Finlandiya təhsil modeli:
mif, yaxud reallıq?
Orta təhsilin əsas məqsədi
uşaqları həyata hazırlamaqdır
Otuz il əvvəl Finlandiyanın təhsil sistemindən
nəinki kimsə söz açırdı, bu mövzu
heç diqqət mərkəzinə belə layiq deyildi. Bu gün isə dünyada ən effektiv təhsil
sistemlərindən biri sayılır. İndi onu nəinki
öyrənir və təqlid edirlər, tənqid etməyə
cəhd belə göstərmirlər: göz önündə
nüfuzlu reytinqlərin nəticələri var. XXI əsrin
ilk onilliyində Finlandiya dünyanın təhsil sahəsində
əsas monitorinq - PISA-nın sıralamasında ən öndə
yerləri tutmağa müvəffəq olub.
Hətta ən
sərt tənqidçilər belə qəbul edirlər ki, bu
təhsil sisteminin mühüm özəlliyi “relaxed”, yəni
rahat olmasıdır. Düzdür, onu da əlavə edirlər
ki, bu sistem nəinki “relaxed”, hətta “too relaxed”, yəni həddindən
artıq rahatdır. Ekspertlərə görə,
Finlandiya özünün təhsil sistemini qurarkən ideya
antipodu olan Çin mədəniyyətindən bir
müdrikliyi əxz etmişdi. Söhbət
Şərq döyüş üslublarında tətbiq edilən
“diqqətin rahat konsentrasiyası” fəlsəfəsindən
gedir. Maksimal effektivliyi əldə etmək
üçün gərginliyə ehtiyac yoxdur, axı gərginlik
stress deməkdir ki, bu halda orqanizmin əsas vəzifəsi
inkişafa deyil, xilasa yönəlir.
Uğurun sirri
Humanizm prinsiplərinə, iştirakçıların bərabərliyi
və qarşılıqlı hörmətinə əsaslanmış
prosesə söykənən əlverişli mühit. Fin uğurunun istinad nöqtəsi
bax budur. Sən demə, psixoloji təhlükəsizlik,
azad imkanlar mühitinin yaradılması və fərdiliyə
tək-tək yanaşma uşaqlarda elə bir potensial
formalaşdırır ki, ümummilli səviyyədə
ölçüyəgəlməz miqyaslarda ecazkar nəticələrə
səbəb olur.
Ancaq onu
da gizlətmək olmaz ki, Finlandiyanın özündə belə
bu sistemə dair eyforiyanı bölüşməyənlər
də var. Bir sıra yerli mütəxəssislər bu qənaətdədirlər
ki, təhsil sisteminin ünvanına söylənilən təriflərin
cəmi 75 faizi həqiqəti əks etdirir, yəni tam
qüsursuzdur demək ədalətsizlik olardı. Güman ki,
narazılıqların əsası da var: Finlandiya təhsil
sisteminin əsas missiyası uşaqları orta səviyyəyə
daşımaqdır. Yəni, bu prosesdə əsas
ağırlıq ona salınır ki, geridə qalanları
orta həddə çatdırmağa müvəffəq
olunsun. Bəs onda orta həddən
yuxarı potensialı olan uşaqlar? Onlar
necə olacaq? Axı anadangəlmə əlahiddə
istedada malik uşaqlar da var!
Xatırlayırsınızsa,
sovet təhsil sistemində yekun qiymət olaraq “2”-nin yazılması istisna idi. Ona
görə yox ki, müəllimlərin hamısı belə
diqqətli və mərhəmətli idilər, sadəcə,
yekun mənzərəni pozmaq istəmirdilər.
Finlandiyada bu yekun mənzərə söhbətinə o qədər
də önəm verən yoxdur: başlıca məqsəd
uşağı orta səviyyəli savada sahib etməkdir.
Uşaq geridə qalırsa, onu “qaldırmaq” üçün
tələb olunan nə varsa ediləcək - əlavə
hazırlıq kurslarının təşkilindən tutmuş
ev işinin hazırlanmasında köməyədək.
Di gəl ki, əgər uşaq həmin o orta səviyyədən
yuxarı göstəricilərə malikdirsə, verilən
proqramı asanlıqla həzm edirsə, bax bu halda sistemin
çatışmazlıqları kimi qələmə verilən
həmin o 25 faiz ortaya çıxır. İstedadlı
uşaq lazım olan və daşıya biləcək qədər
“yüklənmir” və bu halda əsas missiya valideynlərin
üzərinə düşür. Deyilənə görə,
xüsusilə iri şəhərlərdə və paytaxtda
tibb və hüquq sahəsində karyera qurmaq istəyən
uşaqlar üçün əlavə repetitorlar tutulur və
qiymətləri də o qədər ucuz olmur: saatı 40-60
avro!
Finlandiya cəmiyyətinin əsas üstünlüklərindən
biri budur ki, problem ortaya çıxarkən onu ən geniş
müzakirələr vasitəsilə həll etməyə
çalışırlar. Çətinliyin peyda
olması kifayətdir ki, müzakirəsi üçün
qızğın diskussiyalar açılsın. Özü də müəllimlər “yuxarı”dan
göstəriş gözləyən deyillər,
nöqsanın neytrallaşdırılması prosesi elə məktəblərdən
başlayır.
Təbii
ki, mürəkkəb vəzifələrin çözülməsinə
dair sistemli yanaşma olmasaydı, bu təhsil sistemi dünyada
belə əks-sədaya səbəb ola
bilməzdi.
Fin tapmacası
Əlbəttə, mövzumuz olan təhsil sisteminin
özəllikləri barədə çox danışmaq olar. Ancaq dünyada səs-küy
yaratmış tədris proqramından danışarkən
ortaya ən vacib və bəlkə də əsas sual
çıxır: axı necə olur ki, gündə 3-4 saat dərs
keçən (nahar vaxtı da buraya daxildir), ev işi ilə
“yüklənməyən”, həftədə maksimum 20 saat dərsdə
olan fin uşaqlar dünyada ən yaxşı nəticələri
göstərirlər? Finlandiyalı müəllimlər
sirr saxlamağı sevmirlər və təcrübələrini
həvəslə bölüşürlər.
Məsələ burasındadır ki, dünyanın istənilən
ölkəsində olduğu kimi, Finlandiyada da təhsil
sistemini bütöv cəmiyyətdəki ab-havadan kənarda təsəvvür
və tədqiq etmək mümkün deyil. Bu cəmiyyətdə
münasibətlər elə mükəmməl qurulub ki, “relaxed”
təhsil sisteminin nəticə verməyəcəyini gözləməyə
dəyməzdi. Aşağıda
Finlandiyada orta təhsilin mərhələlərinə
toxunacağıq, ancaq bir cümlə ilə fikrimizi
yekunlaşdıraq ki, bu ölkədə tədris
proqramının məqsədi uşaqlardan dahi düzəltmək
deyil, onları həyata hazırlamaqdır.
Beləliklə,
Finlandiyada orta təhsil iki mərhələyə
ayrılır:
1.
Aşağı (alakolu) - 1-6-cı siniflər;
2.
Yuxarı (ylakolu) - 7-9-cu siniflər.
Sonra gəlir 10-cu sinif. Bu sinif o uşaqlar
üçündür ki, onlar öz biliklərini təkmilləşdirmək
və dərinləşdirmək istəyirlər. Bunun ardınca professional kollec, yaxud lisey (lukio) gəlir.
Lukio bizim anlamımızda 11-12-ci siniflərdir.
Fin məktəbləri mərhələli yüklənmə
xəttini seçiblər, 9 il uşaqlara ən
vacib və ümumi biliklər verilir. O uşaq ki,
oxumağı sevir və istəyir, “lukio”nu seçir. Fikrimizcə, fin təhsil sisteminin ən mühüm
xətti, belə demək mümkündürsə, səddi məhz
lukio və ya professional kolleclə 9-cu sinif arasından
keçir. finland.fi internet resursunda
Finlandiya məktəblərinin 7 mühüm prinsip üzərində
qurulduğu vurğulanır:
1. Məktəblərin,
predmetin, valideynlərin, şagirdlərin, müəllimlərin
BƏRABƏRLİYİ. Burada uşaqla
böyüyün hüquqlarının bərabərliyini
xüsusi vurğulamağa əlavə ehtiyac var.
2. Məktəbdə
naharın, muzeylərə ekskursiya və sinifdənkənar fəaliyyətin,
nəqliyyatın (məktəb 2 km-dən uzaqdırsa,
uşağın arxasınca “məktəb taksisi” gəlir), dərsliklərin,
bütün dərs ləvazimatlarının PULSUZ olması.
3.
FƏRDİLİK. Uşaqlara personal yanaşma
mövcuddur, bir dərs vaxtı fərqli uşaqlara fərqli
çalışmalar verilə bilər. Getdikcə
bu çalışmalar mürəkkəbləşir, əgər
uşaq onun öhdəsindən gəlmirsə, müəllim
ona kömək edir.
4.
PRAKTİKLİK. Finlandiya müəllimləri deyirlər: “Biz
ya həyata hazırlaşdırırıq, ya da imtahanlara. Biz birincini seçirik”. Fin məktəblərində
imtahan yoxdur. Yalnız bir test var, o da orta məktəbi bitirəndə.
Özü də nəticə o qədər də
önəmli deyil. Prinsip budur: nə var,
yaxşıdır!
5.
ETİMAD. Uşaqlar dərsdə azaddırlar.
Əgər tutaq ki, ədəbiyyat dərsində
hansısa tədris filminə baxılır və bu, uşaq
üçün maraqlı deyilsə, açıb
kitabını oxuya bilər.
6.
KÖNÜLLÜLÜK. Kim istəyir, o da
oxuyur. Uşağın dərsə
marağı yoxdursa, hansısa praktiki işə maraq
oyadılır. Finlər deyir: “Hər kəs təyyarə
düzəltməyəcək ki, avtobus sürmək istəyənlər
də var”.
7.
MÜSTƏQİLLİK. Finlandiyada hesab edirlər
ki, məktəbin əsas vəzifəsi uşağı
müstəqil həyata öyrətməkdir. Hər şey onsuz da kitabda var. Uşağı
internetdən, kompüterdən istifadəyə öyrətmək,
cari problemlərin həllinə hazırlamaq lazımdır.
Yeri gəlmişkən, müəllimlər
uşaqlar arasındakı münaqişələrə də
müdaxilə etmirlər. Həlli
uşaqlar özləri tapmalıdırlar.
Bacarmırsan, öyrədərik.
İstəmirsən, sənin
problemindir
Finlandiyada müəllimin uşağa nəyi öyrədəcəyinə
dair səhih planı var, ancaq bunu necə edəcək,
artıq öz seçimidir. Tutaq ki, predmetlərin
kombinasiyalı tədrisi yolunu götürək. Məsələn,
tarix dərsinə aid mövzu: Çaldıran
döyüşü. Bu mövzu sırf tarix dərsinin
müzakirə obyekti olmur. Döyüş və onun nəticəsindən
doğan tarixi, iqtisadi, mədəni və s. məqamlar
diskussiya obyektinə çevrilir. Uşaq isə
öz istədiyini “götürür”. Bir dərsdə təbiətşünaslıq
ədəbiyyat və ana dili ilə, riyaziyyat isə incəsənətlə
araşdırma mövzusu ola bilər.
Sovetlərdə
“Bacarmırsan, öyrədərik. İstəmirsən,
məcbur edərik”, yaxud Amerikada “Bacarmırsan, sənin
problemindir. İstəmirsən, o da sənin problemindir”
şüarları Finlandiyada aşağıdakı kimidir:
“Bacarmırsan, öyrədərik. İstəmirsən,
öz problemindir”.
Fin məktəblərindən
söz düşərkən, ayrıca olaraq xarici dil tədrisinə
fikir vermək lazımdır. Finlandiya məktəbliləri
əsl poliqlotdurlar. Təsadüfi deyil ki,
Finlandiya dünyada ən yaxşı ingilis dilində
danışan 7 ölkədən biridir. Beləliklə,
xarici dili 3-cü sinifdən öyrətməyə
başlayırlar. Hər bir uşaq istədiyi
dili özü seçə bilər (ingilis, fransız, alman),
ancaq bunun üçün 12 nəfərdən ibarət qrup
formalaşmalıdır. Əgər
seçilən dil qeyri-ingilis dilidirsə, 4-cü sinifdə bu
dil artıq məcburi olaraq keçilir. Bir
çox direktor hesab edir ki, ingilis dili ikinci ana dilidir. Hətta üçüncü. Çünki
Finlandiya əhalisinin 6 faizi isveçli olduğundan,
İsveç dili də ana dili statusuna malikdir. 8-ci sinifdə uşaq daha bir dil seçməlidir.
Bu, adətən, ispan, rus və ya çincə
olur. Bununla da uşaq orta məktəbi poliqlot kimi bitirir:
iki ana və 3 xarici dil. Ekspertlərin fikrincə, fin məktəblilərinin
xarici dil qavramalarında televiziyanın da mühüm rolu var.
Belə ki, proqram və filmlər heç bir dublyaja məruz
qalmırlar: hansı dildə çəkiliblər, o dildə
də nümayiş etdirilirlər.
Finlərə çoxlu Eynşteyn
lazım deyil
İstənilən təhsil sistemi mövcud və parçası olduğu cəmiyyətin məqsədlərinə xidmət etməlidir. Finlandiyada isə sistem olduqca praqmatikdir: ehtiyacı olmayan nəyəsə pul xərcləməyi sevmir. Təhsil haqqında media-layihə "Newtonew" qeyd edir ki, Finlandiyada hamını Eynşteyn etməyə ehtiyac yoxdur, məqsəd uşağı professional həyata hazırlamaqdır. Yüksək səviyyəli mütəxəssislər - həkimlər, hüquqşünaslar, alimlər məhdud və tələb olunan sayda olmalıdırlar. Xəzinədarlara, satıcılara, təmizlik işçilərinə, tibb bacıları və santexniklərə isə postindustrial cəmiyyətlərdə daha çox ehtiyac var. Bu peşələrsiz sivil cəmiyyətin özü də tezliklə insani simasını itirmiş olar.
Sosiumun yaşaması üçün rəngarənglik lazımdır. Onu təmin etmək üçünsə, hamının ali təhsilə malik olması vacib deyil. Möhkəm intellektual, orta səviyyə və savadlı humanist dəyərlər daha önəmlidir. Daha çoxunu əldə etmək üçün daha böyük potensial və istək olmalıdır. Finlandiya təhsil sistemi də məhz bunu təmin edir.
Sonda daha bir vacib məqama toxunaq. Bəzi mənbələrin verdiyi məlumata görə, qonşu Türkmənistan təhsil sistemini qurarkən Finlandiya modelinə önəm verir. Ancaq bu, özünü doğruldacaq, ya yox, zaman göstərməlidir. Axı bir mentalitet amili də var. Hər halda istənilən sistem və ya proqram gec-tez öz məhsulunu verməlidir: Yaponiyada uşaqları o qədər “yükləyirlər”, demək olar ki, tətil üçün vaxt qalmır. Ancaq Yaponiya texnologiya nou-hauları sahəsində dünyanın ən qabaqcıl ölkələrindən biridir...
Rüstəm
QARAXANLI
Azərbaycan müəllimi.- 2017.-
29 aprel.- S.7