Sumqayıtda bir ünvan var:

Laçın 5 nömrəli məktəb

 

Sumqayıt şəhərində fəaliyyət göstərən Laçın 5 nömrəli tam orta məktəbinin yerləşdiyi bina 2006-cı ildə yüksək keyfiyyətlə təmir edilmişdir. Müəllimlər kurikulum və ixtisasartırma kurslarından keçərək, yeni proqram materialını şagirdlərə dərindən aşılayırlar.

Hər bir uşağın təlim-tərbiyəsi ilə məşğul olmaq nə qədər qüvvə, bilik, səbr tələb etsə də, nə qədər ağır, mürəkkəb, məsuliyyətli olsa da bir o qədər şərəflidir. Müəllimin məqsədi şagirdlərə həyatı sevdirmək və həyata inam aşılamaqdır. Məlumdur ki, orta təhsilin müvəffəqiyyəti ibtidai siniflərdə təlimin səmərəliliyi ilə sıx bağlıdır. Bu cəhəti nəzərə alaraq məktəb rəhbərliyi ibtidai siniflərə uşaq psixologiyasına yaxşı bələd olan, onlarla ünsiyyət qurmağı bacaran müəllimləri təyin edir. Rafiq Həsənov, Nəcibə Ömərova, Adilə Nəbiyeva, Xatirə Əsədova təkcə aşağı sinif şagirdlərinə əlifba öyrədib onları yuxarı siniflərə hazırlamaqla kifayətlənmirlər. Onlar valideynlərlə sıx əlaqə saxlayır, dərsdənkənar vaxtlarda uşaqların harada, nə işlə məşğul olmasından xəbərdar olurlar. Bu da şagirdlərin boş vaxtlarını daha faydalı, səmərəli keçirmələrinə səbəb olur. Nəticədə elə aşağı siniflərdən uşaqlar da bu cür yaxşı vərdişlərə alışırlar.

Pedaqoji kollektivin hamısı demək olar ki, laçınlıdır. Bu insanların hər birini Laçından tanıyıram. Kimisi ömrünü elə ordan şagirdlərlə yaşaya-yaşaya gəlib, kimisi rayonun işğalından sonra ali təhsil alıb Laçınsız laçınlı balalarına ömürlərindən pay verirlər.

Məktəbdə şagirdlərin əmək tərbiyəsinə, peşə yönümünə, etik estetik tərbiyəsinə, şagirdlərin müstəqilliyinin artırılması, yaradıcı təfəkkürünün inkişafı məsələlərinə xüsusi diqqət verilir. Burada ayrı-ayrı fənlərin tədrisi yüksək elmi metodiki səviyyədə aparılır. Azərbaycan dili ədəbiyyat, tarix, coğrafiya, fizika, riyaziyyat, kimya, biologiya s. fənlərin tədrisi maraqlı qurulur, şagirdlərin mənimsəmə imkanları reallaşdırılır. Akif Həsənov, Etibar Əzizov, Nərgiz Əkbərova, Dürdanə Quliyeva, Sevinc Rəcəbova, Mahirə Şükürova, Günay Absalamova, Tünzalə Əliyeva, Xuraman Salahova kimi müəllimlər keçdikləri dərsi şagirdlərə mükəmməl öyrətməyə nail olurlar.

Etibar Əzizov hələ Laçın rayonunun işğalından əvvəl Sumqayıtdakı Texnologiya Texnikumunda müəllim işləyirdi. Bu təhsil ocağında böyük nüfuz sahibi idi. Rayonun işğalından sonra laçınlı uşaqların təhsili ilə məşğul olmağı vacib sayaraq yerini Laçın məktəbinə dəyişib.

Məktəbdə təlimin səmərə keyfiyyətinin yüksəldilməsində məktəbdaxili nəzarətin xüsusi rolu vardır. Bu, hər şeydən əvvəl, təhsilin məzmununun müasir tələblərə cavab verməsinə, fənnin öyrədilməsində ardıcıllığın nəzərə alınmasına, müəllim əməyinin elmi təşkilinə s. yaxşı təsir göstərir. Bu mühüm vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində məktəbin direktoru Əli Polad Əzizovun, onun tədris işləri üzrə müavini Adilə Nəbiyevanın əməyi təqdirəlayiqdir. Məktəbdə tədris işinə nəzarət düzgün planlı şəkildə aparılır. Burada işgüzar, bacarıqlı, savadlı, təşkilatçı, yenilik hissi ilə yaşayan müəllimlər çalışır. Müəllimlər dərsin səviyyəsini yüksəltmək, şagirdlərin idrak qabiliyyətini motivləşdirmək üçün səmərəli yollar axtarırlar. Şagirdlərin mənəviyyatını zənginləşdirmək üçün rəngarəng tədbirlər keçirilir, görkəmli şəxsiyyətlərlə görüşlər təşkil olunur. Belə tədbirlərin təşkilatçısı Məhi Budaqovdur. Onun təşəbbüsü təşkilatçılığı ilə laçınlı alimlərlə bir çox yaradıcı adamlarla məktəblilərin maraqlı, yaddaqalan görüşü keçirilmişdir.

Müəllimlər fəal təlim metodlarını öyrənir, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə çalışır, özlərinin nəzəri metodiki hazırlığını günün tələbləri səviyyəsinə qaldırmağa səy göstərirlər. Bunun üçün metodbirləşmə sinif rəhbərlərinin bu sahədə birgə çalışmaları, zəngin təcrübəyə yiyələnmələri nəzarətin möhkəmləndirilməsi əsas meyarlardan sayılır. Məktəb rəhbərliyinin daim diqqətdə saxladığı bu məsələlər pedaqoji şura iclaslarında vaxtaşırı  müzakirə edilir.

Ayxan Əzizov Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının məzunudur. O, vaxtaşırı idmanın müxtəlif növləri üzrə yarışlar keçirir. Şagirdlərdən Sahib, Mədət, Rövşən, İntiqam, Tural başqaları Sumqayıt məktəbləri arasında keçirilən yarışlarda fəxri yerləri tutublar. Məktəbin məzunlarından ali orta ixtisas məktəbləri ilə yanaşı, hərbi akademiyalarda oxuyanlar da var.

Pedaqoji kollektivə bacarıqla rəhbərlik edən Əli Polad Əzizov fəaliyyətini möhkəm plan əsasında qurur. O, bütün fənlərin tədrisinin təkmilləşdirilməsi, onların səmərəliliyinin, keyfiyyətinin yüksəldilməsi, təlimin müasir tələblər səviyyəsində qurulması üçün böyük səy göstərir, pedaqoji kollektivə istiqamət verir. Xüsusilə gənc müəllimlərə, sinfə, şagird qarşısına ilk dəfə çıxan müəllimlərə özünün tövsiyələrini verir. Direktor tədrislə yanaşı, ictimai işlərdə müəllim şagirdlərin yaxından iştirakını vacib sayır.

Kollektivin birgə işinin nəticəsidir ki, məktəb bütün göstəricilərinə görə hər il rayon icra hakimiyyətinin fəxri fərmanına layiq görülür.

 

Vaqif ŞÜKÜROV

 

Azərbaycan müəllimi.- 2015.- 17 yanvar.- S.14.