“Uşağımı dəyiş, amma mən
dəyişmirəm”
Psixoloqlar valideynlərə
övladlarına fikir sərbəstliyi verməyi, onları
dinləməyi tövsiyə edir
Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır. Budur, VI sinifdə oxuyan və başqa şagirdlərə qarşı aqressiv münasibəti ilə seçilən məktəblinin davranışı psixoloqların tədqiqat obyektinə çevrilib. “Məktəblinin dostu” layihəsinin psixoloqu Aydan Əzimzadə deyir: “Bir valideyn etiraf etdi ki, ailədə yoldaşı uşağa qarşı çox aqressivdir. Ümumiyyətlə, valideynlərlə danışarkən belə bir izahat ortaya çıxır: məni necə böyüdüblər, mən də elə böyüdürəm. Amma unudurlar ki, bu psixologiya müasir uşaqlarda işə yaramır. Ailədaxili şiddət faktoru ailədə və cəmiyyətdə normal sayıldığından, o zamanın uşaqları məktəbdə qarşılaşdıqları təzyiqləri normal qəbul edirdilər. Amma artıq məktəblilər müqayisə edə bilirlər. Haqlı olaraq deyirlər ki, sinif yoldaşı “3” aldığına görə onu evdə döymürlər, ancaq o “4” alanda döyülür. Və uşaq bu nəticəyə gəlir ki, ailədə onu sevmirlər”.
Atasından
şiddət görən uşaq məktəbdə
başqalarının
müdafiəçisinə çevrilir
Psixoloq A.Əzimzadənin sözlərinə görə, uşaq bu fikrə gəlməklə kifayətlənmir, onun psixologiyası ailədə sevilməməsi ehtimalına, hətta düşüncəsinə fərqli reaksiyalar verir: “Atasına qarşı aqressiya göstərə bilmədiyi üçün mənfi enerjisini sinif yoldaşlarına qarşı yönəldir. Bu zaman əvəzetmə reaksiyası ortaya çıxır. Sinifdə haqqı pozulduğunu düşündüyü yoldaşlarının müdafiəsinə qalxır. Ailədə öz haqqını müdafiə edə bilmir, küçədə döyülən birinə qahmar çıxır, sinifdə yoldaşının alçaldılmasına sərt reaksiya verir. Bir sözlə, başqalarının hüquqlarının müdafiəçisinə çevrilir. Burada işin 50 faizi valideynlərin üzərinə düşür. Belə ki, valideynlər davranış modelini dəyişsə, uşaqlar da dərhal dəyişirlər”.
Ancaq bu dəyişiklik zərurətini valideynlərə qəbul etdirmək elə də asan məsələ deyil.
“Qızını döyməyən dizini döyər” psixologiyası ilə uşaq tərbiyə etməyin doğruluğuna inanan valideynə bunun əksini izah etmək, onu yeni tələblərə inandırmaq, demək olar ki, mümkünsüzdür: “Böyüklər dəyişməyə meyilli olmurlar. “Uşağımı dəyiş, amma mən dəyişmirəm”, - deyirlər. Mümkün olsa belə, bu və digər səbəblərdən dəyişmək qısa zaman kəsiyində gerçəkləşmir”.
Şiddət sadəcə, uşağa yönələndə deyil, elə ailə üzvlərinin bir-birinə olan münasibətindəki gərginlik də ilk növbədə uşaqlara təsir edir. Bir nümunədə psixoloqlar araşdırıb ki, ailədəki aqressivlik sadəcə uşağa qarşı deyil, ümumiyyətlə, ailədaxili mühit gərgindir: “Bu halda həm atanı, həm də ananı terapiyaya dəvət etdik. Onlarla müəyyən iş apardıqdan sonra uşağı da terapiyalara qoşduq və müsbət nəticə əldə etdik”.
Ailədəki sükutun səsi məktəbdə
çıxır
Məktəblinin ailədə qarşılaşdığı daha bir problem - susdurulmaları onlarda ciddi psixoloji problemlərə gətirib çıxarır. Ən müxtəlif formalarda - aqressivlik, özünə inamsızlıq və s. şəkildə üzə çıxan bu problemi valideynlər də etiraf edirlər: “Ata-analar uşaqlarını dinləmir, onları susdurmağa çalışırlar. Övladı Psixoloji Mərkəzə həvəslə gələn valideynlərdən biri etiraf etdi ki, uşağına ailədə söz haqqı vermirlər. Psixoloqlarımızı öz müdafiəçisi kimi qəbul edən uşaqlar isə ailəsini bizimlə, yəni “psixoloqa deyəcəm”, - deyə təhdid edirlər”.
Əslində, valideynlərin çoxu bilir ki, uşaqları susdurmaq doğru deyil. Buna baxmayaraq, onları dinləmir, övladlarıyla birgə vaxt keçirmirlər. Onda belə çıxır ki, valideynlər bilə-bilə səhv edirlər?
Canqurtaranlar - məktəblinin dostu
olmasaydı...
Bəlkə də elə bu dinləməməyimizin nəticəsidir ki, məktəblilər arasında intihara meyillilik artıb. Məktub yazıb, hətta video çəkib, son sözünü bu yolla deyən və sonra özünü öldürənlərin, buna cəhd edənlərin, yaxud fikrindən keçirənlərin o qədər də qısa olmayan siyahısı əmələ gəlib. Belə faktlar ötən dərs ilində bir neçə dəfə təkrarlandı və uzun müzakirələrə səbəb oldu. Maraqlıdır, məktəblilər arasında belə faktların qarşısını almaq mümkündürmü?
Psixoloq Mehriban Verdiyevanın fikrincə, bu cür problemləri bəzən ailələrdə ər və arvadın ayrılması, iki valideyndən birinin olmaması ilə izah edirlər. Ancaq bu, belə deyil: “Belə problemlərə həm natamam ailələrdə, həm də tam ailələrdə rast gəlinə bilər. Burada ailə amili ilə yanaşı, mühit də çox böyük rol oynadığından bəzən problemlərin qaynağının ailə ilə heç bir əlaqəsi olmur. Ancaq təbii ki, problemin çözülməsində ailənin yardımı mütləqdir. Yeniyetməlik dövründə böhran halları olur. Həmin dövrdə şagirdlər aqressiv, neqativ hallara meyilli olurlar. Bu zaman nə valideynlər, nə də müəllimlər uşaqları başa düşürlər. Nəticədə uşaq mənəvi tələbatını ödəyə bilmir və aqressiyası durmadan böyüyür. İstər yoldaşlarına, istərsə də ətrafında olan digər insanlara qarşı onda inamsızlıq formalaşır və bu da özünəqapanma, ruh düşkünlüyü ilə müşayiət oluna bilər”.
Psixoloqun sözlərinə görə, məktubu ölümündən əvvəl ortaya çıxan və məktəblinin dostlarının müdaxiləsi nəticəsində nəinki həyatda qalan, hətta həyatı dəyişən məktəblilər var. Məktəblinin dostunun diqqətliliyi sayəsində belə bir faktın qarşısı alınıb: “Ötən dərs ilində şagirdlərdən biri məktub yazaraq halallıq istəyib. Məktəblinin dostu bizi məktəbə dəvət etdi və faktı araşdırdıq. Valideynini də məktəbə çağırdıq və onunla birgə müzakirə edib, şagirdin vəziyyətini dəyərləndirməyə çalışdıq. Məlum oldu ki, anası və nənəsi ilə birgə yaşayan şagird hər gün küçədə atası ilə qarşılaşır, amma atası onunla danışmır. Yanından yad bir insan kimi keçib gedir. Anası isə ailədə aqressiv biridir. Onunla kobud rəftar edir. Bütün bunlar uşağın ətraf mühitə qarşı etibarının itməsinə səbəb olub. Hətta məktubunda ilk cümləsi bu olmuşdu ki, insanlara inanmır. Valideynlə bir-iki dəfə görüşdükdən sonra uşağın davranışı dəyişdi. Bunu məktəblinin dostları vaxtında müşahidə etməsəydi, həmin şagird artıq həyatda olmayacaqdı”.
Ən böyük dostum bir itim, bir də...
Tam bir ailənin
üzvü olan 8-ci sinif şagirdi Namiq Quliyev isə az qala mühitin qurbanına çevriləcəkdi.
Təbii ki, vəziyyətə vaxtında
qarışan ailəsi öz dəyərlərini ona qəbul
etdirə bilməsəydi. Yaşadıqlarından dərs
çıxaran şagird üçün ailəsi indi həm
də dostudur:
“İtimi gəzdirmək bəhanəsi ilə evdən
çıxırdım. Pis uşaqlara qoşulmuşdum. Ailəm məktəbimlə əlbir olub məni bu
yoldan çəkindirdi. Ən çox
qardaşlarım mənimlə söhbət edirdilər.
Onlardan çox böyük dəstək
aldım. İndi əhatəm tamamilə dəyişib.
Daha həmin uşaqlarla dostluq etmirəm. İndi əsas dostlarım idmanla məşğul
olduqlarımdır”.
Namiq deyir
ki, onun əhatəsi dəyişməklə bütün
dünyası dəyişib: “Əvvəlki uşaqlarla dostluq
məni səhv istiqamətə yönləndirdi. Oxumağa həvəsim yox idi. Münasibətlərim
də pisləşmişdi. Az qala məktəbdən
qovulmaq həddində idim. İndi qiymətlərimi
də yavaş-yavaş yaxşılaşdırıram. Futbola çox böyük marağım var idi.
Ancaq anladım ki, ölkəmizdə futbol
yoxdur. Artıq yeganə marağım itlərə
olan sevgimdir. İtimi çox sevirəm.
Ən böyük dostum bir itim, bir də ailəmdir.
Mənim fikrimcə, hər dərdimdə
yanımda olan, məni olduğum kimi qəbul edən, səhvimi
düzəltmək, məni pis yoldan qaytarmaq üçün
hər yola əl atan biri əsl dostdur”.
Uğursuzluqları qabardır,
uğurlarını isə unudurlar
Namiqin təcrübəsindən də
göründüyü kimi, mühit,
uşaqlarınızın dostları onların
davranışında silinməz iz qoya bilir. Pedaqoji Mərkəzin
psixoloqu Nilufər İsmayılova deyir ki, dostluqlar yeniyetməlik
çağlarında xüsusilə əhəmiyyət
daşıyır: “Yetkinlik problemləri olan bir şagirddə
depressiv hallar müşahidə olunurdu. Özünə
güvənmirdi. Özü haqqında daha
çox neqativ fikirləşirdi. Əvvəllər
daha şən, hərəkətli və həyat dolu olan həmin
şagirdin düşdüyü vəziyyətin mühitlə
əlaqəli olduğunu müəyyənləşdirməyimiz
elə də çətin olmadı. Məlum
oldu ki, problemi yoldaşları ilə münasibətindən
qaynaqlanır. Çox istedadlı olan bu
şagirdi əvvəlki psixoloji vəziyyətinə qaytarmaq
üçün sevdiyi, ancaq psixoloji vəziyyəti ilə
bağlı məşğul olmadığı rəsm
bacarığından yararlandıq. Söhbətimiz
zamanı ondan rəsm çəkməsini istədim. İşə çox ürəklə
başladı. Rəsm çəkdikcə
onun tamamilə dəyişdiyini müşahidə etdim. Əvvəl sadəcə sxem çəkirdisə,
sonradan rəsmində rənglər, çalarlar, bütün
ovqat dəyişməyə başladı. Uşaqlarda özgüvən probleminə tez-tez rast
gəlirik. Belə uşaqlar həyatlarındakı
uğursuzluqları qabardır, uğurlarını isə
unudurlar. Mənim yeniyetmə şagirdlə
münasibətdə əsas işim o oldu ki, onun rəssamlıq
bacarığından istifadə etdim və uğur hekayəsini
onunla birgə yenidən yazdıq”.
N.İsmayılovanın
fikrincə, həmin şagirdin psixoloji vəziyyətindəki
dəyişikliyin səbəbinin ailədə deyil, mühitdə
olduğunu anlamaları elə uzun çəkməyib: “Həmin
şagirdimizin anası ilə normal münasibətləri var.
Hər şeyi anası ilə bölüşə bilir. Problem həmyaşıdlarında olmuşdu. Bu yaşda bəzən barələrində
yaşıdlarının nə düşündüyü
uşaqlar üçün daha maraqlı olur, nəinki öz
fikirləri. Biz də şagirdə kömək
etdik ki, özü haqqında olan pozitiv fikirlərə
köklənsin”.
Mühitin ortaya çıxardığı problemlərlə
mübarizədə də “Məktəblinin dostu”nun psixoloqları
aciz qalmır.
Bu zaman təlimlər düşünürlər.
Problemin xarakterindən asılı olaraq,
problemli mühitin formalaşmasında iştirak edən
şagirdləri həmin təlimlərə cəlb edirlər.
Onlara dostluq, etika qaydaları, insanların
bir-birinin hisslərini anlamasına yönələn təlimlər
keçirilir.
Ümumiyyətlə,
“Məktəblinin dostu” hər sinifdə iş aparır. Xüsusən, kütləvi dava olubsa, hər
hansı şagirdin problemi sinifdəki vəziyyətindən
qaynaqlanırsa, bu zaman sinif şagirdləri “Məktəblinin
dostu”nun təlimlərinə cəlb edilir.
Məktəbli KİV-də
Məktəbli üçün ən böyük
problemlərdən biri də kütləvi informasiya vasitələrinin
xəbərlərinə münasibətindən qaynaqlanır. Məktəbliləri
və onların hər hansı düşünülməmiş,
ancaq birbaşa taleyinə təsir edəcək
davranışını xəbərin mərkəzinə gətirən
media nümayəndələri bununla da məktəbli
psixologiyasına zərbə vurur. Hazırda
mediada hər cür - ailələrdə zorakılıq
faktlarından tutmuş intiharlara qədər müxtəlif xəbərlər
yayılır. Uşaqlar isə
özünü həmin xəbərlərin “qəhrəman”larına
bənzədirlər. Psixoloq Nilufər İsmayılova
valideynlərə xəbərdarlıq edir: “Bu xəbərlərin
təsiri şəksizdir. Amma bu cür xəbərləri
ailədə uşaqdan gizlətməyə
çalışmaq da doğru deyil. Bu, cəmiyyətdə
baş verənlərə qarşı uşağın
hazırlıqsız yaxalanmasına səbəb ola bilər. Gözünü
açanda cəmiyyətdə
qarşılaşdığı intihar, zorakılıq,
aqressiya və başqa hallarla mübarizə apara bilməz və
nəticə onun üçün daha ağır olar. Ən yaxşı halda həyatda daha çox səhv
edib özünü itirər. Uşaqların
valideynləri ilə söhbət eləmək imkanları
olmalıdır. Münasibətlər elə
qurulmalıdır ki, uşaq onu maraqlandıran suala valideynindən
cavab ala bilsin, onun kimi səhvlərə meyilli olan həmyaşıdlarından
yox”.
Ailə: dəyərlərinizi qəbul
etdirməyə çalışmayın
Uşaqlarla danışmaq, onlara fikir sərbəstliyi
vermək valideynə nə qazandıracaq? Psixoloq deyir ki, valideyn
övladını düzgün istiqamətə yönləndirə
biləcək: “Valideynlər “uşağa yaraşmayan” hər
hansı sualı eşitməkdən də, onu
cavablandırmaqdan da qorxmamalıdır. Tutaq ki,
yeniyetməlik dövrünə xas və böyüklərin
qəbul etməkdə çətinlik çəkdiyi suallara
görə uşağa aqressiv münasibət göstərmək
lazım deyil. Bunun əvəzində ana,
ya da ata övladına öz dəyərlər sisteminə
uyğun cavablar verməlidir. Ancaq həmin
dəyərləri də uşağa qəbul etdirmək
üçün israr etməməlidir. Ona
vaxt verməlidir ki, öz dəyərlər sistemini
formalaşdırsın. Əks halda
valideynini avtoritar kimi qəbul edəcək və ona
qarşı mübarizə istəyi yaranacaq. Çox vaxt uşaq başlanğıcda valideyninin dəyərlər
sistemini qəbul etməsə də, müəyyən vaxtdan
sonra deyilənlərlə razılaşır. Amma bunun üçün ona zaman vermək
lazımdır”.
Psixoloq
A.Əzimzadə vurğulayır ki, yeniyetməlik
dövründə olan insan sərbəstlik istəyir, ona qulaq
assınlar deyir: “Bizim ailələrdə tərbiyə
üsulu elə qurulur ki, valideynlər yaşının, həyat
təcrübəsinin çoxluğuna arxalanıb uşaqlar
üzərində söz sahibi olmağa
çalışır, övladlarının yerinə qərarlar
verməkdə özlərini tam haqlı sayırlar. Adi bir misal çəkim, ailədə həkim
çoxdursa, böyüməkdə olan uşağa da həkimlik
təlqin olunur və hesab edirlər ki, o da mütləq həkim
olmalıdır.
Treninqlər zamanı həkim ailəsindən aktyor olmaq
istəyənlər də çıxır. İstəyini
dilə gətirən həmin uşaqlar ailədə
böyük təzyiqlərlə üzləşir və
öz qərarlarını ləğv edirlər. Bizə arzularından danışarkən arzusunu
reallaşdırmağa atası, ya da anasının icazə
vermədiyini deyirlər. Belə vəziyyətlərdə
uşaqla yanaşı ailə ilə də işləyirik.
Uşağa seçim haqqı vermək, onu
başa düşmək, onunla necə münasibət qurmaq,
böhran halında necə kömək edəcəyini
başa salmağa çalışırıq”.
İxtisas seçimi və karyera
planlaşdırması
Yeri gəlmişkən, Psixoloji Mərkəz fəaliyyətə
başladığı ilk gündən məktəblilərin
ixtisas seçiminə xüsusi diqqət yetirir. Hətta
ixtisas seçimi və karyera planlaşdırılmasında
şagirdlərə düzgün istiqamət vermək
onların fəaliyyətinin əsas istiqamətlərindəndir.
Psixoloji Mərkəzin psixoloqları 7, 8 və
9-cu sinif şagirdləri ilə təlimlər keçirir,
onlara düzgün ixtisas seçimində yardımçı
olmağa çalışırlar. İndiyədək
onların təlimlərində 629 nəfər məktəbli
iştirak edib: “Bu təlimlər həm diaqnostik olur, həm də
maarifləndirici. Peşələrlə
bağlı müzakirələr aparılır, meyil və
bacarıqlarını müəyyənləşdirən
testlərdən keçirilir, onlara ümumi məsləhətlər
verilir.
Təlimlər əvvəllər məktəblərdə
keçirilsə də, bu ildən şagird və valideynlər
Psixoloji Mərkəzə də dəvət edilirlər. Burada
şagirdlərin gələcək hədəflərini həm
fərdi qaydada, həm də valideynlərlə birgə
müzakirə edirlər.
Müəllimlər də psixoloqlarla
məsləhətləşirlər
Psixoloqlar, sadəcə, məktəblinin deyil, onların
müəllimlərinin də daim yanındadır. Sinifdə
şagirdlərlə münasibətlər heç də həmişə
qaydasında olmur. Müəllimlər
sinifdə aqressiv, idarəedilməsi çətin olan
uşaqlarla bağlı məsləhət alırlar.
Dərs
prosesində ağır cəza tədbirlərinə
üstünlük verən müəllimlərə isə fərqli
münasibət var: “Uşaqları vurmaqla cəzalandıran
müəllimlərlə bağlı inzibati tədbirlər
görülə bilər. Biz isə onlarla sadəcə
söhbət edə, öz məsləhətlərimizi verə
bilərik. Sinifdəki
davranışının səbəbi stresdirsə, stress
menecment təlimlərinə cəlb edirik. Yaxud, bəzi müəllimlər elə hesab edir ki,
döyməklə, daha ağır cəza tədbirləri ilə
daha yaxşı nəticə əldə edir. Bu halda həmin müəllimlə maarifləndirici
söhbət aparırıq. Belə
uşaqlarla necə davranmaq lazım olduğunu onlara izah edirik.
Əksər vaxtlar müəllimlər tərəfindən
şiddətə məruz qalan şagirdlər konsultasiyalara gələn
uşaqlar olur. Bu halda, sadəcə, uşaqlar deyil,
müəllimlər və valideynlərlə kompleks iş
aparılır”.
Çox vaxt müəllimlə söhbət aparandan
sonra problem daha yaxşı aydınlaşır və onu aradan
qaldırmaq çətinlik yaratmır. Tutaq ki uşaqlar
arasında konflikt olur, amma bundan müəllimin xəbəri
yoxdur. Yaxud müəllim hansısa hərəkəti
ilə konfliktə yol açır. Məsələn,
sinifdə bir qrup uşaqdan daha çox xoşu gəlir.
Münasibətdəki fərqi uşaqlar sezir və
bu, onların davranışında ortaya çıxır.
Bəzən bunu müəllimə deyirik və
o da iradımızı nəzərə alır. Müəllim yaşıdları tərəfindən
yaxşı qarşılanmayan uşaqların müsbət
xüsusiyyətlərinə diqqət cəlb edəndə həmin
şagirdə münasibət dəyişir.
Diaqnostik vəsait hazırlanır
Beləliklə, “Məktəblinin dostu” layihəsi
çərçivəsində 124 məktəblinin dostu və
3 peşəkar psixoloq məktəblərdə
uşaqların davranışını izləməklə
bir çox ciddi problemləri önləməyə nail olub. Layihə
başlayandan indiyədək 693 şagirdə psixoloji
yardım göstərilib. Buraya fərdi
konsultasiyalar, seminarlar, treninqlər də daxildir.
Məktəblilərin
tətildə olması imkanından istifadə edən “Məktəblinin
dostu”nun psixoloqları məktəbin problemlərinin həllində
iştirak edirlər: “Suitidal fikrin diaqnostikası və
korreksiyası” adlı layihə üzərində işləyirik.
Həmin layihəni Təhsil Nazirliyinin qrant
müsabiqəsinə də təqdim etdik. Layihənin sonunda diaqnostik vəsait
yaradacağıq. Bu vəsait intihara meyilli
uşaqları müəyyən etməyə kömək edəcək.
Layihə çərçivəsində həm
müəllimlər, həm də valideynlər
üçün seminarlar təşkil edəcəyik. 200 nömrəli məktəb üçün risk
qrupuna daxil olan uşaqlar müəyyən ediləcək və
onların fərdi korreksiya işləri aparılacaq. Bu layihənin uğurlu nəticələri
olacağını düşünürük və belə
olarsa, başqa məktəblərə də daha geniş
şəkildə tətbiq ediləcək”.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
17 avqust.- S.1; 6.