Doqquz yaşlı rəssamın sənət dünyası

 

Rəşidə Hacıyeva Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin IV sinfində təhsil alır. Sinifdə ən yaxşı oxuyan şagirdlərdən biridir. Hələ kiçik yaşlarından onda şəkil çəkməyə həvəs yaranıb. Gördüklərini təxəyyülünün süzgəcindən keçirərək bir-birindən maraqlı rəsmlər yaradıb. Bir an belə rəngli karandaşlarından çəkdiyi rəsmlərdən ayrıla bilməməsi balaca rəssamın gələcəkdə peşəkar rəssam olacağından xəbər verir. Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində ingilis dili müəllimi işləyən anası Leyla Əliyeva Rəşidənin bu istedadını inkişaf etdirmək üçün onu Abşeron İKT-nin Tədris Mərkəzinin rəsm dərnəyinə gətirib. O, burada rəsm müəllimi Sevda Bağırovadan rəssamlığın sirlərini öyrənir. Müəlliminin sözlərinə görə Rəşidə hara gedirsə, daim rəngli karandaşları yanında olur. Ağıllı, mədəni, tərbiyəli çalışqan şagirdlərdən biridir. Rəsm çəkməyə çox həvəslidir, xüsusilə qrafika janrına daha çox meyil göstərir. İstedadlıdır öz üzərində ciddi çalışır. İnanıram ki, gələcəkdə gözəl memar, dizayner ya modelyer ola bilər.

Rəşidənin isə gələcəklə bağlı öz planları var. O, hazırda Böyük Britaniyanın Kembric Universitetində təhsil alan xalası Günel Hüseynovanın davamçısı, tibb biologiya elmləri ilə məşğul olmaq arzusu ilə yaşayır. Xalası da rəsmlə məşğul olduğu üçün gələcəkdə onunla birlikdə rəsm studiyası açmaq haqqında düşünür.

 

Azərbaycan müəllimi.- 2015.- 24 yanvar.- S.10.