Məktəb-liseydə tarix-

diyarşünaslıq muzeyi yaradılıb

 

Vətənimizin ən qədim yaşayış məskənlərindən biri olan İsmayıllının hər guşəsi bir tarixdir. Rayonumuzun ərazisində rəsmi şəkildə qeydə alınmış 151 tarixi abidə var. Onlardan 30-dan çoxu mühüm əhəmiyyət kəsb edən qədim tarixi abidələrdir. Açıq səma altında muzey kimi rayonumuza gələn qonaqları heyrətə gətirən Lahıc, Basqal və s. kəndlərimizin hər qarışında bir tarix yatır.

Bu tarixi abidələrlə gənc nəsli yaxından tanış etmək, onlarda vətənə, onun tarixinə hörmət və məhəbbətlə yanaşmağı öyrətmək bir vəzifə kimi ən çox tarix müəllimlərinin üzərinə düşür.

Bu səbəbdən birinci addım kimi məktəbimizdə tarix-diyarşünaslıq muzeyinin yaradılmasına başladıq. İlk vaxtlar eksponatları toplamaq üçün müxtəlif kəndlərə səfərlər edir, əldə etdiyimiz nümunələrlə muzeyi zənginləşdirməyə çalışırdıq. Muzeyin yaradılmasında məktəb-liseyin direktoru Əhmədağa Ələkbərovun hərtərəfli köməyi bizi daha da ruhlandırırdı.

Rayonumuzun Mollaisaqlı, Basqal, Lahıc kimi qədim yaşayış məskənlərindən əldə etdiyimiz məişət əşyaları, maddi mədəniyyət nümunələri muzeyin daha da zənginləşməsinə, baxımlı olmasına səbəb olmuşdur. Müxtəlif dövrlərə aid eksponatların toplanmasında, muzeyin fondunun zənginləşməsində məktəbimizin müəllim və şagird kollektivi yaxından iştirak etmişlər.

Muzeydə xalq tətbiqi sənəti, dulusçuluq, misgərlik, numizmatika bölmələri fəaliyyət göstərir. Şagirdlərin əksəriyyəti cəhrə, nehrə, səhəng, kuzə və başqa qədim məişət əşyalarının toplandığı bölməyə daha çox maraq göstərirlər. Numizmatika bölməsində müxtəlif dövrlərə aid kağız və metal pul nişanları toplamışıq. Basqal kəndində hazırlanmış müxtəlif növ kəlağayı nümunələri muzeyə xüsusi gözəllik və milli kolorit verir.

Muzeyin “Kəlağayı bölməsi”ndə bu nadir sənət nümunəsinin hazırlanma texnologiyasını əyani şəkildə göstərən ipəkqurdu baraması, ipək saplar, hazır məhsulu boyamaq üçün müxtəlif möhür və naxış elementləri, onlarla müxtəlif kəlağayı nümunələri şagirdlərin böyük maraqla tamaşa etdikləri eksponatlardır.

Müəllimlərin və şagirdlərin əməyi nəticəsində muzeyimiz getdikcə yeni eksponatlarla zənginləşir.

Əminəm ki, sabahımız olan gənc nəsillərə xalqımızın tarixinin, zəngin mədəni irsinin öyrədilməsində məktəb-liseyimizdə yaratdığımız muzeyin əvəzsiz rolu olacaqdır. Mədəniyyətinin zənginliyi ilə tanınan, xalqımızın yaratdığı, ulu babalarımızdan bizə miras qalmış heç bir mədəniyyət nümunəsi diqqətdən kənarda qalmamalı, lazımi səviyyədə təbliğ və təqdim olunmalıdlr.

Rayonumuzun ərazisindən toplanmış, müxtəlif dövrlərə aid sənət nümunələri ilə yaxından tanış olmaq istəyənləri məktəb-liseyimizdə fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyinə dəvət edirik. İnanıram ki, seyr edəcəyiniz hər bir eksponat sizi İsmayıllının doğrudan da qədim və təkrarsız bir mədəniyyət mərkəzi olduğuna bir daha inandıracaq.

 

Famil ƏHMƏDZADƏ,

İsmayıllı şəhər E.Məmmədov adına 3

nömrəli məktəb-liseyin tarix müəllimi

 

Azərbaycan müəllimi.- 2017.- 1 aprel.- S.11.