Siyəzəndə bu tədris ilində

20 gənc müəllim işə başlayıb

 

Siyəzən şəhər Mədəniyyət Mərkəzində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyev "2014-2015-ci dərs ilinin yekunları  yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə edib. Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları möhtərəm Prezidentimiz cənab İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatlar bütün  respublikamızda olduğu kimi Siyəzən rayonunda da uğurla həyata keçirilir. 

Diqqətə çatdırılıb ki, 2014-2015-ci dərs ilində Siyəzən rayonunun ümumtəhsil  məktəblərində 5779 nəfər şagird təhsil alıb, onların  təlim-tərbiyəsi  ilə 720 nəfər müəllim məşğul olub. 2015-ci ildə 20 nəfər  gənc müəllim müvafiq müsabiqədən keçərək rayonun müxtəlif  məktəblərində  öz  ixtisasları üzrə  işləmək  hüququ  qazanıb.  Siyəzən şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Tatyana  Səlimova ölkə Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Siyəzən şəhər 1 nömrəli tam orta məktəbi  "Ən yaxşı ümumtəhsil məktəbi" və Siyəzən şəhər 2 nömrəli tam  orta məktəbin riyaziyyat müəllimi Aynurə Dadaşova "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

Konfransda buraxılış və qəbul imtahanlarının nəticələri haqqında  geniş məlumat verilib.   Qeyd olunub ki, XI sinfi bitirmiş 369 məzundan 250 nəfəri qəbul imtahanlarında  iştirak  edib, onlardan 94 nəfəri ali məktəblərə daxil olub. Bundan əlavə, 3 nəfər hərbi yönümlü  ali təhsil ocaqlarının,  6 nəfər isə xarici ölkələrin ali məktəblərinin  tələbəsi olub. Məzunlardan 11 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən yuxarı bal  toplayıb. Konfransda 600-dən çox bal toplamış həmin məzunlara fəxrı fərman və pul mükafatları verilib. Rayon məktəblərinin 8 müəllimi  də Siyəzən Rayon Təhsil Şöbəsinin fəxri fərmanları isə təltif olunub.

Konfransda Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin direktoru  Nəcməddin  Mürvətov,  gənc  müəllim   Tamerlan  Qurbanov,  məzun  Abdulla Abdullayev  çıxış  edərək  təhsilimizə  göstərilən  dövlət  qayğısından,  əldə  olunmuş  nailiyyətlərdən danışıblar.

Konfransda iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazov hazırda respublikamızda təhsil sahəsində aparılan genişmiqyaslı işlər, regionlarda müəllimlərin sınaq qiymətləndirilməsinə  hazırlıq  işlərinin aparılması, hesabatların yeni qəbulu sistemi, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi məsələləri, dərslik  siyasəti  bir  sıra  digər  məsələlər haqqında geniş məlumat  verib.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon müəllimlərini yeni dərs ili münasibəti ilə təbrik edərək bildirib ki,  müəllimlərə, xüsusilə gənc müəllimlərə hər cür qayğı göstərmək hər bir aidiyyəti şəxsin borcudur. O həm gənc  müəllimlərə, həm də ehtiyacı olan tələbə və şagirdlərə daim diqqət göstəriləcəyini qeyd edib.

 

Azərbaycan müəllimi.- 2015.- 19 sentyabr.- S.9.