“Səhnəyə qalib olmaq iddiası ilə çıxırdım”

 

Prezident təqaüdçüsü Zərrin Əliyeva: “Anama zəng edib bir dünya sevinc bəxş etdim

 

Musiqi alətləri bir-birindən təkcə xarici görünüşlərinə görə deyil, eyni zamanda səslərinin ahənginə görə, məna çalarlarına görə də əhəmiyyətli dərəcədə fərqlənirlər. Dünya musiqi arenasında dərin məzmunlu simfonik əsərləri öz incə, titrək səs tempri ilə təqdim edən musiqi alətləri sırasında xüsusi yer tutan skripka haqqında daha çox danışmaq olar. Klassik musiqi korifeylərinin yaratdıqları şedevrlər ən çox bu musiqi alətinin qüdrəti və ifaçıların məharəti ilə tamaşaçıları öz qanadlarına alıb əsrarəngiz aləmlərə qovuşdurur. Bugünkü həmsöhbətim olan Zərrin də uşaq yaşlarından bu musiqi alətinin səsinin sehrinə düşübindi özü böyük səhnələrdə onun qüdrəti ilə xarüqələr yaradır. Niyə görə bu müsiqi alətini seçdiyi, yaşıdları arasında müxtəlif nominasiyalar üzrə keçirilən musiqi yarışmalarında hansı uğurlar qazandığı barədə öz dilindən eşitmək necə də xoş idi.

 

Laureat adını qazandım

 

2001-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk musiqi təhsilimi paytaxtdakı 36 nömrəli uşaq musiqi məktəbində almışam. 2011- ci ildən isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın sinfində skripka ixtisası üzrə təhsil alıram. Musiqi məktəbində təhsil aldığım illərdə uğurlarım çox olub. 2012-ci ildə ilk dəfə olaraq paytaxtdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dünya şöhrətli musiqiçi N.Paqaninin anadan olmasının 230 illiyinə həsr olunan festivalda uğurla çıxış edərək laureat adını qazandım və diplomla mükafatlandırıldım.

 

İlk dəfə beynəlxalq müsabiqədə iştirak edəcəkdim

 

2013-cü ildə 5-ci sinifdə oxuyurdum. Belçikada keçirilən VI beynəlxalq “Bravo” müsabiqəsində iştirak edəcəyimi eşidəndə, doğrusu, çox tutuldum. Axı, ilk dəfə olaraq beynəlxalq müsabiqəyə qatılacaq və bu yarışmada Azərbaycanı təmsil edəcəkdim. Bu, həm qürurverici idi, həm də, şübhəsiz, çox məsuliyyətli. Valideynsiz gedəcəyimi biləndə daha çox narahat oldum. Həmin günvaxt yuxuya getdiyimi bilmədim. Ertəsi gün yola düşməli idik. Bizimlə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Aytən İbrahimovamusiqi məktəbimizin şagirdi Nadir Eyvazov da gedirdi. Hava limanında hamının üzündə həyəcan var idi. Bizi 2 turlu müsabiqə, böyük səhnə gözləyirdi. Mən dünya bəstəkarları A. Binniçkinin 3-cü etüdünü və A.Vitanın “Slavey” əsərlərini ifa edəcəkdim. Yaxşı hazırlaşsam da uzaqda özümə yer tapa bilmirdim. Hava limanında bizi yüksək səviyyədə qarşıladılar. Brüsseldə biziKristal” otelində yerləşdirdilər. Bir gün dincəldik. Müsabiqədən bir gün əvvəl professorlardan ustad dərsləri aldım. Onlardan dərs almaq böyük xoşbəxtlik idi. Mən orta yaş qrupunda iştirak edirdim. Səhnəyə çıxanda artıq həyəcan məni tərk etmişdi. Özümü olduqca sərbəst hiss edirdim. Səhnə çox böyük idi. Münsiflər arxa cərgədə əyləşmişdilər. II yeri tutaraq II dərəcəli diplom qazandım. Ertəsi gün II turda da qalib oldum. Sevincimi bölüşməyə adam axtarırdım. Tez anama zəng edib şad xəbərimlə ona bir dünya sevinc bəxş etdim. 4 gün Brüsseldə qaldıq. Paytaxtımıza dönəndə bizi gül-çiçəklə qarşıladılar. Qeyd edim ki, uğurlarıma sevinənlər arasında təhsil aldığım Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird kollektivivar idi.

Həmin il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsinə qatıldım və II yerə layiq görüldüm. Ü.Hacıbəyli adına IV, V, VI beynəlxalq festivalların, eyni zamanda beynəlxalq L.M. Rostropoviçlər festivalının iştirakçısı oldum.

 

Hədiyyələri dostlarımıza payladıq

 

Gecəmi gündüzümə qatıb öz üzərimdə çalışırdım. 2014-cü ildə Çexiyanın Praqa şəhərində keçirilən “Praqa Yay Akademiyası”nın iştirakçısı oldumdiplom qazandım. Həmin akademiyanın professoru Roman Fedçhukdan ustad dərsi aldım. Çexiyada 14 gün qaldıq. Orada Orlonu meydanında olarkən azərbaycanlı həmvətənlərimlə qarşılaşdıq. Onlar bizi görəndə çox sevindilər. Dedilər ki, turist kimi gəzməyə gəliblər. Sonra Karlov adına qədim körpüdə olduq. Qonaqlarla ingilis dilində ünsiyyət qururduq. Şəhər əsrarəngiz gözəlliyi ilə bizi valeh etmişdi. Çoxlu xatirə şəkilləri çəkdirdik. Paytaxtdan apardığımız hədiyyələri dostlarımıza payladıq.

 

Çıxışım hamını heyrətləndirdi

 

Moskvada keçirilən “Musiqi nəsilləri” III beynəlxalq uşaq musiqi festivalı mənim üçün unudulmaz bir xatirəyə çevrildi. Hər qazandığım uğur sanki boyumu da uzadırdı. Bu festivala da həvəslə qatıldım və layiq olduğum diplomla mükafatlandırıldım. Həmin il qonşu Gürcüstanda Mikaladze adına Tiflis Musiqi Kolleci ilə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında dostluq proqramı çərçivəsində Tiflis şəhərində keçirilən konsertdə isə solo, duettrio ilə təqdim etdiyim çıxışlar hamını heyran etdi. Yeri gəlmişkən, qeyd edim ki, musiqinin sirlərinə daha dərindən yiyələnmək naminə mən Kanada Musiqi Akademiyasının professoru Taras Qaboradanprofessor, türk xalq musiqi sənətçisi Cihad Aşkından dərs almışam. 2015-ci ildə isə Rusiyanın Samara şəhərində Y.Başmetin rəhbərliyi ilə uşaq musiqi akademiyasında keçirilən ustaq dərslərində və konsertlərində iştirak etmişəm. 2015-ci ildə mən Moskvada Kreml Sarayının Georgiyevsk zalında dünyanın 8 ölkəsinin iştirak etdiyi 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən “Melodika pokoleniy” adlı III beynəlxalq musiqi festivalında Azərbaycanı təmsil etdimuğurlu çıxışıma görə diploma layiq görüldüm.

 

Məni ilahi bir hiss müşayiət edirdi

 

2016-cı ildə VI BeynəlxalqHarmoniyafestivalındakı iştirakım da yaddaqalan oldu. Artıq mən səhnəyə qalib olmaq iddiası ilə çıxırdım qalib olurdum. Bu festivalda da təqdim etdiyim musiqi nömrəsi Qran-pri mükafatına layiq görüldü. Ötən il Belçikada keçirilənMuzicamundibeynəlxalq musiqi festivalı orada görkəmli korifey sənətkarlardan aldığım ustad dərsləri həyatımın ən xoş anları kimi yaddaşımdadır. Həmin festivalda mən I diploma layiq görüldüm. 2017-ci ilin mayında Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalqHarmoniyamüsabiqəsində iştirakım isə həyatıma olduqca şirin ovqat qatdı. Çünki mənə canımdan da əziz olan anamın, mənə dünyalar qədər doğma, üzərimdə hədsiz əməyi olan, məni zirvələrə qanadlandıran sevimli ixtisas müəllimim professor Hökümə Əliyevanın iştirak etdiyi mötəbər tədbirdə, onların gözləri qarşısında musiqi nömrələri səsləndirməli, necə deyərlər, imtahan verməli idim. Səsləndirdim , I yeri tutdum da. Bilirsinizmi niyə? Çünki mən ilhamımın ən kükrək, ən coşqun anlarını nümayiş etdirirdim. Çoxlu istedadlı musiqiçilərin qatıldığı bu müsabiqədə mən hökmən birinci olmalıydım. Məni ilahi bir hiss, anamın, müəllimimin sevinc dolu, ümid dolu baxışları müşayiət edirdi. Mən onları necə doğrultmaya bilərdim?! Qala konsertimiz daha maraqlı keçdi. Həmin axşam Emir otelində bir toy-büsat oldu ki! Müsabiqə qaliblərinin bayramı idi.

 

Dövlət tədbirlərində iştirak edirəm

 

Hazırda xalq artisti T.Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestrinin solistiyəm eyni zamanda xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın rəhbərliyi ilə yaranmışİstedad mərkəzi”nin üzvüyəm. Dəfələrlə dövlət tədbirlərində, bir çox bəstəklarların yazıçıların yaradıcılıq gecələrində xalq artisti T.Göyçayevin rəhbərliyi ilə keçirilən konsertlərdə solo çıxışım tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

Özümə yeni skripka alacağam

 

2017-ci ilin yanvar ayı daha əlamətdar, daha yaddaqalan bir ay olaraq mənim həyat kitabçama əbədi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə adım gənc istedadlarınQızıl kitabı”na yazıldı Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Təqaüdümü toplayıram. Köhnə skripkamın mənə qazandırdığı təqaüdlə təzəsini almaq arzusundayam. Əminəm ki, təzə skripkamın simlərindən qopan melodiyalar gələcəkdə Milli Konservatoriyanın auditoriyalarında eşidiləcək.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2017.- 29 dekabr.- S.15.