“Sən supersən!”

 

Pərvanə ALCANOVA, Beynəlxalq musiqi yarışmasının iştirakçısı: “Həyat mənim üçün yenidən başlayır”

 

Sputnik Azərbaycan İnformasiya AgentliyiRadiosu 2016-cı ilin noyabrından 2017-ci ilin yanvar ayına kimi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda “Sən supersən!” müsabiqəsində iştirak edəcək uşaqların seçimini edib. Seçim müsabiqəyə yalnız ölkənin müxtəlif bölgələrini təmsil edən, valideyn himayəsindən məhrum olmuş 7-18 yaş arasında 37 uşaq və yeniyetmə cəlb olunub. Nəhayət, sonuncu mərhələdə qalib gələn uşaqların ifalarının səs yazıları hazırlanaraq Moskvaya göndərilib. Təqdim edilmiş 37 ifadan 11-i növbəti mərhələyə buraxılıb. “Sən supersən!” müsabiqəsində Azərbaycanı təmsil edən 17 yaşlı Pərvanə Alcanova və 12 yaşlı Xoşqədəm Mehdiyeva da seçilənlər sırasında olublar.

Beləliklə, SOS Uşaq Kəndləri - Azərbaycanın Xətai filialının on yeddi yaşlı yetirməsi olan Pərvanə Alcanova da Rusiyanın NTV telekanalı və Sputnik Beynəlxalq İnformasiya AgentliyininRadiosunun birgə layihəsi olan “Sən supersən!” beynəlxalq musiqi yarışmasına qatılıb. Fevralın 11-də start verilən layihədə Rusiya və digər MDB ölkələrinin uşaq evlərində, internat məktəblərində tərbiyə olunan, qəyyumluğa götürülmüş istedadlı uşaqlar iştirak ediblər. Müsabiqə çərçivəsində iştirakçılarla peşəkar vokal müəllimləri məşğul olub. Sevindirici hal bu idi ki, “Bakı SOS Uşaq Kəndləri”nin yetirməsinin qeyri-adi ifası daha çox yadda qalıb.

Müsabiqə haqqında söylənilən xoş sözləri istedadlı qızın öz dilindən eşitmək arzusu ilə onun təhsil aldığı Bakı Humanitar Kollecinə yollandım. Günün ikinci yarısı olduğundan tələbələr yavaş-yavaş auditoriyaları tərk edirdilər. Kimlərsə kitabxanaya, kimlərsə də evə tələsirdi. Bəzi otaqlarda hansısa mövzuların müzakirəsi eşidilirdi. Dəhlizdə dayanıb mehribancasına söhbət edən tələbə qızlara yaxınlaşıb salamlaşdım və onların arasında olan qarayanız, gülərüz bir qızla - Pərvanə ilə görüşüb söhbət etmək istədiyimi bildirdim. Bəli, NTV telekanalında gördüyüm qız bax, bu idi, utancaq, tərbiyəli, əxlaqlı qız.

Qəzetimizin növbəti nömrəsi üçün onun haqqında yazı hazırlamaq istədiyimi bildirdim. Öncə Pərvanə tutuldu. Utancaq tərzdə, - bu vacibdirmi? - söylədi. Mən bunun olduqca vacib olduğunu söyləyəndən sonra isə tərəddüd etmədən razılıq verdi. Sanki verəcəyim sualları baxışlarımdan oxuyubmuş kimi qeyri-adi fitri istedad sahibi olan bu qız özü haqda oxucularımız üçün maraqlı olacaq faktları açıqladı:

 

“3 yaşımdan Bakı SOS Uşaq Kəndində yaşamışam”

 

- 3 yaşından Bakı SOS Uşaq Kəndində yaşamışam. İnternatdan fərqli olaraq burada uşaqların bacı-qardaşları, anası və xalası olur. Hər evdə 6-7 uşaq yaşayır. Günlərimiz çox mənalı keçirdi. SOS Uşaq Kəndində uşaqlar üçün hər cür şərait yaradılıb. Orada uşaqlar asudə vaxtlarını səmərəli keçirirdilər, tez-tez rəqs, mahnı, məzhəkəli oyunlar kimi proqramlar, konsertlər təşkil olunurdu. Biz otaqda 7 nəfər qalırdıq. Çox mehriban olmuşduq. Aramızda heç vaxt ayrı-seçkilik yaşanmazdı. Orada bizə çox yaxşı baxırdılar. Anam Qəmər Şirəliyevanı lap çox istəyirəm. Hər gün o, məni dərsə yola salar, evə gələrkən gülərüzlə qarşılar, sonra isə nahar yeməyinə oturardıq. 257 nömrəli tam orta məktəbdə oxuyurdum. Dərslərimi hazırlamaqda anam mənə köməyini heç vaxt əsirgəmirdi. İstəyirdi ki, vaxtımdan səmərəli istifadə edim. Hər axşam isə öyüd -nəsihətlərini məhəbbətlə dinləyirdim. Heç vaxt anamın əziyyətini itirmərəm, mənə əsl ana qayğısı, ana nəvazişi göstərib, həmişə yaxşı oxumağımı istəyib. Hətta yay tətili zamanı onunla birlikdə Qubada istirahətdə olmuşuq. İllər ötür, mən böyüyürəm, anam isə yaşa dolur, saçlarına dən düşür, qocalır, bu məni çox kövrəldir. Mən də ona dəstək olmağa çalışıram, onu görmək üçün tez-tez SOS Uşaq Kəndinə gedirəm. Orada yaşayan oğlanlar və qızlar mənim bacı-qardaşımdır. Axı, 15 il bir yerdə yaşamışıq, dərdimiz-sərimiz bir olub. Onların hamısı ilə görüşüb həmsöhbət oluram.

Hazırda isə Gənclər Evində yaşayıram. Burada da şərait ürəkaçandır. Normal yaşayışımız və istirahətimiz tam təmin olunub. Rəhbərlik və bütün işçilər tərəfindən diqqət və qayğı ilə əhatə olunmuşuq.

 

“Uşaqlıqdan incəsənətə meyilli olmuşam

 

SOS Uşaq Kəndində rəqs dərnəyi fəaliyyət göstərirdi, həftədə üç dəfə rəqslə məşğul olurdum. Uşaqlıqdan incəsənətə meyilli olmuşam, aktyorluq sənətinə böyük marağım olub. IX sinfi bitirib imtahanlardan müvəffəq qiymətlər aldım və hazırda gördüyünüz kimi Bakı Humanitar Kollecində kitabxana informasiya təminatı ixtisası üzrə təhsil alıram. Kollecdə də müəllimlərim çox mehriban və səmimidirlər. Sağ olsunlar, mənə diqqət göstərirlər. İmtahan sessiyalarında heç bir problemim olmur. Müəllimlərimin etimadını doğrultmaq üçün mən də səylə çalışıram.

 

Müsabiqədə özümü sınadım və uğur qazandım”

 

Türk melodiyalarını çox sevirəm. Vokalla xüsusi olaraq məşğul olmamışam. Yalnız güzgü qarşısında özümya rəfiqələrim üçün mahnılar ifa etmişəm. Mən Rusiyanın NTV telekanalının və Sputnik Beynəlxalq İnformasiya AgentliyininRadiosunun birgə layihəsi olan “Sən supersən!” beynəlxalq müsabiqəsində özümü sınadım və uğur qazandım. Azərbaycanı müsabiqədə paytaxtımızdan mən və Gəncə şəhərindən Xoşqədəm Mehdiyeva təmsil edirdi. Müsabiqədə o, “Buludlar” mahnısını ifa etdi. Onun çıxışı həm münsifləri, həm də tamaşaçıları heyran etdi.

 

Musiqi karyeramı davam etdirəcəyəm”

 

...İlk çıxışım fevralın 18-də baş tutdu. “Ana” mahnısını ifa etdim və II tura vəsiqə qazandım. II turda isə “Gəl, ey səhər” mahnısını oxudum və alqışlarla qarşılandım. Mənim ifam tamaşaçılarda xoş əhvali-ruhiyyə yaratmışdı. Sevincimin hədd-hüdudu yox idi. Yeri gəlmişkən, qeyd edim ki, səhnəyə çıxanda növbəti tura çıxacağımı və yaxud vətənə qayıdacağımı bilmirdim. Mənim üçün musiqi yarışmasında iştirak etmək özü uğur qazanmaq idi. Amma layihəni tərk etdiyimə təəssüfləndim, çoxlu dostlarım vardı, onlardan ayrılmaq mənə çətin idi. Nəticəyə görə də pis olmuram, çünki həyat mənim üçün yenidən başlayır. Böyük uğurlarım qarşıdadır. Söz vermişəm ki, musiqi karyeramı davam etdirim. Çünki musiqi mənim həyatımdır. Musiqisiz yaşaya bilmərəm. O mənə ruh verir. Müsabiqədə yaşadığım anlar yaddaşımdan heç vaxt silinməyəcək. “Avroviziya-2011” müsabiqəsinin qalibi Eldar Qasımov xoş arzularını bildirərək, rəhbərlik etdiyi vokal məktəbdə oxumaq imkanı verən sertifikatı hədiyyə olaraq mənə təqdim etdikdə çox məmnun oldum. Mənə göstərilən etimadı doğrultmaq üçün daha çox çalışacağam.

 

Ana haqqında uğurlu mahnı

 seçməsi və gözəl ifası könülləri fəth etdi

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, dünya şöhrətli bəstəkar və müğənni Polad Bülbüloğlu Pərvanənin ifasını belə dəyərləndirib:

- Pərvanə Alcanovanın 17 yaşı var. O, güclü səs diapazonunafitri istedada malikdir. Onun ana haqqında uğurlu mahnı seçməsi və gözəl ifası bütün könülləri fəth etdi. Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” musiqi yarışmasında “Ana” mahnısı ilə Azərbaycanı təmsil etməsi çox doğru addımdır. Ona uğurlar arzulayıram.

...Musiqi yarışmasından sonra səfir rus dilini bilməyən Pərvanənin telekanala verdiyi müsahibəni auditoriyaya tərcümə edib. Aparıcı bu məqamda - artıq layihədə hamı maraqlanır ki, bu yaraşıqlı və gözəl qız kimdir ki, ona məhz Polad Bülbüloğlu tərcüməçilik edir, - deyə, zarafat edir. Səfirsə bu zarafata özünəməxsus tərzdə maraqlı cavab verib: “Bunun üçün gözəl səsi olan azərbaycanlı olmaq gərəkdir”.

 

“Artıq o, kollecin fəxridir”

 

Afaq Əsgərova, Mədəni-maarif şöbəsinin müdiri:

- Eşidəndə ki, Pərvanə “Sən supersən!” musiqi yarışmasına qatılıb, çox sevindik. Onu rəhbərlik, pedaqoji kollektivimiz, tələbələr təbrik etdilər və xoş arzularını bildirdilər. Pərvanə kollecdə hər cür diqqət və qayğı ilə əhatə olunub. Sakit təbiətli, mehribannizam-intizama riayət edən tələbədir. “Buta” rəqs qrupunun üzvüdür. Millidünya rəqslərini məharətlə ifa edir. Çoxlu sayda diplom və fəxri fərmanları var. İstedadlar məhz belə müsabiqələr zamanı aşkarlanır. Artıq o, kollecin fəxridir, onu qarşıda yeni-yeni nailiyyətlər gözləyir.

 

“Pərvanə uğurları ilə hamımızı sevindirəcək”

 

Könül Əliyeva, ixtisas müəllimi:

- Pərvanə Binəqədi rayonunda keçirilən tədbirlərdə həmişə öz ifası ilə hamını heyrətləndirir. “Sən supersən!” musiqi yarışmasında iştirakı isə xüsusilə qürurvericidir. Onun gözəl ifası, xarici görünüşü və gözəl səsi var. Məlahətli səsə malik olan Pərvanə özünü səhnədə inamla apardı. Oxuduğu mahnının əzəmətini hiss etdi. Həmin gün NTV telekanalında səsləndirdiyi “Ana” mahnısı məni, o cümlədən bütün tamaşaçıları kövrəltdi. O, mahnını sonadək qüsursuz ifa etdibu müsabiqə ərəfəsində ən parlaq, yaddaqalan nömrələrdən biri oldu. İnanıram ki, Pərvanə beynəlxalq festival və müsabiqələrdə ölkəmizi layiqincə təmsil edəcək və uğurları ilə hamımızı sevindirəcək.

 

Onun parlaq gələcəyinə Günəşin

varlığına inandığım qədər əminəm

 

Pedaqoji şöbənin müdiri Talıb Zülfiyev:

- Ümumiyyətlə, bu təhsil ocağında bütün tələbələrə məhəbbət aşılanır, heç kim də diqqətdən kənarda qalmır. Biz, necə deyərlər, bir ailə şəraitində fəaliyyət göstəririk. Burada kimsə doğma, kimsə ögey ola bilməz. Pərvanə isə öz istiqanlılığı , çalışqanlığı ilə tələbə yoldaşlarından fərqli istedad və bacarığı ilə hamımızın sirdaşına çevrilib. Az-az tələbə tapılar ki, təhsil aldığı məkanda bu qədər tanınsın, eyni zamanda hamı da onu sevsin - tələbə yoldaşları da, müəllimləri də. Bax, Pərvanə belə xoşbəxt tələbələrimizdəndir. Onun parlaq gələcəyinə Günəşin varlığına inandığım qədər əminəm.

Talıb müəllimin Pərvanə haqqında söylədiyi “Onun parlaq gələcəyinə Günəşin varlığına inandığım qədər əminəm” ifadəsi bu yazının son cümləsi deyil, Pərvanənin gələcəyi haqqında ümid dolu ilk nida oldu, sevinc, ümid dolu bir nida...

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 29 aprel.- S.8.