Sürətli şahmat üzrə 10 yaşlılar

arasında Avropa çempionu

 

Aydın Süleymanlı: “Məqsədim dünya çempionu olmaqdır”

 

Məlumdur ki, şahmat oyunu dərin təfəkkür, riyazi-fəlsəfi təhlil tələb etməsi qələbəyə istiqamətlənmiş düzgün strateji qərarların vaxtında qəbulu baxımından digər idman növlərindən fərqlənir. Bütün oyunlar içərisində şahmatın icadını, meydana gəlməsini onu insan zəkasının inkişafına xidmət edən bir növ hesab etməklə, ümumi proqresdə xüsusi bir mərhələ kimi qəbul etmək olar. Bu oyun artıq ağlın inkişafına, güclənməsinə böyük təsir göstərən əyləncə vasitəsinə çevrilib və dünyanın əksər hissələrinə sürətlə yayılmağa başlayıb. Şahmatda ən sadə oyunçu belə bu oyunu oynayarkən ağıl, intellekt rəqabətinə girməli olur. İnkaredilməzdir ki, bütün bu sadalanan keyfiyyətlər hər kəsdə olmur. Belə intellekt sahibi olan şahmatçılardan biri də Aydın Süleymanlıdır. Özü balaca olan, uğurları isə şahmat dünyasına səs salan 12 yaşlı şahmatçımızı yaxından tanıyaq.

Süleymanlı Aydın Elşən oğlu 2005-ci il martın 22-də Bakıda anadan olub. 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedən Aydın hazırda həmin məktəbin VI sinif şagirdidir. Uşaqlıqdan şahmata böyük marağı olub, 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılan bu balaca hələ erkən yaşlarından çalışqanlığı və şahmata böyük marağı ilə yaşıdları arasında seçilib. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb. Bundan sonra onun şahmatda uğurları artıb. Qəhrəmanımızın sonuncu böyük uğuru Avropa çempionu tituludur. Öyrəndik ki, Aydının bu oyuna həvəsi atası ilə babasının evdə şahmat oynaması ilə yaranıb. İlk vaxtlar şahmat fiqurlarına oyuncaq kimi baxan balaca Aydın sonradan bu böyük oyunun sirlərini atasından və müəllimlərindən öyrənib.

Atası Elşən Süleymanov Aydının şahmata olan marağını çox tez hiss edib. Bu da onun kiçik yaşda böyük istedadının ortaya çıxmasına səbəb olub.

Hələ 5 yaşından etibarən Azərbaycanda keçirilən turnirlərdə və çempionatlarda birinci yerləri tutan Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb. Balaca çempion 2012-ci ildə - 6 yaşında qatıldığı ilk beynəlxalq turnirdən əliboş qayıtmayıb. O, Rumıniyada keçirilən dünya çempionatında yaşıdları arasında fərqlənsə də özündən bir yaş böyüklərə məğlub olub. Nəticədə qatıldığı ilk beynəlxalq yarışdaca dünya beşinciliyini əldə edib. Aydın Gürcüstanda, Yunanıstanda, Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə birinci olub. 2013-cü ildə Çernoqoriyanın Budva şəhərində 8 yaşlı şahmatçılar arasında keçirilən qitə birinciliyində Avropa kuboku uğrunda yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Həmin ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən şahmat üzrə dünya çempionatında III yeri tutub. Bundan başqa, 2014-cü ilin mayında Gürcüstanın Tbilisi şəhərində 9 yaşlı şahmatçılar arasında keçirilən beynəlxalq turnirdə I, iyun ayında Yunanıstanın Kavala şəhərində isə məktəblilərin Avropa çempionatında III yerə sahib olub. Aydın, həmçinin həmin ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi festivalında 1800-ə qədər əmsallı şahmatçılar arasında fərqlənərək III yeri qazanıb. O, 2014-cü ilin noyabrında Estoniyanın Tallin şəhərində 10 yaşlı oğlanlar arasında keçirilən rapidblits üzrə Avropa çempionatında rapid üzrə I, blitsdə I məsələ həlli üzrə isə II yeri tutub. Aydın bundan başqa 2015-ci ildə Rusiyada və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə iştirak edərək şəxsi əmsalını artıraraq çempion adını qazanıb. Həmin ilin dekabrında Belarusun Minsk şəhərində keçirilən sürətli şahmat üzrə Avropa çempionatında 10 yaşlı oğlanlar arasında yenidən Avropa çempionu adını qazanıb. 2016-cı ilin iyulunda Gürcüstanın Poti şəhərində keçirilən sürətli şahmat yarışında 12 yaşlı oğlanlar arasında, dekabrında isə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat festivalında II yerə çıxıb. 2017-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ənənəvi Moskva-Open beynəlxalq şahmat festivalında güclü oyun nümayiş etdirərək şahmat əmsalını 147 vahid reytinq artırıb. Hazırda reytinq əmsalına görə 12 yaşlılar arasında Avropada I, dünyada isə III yerdədir. Aydının son uğuru bu yaxınlarda - mayın 12-də Naxçıvan Muxtar Respublikasında keçirilən Naxçıvan-Open beynəlxalq turnirində olub. Belə ki, o, 12 yaşı olmasına baxmayaraq 18 yaşlılarla mübarizə apararaq I yerə sahib olub.

 

Həm də dərs əlaçısı

 

Aydın bizimlə söhbətində şahmata olan marağı, hədəfləri və dünya birincisi olmaq üçün nələr etməyi düşünməsi haqda danışdı. Düşdüyü qeyri-adi vəziyyətlərdən, üzləşdiyi maraqlı hadisələrdən, iştirak etdiyi yarışlardan, görüşlərindən söz açdı. Aydın həm də dərs əlaçısıdır. Oxuduğu məktəbdə hamının sevimlisinə çevrilib. Təlim-tərbiyəsi ilə nümunəvi şagird adını qazanıb. Deyir ki, əsas məqsədi peşəkar şahmatçı olmaqdünya çempionu olmaqdır. Müəllimlərinin və ailəsinin Aydına olan ümidləri həddən artıq çoxdur. 12 yaşlı şahmatçımızın hədəfləri də çox böyükdür.

 

“Bu uşaq şahmatdan ayrıla bilmir

 

Atası Elşən Süleymanov oğlu Aydını gələcəkdə ən güclü şahmatçılar arasında görmək istəyir. O, bizimlə söhbətində Aydının şahmata gəlişi barədə danışdı: “Aydının 3-4 yaşı olanda biz hiss elədik ki, o, riyazi hesablamaları bilir. Bu yaşında vurma cədvəlinin bir hissəsini əzbər deyirdi. Hətta üçrəqəmli hesablamaları da bacarırdı. Bağçaya qoymuşduq. Orada bunlara şahmat dərsləri keçirdilər. Bağça müəllimləri bizə deyirdi ki, Aydının şahmata marağı var. Onu şahmat məktəbinə qoysanız, şahmatla məşğul olsa yaxşı olar. Mən şahmatı çox sevirəm oynayıram. İlk vaxtlar oğlumla evdə özüm məşğul olmağa başladım. Sonralar gördük ki, o, şahmatı yaxşı mənimsəyir. Bağçada keçirilən şahmat yarışlarında da həmişə yaşıdlarından fəqlənirdi, dəfələrlə birinci olurdu. Ondan sonra bizə dedi ki, mənə şahmat taxtası alın. Mən ona şahmat taxtası aldım. Bir müddət keçdi, anası Aydının yatdığı yerdə yastığının altında həmin şahmat qutusunu mənə göstərdi. Biz onda bir daha əmin olduq ki, bu uşaq şahmatdan ayrıla bilmir. Gecələr onunla yatır...”.

 

Bu şahmatçıya ümidlərimiz böyükdür

 

Balaca vaxtı dəcəl olan Aydın şahmatla məşğul olmağa başladıqdan sonra dəcəlliyini uşaqlığını qurban edib bu işə: “Aydın demək olar ki, uşaqlıq yaşamayıb. O, başqa uşaqlar kimi həyətdə futbol oynamayıb. Ancaq fikrini şahmata verib. İndi dəcəl uşaqdan heç bir əsər-əlamət qalmayıb. O indi özünü elə bil ağsaqqal kişi kimi aparır”.

Aydın Süleymanlı haqqında söz açan Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Cəmil Fətullayev yetirmələrinin belə uğurlarının olmasından qürur hissi keçirdiyini bildirdi. C.Fətullayev məktəbin uğurlarının davamlı olacağından və gələcəkdə yeni-yeni nailiyyətlər əldə edəcəklərindən ümidvar olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, təhsil ocağı həm respublika səviyyəsində, həm də beynəlxalq yarışlarda uğurla təmsil olunur. Düzgün qurulmuş və gərgin əmək sayəsində məktəb Təhsil Nazirliyinin bir çox diplom və mükafatları ilə təltif olunub. O, idmana dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək Prezident İlham Əliyevə minnətdarlığını bildirdi: “Bu qayğı, bu diqqət bizə həddən artıq sevinc, qürur və fəxr hissi bəxş edir”.

Aydın Süleymanlının məşqçi-müəllimi Xalid Atababayev söhbətimizə qoşularaq onun haqqında fikirlərini bizimlə bölüşdü. O, Aydının böyük potensiala malik olduğunuöz üzərində ciddi çalışdığını qeyd etdi. Bildirdi ki, Aydını başqalarından fərqləndirən əsas cəhət onun daim axtarışda olmasıdır. Qeyd etdi ki, şahmatda uğur qazanmağın əsas səbəbi çox çalışmaqdır. Təbii ki, istedad olmasa, çalışmağın da bir o qədər faydası olmaz. Aydın həm istedadıyla, həm də çalışmaqla uğur qazanır. Onunla uzun müddət işləmək mənə xüsusi zövq verir : “Aydının şahmatda reytinqi hazırda 2390 səviyyəsindədir. Bu isə o deməkdir ki, 10 əmsal reytinqini artırsa, beynəlxalq usta normasını yerinə yetirmiş olar. Tezliklə Aydının beynəlxalq qrossmeyster olmasını gözləyirik. Bu şahmatçıya bizim ümidlərimiz böyükdür”.

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2017.- 26 may.- S.14.