Pianoçu-bəstəkar beynəlxalq

müsabiqələr laureatıdır

 

Əli Məmmədov parlaq istedad sahibidir. 2007-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə əməkdar müəllim Ədilə Rəhimovanın sinfində təhsil alır. Ötən bu müddət ərzində Əli mötəbər müsabiqələrdə iştirak edib, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb. Nümunəvi ifaçılıq qabiliyyəti ilə seçilən yeniyetmə 2010-cu ildə N.Əliverdibəyov adına gənc ifaçıların müsabiqəsində fortepiano nominasiyasında I yerə layiq görülərək əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın rəhbərlik etdiyi "Azərbaycan Bəstəkarlarının Antalogiyası" layihəsində pianoçu kimi iştirak edib.

Ə.Məmmədov bəstəkarlıq üzrə də istedadını nümayiş etdirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirak etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının binasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə keçirilən açılış mərasimində Prezident İlham Əliyevə həsr etdiyi əsərini fortepianoda məharətlə ifa edib.

Ə.Məmmədov dəfələrlə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə həm pianoçu, həm də pianoçu-bəstəkar kimi uğurla çıxış edib. 2012-ci ildə isə "ÜNS" yaradıcılıq səhnəsinin mövsüm açılışı ilə bağlı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin verdiyi konsert proqramında məhz ifaçı kimi deyil, pianoçu-bəstəkar kimi çıxış edib.

Yeniyetmə 2012-ci ildə Ukraynada keçirilən gənc bəstəkarların "PentaTon" Beynəlxalq müsabiqəsinin laureatı olub. 2014-cü il noyabrın 26-29 tarixlərində İngiltərənin Nyukasl şəhərində keçirilən Pianoçuların VII Beynəlxalq müsabiqəsində iştirak edərək Azərbaycanı ləyaqətlə təmsil edib.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.