"Ən yüksək bal
topladığımı
eşidəndə çox
sevindim"
Müsabiqənin
birincisi Firuzə Kərimli ilə söhbət
Artıq
bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrinə
və peşə liseylərinə müəllimlərin
işə qəbulu üzrə müsabiqə keçirilir.
Ötən illərdə olduğu kimi bu il
də müsabiqə yüksək səviyyədə təşkil
olunmuş, 21795 müəllim 3462 vakant yer uğrunda mübarizə
aparmışdır. Nəticədə müsabiqənin hər
3 mərhələsini uğurla başa vuran 2445 müəllim
vakant yerdə işləmək hüququ qazanmışdır. Müsabiqədə
ən yüksək balı - 60 mümkün
baldan 58.236-balı coğrafiya
müəllimi Firuzə Kərimli
toplayıb. Onunla
yeni təyinat aldığı
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən
125 nömrəli tam orta
məktəbdə görüşdük.
Müsabiqə ilə bağlı təəssüratlarını
bizimlə bölüşən F.Kərimli digər
suallarımızı da
cavablandırdı.
- Özünüz haqqında qısa məlumat verərdiniz.
- 1992-ci ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşam. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 490 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-coğrafiya fakültəsinə daxil oldum. Hazırda həmin universitetdə ixtisasım üzrə magistr təhsili alıram.
- Müsabiqə haqqında fikirləriniz?
- Müsabiqə yüksək səviyyədə təşkil olunmuşdu. Fikrimcə ən böyük əhəmiyyəti şəffaf şəkildə keçirilməsidir. Son illər respublikamızda aparılan təhsil islahatları və bu islahatların tərkib hissəsi olan müəllimlərin vakant iş yerlərinə qəbulu üçün keçirilən müsabiqəni yüksək qiymətləndirirəm. Düşünürəm ki, bilik və bacarığına güvənən hər bir müəllim heç bir maneə olmadan iş yerinə sahib ola bilər. Bunun üçün ölkəmizdə şəffaf mexanizm mövcuddur. Müsabiqənin qaydaları da çox sadələşdirilmiş şəkildədir. 3 mərhələdən ibarət müsabiqənin 1-ci mərhələsində ərizə qəbulu zamanı heç bir problemlə üzləşmədim. Elektron qaydada sənədləri qəbul etdilər. 2-ci mərhələdə də imtahan obyektiv keçdi. Suallar bir o qədər də çətin deyildi. 3-cü mərhələdə də heç bir çətinlik olmadan seçdiyim məktəbə yerləşdirildim.
- Ölkəmizdə aparılan təhsil islahatlarını necə qiymətləndirirsiniz?
- Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsi də özünün yüksək inkişaf mərhələsindədir. Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını xüsusilə vurğulamaq istəyirəm. Düşünürəm ki, təhsilimizin bütün sahələri dinamik şəkildə inkişaf edir. Bir çox dövlət proqramları, islahatlar həyata keçirilir. 2013-cü ildə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması isə təhsilimizdə yeni bir səhifənin başlanğıcı, mən deyərdim ki, bir inqilab oldu. Bütün bunları nəzərə aldıqda təhsilimizin dünya təhsil sisteminə sürətlə inteqrasiya etdiyini, aparılan islahatların çox səmərəli və düzgün olduğunu düşünürəm.
- Müsabiqədə yüksək bal toplayacağınıza əmin idinizmi?
- Səmimi desək, qarşıma ən yüksək bal toplamaq kimi bir məqsəd qoymamışdım. Çalışırdım ki, yüksək nəticə əldə edim və nəzərdə tutduğum təhsil ocağına müəllim kimi daxil olum. Şükürlər olsun ki, məqsədimə çatdım. Builki müsabiqədə ən yüksək bal topladığımı eşidəndə isə təbii ki, çox sevindim. Çünki 20 mindən artıq iştirakçı arasında I yeri tutmağım çox qürurvericidir.
- Sizcə, yaxşı müəllim olmaq üçün nə etmək lazımdır?
- Əvvəla qeyd edim ki, hər bir peşə sahibi öz sənətinin vurğunu olmalıdır. Çünki sənətini, peşəni sevməsən, o sahədə uğur qazana bilməzsən. Bu baxımdan əsl müəllim olmaq üçün ilk növbədə peşəyə vurğun olmalısan. Bundan sonra yorulmadan çalışmalı və peşənin sirlərinə dərindən yiyələnməlisən. Düşünürəm ki, yaxşı müəllim təkcə savadlı olmaq demək deyil. Müəllim həm psixoloq, həm lider, həm də təşkilatçılıq qabiliyyətlərini özündə cəmləşdirməli, ünsiyyət qurmaq bacarığına malik olmalıdır.
- Yeni təlim metodları haqqında düşüncələriniz?
- Universitetdə bakalavr pilləsi üzrə təhsil alarkən yeni təlim metodları, innovasiyalar haqqında müəyyən biliklərə yiyələnmişəm. Pedaqoji təcrübə keçdiyimiz zaman kurikulum anlayışı haqqında müəllimlərimizdən müəyyən biliklər əldə etmişəm. Müəllim olacağımı düşünərək bu haqda nəzəri biliklərə yiyələnmişəm. Zənnimcə, kurikulum günün tələbidir. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizim ölkəmizdə də tətbiq olunmasını təqdirəlayiq hal hesab edirəm.
- Niyə məhz coğrafiya fənni?
- Humanitar fənlərə məndə həvəs məktəb illərindən olub. Özümü bu sahədə daha sərbəst və rahat hiss edirdim. Tarix və coğrafiyanı seçməyimdə ən böyük faktor isə mənə bu fənləri tədris edən müəllimim idi. Onun sayəsində bu fənlərin həm dərinliklərinə yiyələndim, həm də fənnə marağım ikiqat artdı. Fürsətdən istifadə edib bütün müəllimlərimə öz dərin təşəkkürümü bildirirəm.
- Karyeranızın kulminasiya nöqtəsini harda görürsünüz?
- Pedaqoji fəaliyyətimlə yanaşı, elm sahəsində yüksək nəticələr əldə etməyi qarşıma məqsəd qoymuşam. Düşünürəm ki, təhsillə elm bir-birinə bağlıdır. Elm sahəsində tədqiqatlar aparıb öz ixtisasım üzrə yüksək səviyyəli elm adamı olmağı karyeramın kulminasiya nöqtəsi hesab edirəm. Bunun üçün ölkəmizdə hər bir şərait var və mən də bir gənc olaraq bu imkanlardan maksimum istifadə edib məqsədimə doğru addımlamağı planlaşdırıram.
- Bu məktəbi seçməyinizdə məqsədiniz? Yüksək bal topladığınız halda niyə məhz şəhər məktəbini deyil, mərkəzdən uzaq ərazidə yerləşən məktəbi seçdiniz?
- Hazırda Xəzər rayonunun Binə qəsəbəsində yaşayıram. Bizim yaşadığımız əraziyə vakant yer olan ən yaxın məktəb Buzovna qəsəbəsində yerləşən 125 nömrəli tam orta məktəb idi. Bundan başqa, məktəbin yüksək səviyyədə maddi-texniki bazasının olması, müasir standartlara cavab verməsi, nizam-intizamın mövcudluğu və digər bir sıra amillər bu məktəbi seçməyimə səbəb oldu. Səmimi olaraq demək istəyirəm ki, bu məktəbdə işləyəcəyim üçün qürur hissi duyuram.
Biz də gənc mütəxəssis Firuzə Kərimliyə pedaqoji fəaliyyətində uğurlar arzulayır, bu müqəddəs və şərəfli peşədə iri addımlarla hədəfə doğru irəliləməsini diləyirik.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2015.- 12 sentyabr.- S.11.