Ədəbiyyatdan dərs nümunəsi

 

M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının təhlili

 

Ümummilli lider Heydər Əliyev təhsil işçiləri ilə çoxsaylı görüşlərindəki çıxışlarında gənclərin milli-mənəvi və vətənpərvərlik tərbiyəsini təhsilin qarşısında duran əsas vəzifələrdən biri kimi göstərir, müəllimlərə məktəbliləri bu ruhda tərbiyələndirməyi tövsiyə edirdi.

Biz müəllimlər ulu öndərin bu tövsiyələrinə əməl edərək çalışmalıyıq ki, dərs dediyimiz şagirdlər nəinki bilik alsınlar, həm də cəmiyyətdə bütün əxlaq normalarını mənimsəyib onlara riayət etsin, öz həyatlarını yüksək əxlaqi, milli-mənəvi dəyərlər əsasında qursunlar. Bu baxımdan mən X sinifdə M.F.Axundzadənin “Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tədrisi zamanı milli-mənəvi dəyərləri əsas götürürəm. Həmin dərsin qısa icmalını həmkarlarımın diqqətinə çatdırıram.

 

Mövzu:

“Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah” komediyası

 

Dərsin məqsədi:

Şagirdlərdə əsəri müstəqil təhliletmə bacarığı yaratmaq, əqli nəticə çıxartma, ümumiləşdirmə vərdişləri formalaşdırmaq; onlara müsbət əxlaqi keyfiyyətlər aşılamaq.

 

İnteqrasiya:

Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, xarici dil və.s.

İş formaları: kiçikböyük qruplarla , kollektiv .

İş üsulları: işgüzar səs-küy, söz assosiasiyası, beyin həmləsi, təqdimat, rollar üzrə oyunlar, debat, təhliletmə.

Yaradıcı tətbiqetmə: Qarabağ haqqında dahabilirik? Verilmiş mövzunun təhlilinə dair açıq testlərin və sualların düzgün cavablarının tapılması əsasında aparıla bilər.

Təlim resursları: dərslik, kompüter, elektron lövhə, “Ədəbiyyat” və “Ədəbiyyat nəzəriyyəsi”, M.F.Axundzadənin portreti, komediyaları, vərəqləri, “Dərviş Parisi partladır” kinofilmi, testlər, sxemlər, açıq suallar.

 

Motivasiya:

Şagirdlərdə dərsə-mövzuya motivasiya yaratmaq üçün “Dərviş Parisi partladır” filmindən bir fraqmenti nümayiş etdirirəm. Şagirdlər fraqmenti izlədikdən sonra onlara aşağıdakı suallar verilir:

1.Əsərin yazılma tarixi haqqında nə bilirsiniz?

2.Əsər neçə məclisdən ibarətdir?

3.Əsərin əsas ideyası nədir?

4.Hadisələr harada cərəyan edir?

5.Komediyada iştirak edən qadın surətlərini sadalayın.

6.Şərəfnisə xanım kimdir? Əsərin əvvəlində onun vəziyyətini açıqlayın.

7.Şəhrəbanu ana haqqında nə bilirsiniz? Onun bütün bu olmuş hadisələr barədə fikirlərini açıqlayın.

8.Müsyö Jordan haqqında bildiklərinizi danışın. O kimdir?

9.Şahbaz bəy kimdir? Müsyö Jordan onu niyə Parisə aparmaq istəyir?

10.Şahbaz bəyin Parisə getmək istəməyinin səbəbi nədir?

11.Hatəmxan ağa haqqında nə bilirsiniz? Bütün bu işlərə onun münasibəti necədir?

Şagirdlər verilmiş sualları cavablandırır. Beləliklə, məzmunla təhlil arasında əlaqə yaradılır, əsərdə iştirak edən surətlərin xüsusiyyətləri üzə çıxır.

 

Tədqiqat sualı:

Komediyada hansı milli-mənəvi dəyərlərimiz öz əksini tapıb?

Tədqiqatın aparılması:

Tədqiqat sualı ətrafında araşdırma aparıb öz fikirlərini bildirmələri üçün sinfə aşağıdakı sualları təqdim edirəm:

- Baxdığınız fraqmentdə nə tənqid olunur?

- Avamlıq və fırıldaqçılıq hansı qadın surətinin simasında özünü büruzə verir?

- Şəhrəbanu ana avam olsa da, onun Azərbaycan milli mentalitetinə dair hansı yüksək keyfiyyətləri var?

 

Ümumiləşdirmə və nəticə:

Verilən cavablar əsasında ümumiləşdirmə aparılaraq qeyd olunur ki, komediyada Şəhrəbanunun və Xanpərinin simasında avamlıq, Məstəli şah və Qurbanəlinin simasında isə fırıldaqçılıq əks olunur.

Dramaturq M.F.Axundzadə maarifçilik ideyalarını təbliğ, avamlığı, cadugərliyi, fırıldaqçılığı tənqid edir.

Yazıçı komediyada milli-mənəvi dəyərləri - qonaqpərvərliyi, vətənpərvərliyi, Azərbaycançılıq ideyasını təbliğ edir, milli mentalitetimizə zidd olan bütün mənfi xüsusiyyətlərə qarşı çıxır.

Dramaturq M.F.Axundzadə Hatəmxan ağanın simasında ağıllı, fərasətli, yaxşı ailə başçısı, qonaqpərvər, müasirliyə, təhsilə yüksək qiymət verən bir obraz yaradır. Ancaq onun mənfi xüsusiyyətlərinə də göz yummur. Hatəmxan ağanı yeri gələndə məhdud dünyagörüşlü, düşüncə tərzi zəif olan bir surət kimi səciyyələndirir.

Əsərdə iştirak edən Müsyö Jordan isə Azərbaycan təbiətinin vurğunu kimi göstərilir. O, nəbatat alimidir, vətənpərvərdir. 1848-ci ildə Fransa inqilabını eşidən kimi tez ora özünü çatdırmaq istəyir. Komediyada Şahbaz bəylə bağlı surətdir.

Şahbaz bəy ərəb, fars, rus dillərini bilir. Ən böyük arzusu fransız dilini öyrənməkdir. Qərb mədəniyyətinə dərindən bələd olmaq, onun haqqında çox şey bilmək istəyir.

Şahbaz bəy ad-san qazanmaq, bataqlıqdan uzaqlaşmaq istəyir və avam xalqı maarifləndirmək üçün əlindən gələni əsirgəmir.

O da qeyd olunur ki, əsərdə tənqid edilən bəzi xüsusiyyətlər, o cümlədən avamlıq Azərbaycanda bu gün demək olar ki, aradan götürülüb. Gənclərimiz xarici ölkələrdə təhsil alırlar, onlar çox savadlıdırlar, bir neçə dil bilirlər. Şahbaz bəyin arzuladığı xəyallar artıq həyata keçirilib.

Cadugərliyə gəldikdə isə dövrümüzdə Məstəli şah kimi cadu və falçılıqla məşğul olan fırıldaqçılar və onlara inanan avam insanlar az da olsa var. Biz bu gün cəmiyyətimizdə Məstəli şah kimi yalançı, fırıldaqçı adamlara qarşı mübarizə aparmalıyıq.

Mövzunun təhlilini “Ədəbiyyat nəzəriyyəsi” ilə də əlaqələndirirəm.

Komediyanın süjet və kompozisiyasını hissələrə bölür, şagirdlərə çatdırıram.

Nəticə: M.F.Axundzadə yenilikçi dramaturq, novatordur. Milli dramaturgiyayeni tənqidi realist bədii nəsrin yaradıcısıdır, fəlsəfi publisistikanın bayraqdarıdır. Ədəbi tənqid və milli teatrın yaranması onun adı ilə bağlıdır. Yaradıcılığı çoxşaxəlidir, yeni bir ədəbi məktəbin əsasını qoymuşdur.

Bu gün parta arxasında oturan şagirdlər onun əsərlərindən çox şey öyrənirlər: Milli adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, vətənpərvərliyi, qonaqpərvərliyi, açıqürəkliyi və s. Ona görə bu gün də M.F.Axundzadənin əsərləri aktualdır, müasirdir.

 

Ev tapşırığı:

“Ədəbiyyat” kitabından əsərin bədii xüsusiyyətlərini, “Ədəbiyyat nəzəriyyəsi”ndən isə komediya, satira, yumor, gülüş haqqında öyrənmək.

 

Qiymətləndirmə:

Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.

 

Ağabacı MİRZƏYEVA,

Bakı şəhəri 23 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Azərbaycan müəllimi.- 2017.- 16 sentyabr.- S.12.