“Arzum Olimpiya çempionu olmaqdır”

 

Əli Əliyev, Dünya kubokunun qalibi: “İranlı idmançını 25 saniyəyə nokaut etdim”

 

Əli Fəxri oğlu Əliyev 2000-ci il iyulun 3-də Bakıda idmançı ailəsində anadan olub. 14 yaşından idmanın kinq-boksinq və muay tay döyüş növləri ilə məşğul olmaq üçün “İnam” peşəkar idman klubunda məşqlərə başlayıb. Dəfələrlə Azərbaycan, Bakı çempionatlarının və beynəlxalq turnirlərin qalibi olub. Bakıdakı 283 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Yeniyetmə idmançımız Əli Əliyev ilə söhbətimizə uşaqlıq illərindən başladıq.

- Uşaqlıqdan məşhur Amerika aktyoru Jan Klod Van Dammın və başqa döyüş ustalarının kinolarına baxmışam, mən də onlar kimi olmaq istəmişəm. Ailəmizdə 6 nəfərik. Atam, anam, iki bacım, mən və qardaşım. İdmana maraq məndə uşaqlıq vaxtlarından yaranıb. Atam Fəxri Əliyev tanınmış idmançıdır. Balaca olanda, təxminən, 8-10 yaşlarımdan atam həmişə mənə fiziki gücümün çox olmasi üçün jim, turnikdə dartınma hərəkətləri elətdirirdi. Mən 11-12 yaşlarımda artıq 30-40 dəfə jim edə bilirdim. Həmişə ən böyük arzularımdan biri yaşıdlarım arasında fiziki baxımdan güclü olmaq olub. Şübhəsiz, atamın idmançı olmağı məni də idman aləminə vurğun edib. İdman müəllimim və məşqçim atam olub. Atam olduqca tələbkardır. İstənilən bir fənd üzərində bəzən saatlarla məşq edirik. Çətinliyi sevən insanam. Bu idman növü də ən çətin idman növlərindəndir. İdmançıdan çox intizam, ciddiyyət tələb edir. Mən də çətinin üstünə qaçıram həmişə. Elə insanlar var ki, çətinliyi sevmir, rahatlığa üstünlük verirlər. Mənimsə xarakterimdə bu yoxdur, elə bu səbəbdən də ən ağır idman növünü seçmişəm. Məşqçilərin sözünə qulaq asmaq lazımdır. İdmançı gərək tələsməsin. Çətin idman növüdür. Məşq elə, öz gücünə inan və uğur qazan. Bu, bir az da xarakter məsələsidir.

 

“İlk uğurum 2015-ci ildə olub”

 

Həmin yarışı indiki kimi xatırlayıram. Təcrübəli idmançılar arasında kinq-boksinq üzrə 60 kq çəki dərəcəsində respublika çempionatı keçirilirdi. Çox həyəcanlı idim. İlk dəfə güclü rəqiblərlə döyüşürdüm. Onların biri Gəncə, digəri isə Ağcabədi idmançısı idi. Birinci döyüşə rəqibimin başlamasını gözlədim. Sakit, səlist döyüşərək idman növünün qaydalarına uyğun Gəncə idmançısını 3-1 hesabı ilə, Ağcabədi təmsilçisini isə daha çətin 3-2 hesabı ilə məğlub etdim. Bundan başqa, 2016-cı ildə 28 may - Respublika Gününə həsr olunmuş Bakı Start İdman Kompleksində İran və Azərbaycan idmançıları arasında keçirilən beynəlxalq turnirdə iştirak etdim. Bu yarışda məndən olduqca təcrübəli və yaşda böyük olan İran idmançısı ilə qarşılaşdım. Burada ilk dəfə idi ki, kəmər uğrunda professional yarışa qatıldım. Bir şeyi də əlavə etmək istərdim ki, bu yarışda İran İslam Respublikasından ən güclü peşəkar idmançılar iştirak edirdi. Həmin döyüşdə rəqibimi 25-30 saniyə ərzində nokaut etdim.

Ölkəmizdən kənarda - İran, Gürcüstan və Türkiyədə keçirilən beynəlxalq turnirlərdə iştirak etmişəm. 2016-cı ilin yanvar ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Asiya ölkələri arasında keçirilən beynəlxalq turnirdə bütün yarışları qələbə ilə başa vuraraq I yerin sahibi olmuşam. 2016-cı il avqustun 15-dən 25-dək Gürcüstanın Batumi şəhərində keçirilən Alpaqut döyüş növü üzrə dünya kuboku uğrunda yarışda bu döyüş növünün 2 versiyası üzrə rinqə çıxdım və dünya kubokunun qalibi oldum. Bundan başqa, həmin ilin dekabr ayında qardaş Türkiyənin Antalya şəhərində muay tay döyüş növünün ifma versiyası üzrə keçirilən Avropa kuboku uğrunda döyüşdə III yerə çıxdım. Bu yarışda birinci Polşa idmançısıyla qarşılaşdım. Rəqibim dəfələrlə dünya və Avropa çempionu olan güclü, peşəkar idmançı idi. Mən çətinliklə də olsa rəqibimi məğlub etdim. Ancaq ikinci dəfə Türkiyə döyüşçüsü ilə qarşılaşdım və türk qardaşıma məğlub olub, III yerlə kifayətləndim. Hazırda muay tayın ifma versiyası üzrə Tailandda keçirilən dünya çempionatının hazırlıqları gedir. Azərbaycan Muay Tay və Tayboks Federasiyasının tərkibində məşqlərimi davam etdirirəm. Bu ilin avqust ayında dünya çempionatında iştirak edəcəyəm. İnanıram ki, qələbə qazanacağam.

Yaşıdlarıma məsləhətim budur ki, pis vərdişlərdən uzaq olsunlar. Vaxtlarını səmərəli və mənalı keçirsinlər, ən başlıcası vətənpərvər olaraq xalqımıza, dövlətimizə layiq şəxsiyyət kimi formalaşsınlar.

- Söhbətimizin əvvəlində qardaşının da idman sahəsinə böyük marağı olduğunu öyrəndik. Maraqlıdır, o da Əli kimi idmançı olmaq istəyirmi?

- Bəli, qardaşım Xəyal da idmanı çox sevir və tanınmış idman ustası olmaq istəyir. O da bu məktəbdə V sinifdə oxuyur. Xəyal mənimlə müqayisədə 7-8 yaşlarından idmanın muay tay döyüş növü ilə məşğul olur. Artıq uğurları da kifayət qədərdir.

- İdmanla məşğul olmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır?

- Səbr, ciddilik, məsuliyyət. Bu üçü olduqdan sonra güc də gələcək, texnikan da yaxşı olacaq. İradə də olmalıdır. Mən özüm də müşahidə edirəm. Bezənlər, yarımçıq tərk edənlər çox olur. Yorulurlar, məşqdən sonra bədənləri ağrıyır. Biz də məşq edirik, yoruluruq, ağrıyırıq, robot deyilik ki. Əsas odur səbrli olasan, özünə inamın ola.

- Dostluq etdiyin idmançılar varmı?

- Belə bir deyim var, “idmançını idmançı yaxşı başa düşər”. Dostlarımın içində idmançılar çoxdur. Onlar arasında atletlər, boksçular, güləşçilər, karateçilər var. Birinin adını çəksəm digərləri inciyəcək. Ona görə də ad çəkmək istəmirəm.

- Bəs, Əli məktəbdə necədir?

- Məktəbdə müəllimlərimlə və şagird yoldaşlarımla münasibətim çox gözəldir. Mən onları çox istəyirəm. Müəllimlər “sən bizim fəxrimizsən” deyir. Baxmayaraq ki, idmanla məşğul oluram, dərslərimi də yaxşı oxuyuram. 1-ci ixtisas qrupu üzrə hazırlaşıram. Arzum Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmaqdır.

- Daha aşağı çəki dərəcələrində idmançılar üçün çəkilərini qorumaq çətin olur. Sən isə 60 kq çəki dərəcəsində mübarizə aparırsan. Qidalanma rejimin maraqlıdır...

- Çəkim 60 kiloqramdır. İstəsəm 1 aya bu çəkini artıra və ya azalda bilərəm. Hər gün tezdən məktəbə gəlirəm, günorta hazırlıqlara gedirəm, axşam isə məşq edirəm. Bəzən elə olur ki, 5 dəfə yemək yeməliyəm ki, məşqdə başım gicəllənməsin. Bu gün normadan bir az çox yesəm, sabah 2 məşqdən sonra yenə əvvəlki normaya düşürəm. Ən çox sevdiyim yemək də “ləvəngi”dir.

Bakıdakı 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova: Əli Əliyev XI “a” sinif şagirdidir. İstər davranışına, istərsə də məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyinə görə olduqca nümunəvi şagirddir. Mən bu məktəbə təzə direktor təyin olunmuşdum. Təxminən bir ay olardı. Əli həmin ərəfədə çempion olmuşdu. Onunla görüşdüm, təbrik etdim. 5-10 dəqiqə söhbət etdik, o anda Əlinin danışığı, davranışı mənim diqqətimi çəkdi. İdmançı, qolu qüvvətli olmasına baxmayaraq, Əli nizam-intizamda başqalarına nümunədir. Adətən, idmançı uşaqlar özünü göstərməyə meyilli olurlar. Ancaq Əlidə belə şeylər yoxdur. O, idmanla bağlı məktəbin tədbirlərində də iştirak edir, həm də dərs əlaçısıdır. Fizika və riyaziyyat fənlərini çox gözəl bilir. Əli müəllimlərinin və məktəbin sevimlisidir.

 

Müsahibəni qələmə aldı:

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2017.- 8 aprel.- S.14.