“Ən böyük arzum

xaricdə təhsil almaqdır”

 

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının dəhlizinə çatanda məni ilk qarşılayan da elə ətrafı bürüyən musiqi sədaları oldu. Pianonun dillərindən qopan melodiyalar, klassik bəstəkarların bənzərsiz bəstələri adamı mahnı qanadlarında sanki zirvələrə qanadlandırırdı. Sanki başqa aləmdə özümü hiss edirdim. Gimnaziyanın direktoru Aytən Əhmədova ilə görüşüb gəlişimizin məqsədini bildirdim. Direktor IX sinifdə təhsil alan beynəlxalq müsabiqələr qalibi olan Züleyxa Abdullayeva ilə görüşməyi məsləhət bildi. Məşqlər başa çatandan sonra biz Züleyxa ilə görüşdüko, beynəlxalq müsabiqələrdə qazandığı uğurlardan söz açdı:

- İlk dəfə Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş musiqi festivallarına qatılaraq uğurlu çıxış etdimdiplomlarla mükafatlandırıldım, -deyə, Züleyxa öz uğurlarını sadalamağa başladı. Yaxşı yadımdadır, 2011-ci ildə 8 yaşında olarkən musiqi müəllimim Nigar Nəcəfova məni çağırıb dedi ki, İtaliyada Pyetro Argento adına XIV beynəlxalq musiqi müsabiqəsi keçiriləcək. Əgər istəyirsənsə, atana, anana de, razı olarlarsa sən də müsabiqəyə qatıl. Həmin gün sevincimin hədd-hüdudu yox idi, çünki İtaliya adını kitablardan oxumuşdum. Sevinirdim ki, 8 yaşlı bir qız olaraq İtaliyada keçirilən beynəlxalq müsabiqəyə qatılacağam. Amma eyni zamanda həm də narahat idim ki, necə olacaq, görəsən uğur qazana biləcəyəmmi? Özümə verdiyim suallar məni yorurdu və digər tərəfdən də maddi durumumuz məni sıxırdı. Anam bu təklifi atama söyləyəndə o, razı oldu. Atamın da, anamın da yeddiillik musiqi təhsilləri var. Valideynlərim çox istəyirdilər ki, mən musiqişünas olum. Çox fikirləşdilər və axır ki, qərara gəldilər ki, müsabiqədə iştirak edim. Həmin müsabiqə mənim üçün uğurlu oldu. Zalda adımı eşidəndə çox həyəcan keçirdim, əllərim əsirdi. Özümü ələ alıb dünya bəstəkarlarının əsərlərini məharətlə ifa etdim. Tamaşaçıların, münsiflər heyətinin alqışlarını eşidəndə qürur hissi keçirirdim. Münsiflər heyəti mənə diplomkubok təqdim etdikdə isə göz yaşlarımı gizlədə bilmədim. Bilmirəm bu sevincdən idi, yoxsa həyəcandan. İlk uğuruma bax onda imza atdım. Bir həftə İtaliyada olduq. Müəllimim Nigar Nəcəfova ilə parkxiyabanlara baş çəkdik. Avtobusla bütün turları gəzdik, mən orada Bakı Musiqi Akademiyasında təhsil alan Günay Ağalarova ilə tanış oldum, o da I yerin qalibi idi. 2012-ci ildə isə İsveçin Stokholm şəhərində keçirilən pianoçuların “Pondo” beynəlxalq müsabiqəsinə qatıldım. Amma bu müsabiqə əvvəlki müsabiqələrdən fərqli olaraq çox çətin idi. Daha doğrusu, rəqabət güclü idi. Amma müsabiqəyə ciddi hazırlaşmışdım. Nəticədə müsabiqədə uğur qazandım və diplomla mükafatlandırıldım. Sevinirdim ki, müəllimlərimin və valideynlərimin etimadını doğrultdum. İsveçdə olarkən günlərimiz çox maraqlı keçdi. Şəhərlə ətraflı tanış olduq. Gəmidə gəzintiyə çıxdıq, çoxlu şəkillər çəkdirdik. Ümumiyyətlə, indiyədək müxtəlif illərdə 5 xarici ölkədə olmuşam. Təəssüratlarım qurtaran deyil. Paris şəhərində Nikolay Rubinşteyn adına XI beynəlxalq musiqi yarışması çox maraqlı keçdiorada da qalib adını qazandım. Fəxarət hissi keçirirdim ki, müsabiqədə 25 ölkədən olan musiqiçilər arasında Azərbaycanı təmsil edirdim. 2014-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən “Amerkan Protege” beynəlxalq müsabiqəsində ən çox sevdiyim Azərbaycan bəstəkarı Adil Bəbirovun məşhur “Prelüdscerszo” əsərini məharətlə ifa etdimlaureat adına layiq görüldüm. Tamaşaçıların alqışlarını eşitdikcə fikirləşirdim ki, bu alqışlar təkcə mənim yox, təhsil aldığım məktəbin, müəllimlərimin əməyinə verilən qiymətdir. 2016-cı ilin mayında isə İtaliyada Çitta di Pezaro beynəlxalq müsabiqəyə qatılaraq laureat adını qazanaraq II yerə layiq görüldüm. Sevincimi müəllimim Nigar Nəcəfova və anamla bölüşdüm. Həmin gün şəhəri gəzdik və yarışma haqqında fikirlərimizi bölüşdük. Muzeylərlə və tarixi abidələrlə tanış olduq. Azərbaycandan apardığımız şirniyyatlardan dostlarımıza da pay verdik. Uğurlarımın coğrafiyası genişləndikcə daha çox həvəslənirəm. Çalışıram ki, xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqə və festivallarda hər çıxışım tamaşaçılarda xoş ovqat yaratsın. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə adım 2013-cü ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilibxüsusi aylıq təqaüdə layiq görülmüşəm. Aldığım təqaüdü özümə xərcləyirəm. Ölkə rəhbərliyinə bu adı qazanan bütün istedadlı yaşıdlarım adından minnətdarlığımı bildirirəm. Çünki biz gənclərə diqqət və qayğısını heç vaxt əsirgəmir.

Hazırda Respublika İncəsənət Gimnaziyasının fortepiano sinfinin IX sinif şagirdiyəm. Birdə ki, insan həyatı boyu arzularla yaşayır. Arzudan arzu doğur. Mənim də qəlbimdə arzularım çoxdur. Onlara çatmaq üçün səylə çalışmalıyam. Ən böyük arzum xaricdə təhsil almaqdır.

Züleyxa təəssüratlarını bölüşdükcə tez-tez qolundakı saata baxırdı, çünki o bir neçə dəqiqədən sonra tarix fənnindən test yazacaqdı. Biz onunla xoş bir təəssüratla ayrıldıq. Gimnaziyada məni ilk qarşılayan musiqi sədalarının müşayiəti ilə də təhsil ocağını tərk etdim.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 1 aprel.- S.5.