Z nəsli şagirdlər biz

 

Sosioloqlar müəllim peşəsini “insan - insan” interaksiyasında olan peşələr qrupuna daxil edir. Yəni, müəllimin obyekti” insandır. Qızılın xassələrini bilməyən şəxsdən yaxşı zərgər olmadığı kimi insanın (bizim halda - uşağın) xüsusiyyətlərini bilməyən insandan da yaxşı müəllim alınmayacaq. Lakin bu gün uşaq psixologiyasını bilmək uğurlu müəllim olmaq üçün kifayət etmir. “Nəsillər nəzəriyyəsi”nin qənaətlərinə də baxmaq maraqlı olar.

1991-ci ildə Uilyam ŞtrausNil Houvun elmi ictimaiyyətə təqdim etdikləri “Nəsillər nəzəriyyəsi”nə görə son yüzillikdə nəsillər çox sürətlə (20-25 illik intervalla) bir-birini əvəz edir. Eyni zaman kəsiyində (maksimum 30 il qəbul edilir) anadan olmuş, şüur paradiqması və sosial-texnoloji vərdişləri ilə əvvəlki nəsillərdən fərqlənən insanlar qrupunu “nəsil” termini ilə adlandırırlar. Hər yeni nəsil özünəməxsusluqları ilə əvvəlki nəsli təəccübləndirir. Məsələn, şərti olaraq X (iks) nəsli adlandırılan 1965-1979-cu illərdə doğulanlar siyasi indifferentliyi, istənilən hakimiyyətdən narazılığı, yüksək boşanma əmsalı ilə tanınırdılar. Həmin dövrdə karyera perspektivi dərin akademik biliklər və intellektual bacarıqlar tələb etməyə başlamışdı. Y (iqrek) nəsli (hərdən onları milleniallar da adlandırırlar) 1980-2000-ci illərdə anadan olanlardır. Y nəslinin nümayəndələri əsasən daha yüksək texnoloji bilik və bacarıqları, yeniliyə və öyrənməyə açıqlığı ilə fərqlənir. Və nəhayət, Z (zet) nəsli: 2000-ci ildən bəri anadan olanlar. Alimlərin fikrincə, tarixdə ilk dəfə insanlar öz əcdadlarından bu dərəcədə köklü şəkildə fərqlənir. Z nəslini müxtəlif adlarla çağırırlar: senteniallar, “ev quşları”, “yeni sükut nəsli”, “MənMənMən” nəsli, rəqəmsal insanlar. Onlar fəal şəkildə elektron alətlərdən istifadə edirlər. Bizim (X və Y nəsillərinin) innovasiya adlandırdıqlarımız onlar üçün adi reallıqdır. Bu insanlar, sözün əsl mənasında, ilk rəqəmsal insanlardır. Onlar qloballaşmapostmodernizm dövründə dünyaya göz açan nəsildir. Z nəsli təbiət elmləri və texnologiyalar ilə maraqlanır. Ehtimal olunur ki, onlar daha çox mühəndislik, biomühəndislik, robotlaşdırma və habelə incəsənətlə məşğul olacaqlar.

2000-ci ildə doğulan uşaqlar bu il XI sinifdə oxuyurlar. Deməli, bu gün bütün şagirdlərimiz yalnız Z nəslinin nümayəndələridir. Onların valideynləri müəllimləri isə X Y nəslidir. Çoxbilmiş alimlər maraqlı bir bənzətmədən istifadə edirlər: Z nəslinin valideynlərinirəqəmsal immiqrantlaradlandırırlar (axı onlar uşaq olanda bu cür texnoloji alətlər yox idi). Qəribədir, elə deyilmi - bu rəqəmsal dünyanın tamhüquqluvətəndaşlarıolan Z-lərəimmiqrantlar” (X Y-lər) rəqəmsal dünyada uğurlu olmağı öyrətməyə çalışır.

Bugünkü şagirdlər internet dövründə dünyaya gələn ilk nəsildir. Elektron vasitələr olmayan dünyanı onlar çox çətinliklə təsəvvür edirlər. Onlar hər addımda elektron əlavələrdən ustalıqla istifadə edirlər. Z nəsli dünyanı virtual real olmaqla iki hissəyə bölmür. Onların aləmində hər iki dünya tam harmoniyadadır. Multikultural mühitdə yaşayan bu nəslin nümayəndəsi həmsöhbətinin kimliyi ilə (harda doğulub, hansı görünüşdədir) maraqlanmır. Deyirlər, bu, ən dözümlü sülhsevər nəsil olacaq.

Lakin Z nəslinin mənfi cəhəti konsentrasiya bacarığının zəif olmasıdır. Onlarda bir obyekt üzərində konsentrasiyanın orta göstəricisi 8 saniyədir. Böyükhəcmli informasiyanı qavramaqda çətinlik çəkirlər. İnformasiya onlara hissə-hissə, kiçik porsiyalarla veriləndə stress yaratmır. Mətn simgələr, şəkillər, simvollarla zəngin olanda daha rahat həzm edirlər. Z nəsli uşaqları arasında diqqət qıtlığı sindromu hiperaktivlik (DDSH) geniş yayılıb. Bu səbəbdən Z nəsli oxumaq deyil, baxmağı üstün tutur. Şagirdlər minimum vaxt ərzində maksimum informasiya almağa çalışırlar.

Bəs onlar niyə belə diqqətsizdirlər? Bizdən kütdürlərmi? Xeyr. Z nəsli texnologiyalarla çiyin-çiyinə böyüyüb - hiperlinklərlə keçid edərək öyrənmək onlar üçün daha münasibdir. Digər tərəfdən onlar qlobal fikirləşməyə meyillidirlər. Üç toxunuşla dünyanın dörd bir tərəfindən istənilən informasiyanı ala bilirlər. Z nəsli kəşflər etmək, tədqiqat aparmaq, layihə hazırlamaq həvəskarıdır.

Düzdür, Z nəsli diqqətini cəmləməkdə çətinlik çəkir, amma qərar qəbul etməkdə surətlidir. Eyni suala da dönə-dönə qayıtmağı sevmirlər. Göz ilə görməyi üstün tuturlar. İnformasiyanın hansı qanunlarla yaşadığını bu yeniyetmələr gözəl duyur. Bu sizə boş şey kimi görünə bilər, amma unutmayaq ki, informasiyanı idarə edən situasiyanı idarə edir.

Bu yazıda çatdırmaq istədiyimiz əsas fikir budur ki, Z nəsli X Y nəslindən pis ya küt deyil, o, sadəcə FƏRQLİDİR. Bəs bu fərqli nəsillə necə işləyək? Bir neçə tövsiyəmizi diqqətinizə təqdim edirik.

Əvvəla, hər bir informasiyanı bacardıqca vizuallaşdırmaq lazımdır. Əyanilik əsas şərtdir. Kiçik böyük qan dövranı barədə necə ustalıqla danışsanız da, 2 dəqiqəlik videoçarx daha səmərəli olacaq. Yaxud, hər hansı bir məsələ barədə şagirdlərin fikrini öyrənmək istəyirsinizsə, hərdən onlardan pantomima göstərməyi, “donmuş səhnəqurmağı s. xahiş edin. Şagirdlərin həvəslə prosesə qoşulması, kollektiv düşüncələrinin məhsulu sizi təəccübləndirəcək.

İkincisi, hər şeyi tez etmək lazımdır. Dərs bizim alışdığımızdan daha sürətli canlı olmalıdır. Müəllimin monoton nitqi ağır-ağır var-gəli Z nəslini təbdən çıxardan məqamlardır. Sinfə girəndə sözləri uzadaraq “Sa-lam, u-şaq-lardeyən müəllim həmin dəqiqə uşaqlarıitirir”. Uşaqlar onu anlamırsa, aramla danışan müəllim daha da ləng izaha keçməkdənsə, əksinə, nitq sürətini artırmalıdır. Yoxlayın, mütləq alınacaq. Çünki Z nəsli sürətli informasiyanı daha yaxşı anlayır. (Uşaqlar üçün cizgi filmlərinə fikir verin: orada hadisələr bir-birini necə sürətlə əvəz edir. Amma cizgi filmini seyr edən uşaq demək olar ki, hər şeyi anlayır).

Üçüncüsü, Z nəsli əsasən praqmatiklərdir. Hər hansı bir mövzunu öyrənərkən əvvəl “Bu bizə üçün lazımdır?” sualını qabardın, uşaqların diqqətini çəkəndən sonra nəzəri hissələri anladın.

Dördüncüsü, dərsdə elektron məzmundan yerində istifadə edin. Uşaqları da elektron resurslar yaratmaq işinə cəlb edə bilərsiniz. Onlar sizə məmnuniyyətlə kömək edəcəklər. Uşaqlara onlardan öyrənməyə hazır olduğunuzu nümayiş etdirin, onların səriştələrinə hörmətlə yanaşın. Ömürboyu öyrənmə yanaşmasını şəxsi nümunənizlə təbliğ edin.

Beşincisi, siz də fərqli olmağa çalışın. Heç kimi təqlid etməyin. Özünüz kimi olmaqla yanaşı, boz kütlədən fərqlənin. Z nəsli (elə əvvəlki nəsillər kimi) parlaq ulduzlara doğru can atır.

 

Vəfa YAQUBLU,

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun

direktor əvəzi, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.5.