Görkəmli oftalmoloq alimin

xatirəsinə musiqi çələngi

 

Onu Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin tələbələri ərməğan edib

 

Bəzən deyirlər ki, bizim həyatdan gedən müqtədir ifaçılarımızı, tar, kaman, qarmon, qaboy ustalarımızı əvəz edən, onlar kimi sənətinin zirvəsinə ucalanlar daha çətin ola. Habillər, əhsənlər, zakirlər bir də çətin yetişə. Əlbəttə, belə deyil. Və bunun belə olmadığına əminlik üçün elə bircə dəfə Milli Konservatoriya nəzdində Musiqi Kolleci tələbələrinin konsertində iştirak etmək kifayətdir. Kollecin müxtəlif kurslarında oxuyan istedadlı tələbələrin ifalarını elə bircə dəfə dinləmək bəs edər ki, onların gələcəkdə sənətimizin habilləri, əhsənləri, zakirləri olacağına inanasan. Əminəm ki, kollecin say-seçmə tələbələrinin aprelin 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında verdikləri növbəti konsertin zaldolusu dinləyici - tamaşaçıları da elə bu fikirdə olarlar.

Nəsimi Rayon İcra Hakimiyyəti ilə Musiqi Kollecinin birgə təşəbbüs və təşkilatçılığı ilə keçirilən konsert görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuşdu. Konsertdən öncə təşkilatçı qurumların rəhbərləri söz söylədilər.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov akademik Zərifə Əliyevanın həyat yolundan, alim, həkim kimi xalqımız, dövlətimiz qarşısındakı xidmətlərindən, tibb elmimizə verdiyi töhfələrdən danışdı, ulu öndərimizə sədaqətli həyat yoldaşı və sirdaş olduğunu xatırlatdı. Dedi ki, xalqımız özünün görkəmli alim qızının xatirəsini daim əziz tutur, anadan olmasının ildönümlərində ölkənin hər yerində, eləcə də rəhbəri olduğu rayonda silsilə tədbirlərlə yad edilir. Asif Əsgərov son günlər rayonun bir neçə tədris müəssisəsində Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş maraqlı tədbirlərdə iştirak etdiyini, həmin tədbirlərin təşkili və məzmunundan razı qaldığını vurğuladı. Musiqi Kolleci tələbələrinin hazırladıqları konsert proqramını da bu tədbirlər silsiləsində dəyərli halqa olduğunu qeyd etdi.

Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov konsert iştirakçılarını salamladı, qonaqları təqdim etdi. Keçirdikləri bir çox tədbirlərə rayon icra hakimiyyətindən dəstək aldıqlarını deyən Nazim müəllim kollecin beynəlxalq musiqi tədbirlərində uğur qazanmış tələbələrinin icra hakimiyyəti tərəfindən mükafatlandırıldığını da diqqətə çatdırdı. Professor Nazim Kazımov kolleclərinin təxminən 200 tələbəsinin qatıldığı bu konsert proqramının insanlara nur bəxş edən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum gününə həsr olunduğunu, tələbələrin tədbirə hazırlaşmasında, ümumiyyətlə, onların böyük ənənələri olan kollecdə sevib-seçdikləri sənətlərinin incəliklərinə yiyələnməsində müəllimlərin böyük rolu olduğunu bildirdi. Nəzərə çatdırdı ki, son illər kollecin məzunlarından 50 nəfərdən çoxu beynəlxalq və respublika müsabiqələrinin laureatı olmuş və hazırda kollecdə öz müəllimləri ilə çiyin-çiyinə çalışır.

Konsert kollecin simli alətlər orkestrinin çıxışı ilə başladı. Soltan HacıbəyovunSkertsoəsəri ifa olundu. Ardınca beynəlxalq müsabiqələr laureatı, IV kurs tələbəsi Günel Ələkbərli Asəf ZeynallınınMuğamsayağı”sını tamaşaçılara təqdim etdi. Digər bir beynəlxalq müsabiqə laureatı Kazım Nicat Fəxri əməkdar incəsənət xadimi Əlibala Rzayevin müşayiəti ilə Sevil Əliyevanın “Ana” mahnısını oxudu. Akademik Zərifə Əliyevaya həsr olunmuş mahnıda mehriban, qayğıkeş, övladları üçün günəş kimi yanan ana tərənnüm olunur. “Muğam-2017” televiziya müsabiqəsinin iştirakçısı, III kurs tələbəsi Nərgiz Nuriyevanın ifa etdiyi “Qatar təsnifialqışlarla qiymətləndirildi.

Konsertdə daha sonra proqrama uyğun olaraq kollecin nəfəs zərb alətləri orkestrinin, xalq çalğı alətləri ansamblının, xor kollektivinin ifalarında bir-birindən maraqlı nömrələr tamaşaçılara təqdim olundu. Tələbələr Azərbaycan dünya bəstəkarlarının əsərlərini özlərinə məxsus ustalıqla məharətlə ifa etdilər. Çoxunun böyük səhnədə ilk çıxışı olan tələbələrin ifaları tamaşaçı auditoriyası tərəfindən hər dəfə alqışlarla qarşılandı. Beləcə kollec daha bir uğurlu konsert layihəsini öz tarixinə yazdı.

Sonda onu da qeyd edək ki, konsertdə kollecin müəllim tələbə heyəti ilə yanaşı çoxlu sayda qonaq - Təhsil Nazirliyinin Elm, ali orta ixtisas təhsili şöbəsinin müdir müavini Kərim Mikayılov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Asəf Zamanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, tanınmış incəsənət ustaları, media təmsilçiləri iştirak edirdilər.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2017.- 29 aprel.- S.10.