Ali təhsil müəssisələri

strateji seçim qarşısında

 

Milli təhsil sistemimizdə biliyə, innovasiyaya əsaslanan universitetlər yer almalıdır

 

Bizim üçün dəyişməyən bir ənənə var: hər ailə çalışır ki, övladının diplomu olsun. Ancaq bu bir həqiqətdir ki, diplomlu olmaq heç də təhsilli, ixtisaslı kadr olmaq demək deyil. Hələ də ixtisas, təhsil deyil, diplom arxasınca qaçmağın nəticəsidir ki, ölkə ali təhsil müəssisələrində özünə yer tapa bilməyəndə son çarə olaraq xarici ölkələrə üz tutanların sayı ilbəil artır. Artıq problemin kökündən həll edilməsinin vaxtı çatıb. Bunu ölkədə təhsil siyasətini həyata keçirən qurumun - Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi strategiya da təsdiq edir. İndi nəinki bu axının qarşısını almağın, onun istiqamətini tərsinə çevirməyin vaxtıdır. Bəs, bunu necə edəcəyik?

 

Azərbaycanda bir ali təhsil müəssisəsi...

 

Azərbaycanda təhsil müəssisələri sadəcə diplom deyil, ixtisas, təcrübə, təhsil verə bilmək üçün tələb olunan bir sıra şərtləri ödəməlidir. Lakin görünən mənzərə odur ki, yerli və beynəlxalq təcrübə arasında bu qədər ciddi fərqlər varkən axının istiqamətini dəyişmək elə də asan olmayacaq.

Ali təhsil müəssisələri - orta təhsil bazası əsasında təsərrüfat, elm və mədəniyyətin ayrı-ayrı sahələri üçün, yəni müxtəlif ixtisaslar (ixtisaslaşmalar) üzrə ali təhsilli mütəxəssislər hazırlayır. Cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla aparılan bu proses Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin dövlət standartı” ilə tənzimlənir.

Həmin standarta görə ali təhsil müəssisəsi təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmağı, rəqabət qabiliyyətli olmağı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərməyi, ünsiyyət yaratmağı formalaşdırmalıdır. Ali təhsil alan öz üzərinə məsuliyyət götürə bilməli, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş olmalıdır. Təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabərimkanlı olmasını təmin etməlidir. Ali təhsil müəssisəsi cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmalıdır. Ən əsası, təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulması təmin edilməli və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilməməlidir.

Ölkə ali təhsil müəssisələri arasında bu tələblərə cavab verənlər olsa da, beynəlxalq standartlara uyğun bir təhsil ocağına çevrilmək üçün bunlar kifayət etmir. Nədən başlamaq lazımdır ki, həmin standartlara cavab verən səviyyəyə çataq?

 

... öz hüdudlarını aşmalıdır

 

Təhsil naziri Mikayıl Cabbarovun fikrincə, bu məsələdə, ilk növbədə, ali məktəb rəhbərlərinin üzərinə böyük iş düşür. Universitetlər öz coğrafi hüdudlarını aşmalı, tanınmış, nüfuzlu brendə malik ali təhsil müəssisəsi olaraq digər ölkələrin bazarlarında fəaliyyətini genişləndirməlidirlər. Bu məqsədlə artıq ilk addım atanlar da var. Azərbaycan Dövlət İqtisad Universiteti özünün UNEC brendini yaradıb və ictimaiyyətə təqdim edib. Bundan sonra qalır həmin brendlə dünya bazarında təmsil olunmaq. Bu da müxtəlif formalarda ola bilər. Distant təhsil proqramları həyata keçirə, başqa ölkələrdə filial aça bilərlər. Hətta birgə universitetlərin yaradılması da mümkün variantlardandır.

 

... və beynəlxalq bazara çıxışda ilk əngəl

 

Ancaq bu prosesə başlamadan öncə milli təhsil müəssisələrində bir sıra amillərə diqqət yetirilməlidir.

Hər bir ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti üçün ən əsas amillər daxili mühit, idarəetmə və insan kapitalının keyfiyyətidir ki, bunlar olmadan dünya bazarına nə çıxmaq, nə də uğur qazanmaq mümkündür. Təbii ki, burada professor-müəllim heyəti, tələbələrin bilik səviyyəsi, bundan da vacib şərt motivasiya, zəngin maddi-texniki bazadır.

Ancaq təəssüf ki, elə ilk sadalamada bir əngəl ortaya çıxır. Belə ki, beynəlxalq standartlara uyğun təhsil müəssisələri ilə milli ali təhsil sisteminə daxil olan ali təhsil müəssisələri arasındakı fərq ilk növbədə formalaşmış mühitdədir. Köhnə ənənələrdən, vərdişlərdən və qaydalardan imtina etməyin vaxtı çatsa da, bu məsələdə ciddi dəyişiklik nəzərə çarpmır. Mane olan səbəblər arasında dəyişmək istəməyən universitet rəhbərləri faktoru diqqət çəkir. Onlar köhnə qaydada idarə etmək, vərdiş etdikləri vəziyyətə davam etmək istəyirlər.

Təhsil üzrə ekspert, professor Əjdər Ağayev hesab edir ki, Azərbaycanda təhsil müəssisələri hazırladıqları kadrların elmi səviyyəsi ilə heç bir inkişaf etmiş ölkədən geri qalmır. Ancaq əksəriyyətində təhsil üçün sosial mühit yetərli deyil. Səbəbi çox sadədir: “Məsələn, Bakı Mühəndislik Universitetində mövcud olan güvən və şəffaflığa əsaslanan mühiti bir çox universitet formalaşdıra bilmir. Çünki bunun üçün tətbiq etdikləri metodika yanlışdır. Cəza, qadağa və başqa yanlış üsullarla sağlam mühit yaratmaq olmaz. Qəyyumluğu tamamilə aradan qaldırmadan, tələbələrin özünə deyil, yaxınlarına güvənməsinin və formal qiymətlərə üstünlük verməsinin qarşısını almadan həmin sağlam mühiti formalaşdırmaq mümkün olmayacaq”.

 

Kadr rəqabətədavamlı...

 

Azərbaycan təhsil sisteminin əsas məqsədlərindən biri yetişdirilən kadrların əmək bazarında rəqabətliliyinin artırılmasıdır. Ali təhsil sistemində həyata keçirilən siyasət son illərə qədər bu reallığı ya tanımır, ya da ali təhsil siyasətində kifayət qədər əks etdirmirdi. Lakin son illərdə bir çox məsələdə olduğu kimi, burada da istiqamət dəyişib. Artıq ali təhsil müəssisələrinin güclü rəqabət imkanına malik, müasir idarəetmə prinsipinə əsaslanan fəaliyyətinə diqqət artırılıb. Bu məsələdə hər hansı səhv istiqamət məqsəddən uzaqlaşmaq demək olar. Ona görə də ali məktəb rəhbərləri əsaslanmalı olduqları prinsipləri düzgün müəyyənləşdirməlidir.

Təhsil naziri Mikayıl Cabbarov güclü rəqabət imkanlarını ali təhsil ocaqlarını xarakterizə edən başlıca şərt hesab edir: “Ali təhsil müəssisəsini seçərkən hər kəs özünün peşəkar inkişafını, gələcəyini, karyera uğurunu ön plana çəkir. Hər tələbədən təhsil alacağı ali məktəbi seçərkən ümummilli və dövlət maraqları prizmasından yanaşacağını gözləmək səhv gözlənti olar. Bu da o deməkdir ki, ali təhsil sistemindəki milli universitetlərimiz öz strateji məqsədlərini müəyyənləşdirərkən bu böyük mənzərəni nəzərə almalı, strateji seçimlərini buna uyğunlaşdırmalıdır. Fəaliyyətdə olan hər hansı ali məktəb müasir idarəetmə prinsiplərinə əsaslanmalı, milli ali təhsil sisteminin uzunmüddətli qorunub saxlanması başlıca meyar kimi qeyd edilməlidir”.

 

... təhsil əlçatan olmalıdır

 

Azərbaycan təhsilində daha bir reallıq. Xaricdən gələn tələbələrin böyük bir faizi ingilis dili səviyyəsinə görə tələbə adı qazanaraq Azərbaycana gəlir. Elə təhsil almaq üçün ölkəmizdən xaricə kimin gedəcəyinə qərar verərkən də namizədlərin ingilis dilindən səviyyəsinə böyük önəm verilir. Maraqlıdır ki, bu böyük reallığa baxmayaraq, indiyədək ingilis dilini peşəkar səviyyədə bilən şagirdin milli ali təhsilə çıxışı məhz ümumi imtahanın nəticəsindən asılı olub. Təbii ki, milli ali təhsil sisteminə daxil olan ali təhsil müəssisələrində özünə yer tapa bilməyənlər çarəni xaricdə, daha əlçatan ali məktəblərdə axtarıblar. Beləliklə, qəbul imtahanlarında uğur qazanmayanlar təhsilini ən yaxşı halda başqa ölkələrdə davam etdirib. Bu da xarici ölkələrə tələbə axınına təkan verən başlıca səbəblərdən biri olub.

Göründüyü kimi, bir sərt qayda həm ali təhsilin kütləviləşməsinə mane olub, həm də əlçatanlığına. Ziyan çəkən isə məhz ali təhsil sistemimizdir. Yəni bu qaydanın tətbiqi nəticəsində kifayət qədər yüksək, o cümlədən xarici dil, bir az fərqli təhsil prizmasında düşüncə üslubuna malik olan, problemlərin həlli, daha kreativ düşüncə keyfiyyətlərini özündə əxz edən abituriyentlər faktiki olaraq ali təhsildən təcrid edilib.

Lakin bu istiqamətdə bir sıra islahatlar həyata keçirilməyə başlanıb. Bu cür faktları nəzərə alan Təhsil Nazirliyinin həyata keçirdiyi islahatdan sonra ingilis dilini peşəkar səviyyədə, yaxud tədris dili kimi bilən abituriyentlərə SAT, TOEFL, İELTS imtahanları ilə ali təhsil sisteminə giriş imkanı yaradılıb.

Bir çox universitetin kontekstində bir sıra ixtisaslarda qəbul üçün zəruri olan minimal bal qaldırılıb. Beləliklə, bir tərəfdən təhsilin əlçatanlığını artırmaq, digər tərəfdən isə daha iddialı, yüksək bilik səviyyəsi tələb edən ixtisaslar üçün zəruri olan tələbləri qaldırmaq siyasəti həyata keçirilib. Məsələn, 3 il bundan əvvəl kənd təsərrüfatı ixtisasları 150 bala endirilib və bu islahat özünü doğruldub. Odur ki, növbəti tədris ilindən başlayaraq, bu ixtisasların sayı genişləndiriləcək.

Ali təhsilin əlçatanlığını təmin etmək məqsədi ilə həyata keçirilən islahatlarla bağlı nazir Mikayıl Cabbarov bu fikirdədir ki, əlçatanlılıq daha vacibdir: “Məsələn, dizayn ixtisasında başqa meyarları, keyfiyyətləri görmək istəyirik. Eyni zamanda mühəndislik, fizika, riyaziyyat və bir sıra digər ixtisaslarda tələb olunan minimal balı qaldırırıq, gələcəkdə də bu belə davam edəcək. Bundan başqa, tələbəyə SAT, TOEFL, İELTS nəticələrini bizim ali təhsil sisteminə qəbul olunmaq üçün mümkün imtahan kimi seçmək imkanı veririk”.

Ali təhsilin kütləviləşməsi, prosesin daha əlçatanlığı ali məktəblərə indiyədək olmayan sayda məzun qəbul olunmasıdır. Yəni indiki təhsil siyasətində universitetlərə daha çox tələbənin cəlb edilməsi, təhsilin hamı üçün əlçatan olması daha məqsədəuyğun hesab edilir. Bununla razılaşmayanlar olsa da qloballaşan ali təhsil məkanının şərtləri bunu diqtə etməkdədir. Belə ki, dünyanın istənilən ölkəsinin universitetlərinin məzunu olmaq ildən-ilə asanlaşır. Aydındır ki, belə bir şəraitdə tələbələrin, gənclərin nüfuzlu ali təhsil ocaqlarını qoyub Azərbaycan təhsil müəssisələrini seçəcəyini gözləmək indiki halda mümkün deyil. Bunu deməyə, ilk növbədə, mövcud vəziyyətin təhlilləri göstərir. Məsələn, 5 ildir ki, nostrifikasiya üçün müraciət edənlərin sayı davamlı olaraq artır. Həmin kontingentin tərkibinin analizləri göstərib ki, onların 85 faizi qəbul imtahanlarında uğursuz nəticə göstərib milli ali təhsil sistemindəki təhsil müəssisələrinə qəbul olunmayanlardır.

Təhsil naziri məhz bunları nəzərə alaraq ali təhsil müəssisələrinin rəhbərləri qarşısında qəti tələb qoyur: “Universitetlər strateji seçim edərkən bu böyük mənzərəni göz önündə tutmalıdır. Xüsusən, dünya miqyasında tanınan təhsil ocaqlarına qəbulun əlçatan olması və ötən illərlə müqayisədə asanlaşması hər bir universitetdən öz keyfiyyətini artırmağı, fəaliyyət strategiyasını bu reallığa uyğun qurmağı tələb edir. Əks halda, ölkədə fəaliyyət göstərən ali məktəblərin sayının artıb-azalmasından asılı olmayaraq, gənclərin seçim üstünlüyü verdiyi təhsil ocaqlarının sayı azalacaq”.

Ancaq milli ali təhsil sistemlərinin uzun müddət rəqabət qabiliyyətinin qorunub saxlanılması yalnız kütləvi ali təhsilin təqdim edilməsi ilə məhdudlaşmamalıdır. Biliyə, elmə, innovasiyaya əsaslanan, milli ali təhsil sisteminin tərkibində fəaliyyət göstərən ali təhsil müəssisələrinin mövcudluğu zəruridir.

 

İnnovasiya və iqtisadi artım

mərkəzlərinə transformasiya

 

İnnovasiya və iqtisadi artım mərkəzlərinə transformasiya bilik iqtisadiyyatının mövcudluğundan irəli gələn məsələdir. Ali təhsil müəssisəsini xarakterizə edən əsas amillərdən biri də məhz budur.

İnkişaf etmiş ölkələrin çoxunda ali təhsil xidmətləri göstərmək həmin ali məktəbin maliyyə imkanlarının genişlənməsinə səbəb olur. Ümumiyyətlə, müasir dövrdə sabit maliyyə resurslarının olması universitetlərin davamlı inkişafını təmin edən ən vacib amillərdəndir. Ölkəmizdə ali məktəblərin əsas maliyyə mənbəyi təhsil ödənişləri olsa da, layihələrlə gəlirini artıran universitetlərin sayı ilbəil artır. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti hər il layihələrdən gəlir götürür. Məsələn, Bakı Dövlət Universitetində Nano texnologiyaları, biologiya, mikrobiologiya üzrə laboratoriyalar qurulub. Həmin maddi bazanı universitet layihələrlə təmin edib.

Məlumdur ki, ixtisaslı kadrların hazırlanması, bazara hədəflənən elmi tədqiqat və işləmələrin həyata keçirilməsi üçün təhsil müəssisələrinin maliyyə imkanları davamlı olmalıdır. Bir çox inkişaf etmiş ölkələrin universitetləri öz elmi-innovativ fəaliyyəti, layihələrin yerinə yetirilməsi, konsaltinq, mühəndis və müxtəlif növ təhsil xidmətləri hesabına maliyyələşir. Məsələn, Almaniyada təhsil müəssisələri böyükhəcmli layihələrdə, elmi-innovativ fəaliyyətdə iştirak edir. İstehsalatdakı problemlərin həllində, böyük maliyyə imkanlarına və nüfuza malik olan firma və şirkətlərin elan etdiyi irihəcmli qrant layihələrini həyata keçirir. Bu və başqa yollarla sabit maliyyə resurslarını formalaşdırırlar.

Gəncədə Aqrar Universitetin fəaliyyətindən misal çəkən professor Əjdər Ağayevin fikrincə, kənd təsərrüfatı üzrə mütəxəssislər hazırlayan belə ali təhsil müəssisəsinin özünün çox böyük ferması və ya kənd təsərrüfatı məhsullarının becərildiyi böyük təsərrüfat sahəsi olmalıdır ki, həm öyrətsin, həm də qazanc götürsün: “Ərzurum Atatürk Universitetinin ərazisində piyada gəzmək mümkün deyil. Orada müəllimlər üçün kənd təsərrüfatı məhsulları satan xüsusi mağazalar var ki, satışa çıxarılanlar universitetin öz təsərrüfatlarının məhsuludur. Həmin ali məktəb nəzdində elmi-tədqiqat institutları fəaliyyət göstərir və onların da ayrı-ayrı regionlarda qurulmuş təcrübə sahələri var. Yaxud, sözügedən universitetin tibb fakültəsi fəaliyyət göstərir. Həmin fakültənin tələbələri universitetə aid xəstəxanalarda, klinikada təcrübə keçir”.

Azərbaycanda da bu təcrübənin tətbiqinə başlanıb. Ancaq nəticədən danışmaq, deyəsən, bu tezliklə mümkün olmayacaq: “Universitetlərin nəzdində müəyyən sahələr üzrə institutlar fəaliyyət göstərməlidir. Tutaq ki, Pedaqoji Universitetin uşaq bağçası, orta ixtisas təhsili müəssisəsi, ixtisasartırma üzrə institutu, müasir təlim texnologiyaları üzrə mərkəzi olmalıdır. Bizdə buna doğru gedilir”.

 

Çağırışlarla resursların uyğunlaşdırılması

 

Görünən odur ki, əvvəlcə müasir universitetin standartlarına qapılar açılmalı, sözügedən dəyişikliklərə nail olmaq üçün ardıcıl islahatlar aparılmalıdır. Müasir Azərbaycan təhsil müəssisəsinin yeni modeli ən yaxşı təcrübələrə, sağlam ənənələrə əsaslanmalıdır. Qarşımızda duran çağırışlarla mövcud imkanlarımız, resurslar uyğunlaşdırılmalıdır.

 

Ruhiyyə DAŞSALAHLI

 

Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.1; 4.