AMEA-nın ilk magistr məzunları

 

Elm və təhsilin inteqrasiyası öz nəticələrini verir

 

Ötən həftə ölkənin elm və təhsil həyatında daha bir ilkə imza atılıb: AMEA özünün ilk magistr məzunlarını yola salıb. Bu münasibətlə iyulun 7-də AMEA-da düzənlənən “Məzun günü” mərasimində təhsil naziri Mikayıl Cabbarov onları haqlı olaraq “elm və təhsilin inteqrasiyasının məhsulu” adlandırıb.

 

AMEA magistraturasına maraq ildən-ilə artır

 

Qeyd edək ki, son illər AMEA ilə Təhsil Nazirliyi arasında getdikcə genişlənməkdə olan əməkdaşlıq çərçivəsində elmlə təhsilin inteqrasiyasının təmin edilməsi istiqamətində bir sıra ciddi addımlar atılıb ki, onlardan da biri Akademiya sistemində magistratura təhsilinin təşkilidir. 2015-ci ildə yaradılan Akademiya magistraturasına birinci qəbul ilində 400-ə yaxın bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə 19 bakalavr seçilərək qəbul olunub. Onlardan biri hərbi xidmətə yollanıb. 18-i isə təhsilini uğurla davam etdirərək bu il magistr adı alıb. Məzunlardan 15 nəfəri magistraturanı fərqlənmə diplomu ilə bitirib.

Ötən müddət ərzində Akademiya magistraturasına böyük maraq olduğu üçün növbəti qəbul illərində ixtisas və plan yerlərinin sayı artırılıb. Nəticədə 2016-2017-ci tədris ilində AMEA-nın magistraturasına 18 ixtisas üzrə 56 nəfər qəbul olunub. Bu il isə müraciət edən 1700-dən çox bakalavrdan 67-si tələbə adını qazanıb.

 

Məzunlar xaricdə təcrübə keçib,

müsabiqələrdə iştirak ediblər

 

“Məzun günü”ndəki təbrik nitqində bu barədə məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənclərin elmə, Akademiyaya marağının ildən-ilə artmasını sevindirici hal sayıb və gənclərin özlərini elmdə sınamağa çalışmasını müsbət qiymətləndirib. “Yaxşı alim yetişdirmək üçün keyfiyyətli təhsil vermək başlıca şərtdir”, - deyən AMEA prezidenti Akademiyada magistratura təhsilinin müasir səviyyədə qurulması və magistrantların peşəkar mütəxəssislər kimi yetişməsi üçün daha yaxşı şərait yaratmağa çalışdıqlarını bildirib. Onun sözlərinə görə, tələbələr AMEA-da müasir cihazlarla təchiz olunmuş laboratoriyalarda təcrübə keçməklə yanaşı, beynəlxalq təcrübələrdə də iştirak ediblər: “Müxtəlif elm sahələri ilə məşğul olan magistrantlar Rusiyanın Dubna şəhərində yerləşən Nüvə Tədqiqatları İnstitutunda, İtaliyada təcrübə keçib, Türkiyənin Hacəttəpə Universitetində təhsil alıb, Sankt-Peterburq şəhərində Peterburq Nüvə Fizika İnstitutu və “Kurçatovski İnstitut” Elm-Tədqiqat Mərkəzi tərəfindən keçirilən molekulyar biologiya və biofizika üzrə 18-ci Qış məktəbində iştirak ediblər. Eyni zamanda dünyanın bir sıra məşhur alimləri ölkəmizə dəvət olunaraq magistrantlar üçün mühazirələr oxuyub”.

Təhsil dövründə magistrantların sosial müdafiəsi də diqqətdə olub və onların elmi nailiyyətlərinin, yaradıcılıq potensialının artırılmasına müntəzəm dəstək verilib. Təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədilə Akademiyanın magistrantları arasında “Magistr-2017” müsabiqəsi keçirilib. Eyni zamanda magistrlər işlə təmin olunub, qrant müsabiqələrinə cəlb ediliblər.

Akademik Akif Əlizadə Akademiya magistrlərinin məzun gününü AMEA tarixində əlamətdar hadisə kimi dəyərləndirərək rəhbərlik etdiyi qurumda magistraturanın yaradılmasına verdiyi dəstəyə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

 

Ali məktəblərin 500-dən artıq tələbəsi

Akademiya institutlarında təcrübə keçir

 

Son zamanlar elmlə təhsilin inteqrasiyasının gücləndirilməsində AMEA ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi qeyd edən akademik Akif Əlizadə bu əlaqələrin nəticəsi olaraq universitetlərin SABAH qruplarında təhsil alan 200-dən çox, ümumilikdə isə 500-dən artıq tələbəsinin Akademiyanın elmi müəssisələrində təcrübə keçdiklərini bildirib və AMEA-nın elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini, bu yöndə atılan addımları dəstəkləyəcəyini diqqətə çatdırıb.

 

“Təhsil müəssisələrimizin qapıları

sizin üçün hər zaman açıqdır”

 

Akademiyanın ilk magistr məzunlarını təbrik edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə güclü elmi potensialın cəmləndiyi Akademiyada magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addımdır. Ölkə başçısının “Qara qızılı insan kapitalına çevirməliyik” çağırışını xatırladan nazir AMEA-nın ilk məzunlarının buraxılış gününü olduqca əlamətdar hadisə adlandıraraq bu işdə əməyi olan alimlərə minnətdarlığını bildirib. Nazirin fikrincə, Akademiyanın magistraturasında əldə etdikləri bilik və təcrübə gələcək peşəkar fəaliyyətlərində məzunlara geniş imkanlar yaradacaq.

“Təhsil müəssisələrimizin qapıları sizin üçün hər zaman açıqdır”, - deyən nazir məzunları bilikli mütəxəssislər kimi ali məktəblərdə elmi fəaliyyətlərini davam etdirib, elmlə təhsilin inteqrasiyasına öz töhfələrini verməyə çağırıb.

Tədbirdəki digər çıxışlarda da AMEA-da magistraturanın yaradılması ölkədə elm və təhsilin inteqrasiyasının uğurlu nəticəsi olduğu vurğulanıb və nəticədə bu sahələrin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunub.

Beləliklə, daha 18 nəfər yüksək hazırlıqlı mütəxəssis - AMEA magistraturasının ilk məzunları aldıqları magistr diplomları ilə öz karyera həyatlarına qədəm qoyublar. Onlardan 2-si ilə həmsöhbət olub Akademiya magistraturasındakı təhsilləri, gələcək planları ilə maraqlandıq.

 

Məzunlar Akademiya

magistraturasındakı təhsil haqqında

 

Söhbətə Akademiya magistraturasının ilk məzunu adını daşımaqdan qürur hissi duyduğunu bildirməklə başlayan AMEA Molekulyar Biologiya və Bio- texnologiyalar İnstitutunun “Molekulyar biologiya” ixtisası üzrə məzunu Cəmilə Bayramova dedi ki, 1993-cü ildə Qazax şəhərində anadan olub. 2010-cu ildə Bakıdakı V.Əvəzov adına 300 nömrəli tam orta məktəbi bitirib. Bakalavr təhsilini Bakı Dövlət Universitetinin biologiya fakültəsində alan Cəmilə AMEA-da magistratura təhsilinin açılmasından müəllimləri və qrup yoldaşları vasitəsi ilə xəbər tutduğunu deyir.

“Diqqətimi ilkin müsahibə zamanı institutda zəngin maddi-texniki bazanın və laboratoriyalarda fəal iş mühitinin olması cəlb etdi. Çünki biologiya elmində nəzəri olaraq əldə olunan biliklərin praktik tətbiq edilməsi və möhkəmləndirilməsi olduqca vacibdir”.

Müsahibimin sözlərinə görə, elə ilk gündən institutda mövcud olan dərs və laboratoriya şəraitinin fərqliliyini hiss etməyə başlayıb. “Dərslər həm institutumuzun yüksək ixtisaslı müəllim və professor heyəti, həm də xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən aparılırdı. 2 il müddətində bizə 19 ixtisas kursu tədris edilib ki, bu kursların hər biri biologiyanın müasir istiqamətlərini əhatə edir. Bunlardan Kembric Universitetinin professoru Qərib Mürşüdov tərəfindən tədris olunan “Struktur biologiyanın üsulları”, Cənubi Koreyanın Pusan Universitetinin professoru tərəfindən tədris olunan “Proteomiks” kurslarını xüsusilə qeyd etmək istərdim”, - deyə o bildirir. Cəmilə deyir ki, bütün bunlar molekulyar biologiyada istifadə edilən metod və üsulları tam mənimsəmələrinə, nəzəri biliklərini praktik olaraq tətbiq etmələrinə imkan verib.

“Beləliklə, biz 2 illik magistratura dövründə bir çox molekulyar metodları dərindən mənimsədik, müxtəlif qrant layihələrində, konfranslarda iştirak etdik, təşkil olunmuş dil kursları vasitəsilə xarici dil bacarıqlarımızı inkişaf etdirmək imkanı əldə etdik. İnstitutumuzun Böyük Britaniya, Fransa, Cənubi Koreya, Rusiya, Avstraliya kimi ölkələrin bir sıra elmi tədqiqat institutları ilə sıx əməkdaşlığı hesabına biz elmin ən son yenilikləri ilə birbaşa tanış olub, bu institutların əməkdaşları ilə müxtəlik elmi mövzularda müzakirələr apara bildik”.

Cəmilənin məqsədi əldə etdiyi bilik və təcrübədən, yaradılmış şəraitdən istifadə edərək, ona bəslənilən ümidləri doğrultmaq və öz sahəsində yüksək ixtisaslı bir mütəxəssis kimi formalaşmaqdır.

Digər müsahibimiz-Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə məzunu Nigar İbrahimova isə deyir ki, o, öz gələcəyini elm sahəsində görürmüş və elm yolunda irəliləyən bir alim kimi yetişməsində ən doğru seçimin məhz Elmlər Akademiyası ola biləcəyini düşünürmüş. Ona görə də yaranmış fürsətdən istifadə edərək sənədlərini AMEA-nın magistraturasına verib.

“AMEA-nın magistraturasına daxil olan tələbə həmçinin işlə təmin olunur. Günün birinci yarısını dərslərdə iştirak edir, ikinci yarısını isə laboratoriyalarda elmi tədqiqat işlərimizi aparırdıq. Dərslər ən son texnologiya ilə təmin olunmuş dərs otaqlarında keçilirdi. Dərslərdən sonra aldığım nəzəri bilik öz mövzum üzrə axtarışlar aparmağıma, qarşıya çıxan suallara cavab tapmağıma kömək edirdi. Zəngin elektron kitabxanadan və eyni zamanda həm institutun, həm də AMEA-nın kitabxanasına müraciət edib istənilən xarici ədəbiyyatdan istifadə edə bilirdik”.

Nigar onu da deyir ki, təhsil aldığı müddətdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş magistrantların XVI Respublika elmi konfransında, AMEA-nın Rəyasət Heyəti tərəfindən keçirilən “Magistr-2017” müsabiqəsində birinci yerə layiq görülüb.

Nigar təhsilini davam etdirmək və doktoranturaya qəbul olmaq niyyətindədir. Onun magistratura təhsili almaq istəyən bakalavrlara məsləhəti budur ki, elmə həvəsləri varsa, özlərini elm sahəsində görürlərsə, öz sahələrində yüksək səviyyəli mütəxəssis olmaq və karyera qurmaq niyyətindədirlərsə mütləq AMEA-nın magistraturasını seçsinlər.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2017.- 14 iyul.- S.3.