Milli hökumət təhsili
milliləşdirdi
Azərbaycan Xalq Cümhuriyyəti-100
Azərbaycanda yaşayan digər
xalqların da təhsil almaq hüququ dəstəklənirdi
Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması Azərbaycan
xalqının milli
dövlətçilik və özünüdərkinin
inkişafı tarixində misilsiz bir hadisədir. Onun mövcudluğu
millətin bütün sosial qatlarında sevinclə
duyulmuş, fəaliyyəti cəmiyyətin bütün təbəqə
və qurumlarına, milli həyatın hər sahəsinə
nüfuz etmişdi. Milli hökumət təhsilin
inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü
iş aparırdı.
Yeni
dövlətin yaranması ərəfəsində təhsildə
vəziyyət ürəkaçan deyildi: 1914-cü ildə
ölkədə 976 məktəbdə 73 mindən artıq şagird
təhsil alırdısa, 1918-ci ildə 660-dan artıq məktəbdə
48078 şagird oxuyurdu. Belə şəraitdə
məktəb sisteminin dağılmasının
qarşısını almaq milli hökumətin
qarşısında mühüm vəzifə kimi dururdu.
Milli
hökumət təhsildə ilk iş olaraq 1918-ci il mayın 28-də Xalq Maarif Nazirliyini
yaratdı. Nazirlər Şurasının 1918-ci il
30 iyun tarixli qərarı ilə üç şöbədən
(ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə
məktəbləri) ibarət strukturu təsdiq olundu. İlk üç hökumət kabinetində maarif
naziri Nəsib bəy Yusifbəyli, dördüncü hökumət
kabinetində Rəşid bəy Qaplanov, beşinci hökumət
kabinetində isə Həmid bəy Şahtaxtinski və Nurməhəmməd
bəy Şahsuvarov olmuşdur.
Ardınca
1918-ci il 27 iyun tarixli fərmanı ilə
Azərbaycan dili dövlət dili elan olundu. Təhsili xalqın
mənafeyinə uyğun qurmaq yolunda ən vacib addımlardan
biri 1918-ci il 28 avqust tarixli qərarı ilə
təhsilin milliləşdirilməsi oldu. Bütün
ibtidai tədris müəssisələrində dərslərin
Azərbaycan dilində aparılması məcburi
sayılırdı. Azərbaycan dilini bilməyən
şagirdlərə intensiv şəkildə Azərbaycan dili
tədris olunmalı idi.
Milliləşdirmə zamanı Azərbaycanda yaşayan
digər xalqların da mənafeyi nəzərdə tutulur,
onların təhsil almaq hüququ dəstəklənirdi. Hökumətin 1918-ci il 7 sentyabr tarixli qərarı ilə sinifdə
başqa millətdən olan şagirdlərin sayı 10 nəfərdən
az olmadıqda onlara öz dillərində ana dili və
ilahiyyat keçilməli idi. Yəhudi Milli
Şurası nəzdində fəaliyyət göstərən
məktəblərdə 700 nəfərin təhsili ilə 24
müəllim məşğul olurdu. Bu məktəblərə
hər ay dövlət tərəfindən 10 min manat
ayrılırdı. Keçmiş alman
koloniyalarında fəaliyyət göstərən məktəblərdə
işləyən müəllimlərin hər birinə hər
ay 90 manat ödənilirdi.
Məktəblərin dəstəklənməsində
özəl təşəbbüslər də rol
oynayırdı. Hacı Zeynalabdin Tağıyevə məxsus
fabrik qızlar məktəbinə aztəminatlı məktəblilər
arasında bölüşdürülmək üçün
400 arşın parça təqdim etmişdi.
Milliləşdirmənin gedişində bəzi çətinliklər
qarşıya çıxırdı. Azərbaycan dilini bilməyən
şagirdlərin çoxu kənarda qalırdı. Hökumət təhsil haqqındakı əvvəlki
qərarlara düzəlişlər etdi. Yuxarı
siniflərdən başlayaraq paralel siniflərdə rus
bölməsi açılırdı.
Həmin məktəblərin hamısında ana dili məcburi
tədris olunmalı idi. Görülən tədbirlərin nəticəsində
dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili
məktəbi fəaliyyət göstərirdi.
Milliləşdirmə
mütərəqqi addım olsa da ciddi çətinliklərlə
qarşılaşırdı:
* pedaqoji kadr və müəllimlərin
çatışmazlığı;
* lazımi dərsliklərin kifayət qədər
olmaması;
* erməni və rus azlıqlarının Azərbaycan
dövlətini tanımamağa meyillənmiş müqaviməti.
Məktəb şəbəkəsinin
bərpa edilməsi üçün hökumət maddi-texniki
bazanın möhkəmləndirilməsi, məktəblərin
təmiri və bərpası üzrə tədbirlər
gördü: Zaqatala, Göyçay, Şuşa
və digər yerlərdə yeni məktəblər
açıldı. Artıq 1919-1920-ci tədris
ilində məktəblərin sayı 70-ə
çatırdı.
Milli hökumətin təhsil siyasəti məsələnin
yalnız texniki tərəfi ilə məhdudlaşmırdı. Təhsilin
milliləşdirilməsi ilə əlaqədar
bütövlükdə təhsil islahatı məsələsi
ortaya çıxdı. İslahatın
mahiyyəti təhsili yeni şəraitə
uyğunlaşdırmaq, onu milli dövlətçilik mənafeyinə
yaxınlaşdırmaq, milli dəyərləri mənimsəmiş
yeni nəsil yaratmaqdan ibarət idi. Bu məqsədlə
yeni tədris proqramlarının hazırlanması
üçün komissiyalar yaradıldı. Komissiyaların işində Hüseyn Cavid, Abdulla
Şaiq, Cəmo bəy Cəbrayılbəyli kimi
dövrünün mütərəqqi ziyalıları
yaxından iştirak edirdilər. Çox keçmədən
yeni dərsliklər - “Türk əlifbası”, “Yeni hesab”,
“Ədəbiyyat dərsləri”, “Türk qrammatikası”, “Təbiətşünaslıq
tarixi” və s. hazırlandı. Dövrün
ab-havası ilə səsləşən yeniliklərdən
biri tədris proqramına türk xalqları tarixinin daxil edilməsi
oldu.
Cümhuriyyət rəhbərləri qızların təhsili
məsələsinə də biganə deyildilər. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Bakı, Gəncə
və Nuxa qız gimnaziyalarının adı dəyişdirildi:
Bakıdakı gimnaziya birinci Azərbaycan gimnaziyası, Gəncə
və Nuxadakılar qız gimnaziyaları
adlandırıldı. Orta təhsil müəssisələrində
qızların sayı artdı: 1918-1919-cu tədris ilində Gəncə
gimnaziyasında 4 nəfər qız oxuyurdusa, 1919-1920-ci tədris
ilində onların sayı 296 nəfər idi.
Milli hökumətin milliləşdirmə siyasəti məktəb
təhsili ilə məhdudlaşmırdı. Yaşlı əhali
arasında savadsızlıqla mübarizə də milliləşdirmənin
tərkib hissəsi idi. Hökumətin təşəbbüsü
ilə 1919-cu ilin sentyabrında Azərbaycan (türk) dilinin
öyrədilməsi üzrə kurslar təşkil olundu,
işin icrası üçün büdcədən 951000
manat vəsait ayrıldı.
Milli hökumət yaxşı başa
düşürdü ki, savadsızlığı yalnız
birtərəfli tədbirlər hesabına aradan qaldırmaq
mümkün deyil. Bu istiqamətdə ən mühüm tədbirlərdən
biri olan əlifba islahatı da milli hökumətin
maarifçilik fəaliyyəti və təhsil üzrə
dövlət proqramının reallaşdırılmasına
xidmət edirdi. Əlifba islahatında ilk
addım 1919-cu ilin martında X.Məlikaslanovun sədrliyi
altında dövlət komissiyasının yaradılması
oldu. Təqdim olunmuş layihələrdən
müəllim Abdulla bəy Əfəndiyevin layihəsi
parlament tərəfindən bəyənildi və yeni əlifba
üçün əsas qəbul olundu.
Milli hökumət yaxşı başa
düşürdü ki, təhsil sistemini kökündən dəyişdirmək
üçün pedaqoji kadrların hazırlanması birinci dərəcəli
məsələdir. Bu məqsədlə Xalq Maarif Nazirliyi
aşağıdakı tədbirləri
görmüşdü:
* Qori
Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsi Qazaxa köçürüldü və
müstəqil seminariyaya çevrildi;
* kişi və qadın gimnaziyaları
açıldı;
* parlamentin 1919-cu il iyul tarixli qanununa görə
iki aylıq pedaqoji kurslar açıldı və onlara 2 milyon
390 min manat vəsait ayrıldı;
* 1918-ci
ilin 23 iyulunda Osmanlıdan dərslik tədarükü və
müəllimlərin dəvət olunması üçün
qanun qəbul olundu. Bunun üçün Türkiyə həyatı
ilə yaxından tanış olan Əhməd
bəy Ağayev qardaş ölkəyə ezam olundu;
* təhsilin texniki təşkili
üçün tədbirlər görüldü. Gəncədə dəmiryol və teleqraf xidmətçiləri
hazırlanan kurslar açılmış, Salyanda
açılması nəzərdə tutulan təhsil müəssisəsinin
layihəsi hazırlanmışdı.
Yeni
yaranmış respublikada ali təhsilin təşkili
məsələsi də diqqət mərkəzində idi. Xalq
Maarif Nazirliyi üç ali məktəbi
- Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı
İnstitutu və Dövlət Konservatoriyası
açmağı planlaşdırmışdı. Amma bunlardan yalnız birini- Bakı Dövlət
Universitetini açmaq mümkün oldu. Bakıda
universitetin açılması ilə əlaqədar 1919-cu
ilin may-sentyabrında 35 iclas keçirildi. İlkin
müzakirələr göstərdi ki, əsas prinsipial məsələlər
üzrə fikir birliyi var. Ancaq layihənin opponentləri də
vardı. Fikir ayrılığı
açılması nəzərdə tutulan universitetdə tədrisin
rus dilində aparılması ilə bağlı oldu. Opponentlər rus dilində tədrisə qarşı
çıxmaqla yanaşı, yaxın gələcəkdə
universitetin təşkili üçün lazımi vəsaitin
tapılmayacağını da iddia edirdilər. M.Ə.Rəsulzadə
vəziyyəti şərh edərək deyirdi: “Əlbəttə,
yaxşı olardı ki, açılacaq elm ocağı
türk (Azərbaycan) dilində olaydı, lakin bu hələlik
mümkün deyildir. Lakin bu başqa dildə də
olsa universitetin fəaliyyətinə mane olmamalıdır”.
M.Şahtaxtlı
“Azərbaycan” qəzetində yazırdı ki,
bundan qorxmaq lazım deyil, milli kadrlar yetişdikcə tədris
dili Azərbaycan dilinə keçiləcəkdir. 1919-cu il noyabrın 15-də universitetin
açılışı münasibətilə onun ilk rektoru
V.İ.Razumovski yazırdı ki, türk (Azərbaycan)
xalqının tarixinə yeni parlaq səhifə
yazıldı, Asiya ilə Avropa qovşağında yeni məşəl
yandı.
Noyabrın
17-də “Azərbaycan” qəzetində “Darülfünun”
adlı məqalədə Avropa xalqlarının
inkişafında universitetlərin rolundan bəhs olunurdu: “ Tarixdə Afina darülfünunun yeni bir
Yunanıstan yaratdığını kim inkar edə bilər? Bir əsr əvvəl Fransiyayı aləmşümul
təqəllüb və təkamülə atan Sorbon
darülfünu deyilmi? Almanları 1806-cı il fəlakətindən sonra yenidən
şöhrət və siyasətə hazırlayan Berlin
darülfünu deyilmi? Azərbaycan
darülfünunun həyata başlaması tarixi olan 15 noyabr
yeni bir tərəqqi dövrünün
açılmasının ibtidası olacaqdır”.
Milli
hökumət ali təhsilli kadrlara olan
ehtiyacını tələbələri əcnəbi
universitetlərə göndərməklə ödəməyə
çalışırdı. Tələbələri
seçmək üçün M.Ə.Rəsulzadənin rəhbərliyi
ilə münsiflər heyəti yaradıldı.
Münsiflərin seçdiyi tələbələr qonşu
Rusiya və Türkiyə də daxil Avropanın ali təhsil ocaqlarına göndərilməli
idilər. Onlar 1920-ci ilin martın 14-də
Tiflisdən dövlət rəsmilərinin iştirakı ilə
təntənəli şəkildə yola salındılar.
Parisdə Azərbaycan nümayəndə heyətinin
rəhbəri Ə.Topçubaşov onları qəbul etdi və
böyük nitq söylədi.
Tələbələrə
dövlət ayda 400 frank təqaüd ayırmışdı.
Dövlət hesabına gedən tələbələr
qayıtdıqdan sonra dövlətin təyin etdiyi işdə
işləməli idilər. Ancaq 28 aprel istilası vəziyyəti
kökündən dəyişdi: tələbələrə
pul göndərilmədi. Belə olan halda onlar Nəriman
Nərimanova müraciət etdilər. Azərbaycan
İnqilab Komitəsinin 1920-ci il 9 avqust
iclasında onlara yardım edilməsi haqda qərar qəbul
olundu. N.Nərimanov bu işi davam etdirsə də onun Moskvaya təyinatından
sonra bu iş yarımçıq qaldı. Və
onlar taleyin ümidinə buraxılaraq tərk edildilər.
Bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin varisi - Azərbaycan
Respublikası təhsil sahəsində sələfinin
yarımçıq qalmış işlərini böyük
uğurla davam etdirir: məktəblərin maddi-texniki bazası
gücləndirilir, müəllimlərin rifah halı
yaxşılaşdırılır, dövlət
proqramları vasitəsilə tələbələrin xarici
ölkə universitetlərində təhsili dəstəklənir.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə tarix deyil. O, həm də örnək və gələcək təcrübədir.
Aqşin KƏRİMLİ,
Ağdaş
rayonu Nofəl Babayev adına Qəribli
kənd tam orta məktəbinin
tarix müəllimi
Azərbaycan müəllimi.- 2018.-
10 avqust.- S.1; 4.