Ümumtəhsil məktəblərində
2015-2016-cı tədris
ilinin ilk dərs məşğələsi
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Ümumtəhsil məktəb şagirdlərində fəal vətəndaş mövqeyinin formalaşdırılması, onların vətənpərvər ruhda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını təmin etmək və bununla əlaqədar pedaqoji kollektivlərin fəaliyyətini gücləndirmək məqsədi ilə
ƏMR
EDİRƏM:
1. İlk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsinin, "Oyunlar" çərçivəsində təşkil olunan yarışlarda Azərbaycan idmançılarının qazandığı tarixi qələbələrin uşaq və gənclərdə milli iftixar hissinin güclənməsinə əhəmiyyətli təsirini, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında bu "Oyunlar"ın müstəsna rolunu nəzərə alaraq, ümumtəhsil məktəblərində 2015-2016-cı tədris ilinin ilk dərs məşğələsi "Bakı-2015" Avropa Oyunlarına həsr olunsun.
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:
2.1. Həmin dərslərdə ölkəmizdə ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsinin Azərbaycanın ictimai-siyasi və idman həyatında əlamətdar hadisə olması, öz möhtəşəmliyi ilə dövlətimizə və xalqımıza beynəlxalq aləmdə yüksək imic qazandırması, Avropanın idman tarixinə qızıl hərflərlə yazılması, "Oyunlar"ın təşkili, keçirilməsi və yekunlaşdırılmasında ölkə rəhbərliyinin əvəzsiz xidmətləri, xarici dövlətlərdən gəlmiş qonaqların Azərbaycan haqqında söylədikləri yüksək fikirlər haqqında şagirdlərə ətraflı məlumatlar verilməsini təmin etsinlər.
2.2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bölgələrdəki regional şöbələri ilə birlikdə bu dərslərdə "Bakı-2015" Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızın, bu oyunların keçirilməsində xüsusi fəallığı ilə fərqlənən könüllülərin və digər şəxslərin iştirak etmələri üçün təşkilati tədbirlər görsünlər.
3. Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektoru (C.Valehli) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 sentyabr 2015-ci il
Azərbaycan müəllimi.- 2015.-
19 sentyabr.- S.5.