Azməsrəfli, asan daşınan və

istənilən relyefdə quraşdırılan

 

Qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir

 

Ölkə üzrə qəzalı məktəblərin modul tipli məktəblərlə əvəzlənməsi davam etdirilir. Ötən ilin sentyabrında regionların sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 məktəb təhvil verilib. Bunlardan biri İsmayıllı, digəri Göyçay, üçüncüsü isə Lənkəranda inşa edilib.

Bu məktəblərlə tanış olmaq üçün Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən mediatura bizqoşulduq. Səfərimiz İsmayıllı və Göyçay rayonlarının ucqar kəndlərinə idi.

Məlumat üçün deyək ki, 2017-2018-ci illərdə 232 modul tipli məktəbin quraşdırılması planlaşdırılıb. Cari ilin sonuna qədər isə 100 belə məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. Mayın sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub. Bundan başqa, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblər də quraşdırılacaq.

“İsmayıllı rayonunun Yenikənd kəndində tikilən məktəb ilk modul tipli təhsil ocaqlarındandır”. Bu barədə danışan Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd olunub ki, həmçinin bu cür məktəblərin istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur.

İsmayıllının daha iki dağ kəndində belə məktəbin tikintisi nəzərdə tutulub.

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin müdir müavini Fərhan Əliyev isə deyib ki, modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilib: “Məktəblər istilik sistemisanitar qovşaqlarla təmin olunub. Bir məktəb, təxminən, 30-35 günə inşa olunur. Hər bir məktəbin tikintisində 20-25 nəfərdən ibarət yerli mühəndislər və ustalar çalışıb. Təbii ki, bu, məktəbin sinif otaqlarının sayından və böyüklüyündən asılıdır. Bu məktəblərin tikintisi rayonlarda, ucqar kəndlərdə yeni yerlərinin açılmasına da təkan verib. Tikintidə istifadə edilən bütün məhsullarla bağlı Fövqəladə Hallar Nazirliyindən sertifikat alınıb və tam etibarlıdır”.

 

9 şagirdin təhsil aldığı məktəb

 

Səfər çərçivəsində ilk olduğumuz modul tipli məktəb İsmayıllı rayonunun Yenikənd kənd ümumi orta məktəbidir. 9 şagirdin təhsil aldığı məktəb 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşağından ibarətdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 7 müəllim məşğul olur.

Məktəbdə əsl bayram əhvali-ruhiyyəsi vardı. Yeni məktəbin rahat şəraiti şagirdlərin üzlərindəki təbəssümdən belə hiss olunurdu.

Yerli sakinlərlə söhbətimiz zamanı bildirdilər ki, kənd dəniz səviyyəsindən 1000 metrə yaxın hündürlükdə yerləşir. Kəndin 150-yə yaxın sakini var. Ucqar ərazidə yerləşməsinə baxmayaraq, şagirdlərin təhsilə marağı yüksəkdir.

 

Uzun müddət şəraitsiz bir məktəbdə işləmişik”

 

Yenikənd kənd ümumi orta məktəbinin direkoru Gülağa Abbasov bildirib ki, təhsil müəssisəsi üçün modul tipli məktəb binasının inşasını kənd əhalisi sevindirici hadisə kimi qarşılayır. Belə ki, uzun müddət köhnə, uçuq, şəraitsiz bir məktəbdə işləyiblər: “Köhnə məktəbin binası 1950-ci ildə tikilib. 1993-cü ilə kimi müxtəlif inzibati binalar kimi fəaliyyət göstərib. 1993-cü ildən bu günə kimi isə Yenikənd kənd ümumi orta məktəbi olub. Kəndimiz rayon mərkəzindən, təxminən, 25 km məsafədə yerləşir. İsmayıllının ucqar kəndində belə bir şəraitli məktəbin olması bizlərə böyük diqqətdir. Məktəbimizdə 9 şagird, 7 müəllimimiz var. Kəndə qayıdış olduğuna görə get-gedə əhali çoxalır. Xüsusən də cavan ailələrin kəndə gəlişini müşahidə edirik. Uşaqlar bu məktəbdə IX sinfə qədər oxuyur, X-XI siniflər isə təhsilini davam etdirməyə qonşu - Aşıqbayramlı kəndinə, İsmayıllı rayonunun mərkəzinə gedirlər”.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Abbasova qeyd edib ki, Azərbaycanın hər hansı bir ucqar kəndində belə bir yüksək şəraitlə təmin olunmuş məktəb binası inşa edilirsə, bu, ölkəmizin qüdrətli və güclü olmasından xəbər verir:Uçqun bir məktəbdə torpağın üstündə dərs keçmişik. Bu gözəl şəraitlə təmin olunmuş məktəbin inşasına görə cənab Prezidentimizə minnətdarıq. Köhnə kənd məktəbimiz həqiqətən də pis vəziyyətdə idi. İstər şagirdlər, istərsə də müəllimlər dərs prosesində əziyyət çəkirdilər. Kəndimiz dağların qoynunda yerləşir. Olduqca səfalı, gözəl, mənzərəli kiçik kənddir, məktəb də elə böyük deyil. Amma insanları gözəl, ürəkləri də genişdir. Şagirdlərimiz də oxumağa çox həvəslidir”.

 

“Səhər açılan kimi işıqlı sinif

otağımıza getməyə tələsirik”

 

VIII sinif şagirdi Ramilə Hüseynova yeni məktəbin onların təhsil almalarına müsbət təsiri haqda danışıb: “Məktəbimiz çox xoşumuza gəlir. Köhnə məktəbimizdə şərait çox pis idi. Məktəbin sinif otaqlarının döşəmələri çürüdüyündən torpağın üstündə dərs keçmək məcburiyyətində qalırdıq. Sinif otaqları isə qaranlıq və soyuq idi. Tavandan isə torpaq tökülürdü. Yeni, səliqə-sahmanlı olan bu məktəbimiz isə çox gözəldir. Sinif otaqlarımız səliqəli, işıqlı və istidir, müasir görünüşü ilə zövq oxşayır. Köhnə məktəbimiz pis, şəraitsiz olduğuna görə məktəbə gəlmək həvəsimiz olmurdu. İndi isə, əksinə, səhər açılan kimi işıqlı, gözəl sinif otağımıza getməyə tələsirik”.

Kənd sakini Rüstəm Abbasov əhalinin bu məktəbin tikintisini çoxdan arzuladığını bildirir: “Övladlarımız artıq təmiz, səliqəli, işıqlı sinif otaqlarında təhsil alacaq. Mənim oğlum Turab bu məktəbin VII sinif şagirdidir. Köhnə məktəbin dam örtüyü deşik-deşik, sinif otaqları üfunətli, nəmiş, qaranlıq idi, tavanında müxtəlif həşəratlar, gəmiricilər gəzirdi. Məktəbin pis vəziyyətdə olmasına görə elə ailələr var idi ki, uşaqlarının təhsili üçün rayon mərkəzinə və yaxud da qonşu kəndlərə köçürdülər. İndi həmin kənd sakinləri artıq kəndə qayıdırlar”.

Kənd sakini Azər Həkimov deyir ki, əvvəllər uşaqlarını təhsildən yayındıran ailələr də olurdu: “Təhsil hər zaman önəmlidir. Bizim kəndimizin əhalisinin, demək olar ki, hamısı övladlarının təhsil alması üçün maraqlıdır. Köhnə məktəbin qəzalı vəziyyətdə olması şagidlər üçün hər an təhlükə idi. Sinif otaqlarında istilik olmadığından uşaqlar tez-tez xəstələnir, dərs buraxırdılar. Bu da tədrisin keyfiyyətinə mənfi təsir edirdi”.

 

“Təhsilin səviyyəsini yüksəltməyə çalışacağıq”

 

İsmayıllı rayonunda tanışlıqdan sonra Göyçay rayonuna yollandıq. Rayonun Yeniarx kənd tam orta məktəbinin Hacağabəyli kənd sinif komplekti ilə tanış olduq.

Kənddə 40-50 ailə yaşayır. Əhalinin sayı 200-230 nəfər arasındadır. 4 sinif otağından ibarət məktəbin 16 şagirdinin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur.

Məktəbin direktoru Ayaz Babayev bizimlə söhbətində bildirdi ki, siniflərdə şagirdlərin sayı az olduğundan bütün uşaqlar komplektləşdirilmiş bir sinifdə dərs keçir. Təbii ki, hər sinif üzrə dərs proqramı fərqli olduğundan müəllim 45 dəqiqə ərzində bütün uşaqlara dərsi mənimsətməkdə çətinlik çəkir. Məktəbdə 20 şagird olsa, iki komplektləşdirilmiş sinif yaradıla bilər: “I və III sinifləri, II və IV sinifləri bir sinifdə birləşdirə bilərik. Bu haqda rayon təhsil şöbəsi də Təhsil Nazirliyini məlumatlandırıb. Şagirdlər IV sinfə qədər burada oxuyurlar, sonra Yeniarx kənd tam orta məktəbinə gedirlər”.

Direktorun sözlərinə görə, əvvəl uşaqlara köhnə birotaqlı kolxoz binasında dərs keçilirdi. Bu günə qədər şərait imkan vermədiyi üçün uşaqların təhsil səviyyəsi çox da yüksək olmurdu. A.Babayev bundan sonra təhsilin səviyyəsini yüksəltməyə çalışacaqlarını deyir.

Hacağabəyli kənd sinif komplektinin ibtidai sinif müəllimi Nəzakət Həmidova 38 ildir müəllim işlədiyini qeyd edir: “Bu gün ucqar kənd məktəblərində bəlkə də ən problemli məsələ bir çox kənd məktəbinin təmirli və müasir şəkildə olmamasıdır. Kəndimizdə belə bir məktəbin inşa olunması hamıdan çox biz müəllimləri sevindirir. Bunun üçün ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

N.Həmidova indi hamının dərsə həvəslə gəldiyini vurğulayır: “Yaxşı olardı ki, növbəti ildən məktəbimizdə iki sinif komplekti yaradılsın və texniki təchizatla da bizi təmin etsinlər. Bütün bunlar da yaradılarsa, hər şey çox yüksək səviyyədə olar”.

Göyçay rayon Hacağabəyli kənd sakini Gülnarə Zahidova deyir ki, illər boyu şagirdlərin təhsillə bağlı çətinliyi olub. Belə ki, uşaqlar uçmaq təhlükəsi olan bir otaqdan ibarət məktəbdə təhsil alıblar: “Doğrusu, məktəbə uşaq göndərmirdik. İndi belə bir məktəbin tikilməsi çox gözəl, əlamətdar hadisədir. Mən deyərdim bu, şagirdlərin təhsilində müsbətə doğru dönüş yaradacaq. Mənim qızım Nigar Xasıyeva yeni məktəbdə artıq 1 aya yaxındır ki, təhsil alır, III sinif şagirdidir. Bu sevincli anları bizlərə bəxş etdiyi üçün əməyi olan hər kəsə minnətdarıq”.

 

Göz həkimi olmaq istəyən Tunar

 

Məktəbin II sinif şagirdi Tunar Quliyevin 8 yaşı var. O, əvvəlki məktəbdə yazı lövhələri və partaların köhnə, sınıq vəziyyətdə olduğunu, indiki məktəbin çox xoşuna gəldiyini deyir: “Dərs əlaçısıyam, böyüyəndə göz həkimi olmaq istəyirəm”.

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2017.- 29 aprel.- S.1; 3.