Orxan PAŞA

 

(Məhərrəm QASIMLI),

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı

 

Sazım

 

Koroğlular yadigarı,

A simləri şimşək sazım.

Ər oğullar vəfadarı,

Əyilməyən bilək sazım.

 

Umud verib umudlanan,

Eldən ayrı buludlanan,

Dədələşən, qorqudlanan,

Ruhumuza dirək sazım.

 

Qəriblərdən xəbər gəlsə,

Axşam ötüb səhər gəlsə...

Durnalardan nəmər gəlsə-

Bəsindi bir lələk, sazım.

 

Öyüd aldın göz açanda,

İgid oldun iz açanda,

Gözəllərdən söz açanda

Kəlmələri yüyrək sazım.

 

Bu dünyanın çarxı nəymiş,

Suyu nəymiş, arxı nəymiş.

Baş açılmaz qurğu nəymiş,

hikməti, bilək sazım.

 

Gahdan nərə çəkib qızan,

Gahdan qübarında azan.

Kükrəyəndə-dəli ozan,

Kövrələndə-ürək sazım.

 

Ay qoca dünya

 

Beş kəlmə sözüm var, tökmə qaşqabaq,

Deyirəm, biləsən, ay qoca dünya.

Yorğun karvanına yetişmir heç vaxt,

Gecikən, tələsən, ay qoca dünya.

 

Elə fırlanır ki, düzdüyün pərlər,

Tülküdən tük salır aslanlar, nərlər.

Qurduğun qurğuya mat qalır ərlər,

ağır şələsən, ay qoca dünya.

 

Namərd səni yoldan-yola çəkibdi,

Gahdan sağa, gahdan sola çəkibdi,

Yüz yerə sədd qurub. qala çəkibdi,

Sanır ki, köləsən, ay qoca dünya.

 

Oyunlar oynadın altun-axçadan,

Zərli imarətdən, güllü baxçadan.

Zamanı yetincə güldün ucadan-

Məkirli lələsən, ay qoca dünya.

 

Qapın kip örtülüb, bacan görünmür,

Çəkdiyin hasardan qaçan görünmür.

Hansı sirr üstəsən, açan görünmür-

Bağlısan hələ sən, ay qoca dünya.

 

Orxan Paşam açıb çox aşkar deyir,

Yoxsa qaranlıqda işıq var?!-deyir.

Ölən öldürənə xilaskar deyir,

Bəs niyə beləsən, ay qoca dünya?!

Dedim ki, biləsən, ay qoca dünya...

 

Bu yol yaman uzaq oldu

 

Bahar gəzən yaşıl ümid

Xəzan vurmuş yarpaq oldu.

Nisgil tapdı dəli könül,

Ayrılığa dustaq oldu,

Bu yol yaman uzaq oldu.

 

Yol üstə yol çəkdi gözlər,

Doluxsunub susdu sözlər.

Qurtarmadı çöllər, düzlər,

Dağ arxası yüz dağ oldu,

Bu yol yaman uzaq oldu.

 

Həsrət yeriyibdi qana,

Çəkilib getməz bir yana.

Üşüyürəm yana-yana-

Yüyrək dilim yazıq oldu.

Bu yol yaman uzaq oldu.

 

Yıxıldım, dizim göynədi,

Qırıldı sözüm, göynədi.

Ürəyim, gözüm göynədi.

Vüsal mənə yasaq oldu,

Bu yol yaman uzaq oldu.

 

Azərbaycan müəllimi.- 2017.- 8 dekabr.- S.14.