ABŞ universitetlərinin
idarə edilməsi
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq sərəncamları ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın (23 oktyabr
2013-cü il) və bu Strategiyanın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planının təsdiqi
(19 yanvar 2015-ci il) təhsilimizin inkişafında mühüm
addım olaraq tarixə düşdü. Hər
iki dövlət sənədində əsas məqsədlərdən
biri kimi təhsildə nəticələrə görə
cavabdeh, şəffaf və səmərəli idarəetmə
mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Bu da təhsil sistemində tənzimləmə və
idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında
müasirləşdirilməsi, təhsil müəssisələrində
nəticəyönlü və şəffaf idarəetmə
modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə
olunması üzrə yeni məlumat və hesabat sistemlərinin
yaradılması kimi hədəfləri əhatə edir.
Strategiyada inkişaf etmiş ölkələrin
təcrübəsi nümunə götürülərək
təhsildə idarəetmənin ictimailəşməsi
prosesinin sürətlənməsi önə çəklib.
"Bu, ilk növbədə, bütün
növ təhsil müəssisələrinin müstəqilliyinin
artırılmasını, valideyn, şagird, tələbə
və təhsil prosesinin digər
iştirakçılarını geniş cəlb etməklə
təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü
menecmentin və digər müasir idarəetmə
texnologiyalarının prosesə tətbiqini tələb
edir".
Azərbaycan
Respublikasının təhsil naziri hörmətli Mikayıl
Cabbarov öz müsahibələrinin birində qeyd etmişdir
ki, müasir dövrümüzdə insanlar, daha geniş
çevrədə dövlətlər və nəhayət, bəşəriyyət
bir şeyi aydın dərk edib ki, təhsil fenomeni
dünyanın yeni inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə
olmuşdur, bu gün də belədir, gələcəkdə
də belə olacaqdır.
İdarəetmənin vahid və hamının qəbul
etdiyi bir tərifi yoxdur. Ancaq bir məsələ aydındır: bu bir strukturdur,
hüquqi münasibətlərdir, hakimiyyət
formasıdır, vəzifə və məsuliyyətdir, qərar
qəbuletmə formasıdır və əlbəttə,
hesabatlılıqdır. İdarəetmənin
administrativ qərar qəbuletmədən fərqi isə
ondadır ki, idarəetmə administrativ qərar qəbul etmədən
əvvəl gəlir və siyasəti müəyyənləşdirir.
Sonrakı mərhələdə artıq
administrasiya işə düşür. Bu proses eynilə
ali təhsil müəssisələrində
də baş verir.
Ali təhsilin idarə
olunması ölkədən ölkəyə fərqlənir.
Burada əsas rolu ölkənin (eləcə də
universitetin) ümumi tarixi, müstəqillik tarixi, yerləşdiyi
region, milli xüsusiyyətləri, milli-mənəvi dəyərləri
oynayır. Məhz bu müddəaları nəzərə
alaraq ali təhsilin idarə
olunmasının ABŞ təcrübəsinin oyrənilməsi
fikrimizcə maraqlı olardı, xüsusilə də ali təhsil
sahəsində çalışanlar üçün.
ABŞ
ali təhsilinin bu gün dünyada oynadığı lider
rolunu nəzərə alaraq (Nobel laureatlarının təxminən
yarısının ABŞ-dan olması, dünyanın 10 ən
yaxşı universitet sıralanmasında əsasən ABŞ
universitetlərinin olması buna bariz nümunədir), ABŞ
universitetlərində idarəetmənin xüsusiyyətlərini,
xüsusilə də universitetin əsas idarəedicisinin -
universitet prezidentlərinin (rektorlarının) işinin
xüsusiyyətləri haqqında məlumat vermək yerinə
düşərdi.
ABŞ universitetlərinin rektorlarından (prezidentlərindən)
söz düşəndə onları akademik sahənin
"qurbanları" adlandırırlar. Onlar günün 24
saatını, həftənin 7 gününü tələbələrin
sonu bitməyən arzu-təklifləri, akademik keyfiyyətin
yüksəldilməsi, universitet büdcəsinin
balanslaşdırılması, universitetin imicinin yüksəldilməsi,
yerli və federal hökumətlə əlaqələrin normallaşdırılması
işinə həsr edirlər. Məhz bu cür idarəetmə ABŞ universitetlərini
digər ölkə universitetlərindən fərqləndirir.
Bu fərqli xüsusiyyətlər nədir?
1) Ali təhsilin
əmək bazarının ehtiyaclarına istiqamətlənməsi,
xüsusilə işəgötürənlərin gözləntilərinin,
tələblərinin ödənilməsi, 2) Tələbələrin
seçdikləri ixtisaslar üzrə lazımi bilik və
bacarıqlara yiyələnmələri üçün hər
cür şərait yaratmaqla bərabər, onlara iş tapmaq
üçün, karyera qurmaları
üçün lazımi səriştələrin
aşılanması. Hər bir universitetdə
universitet strukturunun əsas bir bölməsi kimi karyera mərkəzləri
bu sahədə əvəzsiz fəaliyyət göstərir.
3) Tələbələrin universitet idarəedilməsində əsl
söz sahibi olmaları və demokratik təhsil mühitininn
olması, 4) Müəllim-tələbə münasibətlərinin
yüksək formada olması və s.
ABŞ ali təhsilinin idarə olunmasının əsas
fərqləndirici cəhəti bir də idarəetmənin rəngarəngliyidir.
Hər bir idarəetmə forması həmin təşkilatın
unikal tarixini və tələbatlarını özündə
əks etdirir. İdarəedən qurumlar (Qəyyumlar
Şurası, Universitet Senatı, Məşvərət
Şurası, Tələbə İdarəetmə
Assosiasiyaları və s. ) mərkəzləşdirilmiş
deyil, avtonomluq prinsipinə söykənir. 1966-cı
ildə Amerika Universitet Professorları Assosiasiyasının,
Amerika Təhsil Şurasının və Universitet və
Kolleclərin İdarə Şuraları Assosiasiyasının
birgə razılığı ilə demokratik idarəetmənin
prinsipləri qəbul edilmişdir. ABŞ ali
təhsilində idarəetmə nə qədər demokratik
olsa da, bütün idarəedənlərin bir ümdə vəzifəsi
var: işlədiyi müəssisənin maraqlarını
qorumalı, cəmiyyətdə ona bir inam yaratmalı, keyfiyyətli
təhsil verən bir tədris ocağı imici
formalaşdırmalıdır.
İdarəetmədə iştirak edən hər bir
qurum - ayrı-ayrı fərdlərdən tutmuş şuralara
qədər hamı bir-birinə hesabatlı durumdadır,
aşağı qurum yuxarı qurum qarşısında sözün
əsl mənasında cavabdehlik, məsuliyyət
daşıyır.
Hamıya
məlumdur ki, ali təhsil müəssisəsində
əsas idarəedən şəxs onun rəhbəridir -
rektordur. Amerika universitetlərində onlara "prezident", bəzi
ştatlarda "kansler" (chancellor) deyilir. Bu şəxs
Universitet Qəyyumlar Şurasının müəyyən
etdiyi siyasəti yerinə yetirir. Universitet
prezidentinin rolu ondan yuxarıdakı quruma -Qəyyumlar
Şurasına təkliflər verməkdir və o həmin
Şura qarşısında cavabdehlik daşıyır.
XX əsrin əvvəllərinə qədər
universitetin idarə edilməsində universitet əməkdaşlarının,
professor-müəllim heyətinin rolu nəzərə
alınmırdı. 1915-ci ildən başlayaraq idarəetmədə
professor-müəllim heyətinin iştirakının prinsipləri
Amerika Universitet Professorları Assosiasiyası tərəfindən
işlənib hazırlandı və həmin vaxtdan hər bir
universitet üzvü akademik qərarların qəbul edilməsi
üçün təkliflər verə bilər. Tələbələrin idarəetmədə
iştirakı ştatlardan asılı olaraq bu və ya digər
dərəcədə fərqlənir. Bəzi
ştatlarda (məsələn, Kaliforniyada) tələbənin
idarəetmə şuralarının üzvü olması
qanunla tənzimlənir.
Universitet rektorlarının əsas iki qərar qəbuletmə
sferası vardır - universitetdaxili və universitetxarici. Universitetdaxili qərarlara
strateji planlaşdırma, maliyyə-büdcə məsələləri,
administratorların, professor-müəllim heyətinin, xidmət
personalının seçilməsi, akademik proqramların, dərəcələrin,
fənlərin, tələbə qəbulu və məzunluq məsələlərinin,
maaş təyini, idman, tələbə problemləri, elmi-tədqiqat,
qrantlar, tibbi xidmət, təhlükəsizlik xidmətləri
və s. daxildir.
Rektorun universitetxarici fəaliyyətinə isə idarəetmə
orqanları ilə, məzunlarla, donorlarla, yerli və federal
hökumətlə, qeyri-hökumət təşkilatları
ilə, assosiasiyalarla, kompaniyalarla işlər daxildir. O universitet rektoru müvəffəqiyyət
qazanır ki, o, daxili təzyiqlərə, maneələrə
dözür və onları neytrallaşdıra bilir, eyni
zamanda universiteti xarici təsirlərdən qoruyur.
379 illik ali təhsil tarixi olan ABŞ əhalisi bu
gün 316 milyon nəfərdir. Bu 316 milyon əhalinin yaş
bölgüsü belədir: 6,3% 4 yaşa qədər olanlar,
13,1% 5-14 yaşı olanlar,
6,8% 15-19 yaşa qədər
olanlar, 7,2% 20-24 yaşa qədər olanlar,
26,3% 25-44 yaşa qədər olanlar, 26,3% 45-64 yaşlılar və
14,2% 65-dən çox
yaşı olanlar. 27,8%-in orta məktəb təhsil var,
21,1%-in natamam kollec təhsili var, 8,1%-in peşə dərəcəsi
(adətən ikiillik təhsildən sonra verilən dərəcə)
var, 18,4%-in bakalavr dərəcəsi var, 7,9% magistr dərəcəsi
var, 1,3%-in isə doktorluq dərəcəsi var.
2014-2015-ci tədris ilində 3265460 nəfər orta məktəbi
qurtarmalıdır. 2012-ci ildə orta məktəbi qurtaranların 81%-i ali təhsillərini öz
yaşadıqları ştatda almağa üstünlük
verib. Orta məktəbdən yayınma 4,2%-dir. Ali təhsil müəssisələrində
17506000 bakalavr, 2911547 magistr təhsil alır. Bu tələbələrin 72%-i dövlət
universitetlərində oxuyur. Bütün tələbələrin
61,7%-i əyani təhsil formasından
(Full-time) istifadə edir. Keçən ildə ABŞ
universitetlərində məzunluq (universiteti qurtarma) faizi 59,8% olmuşdur.
Həmin
insanların ali təhsilini təşkil
etmək üçün ABŞ-da 4810 ali təhsil verən kollec
və universitetlər vardır. Buraya həm
dövlət, həm də özəl təhsil müəssisələri
aiddir. Bu ali təhsil müəssisələrində
ümumilikdə 3084491 (52,4%
qadınlardır) nəfər mütəxəssis
çalışır ki, bunlardan da 1560503 (48,8%
qadınlardır) nəfəri professor-müəllim heyətidir.
Bütün professor-müəllim heyətinin 46% (703150 nəfər)
tam ştatda olanlardır ki, bunların da 182508 nəfəri
professor (25%), 155505 nəfəri dosent (22%), 166505 nəfəri
isə baş müəllim (23,6%) vəzifəsində işləyirlər.
Bütün bu sadaladıqlarımız təhsil göstəriciləri
kollec və universitetlərdə reallaşır və həmin
təhsil müəssisələrində bir qrup insanlar var ki,
onların tədrisinin təşkili, idarə olunması
üçün məsuliyyət daşıyırlar. Ən
böyük məsuliyyət isə heç şübhəsiz
ki, universitet rektorlarının üzərinə düşür.
Dünyanın super dövlətinin təhsil müəssisələrinə
kimlər rəhbərlik edir, onların təhsil göstəriciləri,
elmi dərəcələri, iş şəraitlərinin necəliyi
yəqin ki, bizim ali təhsil müəssisələrində
çalışanlar üçün də çox
maraqlı olar. İndi həmin məsələlərə
bir aydınlıq gətirək.
ABŞ
universitetlərinin rektorlarının 77%-i kişi,
23%-i qadındır. Bunların 86,4%-i ağdərili amerikalılar, 5,9%-i
Afrika mənşəli amerikalılar, 4,9%-i ispan mənşəli
amerikalılar, 1% isə Asiya mənşəli
amerikalılardır.
Yaşa gəldikdə
isə universitet rektorlarının 0,6%-nin 31-40 yaşı,
7,5%-nin 41-50 yaşı, 42,6% -nin
51-60 yaşı, 42,6%-nin
61-70 yaşı, 6,7%-nin isə
71 və daha çox yaşı var. Universitet prezidentlərinin
orta yaş həddi 60-dır. Ailə statuslarına görə
prezidentlərin 4,2%-i heç vaxt evlənməyib, 3,3%-i dini
baxışlarına görə evlənməyib, 83,3%-i
evli, 1,1%-in kəbinsiz ailəsi
var, 0,2%-i ailəsindən
ayrılıb, 6,2%-i boşanıb, 1,8%-i subaydır.
Universitet rektorlarının bu təyinata qədər
hansı işdə çalışmaları da
maraqlıdır. Onların 18,5% bu universitetə başqa universitetdən
dəvət olunub, 10,9% rektor əvəzi işləyib, 22,6%
elə həmin universitetdə tədris işləri üzrə
prorektor (ABŞ-da ona çox vaxt "Provost" deyirlər)
olub, 18,1% başqa universitetdə president-rektor müavini
işləyib, 10,2% həmin universitetdə dekan olub, 7,2%
başqa universitetdə digər administrativ işlərdə
(kafedra müdiri, bölmə rəhbəri və s.)
çalışıb, 0,8% həmin universitetdə professor vəzifəsində
olub, 11,7% isə təhsil sahəsindən kənardan
çalışıb. Universitet rektorlarının təxminən 80%-i
universitetlə yazılı müqavilə
bağlayıb və bunlardan da 18,1%- nin illik, 7,7%- nin 2 illik, 32,6%-nin 3 illik, 9,5%- nin 4 illik,
24,6%- nin 5 ildən çox, 3%-nin müqaviləsi
qeyri-müəyyən müddətə
olub. Universitet rektorlarının 75,4%-i müqaviləni imzalamamışdan
qabaq universitetin maliyyə vəziyyətini tam öyrənib,
81,2% Qəyyumlar Şurasının ona hansı ümidlər
bəslədiyini əvvəlcədən
aydınlaşdırıb. Seçilən rektorların 1,9%-nin
bakalavr, 9,5%-nin magistr,
54,3%-nin doktorluq, 20,7%-nin təhsil
doktoru (Ed.D), 1,3 % - nin tibb
doktoru (M.D), 5,7%-nin hüquq
doktoru dərəcəsi olmuşdur. Bunların aldıqları dərəcələrin 43,0% təhsil sahəsini, 13,8% sosial elmləri,
13,7% humanitar - incəsənət elmlərini, 4,9% biznes sahəsini, 4,7% hüquq sahəsini, 18% isə
fundamental elmləri və mühəndislik sahəsini əhatə edib.
Dini
baxışlarına gəldikdə, universitet prezidentlərinin
54,4%-i protestant, 27%-i roman katolik, 5,1%-i yəhudi, 1%-i buddizm, 9,8%
isə heç bir dinə qulluq eləmir.
Universitetə
seçilmiş rektorlarla bağlanmış müqavilələrdən
bəzi nümunələr vermək,
düşünürük ki, maraqlı olardı. Onların
51,3%-i xidməti maşın verilməsini istəyib, sürücu istəməyib,
27,6% universitet rektoru üçün olan evdə yaşamaq
arzusunda olub. 63,3%
tibbi sığorta istəyib, 17,5% evini
yığışdırmaq üçün xidmətçi olmasını göstərib.
Universitet
rektorlarının
vaxtlarının daha
çox nəyə sərf
olunması da maraqlıdır. Onların 37,7%-i vaxtlarını universitetə maliyyə mənbələri cəlb etməyə, (keçən
il ABŞ universitetlərinə təmənnasız olaraq 31
milyarddan çox maliyyə yardımı (nəğd pul, yaxud
başqa formada) edilmişdir ki, bunların da 30%-i universitetlərin
məzunlarının payına düşür), 20,9% vaxt strateji planlaşdırmaya, 10,8%
vaxt müəllim-professor
heyətinə, 10,2% vaxt akademik
problemlərə, 10,6% vaxt tələbə qəbulu məsələlərinə,
yuxarı orqanlarla işə 7,2% vaxt, 3,7% kütləvi-informasiya
vasitələri ilə işə, 2,6% tələbə həyatı,
nizam-intizam məsələlərinə, 10,9% şəxsi məsələlərə
və s. ayırır (göstərilən vaxt bölgüləri
ümumiləşmələr əsasında
aparılmışdır).
Universitet rektorları daha hansı işlərə vaxt
ayırırlar? Onların 20,1%-i dərs
deyir, 16,9%-i elmi əsərlər yazır, 11,2%-i elmi-tədqiqat
işləri aparır. Rektorların 86%-i
universitetdən kənarda müxtəlif şuraların, cəmiyyətlərin
üzvüdür.
Universitet
rektorlarının 3,4%-nin ailə üzvlərinə
universitet kompensasiya ödəyir, 6,2%-nin həyat yoldaşı universitetdə işləyir,
34,4%-in ailə üzvləri təhsil haqqı ödəmədən dərslərə qedir, 26,8%-i isə unversitetdən kənarda
işləyir. Yüksək elmi tədqiqat işi ilə məşğul
olan universitetlər rektorlara yüksək də maaş
verir.
Göründüyü kimi, ABŞ universitetlərinin rəhbərlərinin
həyatları o qədər də rahat keçmir. İstər
akademik sahə olsun, istərsə də qeyri-akademik sahə,
universitet rəhbərləri çox gərgin işləyirlər
və birinci növbədə rəhbəri olduğu
universitetin uzun illərdən bəri formalaşmış
imicinin qorunması onun şərəf işi sayılır.
Əfqan ABDULLAYEV,
filologiya elmləri doktoru, professor
Azərbaycan müəllimi.- 2015.- 19 sentyabr.- S.11.