2015-ci təqvim ilinin təhsil
xronikası
Təhsil Nazirliyi 2015-ci ildə təhsil
sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin
yüksəldilməsi, kadr potensialının səriştə
və kompetensiya baxımından gücləndirilməsi,
şəffaflığın təmin edilməsi və digər
müvafiq istiqamətlər üzrə həyata
keçirilmiş islahatlar və tədbirlərin qısa
xülasəsini ictimaiyyətə təqdim edir.
Təhsil
siyasəti
- Prezident
İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində
çalışan, bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin
dərs yükünün və əməkhaqqının
artırılması haqqında” sərəncamına uyğun
olaraq, müəllimlərin əməkhaqqı və dərs
yükü artırılıb.
- Prezident İlham Əliyevin sərəncamı ilə
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Təhsil Nazirliyinin tabeliyində Mingəçevir
Dövlət Universiteti yaradılıb.
- Ölkə Prezidentinin fərmanı ilə Azərbaycan
Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və
Sumqayıt filialları ləğv edilib.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti
adlandırılıb.
- Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan
Dövlət Pedaqoji Universitetinə qoşulub.
- Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas
təhsili müəssisələrinin tələbələrinə
və şagirdlərinə verilən təqaüdlərin
artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108
nömrəli sərəncamında dəyişikliklər
edilib. Sərəncama müvafiq olaraq, ali və
orta ixtisas təhsili müəssisələrində əyani
formada təhsil alan tələbələrə ödənişsiz
və ya ödənişli əsaslarla təhsil almalarından
asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət
göstəricisi nəzərə alınmaqla, fənlər
üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
- Ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən “Ən yaxşı ümumtəhsil məktəbi”
müsabiqəsində müvəffəqiyyət
qazanmış 50 ümumtəhsil məktəbinin hər biri
10000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində
qalib gəlmiş 100 müəllimin hər biri isə 5000
(beş min) manat birdəfəlik pul mükafatı ilə
mükafatlandırılıb.
- Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu Təhsil İşçilərinin Peşəkar
İnkişafı İnstitutu adlandırılıb.
- ““Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”
Qanunun tətbiqi barədə” ölkə Prezidentinin Fərmanından
irəli gələn məsələlərlə əlaqədar
müvafiq tədbirlərin həyata keçirilməsinə
başlanılıb, yerli təhsili idarəetmə
orqanlarının tabeliyində olan təhsil müəssisələrinin
xərclərinin mərkəzləşdirilmiş maliyyələşdirilməsi
barədə mühüm qərar qəbul edilib.
- 2015-ci
ildə ölkə Prezidentinin sərəncamlarına əsasən
təhsilin inkişafında xüsusi xidmətlərinə
görə 129 nəfər dövlət təltifləri ilə
mükafatlandırılıb, o cümlədən 1 nəfərə
“Şöhrət” ordeni, 62 nəfərə “Tərəqqi”, 2
nəfərə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı verilib, 4 nəfər “Əməkdar elm
xadimi”, 60 nəfər “Əməkdar müəllim” fəxri
adı alıb. Eyni zamanda, 2015-ci il ərzində 105 nəfər
təhsil işçisi Təhsil Nazirliyinin “Qabaqcıl təhsil
işçisi” döş nişanı və 304 nəfər
Fəxri Fərmanla təltif edilib.
Məktəbəqədər
təhsil
- Heydər
Əliyev Fondunun Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı proqramının icrası çərçivəsində
ölkənin bütün şəhər və
rayonlarında müvafiq tədbirlər həyata
keçirilib.
- “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planının icrası
üzrə Təhsil Nazirliyinin Tədbirlər Planına
uyğun olaraq, məktəbəqədər təhsil üzrə
milli məzmun standartlarının layihəsi hazırlanıb.
- 2015-ci
ildə ölkənin bütün şəhər və
rayonlarında (Bakı şəhəri istisna olmaqla) “Məktəbəqədər
təhsilin proqramı (kurikulumu)” üzrə məktəbəqədər
təhsil müəssisələrinin 8275 nəfər pedaqoji
işçisi üçün öyrədici təlimlər
keçirilib.
Ümumi
təhsil
-
2015-2016-cı dərs ilindən Bakı, Gəncə,
Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində
yerləşən 58 məktəbin 10-cu siniflərində 4
istiqamət üzrə 176 təmayül sinfi
açılıb.
-
Bakıda və Sumqayıtda beynəlxalq fənn
olimpiadalarına hazırlıq mərkəzləri istifadəyə
verilib.
- Bu il ilk dəfə olaraq Respublika fənn
olimpiadalarının keçirilməsində yeni qaydalar tətbiq
olunub. Belə ki, fənn olimpiadalarının
şəhər mərhələsi test üsulu ilə
keçirilib.
- Azərbaycanda
47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. 80-ə yaxın ölkədən məktəblilərin
iştirak etdiyi Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı
məktəblilər Hüseyn Babayev və Sergey Styopin
bürünc medal qazanıblar.
-
Yunanıstanın paytaxtı Afina şəhərində məktəblilərin
32-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadasında riyaziyyat fənni
üzrə məktəblilərimizdən 3-ü bürünc
medal qazanıb və 1-i isə həvəsləndirici yer
tutub. Belə ki, Bakı məktəblisi - X sinif şagirdi Məhəmməd
Şirinov, Quba məktəbliləri - XI sinif şagirdi İsmət
Ağayev və X sinif şagirdi Tahir Nadirov olimpiadanın
bürünc medalına, Gəncə məktəblisi - IX sinif
şagirdi Mirəli Əhmədli həvəsləndirici
sertifikata layiq görülüblər.
-
ABŞ-ın Hyuston şəhərində 70-ə yaxın
ölkənin və Amerikanın 48 ştatının
iştirakı ilə Beynəlxalq Davamlı Dünya (Enerji,
Mühəndislik və Ətraf Mühit) layihə
olimpiadası keçirilib. Bakı Avropa Liseyinin şagirdləri
Fərrux Rəhmətzadə, Ayan Hacıbəyli və Fuad
Abdulzadənin “Nanohissəciklərin bitkilərdə
sorulması, hərəkəti və toplanması:
nanofitotoksikologiya” mövzusunda elmi layihəsi olimpiadaya
“Ətraf mühitin idarə edilməsi və çirklənmə”
üzrə təqdim olunmuş 427 layihə içərisində
qalib gələrək qızıl medala layiq
görülüb.
- Azərbaycan
məktəbliləri Tailand Krallığının Çanq
Mai şəhərində keçirilən 56-cı Beynəlxalq
Riyaziyyat Olimpiadasında iki bürünc medal qazanıb. Olimpiadada Azərbaycan komandasının üzvləri
Məhəmməd Şirinov və Fərid Həsənli
bürünc medala layiq görülüblər. Mirəli Əhmədli, Tahir Nadirov, Anar Hüseynov və
Fərman Dumanov isə həvəsləndirici sertifikatla təltif
olunublar.
- Son 1 ildə
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda
yüksək nailiyyət əldə edərək 22 medal
qazanıblar. Belə ki, 2-10 dekabr 2015-ci il
tarixlərində Cənubi Koreyanın Dequ şəhərində
keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm
Olimpiadasında (İJSO) məktəblilərimiz 2
gümüş, 3 bürünc medal qazanıb. 43
ölkənin iştirak etdiyi bu olimpiadada ölkəmiz
uğurlu nəticə əldə edərək, MDB ölkələri
arasında 2-ci, Avropa ölkələri arasında isə
3-cü yeri tutub.
- Azərbaycan
məktəbliləri Qazaxıstanın Almatı şəhərində
keçirilən “XI Beynəlxalq Jauitikov” bilik olimpiadasında
yüksək nəticələr əldə ediblər.
Riyaziyyat fənni üzrə keçirilən olimpiadada
Bakı “İstək” liseyinin XI sinif şagirdi Məhəmməd
Şirinov II yeri tutaraq gümüş, Quba “İstək”
liseyinin XI sinif şagirdi Tahir Nadirov III yeri tutaraq bürünc
medal qazanıblar. Fizika fənni üzrə
olimpiadada Quba “İstək” liseyinin X sinif şagirdi Səbuhi
Mikayılov III yerə çıxaraq bürünc medala layiq
görülüb.
- “Sabahın alimləri” IV Respublika müsabiqəsi
keçirilib.
Qaliblər sırasından seçilmiş 7 nəfər
Azərbaycan məktəblisi ABŞ-ın Pitsburq şəhərində
yuxarı sinif şagirdləri üçün keçirilən
İntel İSEF (Intel International Science and Engineering Fair)-Beynəlxalq
Elm və Mühəndislik Sərgisində iştirak edib.
- “Elektron təhsil” Respublika müsabiqəsi
keçirilib.
- Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər
Akademiyası arasında əldə olunmuş
razılığa əsasən, AMEA-da çalışan
alimlər ümumi təhsil müəssisələrində
nümunəvi dərslər tədris edirlər.
- Bərdə
rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində
“ASAN məktəb” bölməsi fəaliyyətə
başlayıb.
- Son 3 ildə
ümumi təhsil pilləsini bitirən məzunlar arasında
“2” qiymət alanların sayı azalmaqdadır. 2012-ci illə
müqayisədə 2015-ci ildə IX sinif məzunları
arasında “2” alan şagirdlər üzrə
göstərici 14 faiz azalıb. Bu, ümumi təhsil
səviyyəsi üzrə təhsilin keyfiyyətində
müsbət dəyişikliklərin olmasını deməyə
əsas verir.
-
2015-2016-cı tədris ili üzrə
ümumi təhsil məktəblərinin 15 nəfər məzunu
ali məktəblərə qəbul imtahanlarında maksimum -
700 bal toplayıb.
- 2015-2016-cı
tədris ilindən etibarən ilk dəfə olaraq, Bakı
şəhərində fəaliyyət göstərən
ümumi təhsil məktəblərinin, lisey və
gimnaziyaların I siniflərinə uşaqların qəbulunda
optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə
həmin prosesin elektron sistem vasitəsilə həyata
keçirilməsinə başlanılıb.
- Təhsilalanların
dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik
Portalından (www.e-derslik.edu.az) istifadə genişləndirilib.
- Elektron
təhsil resurslarını bir mənbədə cəmləşdirmək
üçün yaradılmış www.e-resurs.edu.az
portalı vasitəsilə hər bir istifadəçi elektron
dərsliklər, video dərslər, müsabiqələr,
elektron tapşırıqlar, müxtəlif oyunlar və digər
bu kimi təhsil resurslarına çıxış əldə
edə bilir.
- Təhsil
nazirinin əmrinə əsasən, “Azərbaycan Respublikası
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində
və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi
və işə qəbulu Qaydaları” təsdiq edilib.
- 2015-ci
ildə mərkəzləşmiş qaydada ümumi təhsil
müəssisələrinə və peşə liseylərinə
tam şəffaf və elektronlaşdırılmış
qaydada keçirilən müəllimlərin işə qəbulu
müsabiqəsində 3068 nəfər işlə təmin
olunub, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb.
Əgər iki il əvvəl müəllimlərin işə
qəbulu üzrə müsabiqəyə müraciət edənlərin
sayı 17 min olduğu halda, cari ildə onların sayı 41
faiz artaraq 24 min nəfərə yüksəlib. Kənd məktəblərində
işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə
Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə
tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini
seçənlərin ötən dərs ilinə nisbətən
30 faiz artması deməkdir. Eyni zamanda kənd məktəblərində
işləyən gənc müəllimlərə güzəştli
şərtlərlə torpaq sahəsinin ayrılması və
ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər
hazırlanaraq müvafiq qurumlara təqdim edilib.
- Təhsil
Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil
Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun
birgə əməkdaşlığı ilə “Məktəb
idarəetməsi” mövzusunda təlim kursu təşkil
olunub.
- Məktəb
direktorları və məktəb direktoru olmaq arzusunda olan digər
şəxslər üçün müasir peşə
standartları əsasında təlimlər təşkil
olunub. 357 ümumi təhsil məktəbinə
yeni direktor təyin olunub.
- “Təməl” təqaüd proqramı çərçivəsində
ibtidai təhsil səviyyəsində çalışan
müəllimlərin peşəkar inkişafını təmin
etmək məqsədilə ehtiyaclara uyğun ixtisasartırma
kursları təşkil edilib.
- “Zərdabi” ibtidai sinif şagirdlərinin oxu
bacarıqlarının inkişafı layihəsi həyata
keçirilir.
2016-cı ildə keçiriləcək PİRLS beynəlxalq
qiymətləndirmə tədqiqatına hazırlıq məqsədilə
reallaşdırılan layihə Bakı və digər
bölgələr də daxil olmaqla 18580 nəfər IV sinif
şagirdini və 780 nəfər müəllimi əhatə
edir.
- I-VIII
siniflərdə tədris aparan 17 000-dən çox müəllimin
peşəkar inkişafını təmin etmək məqsədilə
ehtiyaclara uyğun ixtisasartırma kursları təşkil
olunub..
-
2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil
müəssisələrinin IX siniflərini 108138, XI siniflərini
87714 nəfər, qiyabi və axşam məktəblərinin XII
siniflərini isə 820 nəfər şagird bitirib.
-
2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili
xüsusi nailiyyətlərlə başa vuran şagirdlərin
131 nəfəri qızıl, 21 nəfəri gümüş
medala layiq görülüb.
-
2015-2016-cı dərs ilində məktəblərdə tədris
prosesi iyunun 14-dək davam edəcəkdir. Nəticədə
5 günlük tədris həftəsi ilə
çalışan məktəblərdə dərs günlərinin
sayı 172-yə, 6 günlük tədris həftəsi tətbiq
edilən məktəblərdə isə 209 günə
çatacaqdır.
-
2015-2016-cı dərs ilində ümumi təhsil müəssisələrinin
I sinfinə qəbul olan şagirdlərin sayı
157000-ə yüksəlib. Ölkəmizdə
müsbət demoqrafik vəziyyət nəticəsində son
illərdə I sinfə gələn şagirdlərin
sayında əhəmiyyətli artım müşahidə
edilir. Belə ki, 2013-cü ildə I sinif
şagirdlərinin sayı 138000, 2014-cü ildə isə
152000 nəfər olub.
-
2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində
1 359 173 şagird təhsil alır.
-
2015-2016-cı tədris ilinə ölkənin ümumi təhsil
məktəblərinin IV, VI və VIII sinifləri
üçün dövlət vəsaiti hesabına 141 adda
4095370 nüsxə dərslik və müəllim
üçün metodik vəsait çap olunub.
-
2015-2016-cı tədris ilindən 136 təhsil müəssisəsində
məktəbəhazırlıq qrupları fəaliyyət
göstərir.
- Bakı
şəhərinin dövlət ümumi təhsil müəssisələrində
çalışan və müxtəlif səbəblərdən
əvvəlki diaqnostik qiymətləndirmədə iştirak
etməyən müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
keçirilib. Həmçinin, bir sıra
bölgələrdə (Gəncə, Sumqayıt, Şirvan
şəhərləri, Abşeron, Cəlilabad, Hacıqabul,
Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı və
Sabirabad rayonları) dövlət ümumi təhsil müəssisələrində
çalışan müəllimlər də diaqnostik qiymətləndirməyə
cəlb olunub.
-
2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam
millət” layihəsi çərçivəsində daha 52
“Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda
33, Sumqayıtda 1 ümumi təhsil məktəbi olmaqla,
ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil”
sinfi fəaliyyət göstərir.
- 2015-ci
ildə Azərbaycan Təhsil Şəbəkəsinə
(ATŞ) 308 təhsil müəssisəsi qoşulub. Bununla ATŞ-ə qoşulan təhsil müəssisələrinin
sayı 2051-ə çatıb.
- Təhsil
Nazirliyi məktəb icmalarının yaradılması üzrə
pilot layihəyə start verib.
-
“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin
tətbiqi” pilot layihəsi çərçivəsində təlimlər
keçirilib.
- Təhsil
Nazirliyi tərəfindən pilot layihə çərçivəsində
50 ümumi təhsil məktəbində müasir standartlara
cavab verən gənclərin çağırışaqədərki
hazırlıq kabineti yaradılıb.
-
Ümumi təhsil müəssisələrinin müasir
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə
dünya standartlarına cavab verən əyani vasitələrdən
istifadə prosesi genişləndirilir. Məktəblərə
verilmiş “Labdisc” avadanlığı proqram təminatı
sayəsində Azərbaycan dilini dəstəkləyir və
“Windows”la Android istifadəçiləri tərəfindən
asanlıqla istifadə olunur. Bununla
yanaşı, fizika, kimya və biologya dərslərində
sınaqlar aparmaq üçün mobil araba işlənib
hazırlanıb. Azərbaycanın müstəqilliyi
dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri
üçün belə avadanlıqlar alınıb.
- “Mütaliə mədəniyyətinin və oxuya
motivasiyanın yüksəldilməsi” layihəsi davam etdirilir.
- Təhsil Nazirliyi tərəfindən
“Kiçikyaşlı məktəblilər üçün ən
yaxşı nəsr, nəzm və dram əsərləri”
müsabiqəsi keçirilib.
- “Ədəbiyyat biliciləri” müsabiqəsi
keçirilib.
-
Bakıdakı akademik Zərifə Əliyeva adına
liseydə elmi layihələrin sərgisi keçirilib.
- Təhsil
Nazirliyinin “Universitet kitabxanaları məktəblilərin
gözü ilə” layihəsi çərçivəsində
ümumi təhsil müəssisələri şagirdlərinin
ali məktəblərə səfərləri
təşkil olunub.
- Heydər
Əliyev Fondunun dəstəyi ilə hazırlanmış “Hədəf
Bakıdır. Hitler neft uğrunda
döyüşü necə uduzdu” sənədli filmi
paytaxtın ümumi təhsil məktəblərində
nümayiş olunub.
- Təhsil Nazirliyinin təşkilatçılığı
ilə ümumi təhsil müəssisələrinin
şagirdləri arasında intellektual oyun üzrə 2015-ci
ilin regional məktəb çempionatı keçirilib.
-
Sağlamlıq imkanları məhdud məktəblilər
arasında “Bakı-2015” I Avropa Oyunlarının proqramına
daxil olan idman növlərinin təbliğinə həsr
olunmuş şən start və atletika yarışları
keçirilib.
- Bakı
və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərinin
VII və VIII sinif şagirdləri arasında yay olimpiada məktəbi
təşkil olunub.
Məktəbdənkənar
fəaliyyət
- Təhsil
Nazirliyi tərəfindən “Bakı-2015” I Avropa
Oyunlarının proqramına daxil olan 14 idman növü
üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando,
karate, güləş, çimərlik futbolu, cüdo, boks,
basketbol, badminton, yüngül atletika, akrobatika və bədii
gimnastika) məktəblilərarası zona yarışları
keçirilib.
- Birinci Avropa Oyunlarında ölkəmizi təmsil edən
idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin
yetirmələri və həmin məktəblərdə
çalışan məşqçi-müəllimlər
olub. Onlar 7 idman növü üzrə (atletika, akrobatika
gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst
güləş, stolüstü tennis) mübarizə
aparıblar.
- Birinci Avropa Oyunlarının mahiyyətini məktəblilər
arasında təbliğ etmək, məktəbli
futbolçuların idman ustalıqlarını artırmaq məqsədilə
məktəblilərin mini-futbol üzrə Bakı şəhər
çempionatı keçirilib.
-
“Bakı-2015” I Avropa Oyunlarında Təhsil Nazirliyi sistemində
fəaliyyət göstərən idman məktəblərinin
yetirmələrindən olan Amil Qasımov sambo idman
növü üzrə II, Hacı Əliyev sərbəst
güləş idman növü üzrə III, Eldar Səfərov
idman gimnastikası üzrə komanda yarışında III
yeri tutublar.
- Təhsil
Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin
tabeliyində olan idman məktəblərinin yetirmələri
boks, atletika, ağır atletika, yunan-Roma güləşi,
sambo, sərbəst güləş,
üzgüçülük, otüstü hokkey, futbol,
mini-futbol, kik-boksinq, bədii gimnastika, badminton və şahmat
idman növləri üzrə 143 respublika birinciliyi,
çempionat, turnir, festival və digər kütləvi idman
yarışlarında iştirak edib. İdmançılar
respublika yarışlarında 350 qızıl, 248
gümüş, 364 bürünc, beynəlxalq
yarışlarda isə 87 qızıl, 76 gümüş, 141
bürünc medal qazanıblar. Beləliklə,
idmançılar ümumilikdə 437 qızıl, 324
gümüş və 505 bürünc medal əldə ediblər.
- Təhsil
Nazirliyi, “British Council” və “İnkişaf Naminə İdman”
İctimai Birliyi arasında əməkdaşlığa əsasən,
“TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil
texnologiyasının yaradılması” layihəsinin həyata
keçirilməsinə başlanılıb. Layihəyə
37 məktəbdən 200 nəfərdən artıq fiziki tərbiyə
müəllimi cəlb olunub.
- Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyinin və Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsinin birgə tərəfdaşlığı
ilə “Olimpiya hərəkati” layihəsi çərçivəsində
məktəblilər arasında atletika, veloidman, badminton və
basketbol (3x3) idman növləri üzrə məktəblilərin
Bakı şəhər birinciliyinə start verilib.
-
Tailandın Pattaya şəhərində keçirilən Məktəblilərin
Şahmat üzrə Dünya Çempionatında Azərbaycanın
məktəbli şahmatçıları ümumilikdə 4
qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə
arasında 2-ci yerə layiq görülüblər.
- Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq-gənclər idman məktəblərində yeni
açılan badminton bölmələrinin məşqçi-müəllimləri
üçün Sumqayıt Olimpiya İdman Kompleksində təlim
keçirilib.
- Bakı
Ekspo Mərkəzində keçirilmiş “Xəzər:
Ətraf mühit üçün texnologiyalar” 6-cı Azərbaycan
Beynəlxalq Ətraf mühit (“CTE” 2015) sərgisində ilk dəfə
olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi iştirak edib.
- Təhsil Nazirliyi tərəfindən “Şahin” hərbi-idman
oyununun respublika yarışı keçirilib.
- “Bakı-2015” I Avropa Oyunlarının proqramına daxil
olan idman növlərinin məktəblilər arasında təbliğinə
həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində
Bakı şəhəri
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Gimnastika məktəbində festival keçirilib.
- Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət
göstərən uşaq yaradıcılıq mərkəzlərinin
bədii özfəaliyyət kollektivlərinin
baxış-konserti keçirilib.
- Təhsil
Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi və ENPI East FLEG II Proqramının birgə təşəbbüsü
ilə Qax rayonunun İlisu istirahət mərkəzində
“Meşələri qoruyaq!” devizi altında ilk dəfə
olaraq beynəlxalq gənc meşəçilərin yay
düşərgəsi keçirilib.
- Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri
Gürcüstanda keçirilən “Tbilisi-2015” XIII Avropa Gənclərinin
Olimpiya Festivalında cüdo üzrə idman
yarışlarında uğur qazanıblar.
- Təhsil
Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin 1
nömrəli Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin
yetirməsi, Azərbaycan yığma komandasının
üzvü Məhəmməd Abdullayev boks üzrə
dünya birinciliyinin qalibi olub.
- Təhsil
Nazirliyinin Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin
yetirməsi, sərbəst güləş
yarışlarının ötənilki dünya və Avropa
çempionu Hacı Əliyev dünya çempionatında
qızıl medal qazanıb.
- Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və
Təcrübəçilik Mərkəzinin (RETTM) təşəbbüsü
ilə Quba rayonunda məktəblilərin yay ekoloji məktəbi
- təhsil düşərgəsi təşkil olunub.
- İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri
akrobatika gimnastikası üzrə 8-ci Avropa
çempionatında uğurla çıxış edərək
2 gümüş, 2 bürünc medal qazanıblar.
- Tofiq
İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının Təsviri Sənət
Qalereyası əsaslı təmirdən sonra istifadəyə
verilib.
- İdmançılarımız Beynəlxalq Məktəbli
Festivalında 12 ölkənin məktəbli komandaları
arasında 7 idman növü üzrə 12 medal qazanıblar.
İlk
peşə və orta ixtisas təhsili
- “İlk peşə-ixtisas təhsilində rəhbər
və müəllim heyətinin bilik və
bacarıqlarının artırılması” layihəsi
çərçivəsində “Liderlik və idarəetmə”
təlimləri keçirilib.
- Təhsil
Nazirliyinin təşəbbüsü ilə orta ixtisas təhsili
müəssisələrinin şəbəkəsinin
optimallaşdırılması tədbirləri çərçivəsində
3 kollec profillərinə uyğun ali təhsil
müəssisələrinin nəzdinə verilib. Orta ixtisas təhsili müəssisələrinin
rasionallaşdırılması, onlar arasında paralelliyin
aradan qaldırılması, eyni zamanda idarəetmə və
maliyyələşdirmənin, kadr
hazırlığının səmərə və keyfiyyətinin
yüksəldilməsi zərurəti nəzərə
alınaraq həyata keçirilən tədbirlərin davam
etdirilməsi nəzərdə tutulub.
- Azərbaycan Respublikası Hökuməti və Koreya
Hökuməti arasında imzalanmış Kredit Sazişi
çərçivəsində qeyri-neft sektorunun
inkişafına dəstək verəcək müasir tipli
peşə tədris mərkəzinin yaradılmasına
başlanılıb.
- Təhsil Nazirliyi peşə təhsili sisteminin yenidən
qurulması, bu sahədə çevik idarəetmənin təmin
edilməsi üçün Peşə Təhsili Dövlət
Agentliyinin yaradılması təklifini irəli sürüb.
- Təhsil Nazirliyi tərəfindən ilk peşə və
orta ixtisas təhsili müəssisələrinin şagird və
tələbələri arasında Respublika ifa müsabiqəsi
keçirilib.
- Təhsil
Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində 205 nəfər
otelçilik üzrə kursları başa vurub.
Ali təhsil
- Təhsil Nazirliyinin təşkilatçılığı
ilə II SABAH Forumu keçirilib.
- Azərbaycan
Tələbə Könüllülərinin I Forumu
keçirilib.
- Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyanın 2015-ci il 30 aprel tarixli qərarı ilə
2015-2016-cı tədris ili üçün Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
bakalavriat, magistratura, rezidentura səviyyələrinə və
orta ixtisas təhsili müəssisələrinə tələbə
qəbulu planları təsdiq edilib. Ötən tədris ilinin
faktiki qəbuluna nisbətən növbəti tədris ili
üçün bakalavriat səviyyəsinə qəbul
planı 4,6 faiz artırılaraq, 39497 yer
(onlardan 11799 dövlət sifarişli) müəyyən olunub.
Qiyabi təhsil forması üzrə plan yerləri 77 faiz
azaldılıb və bu yerlərin hesabına əyani təhsil
üzrə tələbə qəbulu artırılıb. Müəllimlik ixtisasları üzrə qiyabi təhsil
forması üzrə qəbul planlaşdırılmayıb.
-
2015-2016-cı tədris ili üzrə ali təhsil
müəssisələrinə qəbul zamanı minimal
keçid balı 200 bal həddində müəyyən
edilib. İlk dəfə olaraq Təhsil
Nazirliyinin təşəbbüsü ilə bir sıra
ixtisaslara minimal keçid balları müəyyənləşdirilib
və imtahanlardan sonra keçid balları aşağı
salınmayıb. Ali təhsil müəssisələrinə
qəbul olan tələbələrin orta balı
11 faiz artıb, cari ilin məzunlarının orta balı isə
əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil
edib. 500 və daha yuxarı bal toplayan abituriyentlərin
xüsusi çəkisi 2012-ci ildə 4,8
faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6
faiz olub. Nəticə etibarilə ali təhsil
müəssisələrinə qəbul olan tələbələrin
keyfiyyət göstəriciləri artıb, qəbul planı
85 faiz yerinə yetirilib və ya 32849 nəfər tələbə
adı qazanıb.
- Təhsil
Nazirliyinin təşəbbüsü və 10 ali
təhsil müəssisəsinin iştirakı ilə dövlət
büdcəsindən vəsait cəlb edilmədən
“Maarifçi Tələbə Kredit” Fondu yaradılıb. Fondun əsas məqsədi ödənişli əsaslarla
qəbul olunmuş, lakin təhsil haqqı və təhsillə
bağlı digər xərcləri ödəməkdə
çətinlik çəkən aztəminatlı tələbələrin
təhsilinin maliyyələşdirilməsinə dəstək
olmaqdan ibarətdir. Fond vasitəsilə tələbələrə
uzunmüddətli təhsil kredit və qrantlarının verilməsi
nəzərdə tutulur.
- Ötən
tədris ilindən fəaliyyətə başlamış
SABAH qruplarında 45 ixtisas üzrə 1632 tələbə təhsil
alır. Elmi-pedaqoji potensialı, tədris laboratoriyası və
maddi-texniki bazası yüksək olan 11 ali
məktəbdə fəaliyyət göstərən bu
qruplarda 500-dək müəllim dərs deyir. SABAH
qruplarında tədris fərqli proqram əsasında
keçirilir və tələbələrə xüsusi təqaüd
verilir. Aztəminatlı ailələrdən
olan tələbələr yataqxana ilə təmin olunub.
- Paris
Sorbonna Universiteti (Abu-Dabi) tərəfindən SABAH qruplarında
tədris aparan 160 müəllim üçün təlim
keçirilib.
- SABAH
qruplarının yeni tədris auditoriyaları istifadəyə
verilib. Auditoriyalarda yaradılan şərait tələbələrlə
həm fərdi, həm də qrup halında tədris
aparmağa imkan verir. Yeni tədris
mühitində tələbənin və müəllimin
mobilliyi təmin edilir ki, bu da müasir informasiya-kommunikasiya
texnologiyalarından, dərs vəsaitlərindən daha səmərəli
istifadəyə yönəlib. Auditoriyanın
yeni tərtibatının əsas hədəflərindən
biri də müəllim-tələbə ünsiyyətini
yaradıcı məcraya yönəltmək və hər bir tələbənin
tədris prosesində fəal iştirakını təmin etməkdir.
- Pedaqoji
kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə
qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas
seçimində birinci müəllimlik ixtisasını qeyd edən
ilk 300 tələbəyə 100 manat məbləğində
“Gələcəyin müəllimi” təqaüdü verilib.
Bununla da “Gələcəyin müəllimi” təqaüdü
alan tələbələrin sayı 600 nəfərə
çatıb. Bu il müəllimlik ixtisasını seçən
abituriyentlərin orta balı 16 bal artaraq 364, onların
arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin
sayı əvvəlki ildən 37 faiz çox olub.
-
Doktorantların və gənc tədqiqatçıların XIX
Respublika elmi konfransı keçirilib.
- “Bakı-2015” 1-ci Avropa Oyunları ərəfəsində
“SABAH-ın könüllüsü” proqramına start verilib.
- Ali təhsil
müəssisələri arasında futbol üzrə “Təhsil
Kuboku” yarışı keçirilib.
- Azərbaycan
Dövlət İqtisad Universiteti ilə Oxbridge Educational
Services (OES) təşkilatı arasında imzalanmış
razılaşma memorandumuna əsasən, ADİU-da təhsil alan tələbələr bu ali məktəblə
London İqtisadiyyat Məktəbinin ikili diplom proqramına
qoşulmaq imkanı qazanıblar.
-
2015-2016-cı tədris ilindən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin Bakı filialı fəaliyyətə
başlayıb.
- Təhsil Nazirliyi tərəfindən SABAH
qruplarının tələbələri üçün
Böyük Britaniyanın London şəhərində yay məktəbi
təşkil olunub.
- Azərbaycanın
tələbələrdən ibarət komandası
ABŞ-ın Redmond şəhərində keçirilən
“Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur
qazanıb.
- “ADA” Universitetində “Ali təhsil müəssisələrinin
müəllim heyəti üçün 1-ci yay akademiyası”
adlı təlim proqramı keçirilib.
- Təhsil Nazirliyi tərəfindən Bakı Asiya
Universitetinin fəaliyyətinin müvəqqəti
dayandırılması xahişi təmin edilib.
- Azərbaycan Dövlət İqtisad Universitetində bu
təhsil müəssisəsi ilə Azərbaycan
Respublikası Prezidenti yanında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi arasında
imzalanmış memorandum çərçivəsində
Maliyyə laboratoriyası istifadəyə verilib.
- Ökəmizin ali məktəb və kolleclərinin 17859 tələbəsi
“Bakı-2015” Birinci Avropa Oyunlarında könüllü kimi
iştirak edib.
- Təhsil
Nazirliyi tərəfindən ali təhsil
müəssisələrində imtahan sessiyalarının
mövcud qaydalara uyğun təşkili, tələbələrin
biliyinin qiymətləndirilməsində şəffaflığın
və obyektivliyin təmin olunması məqsədilə
müvafiq tədbirlər həyata keçirilir.
- Heydər
Əliyev Mərkəzində tələbələr
arasında “Heydər Əliyev və Azərbaycan tarixi”
adlı II ümumrespublika bilik yarışı keçirilib.
Xaricdə
Təhsil üzrə Dövlət Proqramı
-
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində 2015-2016-cı tədris
ilində gənclərə dünyanın 33 ölkəsinin
419 ali təhsil müəssisəsində
müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil
almaq imkanı yaradılıb.
-
2015-2016-cı tədris ili üzrə
seçimlərdə uğur qazanmış 373 nəfər
Dövlət Proqramı çərçivəsində təhsil
almaq üçün xaricə göndərilib. Onlardan 176 nəfər
magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura,
102 nəfər isə baza ali tibb və
bakalavriat təhsil səviyyələrində təhsil almaq
hüququ qazanıb.
- Dövlət
Proqramı çərçivəsində gənclərin
dünyanın aparıcı ali təhsil
müəssisələrində ölkəmiz
üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil
alması üçün Təhsil Nazirliyi, aidiyyəti
dövlət qurumları və ali təhsil müəssisələri
mütəxəssislərinin iştirakı ilə seçimlər
aparılıb və ümumilikdə 3558 nəfər təhsil
almaq hüququ qazanıb.
- Dövlət Proqramı çərçivəsində
müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini
tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə
dövlət sektorunda fəaliyyət göstərir.
- Qeyd edək
ki, Dövlət Proqramı çərçivəsində
sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi
üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
Beynəlxalq
əməkdaşlıq
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Fransa Respublikasının Prezidenti Fransua Ollandın
iştirakı ilə “Azərbaycan Respublikasının təhsil
naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil
və tədqiqat naziri arasında Azərbaycan-Fransız
Universitetinə dair Niyyət Məktubu” imzalanıb.
- Təhsil
naziri Mikayıl Cabbarov YUNESKO-nun Baş Konfransının 38-ci
sessiyası çərçivəsində təhsil nazirlərinin
yüksək səviyyəli görüşündə
iştirak edib. Mikayıl Cabbarovun
çıxışında səsləndirdiyi “Təhsilsiz
uşaq itirilmiş uşaq, itirilmiş uşaq isə itirilmiş
gələcəkdir” fikri müasir təhsilin
qarşısında duran əsas çağırış
kimi YUNESKO-nun “Tvitter” səhifəsində yerləşdirilib.
- Bakıda Asiya İnkişaf Bankının (AİB) və
Təhsil Nazirliyinin birgə təşkilatçılığı
ilə ikigünlük regional təhsil konfransı keçirilib.
- Parisdə
Azərbaycan və Fransa ali təhsil müəssisələri
arasında ikitərəfli əlaqələrin inkişaf
etdirilməsi məqsədilə “Azərbaycan günü” tədbirləri
keçirilib.
- Azərbaycan-İtaliya Universitetlərarası Forumu
keçirilib.
- Azərbaycan-Rusiya Universitetlərarası Forumu
keçirilib.
-
Fransanın Müluz şəhərindəki Yuxarı Elzas
Universitetində Nizami Gəncəvi adına
ədəbiyyat və mədəniyyət kafedrasının
açılışı olub.
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
“Thomson Reuters” şirkəti arasında əməkdaşlıq
haqqında müqavilə imzalanıb. Bu, ölkəmizin 40 ali
məktəbinə “Thomson Reuters Web of Science” platformasına,
eləcə də şirkətin əsas məhsulu olan “Thomson
Reuters İnCites” məlumat bazasına çıxış
imkanı verir.
- Avropa
İttifaqının Tvininq proqramı çərçivəsində
Təhsil Nazirliyinin Finlandiya və Estoniya ilə birlikdə
icra etdiyi “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına
inteqrasiyasının inkişafı üzrə Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə dəstək” layihəsinin
icrasına başlanılıb.
Vətəndaşların
qəbulu
və
müraciətlərə baxılması
- Təhsil
naziri Mikayıl Cabbarov 2015-ci il ərzində
mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri
tərəfindən şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq, 600-ə yaxın vətəndaşı
qəbul edib. Müraciətlərin əksər
hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı
nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə
aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri
isə müvafiq qurumlara çatdırılmaq
üçün qeydə alınıb və nəzarətə
götürülüb.
- Təhsil
Nazirliyinə vətəndaşlar tərəfindən 21403
müraciət, müxtəlif qurumlardan 28919 məktub və
10332 elektron müraciət (01.01.2015-11.12.2015) daxil olub.
- Telefon Məlumat
Mərkəzində (“Qaynar xətt” xidməti-146) və Vətəndaşların
Qəbulu Mərkəzində vətəndaşlara göstərilən
xidmətlər (01.01.2015-11.12.2015):
* Telefon Məlumat
Mərkəzinə 94513 zəng (2013-cü illə müqayisədə
8 dəfə çox, 2014-cü illə müqayisədə
isə 1,6 dəfə çox) daxil olub;
* Vətəndaşların
Qəbulu Mərkəzində 55842 vətəndaşa xidmət
göstərilib;
*
Kommutator xidmətinə 25000-ə yaxın zəng daxil olub.
- Telefon Məlumat Mərkəzinə və Vətəndaşların
Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin
əksəriyyəti dərhal cavablandırılıb və
operativ həll olunub. 6819 vətəndaş sorğularına
uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul
şəxslərinin qəbuluna yazılıb. Həmçinin,
vəzifəli şəxslərin qəbuluna yazılmaq
üçün elektron poçt vasitəsilə 641 müraciət,
teleqram və məktublar vasitəsilə 230 müraciət
daxil olub və onlara müvafiq cavablar verilib. Şikayətlərin
qeydiyyatı proqramında qeydiyyata alınmış 915
müraciət isə araşdırılması
üçün müvafiq şöbə, sektor və idarələrə
göndərilib.
Tikinti, təmir
- 2015-ci
ildə Təhsil Nazirliyi tərəfindən 9 ümumi təhsil
məktəbi tikilib istifadəyə verilib, 1 ümumi təhsil,
1 internat, 2 orta ixtisas, 1 ali təhsil müəssisəsi əsaslı
təmir edilib.
-
Hazırda 23 müəssisədə tikinti və əsaslı
təmir işləri davam etməkdədir. Təhsil
müəssisələrinin maddi-texniki və tədris
bazasının təkmilləşdirilməsi tədbirləri
çərçivəsində 50 məktəbdə
müasir laboratoriya otaqları yaradılıb.
Qeyd olunanlar 2015-ci ildə təhsil
sahəsində həyata keçirilmiş çoxsaylı tədbir
və layihələrin bir qismidir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu vacib
sahəyə diqqəti nəticəsində cari ildə əhəmiyyətli
uğurlar əldə edilib, təhsil sisteminin inkişafı
baxımdan yeni başlanğıcın möhkəm
bünövrəsi qoyulub və 2016-cı il
üçün uğurlu inkişafa zəmin yaradılıb.
Əminik ki, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə
tutulan tədbirlər növbəti ildə daha müvəffəqiyyətlə
həyata keçiriləcəkdir.
Azərbaycan müəllimi.- 2016.- 9 yanvar.- S.1; 4-5.