Zaqafqaziya Müəllimlər Seminariyasının

azərbaycanlı məzunlarının pedaqoji

fəaliyyətlərinə işıq salındı

 

Aprelin 18-də Bakı şəhərində, Nəriman Nərimanovun ev-muzeyində “Pedaqoji irs və müasir yanaşmalar” mövzusunda tədbir keçirilib. Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının pedaqoji fəaliyyətlərinə həsr olunmuş tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində baş tutub. Tədbirdə təhsil tariximizə şərəfli səhifələr yazmış, yetirmələrinin sədası ölkəmizin hər bir şəhər və kəndindən gələn, təhsilimizə böyük töhfələr verən Zaqafqaziya Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının pedaqoji fəaliyyətlərinə işıq salınıb.

Məlumdur ki, hər bir millətin tərəqqisi üçün ilk növbədə onun möhkəm təhsil bünövrəsinin olması lazımdır. Bu bünövrə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin məzunları olub. Xalqı üçün ürəyini şama çevirən, müqəddəs amallı, əsl ziya və zəka qüdrətli, yaradıcılıq ehtiraslı həmin məzunlara xalqımızın dahi oğulları Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Əhməd Seyidov və başqalarını misal göstərmək olar. Məktəb tariximizin bünövrəsi məhz həmin ziyalılarımızın sayəsində möhkəm qoyulduğundan bu gün o təməl üzərində öz ənənələrimizi yaşadaraq, zənginləşdirərək ucala bilirik. Bu təməli qoyanlar barədə tarixi məlumatların yeni nəslə ötürülməsində Azərbaycanımızın ən say-seçmə oğulları, maarif və mədəniyyət xadimlərinin böyük rolu olmuşdur. Onlar ölkəmizdə yüksək təhsil mühitinin formalaşmasına, xalqımız üçün dəyərli pedaqoji kadrlar hazırlanmasına öz böyük töhfələrini vermişlər.

Təbiidir ki, yüksək təhsilli, əqidəli, hazırlıqlı insanlar məhz özləri kimi dərin bilikli, yüksək peşə hazırlıqlı və vətənpərvər ruhlu müəllimlər hazırlamışlar. Belə mükəmməl pedaqoqlardan dərs almış pedaqoji elmimizin canlı əfsanəsi, elmimizin və elimizin ağsaqqalı, pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki Hüseyn Əhmədov məruzəsində Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının və onun azərbaycanlı məzunlarının fəaliyyəti barədə fikir yoluna işıq tutdu. Hüseyn Əhmədov 130 il bundan əvvəl Gürcüstanın Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində açılan Azərbaycan şöbəsindən geniş söhbət açdı. Məlum olduğu kimi, Sovet hakimiyyətinə qədər Azərbaycanda müəllim kadrları hazırlayan xüsusi məktəb yox idi. Bütün Zaqafqaziya üzrə müəllim kadrları hazırlayan yalnız Qori seminariyası idi. H.Əhmədov seminariyanın Azərbaycan şöbəsinin 40 il sonra xalqımızın maarifpərvər ziyalısı, seminariyanın ilk məzunu və müəllimi Firidun bəy Köçərlinin ağır zəhməti nəticəsində Qazax rayonuna köçürüldüyü barədə geniş danışdı. Bildirdi ki, 40 il fəaliyyət göstərən bu tədris ocağı Azərbaycana 250-dən artıq müəllim, ictimai-siyasi, mədəniyyət xadimi, böyük şəxsiyyətlər verib. Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsini bitirən hər bir azərbaycanlının həyatını xalqımızın azadlığı və istiqlalı uğrunda şam kimi əritdiyini, onların hər birinin bir tarix, bir şəxsiyyət, ustad, işıqlı ziyalı olduğunu bildirdi. O çıxışında qeyd etdi ki, o dövrdə azərbaycanlılar üçün seminariyanın açılması heç də asan olmamışdı. Hüseyn Əhmədov bu müqəddəs pedaqoji tariximizi daim yaşatmağımızı və onun bütün məzmununu gələcək nəslə ötürülməsini davam etməyi tədbir iştirakçılarına tövsiyə etdi.

Çıxışların sonunda yekun olaraq ARTİ-nin şöbə müdiri, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov da Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin mütərəqqi fikirli məzunları və onların pedaqoji irsi barədə əlavə məlumat verdi. Seminariyanın azərbaycanlı məzunlarının ölkəmizin xalq maarifinin, məktəb-təhsil işinin yayılmasında, mədəniyyətin və ictimai-pedaqoji fikrin inkişafında mühüm tarixi xidməti və rolu olduğu haqqında maraqlı fikirlər səsləndirdi. Tarixi hadisələrin amansız soyuq üzünün təsirindən Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının binasına düşən bombanın nəticəsində arxivin yanmasını, orada olan sənəd və materialların külə dönməsini qeyd etdi. Nəticədə çox az qisimdə arxiv materiallarına görə azərbaycanlı məzunlar barədə məlumat əldə edildiyini bildirdi. Lakin seminariyada tədrisin məzmununu əks etdirən materialların əldə olmamasını nəzərə çatdırdı. Hümeyir Əhmədov bu hadisə ilə əlaqədar olaraq çıxışında tədbir iştirakçılarına pedaqoji tariximizin, o cümlədən milli təhsil tariximizin hər bir səhifəsinə böyük hörmət və ehtiram əlaməti olaraq Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi və Qazax Müəllimlər Seminariyasında tədris olunan fənlərin məzmunu ilə bağlı arxiv sənəd və materialların, digər əlavə tarixi mənbələrin toplanması prosesində yardımçı olmalarına çağırış etdi.

Tədbirdə institutun doktorantı, təhsil müzeyinin direktor müavini Zülfiyyə Şiriyeva, Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, respublikanın əməkdar müəllimi Almaz Həsrət, institutun əməkdaşı Zəfər Cəfərov iştirak edirdilər.

Hörmətli həmvətənlərimiz! Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının, Azərbaycan bölməsinin, həmçinin Qazax Müəllimlər Seminariyasının azərbaycanlı məzunlarının fəaliyyətlərini özündə əks etdirən tarixi əlyazmaları, arxiv sənədləri, materialları barədə əlinizdə olan hər hansı bir məlumat varsa, onları Təhsil İnstitutuna gətirərək, Elmi-pedaqoji kadr hazırlığı şöbəsinə təhvil verməyinizi rica edərdik. Bu addımla hər birimiz bir vətəndaş olaraq, pedaqoji irs tariximizin təməlinin əsasını qoymuş mütərəqqi təhsil fədailəri, onların aldıqları təhsilin məzmunu barədə institutumuzun arxivinin zənginləşməsinə kiçik də olsa öz töhfəmizi vermiş olardıq.

 

Almaz HƏSRƏT,

əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2017.- 22 aprel.- S.9.