Məktəblinin dərsliyi və müəllifi...

 

Əvvəlcə oğlumla dərs oxuduq. Sonra keçdik çantasını səliqəyə salmağa. Azərbaycan dili fənni üzrə:

- əsas fənn kitabı

- dəftəri

- qiymətləndirmə kitabı

- TQDK-nın test hazırlığı kitabı

- qaydalar dəftəri

- tapşırıq dəftəri

- inşa-ifadə dəftəri

Bu, son deyildi. Az fərqlə ingilis dili, coğrafiya, riyaziyyat, informatika, rus dilitarix dərsliklərinə görə də xeyli dərs vəsaiti topladıq çantaya. Müxtəlif fənn kitablarını dəyişmək şərti ilə demək olar ki, o, hər gün 6-7 dərs saatı üçün eyni həcmdə və çəkidə kitab-dəftəri yığır çantasına, bütün uşaqlar kimi. Ağırlığı əllə götürəndə belə hiss olunan çantanı maraq üçün tərəzidə çəkdik. 12.5 kiloqram.

Deməli, mənim, bizim məktəbli uşaqlarımız, məsələn, 5-6-cı sinif şagirdləri hər gün məktəbə və evə üst-üstə 25 kq. yüklə gedib-gəlir. Ən ağrılı məqamsa budur ki, o sadalanan əlavə kitabların yarıdan çoxunun dərs ili müddətində qatı belə açılmır. Bəli, bu başqa söhbətin mövzusudur, amma bütün bu deyilənlər bizi daha böyük hədəfə aparır. O üzdən tələsməyin, görək bu ilk mənzərə bizə nə verir?

Bədən çəkilərinə uyğun olmayan yüklənmə uşaqların sağlamlığına ziyan vurur. Yaxşı, deyək ki, çantaları bəzi hallarda onların əvəzinə biz daşıyırıq, onları əlavə kiloqramdan xilas edirik hərdən. Ancaq bu, hərdən olur, həmişə olmur axı. O üzdən çox keçmir ki, uşaqlarda onurğa sütunu, görmə qabiliyyətinin zəifliyi və sinir sistemi problemləri ilə üz-üzə qalırıq. Həm valideyn, həm məktəb, həm də aidiyyəti dövlət qurumu olan Təhsil Nazirliyi, ən vacibi isə məktəbli olaraq.

Bəli, bu gün bu problemin aradan qaldırılması istiqamətində nazirliyin ciddi tədbirləri var. “Sağlam təhsil-sağlam millət” layihəsi məhz təhsilalanların fizikizehni inkişafını sürətləndirmək, dərs prosesini yüngülləşdirmək üçün ən yüksək səviyyədə icra olunur. Amma bu layihə bütünlükdə respublikanı əhatə edə bilmir. Deməli, problemin də üstünə bütünlükdə gedə bilmirik. O üzdən məsələyə daha bir bucaqdan baxış tələb olunur. Tutalım ki, min bir əziyyət, sağlamlığına dəyən ziyanla məktəbli həmin kitabları gün ərzində evdən məktəbə, məktəbdən də geri, evə daşıyır. Bu qədər yükə baxıb düşünürsən ki, əcəba, uşaqların hər gün kürəyində daşıdığı o kitabların arasında nə var?! Hansı səviyyədə və keyfiyyətdədirlər?

Bu sualın da cavabı var, amma əvvəlcə kitabların hazırlanması üçün çoxunun bilmədiyi prosedura diqqət edək.

İstənilən fənn kitablarının hazırlanması ilə bağlı Təhsil Nazirliyi əvvəlcə açıq tender elan edir. Müəyyən olunmuş vaxt üzrə nəşriyyatlar konkret fənlərə dair hazırladıqları dərs kitabları və metodik vasitələri təqdim edirlər. Müəllifin adı açıqlanmamaq şərti ilə. Kitabları Tender Komissiyası təhvil alır. Tender Komissiyası öz növbəsində bu kitabları Dərslikləri Qiymətləndirmə Şurasına verir. Dərslikləri Qiymətləndirmə Şurasında hər bir dərslik ayrı-ayrılıqda qiymətləndirilir. Dərsliklər qiymətləndirilməsi üçün Dövlət İmtahan Mərkəzinə də göndərilir. Qiymətləndirmə Şurasının və Dövlət İmtahan Mərkəzinin verdiyi ballar əsasında orta bal müəyyən edilir. Dərslik və metodik vəsait keçid balını toplayırsa, onda qalib hesab olunur. Əgər toplamırsa, təbii olaraq prosesdən kənarda qalır.

Verilməsi mümkün olan ballara gəlincə, dərslik vəsaiti üçün maksimum bal 100-dür. Mərhələni keçmək üçün keçid balı 80 müəyyənləşdirilib. Metodik vəsaitlər üçün maksimum bal 40-dır. Keçid balı 32 nəzərdə tutulub.

Yeri gəlmişkən, prosesə heç bir mərhələdə Təhsil Nazirliyininbirbaşa, nə də dolayısı ilə müdaxiləsi mümkün deyil. Çünki adıgedən qurumlar nazirlik nəzdində yaradılsa da, fəaliyyətlərini yönəltmək nazirliyin səlahiyyətləri xaricindədir. Yəni, Təhsil Nazirliyinin kitab çapı və müəlliflər məsələsinə dair hazırkı vəziyyəti təxminən belədir: qurum narazı valideyn, şagird, məktəb, nəşriyyat və müəlliflər arasında qalıb. Onu da qeyd eləmək lazımdır ki, sadalanan tərəflərdən daha ağır durumda olanı da elə Təhsil Nazirliyidir. Çünki kitabların hazırlanması prosedurundan sıravi vətəndaşın xəbəri yoxdur. Əslində, bu prosesi həmin vətəndaş dərindən bilməyə borclu da deyil. İnsanları keyfiyyətli nəticə maraqlandırır, vəssalam!..

Bu gün ortada olan nəticəni, yəni dərslikləri isə qənaətbəxş saymaq olmaz. O üzdən hər kəs, həm də ən kəskin formada məhz nazirliyi qınayır. Çünki faktoloji olaraq dərslikləri məhz məktəblər uşaqlara çatdırır. Amma oturub araşdıra bilmir ki, məsələn, bəzi kitablarda Azərbaycanın böyük sənət və ədəbiyyat adamlarından daha çox Amerikanın cizgifilm qəhrəmanı Betmenə yer verilir. Ya da ki, məsələn, 6-cı sinfin Azərbaycan dili kitabına baxanda anlaya bilmirsən, bu, dilin qrammatikasını öyrədən dərs vəsaitidir, yoxsa ədəbiyyat və ya tarix dərsliyidir. Tutalım kimin ağlına gələr ki, dərslik müəllifi 2-ci sinif Azərbaycan dili kitabına uşaq şeiri sala bilər. Özübu bəndlə:

Ermənilər qoymadı

Laçına, Kəlbəcərə

Şaxta babayla qar qız

Gəlib çıxdı şəhərə...

Dərsliklərin ən ciddi problemlərindən biridil qüsurlarının çoxluğudur. Məsələn, 2-ci sinif “Həyat bilgisi” dərsliyində xeyli sayda 3-4 sətirlik cümlələrə rast gəlmək olur. Bu qədər qəliz cümlə quruluşunu bəzi hallarda böyük adamlar anlaya bilmir. Sual olunur ki, məsələn, yeddi yaşlı uşaq bu cümləni beynində necə bölsün, necə qavrasın və geri, müəllimə necə qaytarsın?

Bu kimi qüsuruyğunsuzluqlara tədris vəsaiti kimi istifadə edilən əksər dərsliklərdə rast gəlmək mümkündür. Bu isə nazirliyin, nəşriyyatların olduğu qədər, bəlkə daha da artıq müəlliflərin problemidir. Daha dəqiqi, müəllif qıtlığının göstəricisidir. Əslində, kimdir dərslik müəllifi? Onun görməli olduğu nə dərəcədə ciddi işdir?

Başlayaq ondan ki, dərslik müəllifi kim olmalıdır? O, ölkəsinin təhsil strategiyasını dərindən bilən, uşaq psixologiyası barədə geniş təsəvvürü olan, ən vacibi, milli qüruru və şəxsiyyəti ilə fərqlənən, eyni zamanda, dərslik hazırlanması prosesində bütün sadalananları ən sadə dildə çatdırmaq bacarığı olan biridir. O, dərs kitablarının sistemli təqdimatçısıdır. Bir sözlə, dövlət qədər onun gələcəyindən narahat olmağı bacaran biridir. O, öyrədəni də, öyrənəni də yönəldəndir.

Yuxarıda sadalanan faktlarsa göstərir ki, bu gün Azərbaycanda ciddi şəkildə dərslik müəllifi qıtlığı var. Dünya təcrübəsində dərsliklərin hazırlanmasında ali təhsil müəssisələri fəal iştirak etsələr də, bizdə universitetlərdə bu məsələ arxa plandadır. Milli Elmlər Akademiyası da prosesdən kənarda qalmağa üstünlük verir.

Amma digər tərəfdən, müəllif qıtlığı varmı sualını da verməli olursan. Yəni, ola bilər ki, müəllif qıtlığı həm də süni yaradılsın. Çünki ortada həm də konkret biznes maraqları var. Deməli, təbii olaraq kitab və müəlliflik məsələlərində həm də mübarizənin ən müxtəlif formaları ola bilər.

Ancaq bu da zaman-zaman araşdırılıb həllini tapacaq məsələlərdəndir. O zamana qədərsə bizlər üzümüzü uşaqlara tutub “əlinizdəki kitablara möhkəm sarılın, əziz məktəblilər, çünki oxumaqdan başqa bir yol varsa, o da elə oxumaqdır” deyək...

 

Jalə MÜTƏLLİMOVA

 

Azərbaycan müəllimi.- 2017.- 29 aprel.- S.5.