Şagirdlərimiz Avropa
Qızlar Riyaziyyat
Olimpiadasından xüsusi
mükafatla qayıdıblar
Aprelin 6-dan 12-dək İsveçrənin
Sürix şəhərində
keçirilən 6-cı Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO-European
Girls Mathematical Olympiad) azərbaycanlı şagirdlər də
iştirak ediblər. Bilik
yarışmasına ABŞ, Yaponiya, Hindistan, Braziliya, Rusiya, Ukrayna kimi 43 ölkədən 172 şagird
qatılıb. Mötəbər bilik
yarışında ikinci dəfədir ki, iştirak edən Azərbaycan
məktəbliləri növbəti uğura
imza atıblar. Bakıdakı İ.Əfəndiyev
adına “Elitar” gimnaziyanın X sinif şagirdi Cəvahir Abbasova, Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin X sinif şagirdi Nəzrin Fərziyeva olimpiadanın xüsusi mükafatı olan
“Honourable Mention”
sertifikatına layiq görülüblər.
Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü liseyin
nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin üzvüdür. Onları
oxucularımızla daha yaxından
tanış edirik.
“Bilik
yarışmasında çox faydalı təcrübə
qazandıq”
Nəzrin Fərziyeva: 2001-ci il mayın 12-də Bakı şəhərində anadan olub. 2007-ci ildə 162 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinfində oxuyur.
- Uşaqlıqdan riyaziyyat fənninə marağım olduğu üçün VII sinifdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyə imtahan verdim. Liseyə daxil olduğum vaxtdan riyaziyyatla daha ciddi məşğul olmağa başladım. VIII sinifdə olimpiada qrupuna seçildim. IX sinifdə oxuyarkən Rumıniyada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında ilk dəfə 4 nəfərlik qrupla iştirak etdik. Nəticəmiz uğurlu olmasa da, bilik yarışmasında çox faydalı təcrübə qazandıq. Birillik ciddi hazırlığın nəticəsində bu il İsveçrədə keçirilən EGMO-da həvəsləndirici sertifikatla təltif olundum. Olimpiada çox yüksək səviyyədə təşkil olunmuşdu. Bizə stimul verən məqamlardan biri də digər ölkələrin nümayəndələri ilə olan müzakirələrimiz oldu. Hazırlıq mərhələsində bizə dəstək olan müəllimlərimizə və ailəmə təşəkkürümü bildirirəm. Önümüzdəki digər olimpiadalarda yüksək nəticələr göstərməyə və ölkəmizi daha layiqli təmsil etməyə çalışacağam.
“Uğurlarıma
görə müəllimlərimə təşəkkür
edirəm”
Cəvahir Abbasova: 2001-ci il aprelin 25-də Bakı şəhərində
anadan olub. 2006-cı ildə İ.Əfəndiyev
adına “Elitar” gimnaziyada təhsil almağa başlayıb, X sinifdə
oxuyur.
- Hələ uşaq yaşlarımdan riyaziyyata
böyük həvəsim
vardı. Valideynlərim də bu istedadımı inkişaf
etdirmək üçün
əllərindən gələni
edirdilər. Riyaziyyat olimpiadalarında
ilk uğurumu 8-ci sinifdə
oxuyarkən qazandım.
Bolqarıstanda “Sərhədsiz Riyaziyyat”
Beynəlxalq Olimpiadasında
iştirak etdim və gümüş
medal qazandım. 9-cu sinifdə həmin olimpiadada yenidən gümüş medal aldım.
Həmin il
riyaziyyat olimpiadalarına
hazırlıq qrupuna seçildim. 2016-cı ildə Rumıniyada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında Azərbaycanı
təmsil edən ilk qız şagirdlərdən
biri idim. Həmin il
uğur qazana bilməsəm belə, 1 il ərzində var gücümlə çalışdım. Bu il İsveçrədə
keçirilən EGMO-da
iştirak etdim və həvəsləndirici
sertifikatla təltif olundum. Orada olduğum müddətdə
xarici ölkələrdən
olan iştirakçılarla
da əlaqə yaratdım və onların beynəlxalq riyaziyyat olimpiadalarına hazırlıq metodları
ilə tanış
oldum. EGMO-da
iştirak etmək təcrübə baxımından
mənim üçün
çox əhəmiyyətli
oldu. Qazandığım bütün uğurlarıma
görə müəllimlərimə
təşəkkür edirəm.
Gələcək olimpiadalarda, eləcə
də 2018-ci ildə keçiriləcək EGMO-da
daha yaxşı nəticələr göstərmək
üçün əlimdən
gələni edəcək,
müəllimlərimin və
valideynlərimin ümidlərini
doğrultmağa çalışacağam.
“Məktəblilərimizin
nəticələrini uğurlu
hesab etmək olar”
Azərbaycan Respublikası Təhsil
İnstitutunun İstedadlı
uşaqlarla iş şöbəsinin müdiri,
riyaziyyat fənni üzrə komandamızın
rəhbəri Fuad Qarayev: - Riyaziyyat fənni üzrə keçirilən bir sıra nüfuzlu beynəlxalq müsabiqələr
arasına artıq
6-cı dəfə Avropa
Qızlar Riyaziyyat Olimpiadası (EGMO) da əlavə olunub. EGMO ilk dəfə 2012-ci ildə İngiltərədə
keçirilib. İlk dəfə
19 ölkənin iştirak
etdiyi bu olimpiadaya maraq ildən-ilə artmış
və artıq 2017-ci ildə iştirakçı
ölkələrin sayı
43-ə çatıb. Avropa Qızlar Riyaziyyat Olimpiadasının keçirilməsinə
Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) olimpiada
komandaları üzrə
ölkə rəhbərlərinin
iştirak etdiyi iclaslarda qərar verilib. Beynəlxalq riyaziyyat olimpiadalarında
yüksək nailiyyətlər
əldə edən şagirdlər arasında
qızların da olmasına baxmayaraq, qız şagirdlərinin öz bilik və
bacarıqlarını daha
rahat nümayiş etdirmələrini təmin
etmək məqsədilə
qızlar arasında ayrıca olaraq belə bir olimpiadanın
keçirilməsi qərara
alınıb. Avropa Qızlar
Riyaziyyat Olimpiadasında
tapşırıqlar iki
gün ərzində təqdim edilir. Hər gün 3 sualın həlli üçün şagirdlərə 4 saat
30 dəqiqə vaxt verilir. Şagirdlərin yazı işlərinin
surəti münsiflər
heyətinə, əsli
isə komanda rəhbərlərinə təqdim
edilir. Komanda rəhbəri şagirdlərin
yazı işləri və suallar üzrə qiymətləndirmə
meyarları ilə tanış olur və yazı
işlərinə baxış
zamanı münsiflər
heyəti ilə bərabər şagirdlərə
verilən balları müzakirə edir. Hər sual 7 bal ilə qiymətləndirilir.
Şagirdlərin fərdi nəticələri
ilə bərabər komanda hesabında ölkələrin də reytinq cədvəli açıqlanır.
Azərbaycan məktəbliləri bu olimpiadada ikinci dəfədir ki, iştirak ediblər. İki gün
davam edən olimpiadada şagirdlər ümumilikdə 6 tapşırığı
cavablandırmaq üçün
öz bilik və bacarıqlarını
nümayiş etdiriblər.
Azərbaycanı riyaziyyat fənni
üzrə beynəlxalq
oimpiadalarda ilk təmsil
edən qızlarımızın
bu mötəbər bilik yarışında nailiyyət əldə etməsi təqdirəlayiqdir.
Belə ki, Cəvahir Abbasova və Nəzrin Fərziyeva Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış
Beynəlxalq olimpiadalara
hazırlıq mərkəzinin
dinləyiciləridir. Məktəblilərimizin nəticələrini uğurlu hesab etmək olar. Əvvəla
olimpiadada tapşırıqların
həll yollarını
tapmaq o qədər asan olmayıb, bunun üçün xüsusi hazırlığın
keçilməsi zəruridir.
“Nəticələrimizin
daha da yaxşı
olacağına şübhə
etmirik”
Qeyd edim ki, şagirdlərimiz
beynəlxalq riyaziyyat olimpiadalarında 5 qızıl,
27 gümüş və
63 bürünc olmaqla
95 medal əldə ediblər.
Lakin bu da bir
həqiqətdir ki, bu nəticələr sadəcə oğlanların
payına düşüb.
Son iki ildir
ki, Azərbaycanda qız məktəblilər
beynəlxalq riyaziyyat olimpiadalarına qatılır
və artıq müəyyən nəticələr
əldə etməyə
başlayıblar. Azərbaycan təhsilini
beynəlxalq aləmdə
təmsil etməyin ən vacib, əhəmiyyətli məqamlarından
biri beynəlxalq fənn olimpiadalarıdır.
Son illər bu
sahədə aparılan
məqsədyönlü işlərin
sistematik olaraq davam etdirildiyi təqdirdə nəticələrimizin
daha da yaxşı
olacağına şübhə
etmirik. Beynəlxalq fənn olimpiadalarına
hazırlıq işi
zaman, səbr, fədakarlıq, əzm, çalışqanlıq və
istedad tələb edən sahədir. Bu səbəbdən yaxın illərdə Azərbaycan məktəblilərinin
nailiyyətlərinin bugünkündən
daha yaxşı olacağına heç şübhə yoxdur.
İstedadlı, fənlərə marağı olan, çalışqan şagirdlərin
aşkar edilməsi və onlarla nəticəyönümlü işlərin
görülməsində aşağı
sinif şagirdləri arasında həyata keçirilən fənn müsabiqələrinin böyük
əhəmiyyət kəsb
etdiyini düşünürük.
Sonda qeyd edək ki, qızlar
arasında növbəti
olimpiadanın 2018-ci ilin
9-15 aprel tarixlərində
Florensiyada keçirilməsi
qərara alınıb. Şagirdlərimizə qarşıdakı dünya
bilik yarışmalarında
daha yüksək zirvələri fəth etməyi arzu edirik.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2017.- 22 aprel.- S.7.