Təhsilin inkişafı üçün
yaradılan təməl
Təhsilə
ayrılan vəsait digər sahələrdən üstün idi
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın
sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Yurdumuzu qucmuşdur!
Cəfər Cabbarlının dillər əzbəri olan “Azərbaycan bayrağına” şeirini dinləyəndə hər bir azərbaycanlı qürur hissi duyur. Çünki şeir elə bir tarixi dövrün məhsuludur ki, onu unutmaq qeyri-mümkündür. İlham qaynağı yazıldığı dövrün hadisələri olan “Azərbaycan bayrağına” şeiri həmin dövrdə müəllifin yaşantılarının, həyəcanlarının, düşüncələrinin məhsulu olaraq ortaya çıxmışdır. Bu dövr Azərbaycanın neçə minillik tarixində ən ziddiyyətli, keşməkeşli, çətin və şərəfli dövrlərdən biri olan XX əsrin ikinci onilliyinin axırlarına təsadüf edir. Məhz o zaman yüz ilə yaxın bir müddətdə rus müstəmləkəçiliyi boyunduruğu altında qalmış Azərbaycanın istiqlaliyyəti elan edilmiş və türk milli-demokratik zəmininə əsaslanan ilk türk dövləti yaradılmışdır. Bu, Azərbaycan Demokratik Cümhuriyyəti idi. Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyəti ürəklərdə məşəl alovlandırdı. AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində başladığı mühüm işləri başa çatdıra bilməsə də, qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində misilsiz rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti o dövrün son dərəcə mürəkkəb ictimai-siyasi durumuna və iqtisadi çətinliklərinə baxmayaraq, ölkədə maarif və təhsilin, bütövlükdə milli mədəniyyətin inkişafını təmin etmək üçün bir sıra real addımlar atmışdır. Bu dövrdə təhsilin milli yönünün yaranması ilə bağlı əhəmiyyətli tədbirlər görüldü. Hökumət milli təhsil quruculuğu sahəsində elə bir təməl yaratdı ki, ondan sonrakı mərhələdə təhsil, elm, mədəniyyət də həmin bünövrə üzərində yüksəldi. Dövlət büdcəsində təhsilə ayrılan vəsait başqa sahələrlə müqayisədə üstünlük təşkil edirdi.
AXC elan edilənə qədər Azərbaycanda öz doğma dilimizi tədris edən məktəb yox idi, “realnı” məktəblərdə isə Azərbaycan dili məcburi deyildi və ona həftədə cəmi 1 saat ayrılırdı. Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Ümumiyyətlə, Azərbaycan hökuməti ilk günlərdən başlayaraq milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Lakin Azərbaycan dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanları, məhkəmə işi və s. sahələrdə müvəqqəti olaraq rus dilindən istifadəyə də yol verilirdi.
Təhsil sahəsində həyata keçirilən daha bir mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Tədris müəssisələrinin milliləşdirilməsini daha uğurla həyata keçirmək üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli müəllim kadrları ilə təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olundu. Hökumətin qərarına görə, bu məqsədlə Xalq Maarif Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrıldı. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açıldı. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alırdı. Kursları bitirənlərin, demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi.
Cümhuriyyət hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Müntəxəbat” və s. dərsliklər nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycanın maarif və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Səməd ağa Ağamalıoğlu və başqa şəxslər fəal iştirak etmişdilər.
Bu dövrdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətlərinin də gördüyü işləri unutmaq olmaz. “Nəşri-maarif” cəmiyyəti fəaliyyətinin ilk mərhələsində “Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyəti” də adlandırılırdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək “Nəşri-maarif”in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular. Kitabxana və qiraətxanaların təşkilinə xüsusi əhəmiyyət verən “Nəşri-maarif” 1907-ci ilin mayından həftədə iki dəfə xalq arasında açıq oxular təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı. Azərbaycan Hökuməti Xalq Maarif Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin - Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali məktəbin-Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.
1919-cu il mayın əvvəllərində Azərbaycan hökuməti Bakı Dövlət Universitetinin təsis edilməsi ilə əlaqədar sənədləri və müvafiq tədbirləri hazırlamaq, eləcə də universitetin açılmasını sürətləndirmək üçün komissiyanın yaradılması haqqında 8 maddədən ibarət olan əsasnamə qəbul edir. Komissiyanın 21 may 1919-cu ildə keçirilən birinci iclasında xalq maarif naziri Rəşid bəy Qaplanov çıxış edərək universitetin açılması barədə hökumətin mövqeyinin qəti olduğunu və bütün arzu edənlərin burada təhsil ala biləcəklərini bildirir. O göstərirdi ki, hökumət universitetin açılması və avadanlıqla təchiz edilməsi üçün lazım olan vəsaiti əsirgəməyəcək.
Hökumətin qəbul etdiyi sənədlər 1919-cu ilin iyul-avqust aylarında əvvəlcə parlamentin qanunvericilik, büdcə-maliyyə komissiyalarında və parlamentdə təmsil olunan partiyaların fraksiyalarında qızğın müzakirə olunur. Bu müzakirələr zamanı aydın olur ki, ictimaiyyətin, hökumətin və həm də parlamentin içərisində universitetin açılmasının əleyhdarları da var.
Universitetin açılmasına qarşı çıxanlar belə hesab edirdi ki, tədrisin rus dilində aparılması buraya dəvət olunan rus professorlarına tələbələr arasında ruslaşdırma təbliğatı aparmaq imkanı verəcək. Onların fikrincə, bu alimlər tələbələrə elm öyrətməkdən daha çox missionerlik edərək çarizmin milli siyasətini təbliğ edəcəklər. Bu amili əsas göstərərək onlar milli kadrlarımızın yetişməsinə qədər gözləməyi məsləhət görürdülər. Lakin 3 aylıq gərgin müzakirələrdən sonra Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də ilk universitetin açılması haqqında qanun qəbul etdi.
Hökumət universitetin lazımi avadanlıqla təmin edilməsi üçün
10 milyon manat pul ayırdı. Bir il ərzində
tarix-filologiya, fizika-riyaziyyat,
hüquq və tibb fakültələri açılmalı idi. Azərbaycan türk dili bütün fakültələrdə
məcburi fənn kimi tədris edilməli idi. Buna görə milli kadrlara olan ehtiyacı
nəzərə alan hökumət 100 nəfər tələbəni
xaricə təhsil almaq üçün göndərdi. Bu tələbələrin
seçilməsi işinə
M.Ə.Rəsulzadənin başçılığı
ilə beş
nəfərdən ibarət
xüsusi müsabiqə
komissiyası qərar
verdi. Komissiyanın qərarına əsasən,
ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə,
9 nəfər Türkiyə
ali məktəblərinə
göndərilmişdi. Rusiyada oxumaq
üçün seçilmiş
13 nəfər gənc
orada vətəndaş
müharibəsi getdiyi
üçün təhsil
almağa gedə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
1919-1920-ci tədris ilində
xaricdə təhsil almağa göndərilən
azərbaycanlı tələbələrə
vəsait ödənilməsi
haqqında qərarı
ilə bu iş üçün dövlət xəzinəsindən
Xalq Maarif Nazirliyinin sərəncamına
7 milyon manat vəsait ayrılmışdı.
Tələbələr təhsil almaq
üçün Avropanın
müxtəlif ölkələrinə
yollandılar.
Bir sözlə,
Azərbaycan Xalq Cümhuriyyəti zamanında
“dünyəvi dövlət,
dünyəvi təhsil
və mədəniyyət”
prinsipləri ardıcıl
həyata keçirilmişdir. Bu danılmaz
bir həqiqətdir ki, Xalq Cümhuriyyəti
Hökuməti həmin
məsələlərin həlli
istiqamətində elə
tarixi addımlar atdı, elə möhkəm təməl qoydu ki, XX əsr
Azərbaycan təhsili,
elmi və mədəniyyətinin Cümhuriyyət
dövründən sonrakı
mərhələsi məhz
həmin təməl üzərində boy atıb
inkişaf etdi.
AXC bu
vaxta qədər coğrafi məfhum olan Azərbaycan ifadəsini siyasi məfhuma çevirdi ki, ondan sonra
bütün tarixi ədəbiyyatda Azərbaycan
sözü dövlətin
adı kimi işlənməyə başladı.
Bildiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamlar
imzalamışdır. 1918-20-ci illər bizim
şərəf, qürur
tariximizdir. Tariximizə
sahib çıxmalı və
düzgün qiymət
verməliyik!
Aynurə
BAĞIROVA,
Bakı şəhəri,
Qaradağ rayonu, Zəngilan
rayon
30 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat
müəllimi
Azərbaycan müəllimi.- 2018.-
7 dekabr.- S.12.