayəndəsi iştirak edir,
məzunlarımıza yüzlərlə vakant iş yeri təklif
olunur. Bu il ulu öndər Heydər Əliyevin anadan
olmasının 92-ci ildönümü və 2015-ci ilin "Kənd
təsərrüfatı ili" elan olunmasi ilə əlaqədar
Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı
Nazirliyi, "Aqrolizinq" ASC-nin təşkilatçılığı
ilə əmək yarmarkası keçirilib. Yarmarkada
respublikanın kənd təsərrüfatı sahəsində
fəaliyyət göstərən 15-dən çox şirkəti,
500 nəfərdən çox iş axtaran məzun iştirak
edib.
ADAU-nun uğurları
Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondu tərəfindən ölkənin bir sıra ali təhsil
müəssisələrində aparılan əhəmiyyətli
elmi araşdırma və tədqiqatların daha yüksək
səviyyədə dəstəklənməsinə yönəlmiş
layihələrin həyata keçirilməsi qrantların yolu
ilə ünvanlı şəkildə maliyyələşdirilməsi
məqsədilə ilk dəfə olaraq keçirilmiş
"Universitet qrantı" müsabiqəsində Azərbaycan
Dövlət Aqrar Universitetindən təqdim olunmuş "Azərbaycanın
qərb bölgəsində meyvə-tərəvəz bitki
genetik ehtiyatlarının müəyyənləşdirilməsi
və səmərəli istifadənin təşkili" və
"Üzümün başlıca xəstəlik törədiciləri
- Oidium (Uncinula necator) və Milyunun (Plasmopara viticola) erkən
diaqnostikasının təşkilində DNT əsaslı
texnologiyanın tətbiqi" layihələrdə qalib olub.
Təhsil
Nazirliyinin "İctimai
Təşəbbüslərin dəstəklənməsi
layihəsi" çərçivəsində Azərbaycandan
Kənarda Təhsil Almış Məzunlar Təşkilatının
hazırladığı Azərbaycanda ali
məktəblərin reytinq cədvəlinə əsasən
universitet Gəncə şəhərində yerləşən
ali təhsil müəssisələri arasında 1-ci və
respublikada 7-ci yeri tutub. Universitetin tələbələrdən
ibarət "Enactus" komandası 30-31 may 2015-ci ildə
Bakı şəhərində keçirilmiş tələbələrin
azad sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli
çempionatın qalibi olaraq Cənubi Afrika Respublikasında
keçiriləcək beynəlxalq çempionatda ölkəmizi
təmsil etmək hüququ qazanıb.
Universitetdə mütəxəssis hazırlığı
aparılan ixtisaslara peşəyönümü
üzrə abituriyentlərin maarifləndirilməsi məqsədilə
alimlər Gəncənin və rayonların orta məktəblərində
pedaqoji heyət və buraxılış sinif şagirdləri
ilə görüşlər keçirir.
Bununla yanaşı, universitetin fəaliyyətini əks etdirən 20 dəqiqəlik
film AzTV, ATV, Kəpəz TV və Tovuz TV vasitəsilə
yayımlanıb, AzTV-nin "Günün nəbzi"
proqramında universitet rəhbərliyi nümayəndələrinin
iştirakı ilə "dəyirmi masa" keçirilib.
2014/2015-ci
tədris ilinin payız semestrinin imtahan sessiyasını əla
qiymətlərlə başa vuran əyani təhsil forması
üzrə 236 əlaçı tələbədən 53-ü öz arzusu ilə "2
fevral-Azərbaycan gəncləri günü" münasibəti
ilə yeddi gün müddətində respublikamızın Qax
və Zaqatala rayonlarının istirahət mərkəzlərinə
qış tətilinə göndərilib.
Universitetdə aqrar sahə üçün mütəxəssis
hazırlığı ilə yanaşı çoxlu sayda mədəni-kütləvi
tədbirlər keçirilib. Bu tədbirlər tələbələrin
hərbi vətənpərvərlik ruhunda tərbiyə
olunmalarında müstəsna əhəmiyyət kəsb edir.
Bu il Tələbə
Gənclər Təşkilatının təşəbbüsü
ilə Milli Qəhrəman, Azərbaycanın igid oğlu
Mübariz İbrahimovun doğum günü münasibətilə
Biləsüvar rayonuna səfər təşkil olunub.
Mayın
6-da Azərbaycan Dövlət
Aqrar Universitetində ümummilli lider Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümünə və 2015-ci
ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsinə həsr olunmuş
"Azərbaycanda aqrar sektorun yeni infrastrukturu: aqro parklar,
onların yaradılmasının zəruriliyi və
innovasiyalı inkişafda rolu" respublika elmi-praktik
konfransı keçirilib. Həmçinin 23-24 oktyabrda
universitetdə Azərbaycan Respublikasında "Kənd təsərrüfatı
ili" elan edilməsinə həsr olunmuş "Aqrar elmin və
təhsilin innovativ inkişafı: dünya təcrübəsi
və müasir prioritetlər" mövzusunda Beynəlxalq
elmi-praktik konfrans keçiriləcək.
Mərkəzlər
Distant və
Əlavə Təhsil Mərkəzi 2008-ci ildə
yaradılıb. Mərkəzdə aşağıdakı
şöbələr fəaliyyət göstərir:
* Yenidənhazırlanma şöbəsi
* İxtisasartırma və təkmilləşdirmə şöbəsi
* Distant təhsilə xidmət şöbəsi
* Əhaliyə pullu xidmət şöbəsi
Yenidənhazırlanma şöbəsi
Yenidənhazırlanma şöbəsində təhsil
- xalq təsərrüfatının ayrı-ayrı sahələri
üçün mütəxəssislərin diplomdansonrakı
təhsilinin yenidən hazırlanma formasının həyata
keçirilməsi "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu və bu istiqamətdə olan
mövcud normativ sənədlərə uyğun
aparılır. Həmin qaydalar bu sahədə fəaliyyət göstərən
tədris müəssisələrinin (strukturlarının)
işini tənzimləmək, eləcə də
diferensiallaşdırılmış proqramlarla çevik
strukturların yaradılması və bununla da müxtəlif
istehsalat sahələri, iqtisadiyyatın ayrı-ayrı
strukturları, konkret idarə, müəssisə və təşkilatların
mütəxəssislərə olan tələbatının
ödənilməsi məqsədini daşıyır.
Bazar iqtisadiyyatına
keçidlə əlaqədar
istehsalatın müxtəlif sahələrində əmələ
gələn dəyişikliklər nəticəsində yeni
yaxın ixtisaslı mütəxəssislərə yaranan tələbatı
adi qaydalarla ödəmək mümkün
olmadığından ayrı-ayrı idarə, müəssisə
və təşkilatlar, eləcə də tək-tək vətəndaşlarla
bağlanmış müqavilələr əsasında
xüsusi statusu olan tədris müəssisələrində
yenidən hazırlanır.
Yenidənhazırlanma təhsili, baza təhsilinə
müvafiq olaraq əyani formada 9-18 ay, distant və axşam
formada 18-24 ay ola bilər. Təhsil
haqqı ixtisaslara uyğun olaraq fərqlənir.
Yenidənhazırlanma təhsilini müvəffəqiyyətlə
başa vuran müdavimlərə
universitetin Dövlət Standartlarına uyğun diplomu təqdim
olunur.
İxtisasartırma və təkmilləşdirmə
şöbəsi
İxtisasartırma və təkmilləşdirmə
şöbəsində kənd təsərrüfatı
kadrlarının peşə ustalığının və
elmi nəzəri biliklərinin genişləndirilməsi, elm və
texnikanın ən yeni nailiyyətlərinin mənimsənilməsini
və kənd təsərrüfatı məhsullarının
istehsalı prosesində istifadə olunması məqsədi ilə
respublikanın kənd təsərrüfatı mütəxəssisləri
üçün Kənd Təsərrüfatı Nazirliyinin
göndərişi və ya vətəndaşlarla
bağlanmış fərdi müqavilələr əsasında
müxtəlif sahələr üzrə (baytarlıq,
zootexnika, mexanikləşdirmə, elektrikləşdirmə,
aqronomluq, bitki mühafizəsi, meliorasiya, ekologiya, kənd təsərrüfatının
iqtisadiyyatı, aqrar siyasət və s.) ixtisasartırma
kursları təşkil edir.
Distant təhsilə
xidmət şöbəsi
Distant və Əlavə Təhsil Mərkəzində mövcud olan təhsil formalarından ən çox tələb olunan distant təhsil olduğu və həmin təhsil formasının müasir informasiya texnologiyaları və xüsusilə internetlə bağlılığı və digər özəllikləri nəzərə alınaraq mərkəzdə Distant təhsilə xidmət şöbəsi yaradılıb. Şöbə distant təhsilin təşkili üçün bütün lazımi avadanlıqlar, texnoloji vəsaitlər və proqram təminatı ilə təmin edilib. Hazırda şöbə təhsilin elektronlaşdırılma, elektron kitabxananın, müəllim və tələbələrin elektron məlumat bazasının yaradılması ilə məşğuldur.
Magistr hazırlığı mərkəzi
Magistr hazırlığı mərkəzi ADAU-nun Elmi Şurasının qərarına əsasən yaradılıb. Mərkəzin məqsədi ölkədə yüksək ixtisaslı mütəxəssislərə olan tələbatın təmin edilməsi, elmi-pedaqoji və elmi-tədqiqat sahəsi üçün kadrların hazırlanmasından ibarətdir. Magistr hazırlığı mərkəzi dövlət təhsil standartlarına uyğun olaraq təhsilin verilməsini, magistrantların müvəffəqiyyət dərəcəsinə cari, aralıq və yekun attestasiyanı təşkil edir.
Mərkəzə 17 istiqamətin 44 ixtisaslaşması üzrə magistrant qəbulu aparılır. Hazırda Magistr hazırlığı mərkəzində 120 nəfər magistrant təhsil alır ki, onlardan 78 nəfəri əyani, 42 nəfəri isə qiyabi şöbə üzrə olmaqla 8 nəfəri xarici ölkələrin (İraq və Türkiyə) vətəndaşlarıdır.
Magistrantların təhsili ilə 40-dan çox professor və universitetin alimləri məşğuldur. Onların rəhbərliyi ilə
magistrantlar ixtisasları
üzrə magistrlik dissertasiyası üzərində
işləyir, aparılan
elmi-tədqiqatların nəticələri
respublikanın və xarici ölkələrin elmi nəşrlərində
dərc olunur.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2015.- 12 sentyabr.- S.6-7.