“Müəllim hazırlığı
ölkənin milli təhlükəsizlik məsələsidir”
Cəfər Cəfərov:
“Elə bir mexanizm işləyəcək ki, hamı qaydalara əməl
edəcək”
Azərbaycanda ali təhsil müəssisələrinin standartları dəyişir. İdarəetmədən başlayaraq maliyyələşdirilməyə qədər hər məsələdə universitetlər yeni çağırışlara uyğunlaşmağa səy göstərir. Bəs bu dəyişikliklərə ənənələrə sahib ali təhsil ocaqlarımız necə cavab verir?
“Azərbaycan müəllimi” qəzetinin bu sıradan olan suallarına Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov cavab verir.
- Ölkəmizdə pedaqoji kadr hazırlayan ən böyük müəssisə olan Azərbaycan Dövlət Pedaqoji Universitetində vəziyyət necədir? Son qəbulun nəticələri sizi qane edirmi?
- Qane edir. Təhsil Nazirliyi sistemində olan ali təhsil müəssisələri arasında builki qəbul planının dolması faizinə görə ən yüksək nəticə ADPU-dadır. Yerlərin 97 faizdən çoxu dolub. Bu, universitetin tarixində görünməyən nəticədir.
- Bu nəticəyə nail olmaq üçün nə edilib?
- Əslində, ölkədə müəllim
peşəsinə maraq artıb. Bir neçə
ildir atılan ardıcıl addımlar əldə etdiyimiz bu nəticədə
böyük rol oynayıb. Ölkə Prezidentinin bununla
bağlı iradəsi var, Təhsil Nazirliyinin rəhbərliyi
bu işə xüsusi diqqət yetirir. Ümumiyyətlə,
pedaqoji təhsilin təşkili ilə bağlı atılan
addımlar çoxdur. Bilirsiniz ki, iki ali təhsil müəssisəsi
- Azərbaycan Müəllimlər İnstitutu ilə Pedaqoji
Universitet birləşdirildi. Bundan başqa, Pedaqoji Kollec
ADPU-nun tərkibinə verildi. Müəllim yetişdirilməsi
ilə bağlı olan qurumların böyük əksəriyyəti
ADPU-da, bir çətir altında birləşdirildi. Kompleks tədbirlər nəticəsində yüksək
balla müəllim peşəsini gələcək həyat
yolu seçən gənclərin sayı ildən-ilə
çoxalır. 3 il əvvəl 6 nəfər 500-dən
artıq bal toplamışdısa, bu il universitetimizi seçənlər
arasında 282 nəfər 500-dən çox bal toplayan
var. Ayrı-ayrı ixtisaslar üzrə qəbul olunanların
yarıdan çoxu belə nəticələr göstərib.
Məsələn, dil-ədəbiyyat ixtisası üzrə 50
faizdən yuxarı, riyaziyyat üzrə 48 faizdən çox
tələbə məhz yüksək bal toplayanlardır. Bu,
Pedaqoji Universitetin tarixində görünməmiş bir nəticədir.
“Mənə təzyiqlər
çox idi”
- Dediyiniz kimi, yüksək balla müəllimlik ixtisasını seçənlərin sayı ildən-ilə artır. Daha üstün səviyyədə olan tələbələrlə işləmək öz üzərində işləməyən müəllimlər üçün çətinlik yarada bilər. Kollektiviniz və universitet buna hazırdımı?
- ADPU-da işlərin yaxşılaşdırılması məqsədilə xeyli addım atılıb. Ali təhsil müəssisəsi müasir tələblərə uyğun olaraq daim yenilənməlidir. Bunu birdən-birə etmək mümkün olmadığından biz də prosesə mərhələlərlə start vermişik. Kollektivin böyük bir hissəsini birdən-birə işsiz qoymaq olmaz. Bundan başqa, yeniləri yetişibmi, onları əvəz edəcək kadr varmı? Bunu da düşünməliyik. Ona görə də mərhələlərlə yenilənəcəyik. Yaxşı tələbənin olması üçün güclü müəllim kontingenti olmalıdır.
İllər uzunu belə olub ki, müsabiqə keçirilib, ancaq hamı bilib ki, həmin yer filankəsindir. Real müsabiqə vəziyyəti, demək olar ki, heç vaxt yaranmayıb. Çünki vəziyyəti bildiklərindən müsabiqəyə sənəd verməyiblər. Bu il ilk dəfə olaraq real müsabiqə vəziyyəti yarandı. 114 vakant yerə 500 adam sənəd verdi. Onların 150 nəfəri universitetdən kənar adamlar idi. Müsabiqənin yekununda 112 nəfər qalib çıxaraq 5 illik müqavilə ilə işə götürüldü, əməkhaqlarına əlavələr oldu. Hətta onların arasından da dekan və kafedra müdiri seçkilərində namizədliyini irəli sürənlər çıxdı. İllər uzunu bu işin arzusunda olan adamlar öz bacarıqları sayəsində universitetdə iş yeri qazandılar. Onların 10 faizi kənardan gələnlərdir. Biri 10 ildir müdafiə edib, laborant işləyirdi, artıq müəllimdir. Eləsi də var ki, həmin yerdə çalışırdı, müsabiqədə qalib gəlib, yenə öz vəzifəsində qalıb.
Hazırda tam yenilənməkdən söhbət getmir. Ümumiyyətlə, universitetdə bütün təyinatların - köməkçi heyətdən tutmuş hətta dekan və kafedra müdirinin seçimi müsabiqə yoluyla həyata keçirilir. Hazırda 22 vakant yer elan olunub və artıq 90 nəfər həmin yerə namizədliyini verib. Bu günlərdə müsabiqə başlayacaq. Komissiya baxandan sonra rektora təqdimat verilir. Şübhəsiz ki, istədiyi adamı işə götürmək rektorun haqqıdır. Əlavə söhbətlər olmasın, demokratiklik təmin olunsun deyə, hətta bu məsələdə də halalca haqqımdan imtina etmişəm. İndiyədək 16 nəfər kafedra müdiri, 4 nəfər dekan seçilib. Bir nəfər deyə bilməz ki, seçkiyə hər hansı təzyiq göstərilib. Halbuki mənə təzyiqlər çox idi.
- Belə çıxır ki, bu mərhələ ağrılı keçir?
- Siz təsəvvür edin ki, “ənənələr” içərisində formalaşmış cəmiyyətimizdə hər kəs özünə borc bilir ki, tanıdığı biri varsa, ondan nəsə xahiş etsin. Dəfələrlə deyiblər ki, bilirəm, mümkün deyil, amma qoy gəlsin qəbuluna, özün “yox” de. Bu cür təzyiq xarakterli müraciətlərin qarşısında seçki prosesi indiyədək normal getdi. İkinci mərhələ seçkiləri də keçirəndən sonra elə bir mexanizm işləyəcək ki, rəhbərlikdə kimin olmasından asılı olmayaraq, insanlar bu qaydalara vərdiş edəcəklər. Doğru olanı da budur.
- İşçilərinizin sayı birləşmələrdən sonra artmışdı. Müsahibələrinizin birində qeyd etmişdiniz ki, təkrarlanan vəzifələr var. İndi vəziyyət necədir?
- İki ali təhsil müəssisəsi birləşəndən sonra 1800 nəfər işçimiz vardı. Hazırda 1400 nəfər işləyir. Ancaq Bakıda, filialları nəzərə almasaq, pedaqoji heyət 800 nəfər civarındadır. Optimallaşdırma mərhələsində ixtisarlar oldu. Qərarı da öz ixtiyarlarına buraxdıq. Elmi Şuranın qərarı ilə təsdiq edilən sayı şöbələrə təqdim etdik və dedik ki, kimin gedəcəyinə şöbə özü qərar versin. Çox çətin vəziyyət yarandı. Bir il ərzində həftədə iki dəfə qəbul keçirirdim, bu məsələlərlə bağlı hər qəbula 45-50 nəfər gəlirdi. Təşəkkürə gələn çox az olurdu, hamı şikayət, giley-güzar edirdi. Hər qəbuldan sonra gecələr yata bilmirdim. Asan deyil ki... Gəlib deyirlər ki, “Bəs indi mən neyləyim?” Bilirəm ki, universitet bu yükü götürə bilmir, amma optimallaşdırma prosesi mütləqdir və ixtisarlara məcburuq. Ötən bir ildə mənim üçün ən ağır proses məhz bu idi. Bu ixtisarları əzazil olduğumuz üçün etməmişik. ADPU-nun büdcəsi tələbələrin ödənişləri hesabına formalaşır, bir də dövlət hesabına təhsil alanlara görə dövlətin ayırdığı vəsaitdir. Olan büdcə universitetdə bu qədər ştat saxlamağa imkan vermir.
Vəziyyəti təsəvvür etməyiniz
üçün sizə bir rəqəm verim: universitetin
kitabxanasında 70-ə yaxın işçi
çalışırdı. İndi iki universitetin birləşməsi
nəticəsində 4 korpusda dərs keçirik və cəmi
28 kitabxanaçı işləyir. Bunu etməsək,
sağlamlaşdırma prosesini aparmaq çətin
olacaqdı.
“Kollektiv rahat nəfəs almağa
başlayıb”
- Məlumdur ki, bu universitetdən böyük gözləntilər var. Xüsusən, yaralı yerimiz sayılan pedaqoji kadr hazırlığı məsələsində. Vəziyyəti bu heyətlə dəyişmək mümkündürmü?
- Hesablamalarımıza görə, 2-3, hətta 4 il ərzində biz müəllim potensialını tamamilə yeniləşdirmiş olacağıq. Yeniləşdirmə o anlama gəlməməlidir ki, həmin yerlərin hamısına tamamilə yeni adamlar gətiriləcək. Öz üzərində işləməyi sevənlər, özünü inkişaf etdirənlər, işləməyi bacaranlar, özünü işi ilə tələbələrinə sevdirənlər və ən əsası, müsabiqədən keçənlər işinə davam edəcəklər. Bunu kollektiv də yaxşı başa düşür. Müşahidələrimiz göstərir ki, bu müsabiqələr onları hərəkətə gətirib. Bundan başqa, “açıq dərs”lər keçirilir. Bəzi müəllimlər yaşının bu vaxtında biabır olacağından ehtiyatlanıb dərsi keçməkdən imtina edir. İmtina etməsə də, dərs başlayandan 15 dəqiqə sonra sözü bitənlər, dərsdə deməyə söz tapmayanlar da olub. Təbii ki, layiqli dərs keçənlər də çoxdur.
- Ekspert Əjdər Ağayev qəzetimizə müsahibəsində belə bir məqamı qeyd etmişdi ki, böyük əksəriyyəti yaşlı nəslin nümayəndəsindən ibarət olan köhnə kollektiv yeni rektorun tətbiq etməyə çalışdığı yeniliyi qəbul etmək istəmir. Yeni rektorun köhnə kollektivlə problemi tətbiq edilən yeniliklərin qəbulu ilə bağlıdır, yoxsa başqa iddialar da var?
- Kollektiv müqavimət göstərmir. İndiyədək bir neçə nəfərin problemi olub. Onlar da məhkəməyə müraciət ediblər. Bütün instansiyalardan keçiblər, amma heç bir müsbət cavab ala bilməyiblər. Belə müraciətlərin olmasına da normal baxıram. Hüquqi dövlətdə yaşayırıq və kim narazıdırsa, məhkəməyə müraciət etsin, ona məhkəmə qaydasında cavab verək. Narazılardan biri dekan seçkilərinə qatılıb və alternativinə 29 səslə uduzub. Ona, ümumiyyətlə, səs verən olmayıb. Dünən qəbulumda idi və ona da dedim ki, insan işlədiyi kollektivdə bir nəfərin belə ona səs verməməsindən utanmalıdır. O isə dünyaya car çəkir.
- Həmin namizədlə məsələ nə yerdə qaldı?
- O, bir qəbahətinə görə işdən xaric olunanlardandır. Seçkilərə qatılmaq istədi, biz də mane olmadıq. İnsanların gözü tərəzidir. Bilirsinizmi, bu prosesin sonunda kollektiv rahat nəfəs almağa başlayıb. Bəzilərinin ifadəsidir, “yumaq kimi bükülmüşdük” deyirlər. Artıq müəllimlikdə arzularını reallaşdırmaq imkanı qazanıblar. Müsabiqəyə qatılan 500 nəfərdən biri narazıdırsa, buna mən heç nə edə bilmərəm. Çünki komissiyanın 20-30 üzvü var. Demokratiyanın bu üzü də var. Azlığın olduğu kimi, çoxluğun da hüququ tanınmalıdır. Amma narazı namizəd tanımaq istəmir və seçkinin nəticəsini ləğv etdirməyə çalışır. Təklif edirik növbəti seçkiyə qatılsın, razılaşmır. Bir sözlə, hikkə, inad, müəllimə yaraşmayan davranışlarla istəklərinə nail olmaq istəyirlər. Müəllim mədəniyyət, ədalət örnəyidir. Məhz bu simasını ortaya qoymaq əvəzinə, xırda hisslərə uyub o istiqamətdə hərəkət etməyə çalışırlar.
- Bu prosesdə
ədalətli ola bilirsinizmi?
-
Gücüm çatan qədər çalışıram ədalətli
olum. Hər halda tanıyanlardan soruşa bilərsiniz.
Tələbkarlıq övladlarıma,
yaxınlarıma qarşı da eynidir. Çünki
bu, sadəcə təhsil məsələsi deyil. Ölkə Prezidenti son
çıxışlarında da hədəfləri göstərdi.
Həmin işləri görməkdən
ötrü güclü insan kapitalına ehtiyac var. Burada bilik,
qabiliyyət, bacarıq, vətənpərvərlik kimi
çoxlu sayda xüsusiyyətlərdən söhbət gedir.
Bunları hədəf kimi qoyub,
reallaşdırmada bir istisna etdinsə, qurduğumuz sistem dərhal
çökər. Heç kimə izah edə
bilməzsən ki, ümumən ədalətliyik, ancaq bu məsələdə
istisna etdik. Elə bir sistem qurmaq istəyirik
ki, insan faktorundan asılı olmasın.
- Bəs,
komissiyanın ədalətinə necə, güvənirsiniz?
-
Seçki keçirilən həmin 112 yerdə ən layiqlilərin
olduğuna inanmaq istəyirəm. Ehtimal edirəm ki,
komissiyanın işində hansısa yanlışlıqlar ola bilər. İnsandırlar,
öz istəklərini yeritməyini də istisna etmirəm.
“Açıq dərs” keçilir, dərs barədə
komissiya üzvləri öz rəyini verir. Rəylər təhlil edilir, kafedranın iclasında
müzakirə olunur, fakültə iclası keçirilir.
Bu qədər böyük prosesin hər mərhələsində
ədalətin təmin edilməsindən söhbət gedir.
Növbəti seçkilərdə bəzi
yeniliklər tətbiq etməyi planlaşdırırıq.
Komissiyaları fakültələrin ixtiyarından
çıxarmağı düşünürük. Ümumuniversitet üzrə bir komissiya yaradıb
müsabiqəni fakültələrin nümayəndələri,
o cümlədən daha nüfuzlu insanların iştirakı
ilə aparmağı planlaşdırırıq.
“Test sisteminə keçid məcburiyyətdən
qəbul olunmuş qərardır”
-
Rüşvətxorluğa qarşı necə mübarizə
aparırsınız?
- 7-8 nəfər
müəllim sırf bu səbəbdən işdən azad
olundu. Sizə bir fakt deyim. Şəkidən
bir valideyn gəldi. Ötən qış
semestrində övladı rüşvətlə qiymət
alıb. “Biz bilirik ki, bu, universitetdə həyata
keçirilən işlərə uyğun hal deyil”, - dedi.
Özünə borc bilib ki, bunu bizə desin. Qəbula
gələn valideyn burda olduğu müddətdə
adıçəkilən müəllimi dəvət etdik.
Rüşvət aldığını boynuna
aldı. Elə yerindəcə işdən
azad edilməsi ilə bağlı ərizəsini aldıq.
- Bəs,
tələbənin taleyi necə oldu?
- Söhbət
bir tələbədən yox, qrupdan gedirdi. Tələbələrin
də universitetdən qovulması təklif edilirdi, ancaq
sözügedən qrupun qrup nümayəndəsinə
şiddətli töhmət verməklə kifayətləndik.
Tələbələrə qarşı
yumşaqlıq göstərdik. Universitet iki tərəfdən
ibarətdir: təhsil xidməti verənlər və təhsil
xidməti alanlar. Universitetin rektoru olsam da, bu və
bənzər hallarda təhsilverənlərin təmsilçisiyəm.
Təhsil verən tərəfə, təhsilin nəticəsinə
cavabdehəm. Daha artıq məsuliyyət
təhsil xidmətlərini təqdim edən tərəfdən
olduğundan cəza da bu tərəfə daha çox oldu.
Həmin müəllimlə yanaşı, 2 nəfər
başqa müəllimin da adı hallanırdı və
onların da məsələsi elə həmin gün həll
olundu. İstəməzdim ki, işlər
bu həddə gəlib çatsın. Sonradan
öyrəndim ki, onların arasında çox çətin
vəziyyətdə olan da var.
- İstər elektron kütləvi informasiya vasitələrini,
istər yazılı mətbuatı izləyəndə belə
təəssürat yaranır ki, pedaqoji kadr hazırlayan müəssisələrimiz
kadr hazırlığında qüsurlu və problemlidirlər. Yaxud da həmin
pedaqoji müəssisəyə gələnə qədər
ailədə, orta məktəbdə problemlər
yaşanır. Bunun da kökü gedib
pedaqoji müəssisəyə bağlanır. Həmin uşaqların böyük əksəriyyətini
tərbiyə edənlər yenə pedaqoqlardır. Orta və
ali məktəblərimizdə nə
baş verir? Sadəcə ajiotajdır, yoxsa...
- Təəssüf
ki, dediyinizdə bir həqiqət var, ancaq birmənalı cavab
vermək də çox çətindir. İnsanlar
ayrı-ayrı qurumları qınamaqla, təqsirləndirməklə
öz suallarına cavab tapdıqlarını
düşünürlər. Halbuki, hesab
edirəm ki, cəmiyyət olaraq işin bu nöqtəyə gəlməsinə
hər birimiz kömək etmişik. Kimsə
öz övladını hansısa qanunsuz, təmənnalı
yolla universitetə düzəldirsə, düzlüyün, təmizliyin
olmamasıyla bağlı danışması qeyri-səmimi
görünür. Çünki bu işin
iki tərəfi var. İllər uzunu Gəncədəki,
Qazaxdakı, digər yerlərdəki filiaların problemləri
olub. Cəmiyyət bu barədə məlumatlı
olduğundan ondan danışmağın bəlkə də
yeri yoxdur. Biri var ki, qəbul olunub, ancaq
oxumayıb, başqa yollarla qiymət alıb, bir də var ki,
saxta diplomlar hazırlanıb. Yəni, surət
çıxarılıb, fotoşopla düzəlişlər
edilib. Bunların sayı da bilinmir hələ.
1000, 5000, 10000, bəlli deyil. Hüquqi varis olaraq, gedən məhkəmə proseslərinə
dəvət edilir, iştirakımız zəruri olan proseslərə
qatılırıq. İşi görən
adamlar kimlərdir? Bu cəmiyyətin
üzvləri. İşi görənlər
bir tərəfdir, məsuliyyəti bəllidir, onları qoyaq
qırağa. Axı, ikinci tərəf də
saxta diplomu almaq istəyənlərdir. Cəmiyyətin
inkişafı ilə bağlı ayrı-ayrı üzvləri
düşünməlidir. Düşünməlidirlər
ki, axı, gələcəyimizi oxutduracaq müəllimlər
yetişdiririk.
Eynilə də imtahan prosesinin təşkili ilə
bağlı paradoksal vəziyyət yaranmışdı. Test sisteminə keçid məcburiyyətdən
qəbul olunmuş qərardır. İnsan
faktoru, onun təsiri ilə ortaya çıxan əyər-əksikliklər
aradan qalxsın deyə, qəbul imtahanlarında belə bir sistemə
gedilib. Bu yolun semestr imtahanlarında tətbiqinin də
üstünlükləri ola bilər. Ancaq düzgün tətbiq edilmədikdə,
görün nəyə gətirib
çıxarmışdı. Test imtahanının
suallarını satmaqla məşğul oluruq, o da üzə
çıxanda, cavabı satırıq. Nəticədə
tələbə sualı belə oxumur. Sadəcə
bir neçə rəqəmi əzbərləyir. 3-5 dəqiqə ərzində imtahanını verib
qurtarır. Təsəvvür edin, illər
uzunu kitab üzü açmadan imtahanını verib, diplomunu
alır. Həm saxta diplom alanlar, həm də
universiteti kitab üzü açmadan bitirən, nə nitq, nə
təqdimat qabiliyyəti olan, bir çox keyfiyyətdən məhrum
yüzlərlə, minlərlə kadr məktəbə
doluşub. Azərbaycanda belə müəllimlərin
sayı nə qədərdir? Təəssüf
ki, onların sayı çoxdur və bunun birdən-birə dəyişdirilməsi
mümkünsüzdür. Bu, ağır
bir prosesdir. Bununla bağlı ilk növbədə
həmin o kadrları yetişdirən təhsil müəssisəsinin
özündə yeniləşmə olmalıdır. Bu da uzunmüddətli prosesdir. Təsəvvür
edin ki, imtahan prosesi yeniləşdi, indi tamamilə
yazılı qaydada aparılır. Görün
nə ilə öyünürük, uşaqlar kitab oxumağa
başlayıb.
- Belə
bir situasiya da var: imtahan prosesində nə komissiya əziyyət
çəkir, nə də tələbə narahat olur. Ancaq o imtahanın nəticəsinin əziyyətini
hamı çəkir.
- Ona
görə deyirəm ki, bu, daha böyük söhbətin
mövzusudur. Müəllim
hazırlığı ölkə üçün ordu
quruculuğu, hətta bəlkə ondan daha artıq dərəcədə
vacibdir. Müasir şəraitdə
görüləsi işləri də göz önünə
gətirərək belə düşünürəm ki,
müəllim hazırlığı ölkənin milli təhlükəsizlik
məsələsidir. Bununla bağlı
görüləcək işlər çoxdur. Təhsil Nazirliyi də, Pedaqoji Universitet olaraq biz də
məşğul oluruq. Hazırda həm
infrastrukturun müasirləşdirilməsi, həm tədrisin
optimallaşdırılması, həm də kadrların yenilənməsi
ilə bağlı addımlar atılır. Yəqin razılaşarsınız ki, bu vəziyyətdən
çıxmaq da zaman istəyir. Buna
baxmayaraq, artıq tendensiya var, rəqəmlər mövcuddur.
Təhsil Nazirliyinin kollegiya iclasında bununla
bağlı rəqəmlər səsləndirildi. Müsbət tendensiyalar var. Bunu görmək
lazımdır. Bəzi hallarda neqativ məqamlardan
danışanda insanlarda bədbin əhvali-ruhiyyə
yaranır. Belə bir şey yoxdur. Müalicə olunmaqdan ötrü prosesə
düzgün diaqnoz qoyulmalıdır. Diaqnoz
artıq qoyulub, işin yaxşılaşdırılması
istiqamətində ardıcıl addımlar atılır.
Ruhiyyə
DAŞSALAHLI,
Jalə
MÜTƏLLİBOVA
Azərbaycan müəllimi.- 2017.-
8 dekabr.- S.9.