“Biliyə bir ağac kimi yanaşın”
İlon Mask: “Abstrakt riyazi məsələlər
və tənliklərin həllinin uşaqlar üçün
heç bir xeyri yoxdur”
Əksəriyyət onu elektrik
enerjisi ilə işləyən “Tesla” avtomobilləri ilə
tanıyır. Sonra o, kosmosa avtomobil göndərmək
iddiası ilə gündəmi “işğal etdi”. Hərçənd
bu vaxtadək 4 müxtəlif istiqamətli milyardlıq
şirkətin əsasını qoyub, kifayət qədər
uğur və pul qazanmışdı. Söhbət
dövrümüzün ən dahi personajlarından biri
İlon Maskdan gedir. Milyarder iş adamı, ixtiraçı,
mühəndis... Kimdir o? Hər kəsə maraqlıdır:
İlon Maskın uğur formulunun sirri nədən ibarətdir?
İlon Mask kimdir?
28 iyun 1971-ci ildə Cənubi
Afrikada doğulub. Atası yerli mühəndis, anası
kanadalı dietoloq olub. Uşaqlığı Cənubi Afrikada
keçib. İlk kompüterə 10 yaşında sahib olub və
ixtira etdiyi oyunu 500 ABŞ dollarına satıb. Uşaqlıqda
gündə 10 saat kitab oxuyub. Pretoriyada orta məktəbi
bitirdikdən sonra əvvəl Kanadaya, sonra isə ABŞ-a
köçüb. 21 yaşında Pensilvaniya Universitetinə
daxil olub, iki bakalavr pilləsinə yiyələnib - İncəsənət
və elm Məktəbində fizika, Uortonun Biznes-məktəbində
isə iqtisadiyyat üzrə. 24 yaşında Stenford Universitetinə
daxil olub, ancaq cəmi bir neçə gündən sonra
burada təhsil almaqdan imtina edib. Hər gün
özünütəhsillə məşğuldur. 2018-ci ilə olan məlumata görə,
20,9 milyard dollara sahibdir. “Solar City” şirkətinin Direktorlar
Şurasının üzvü, “Tesla”nın
yaradıcısı, baş direktoru və Direktorlar
Şurasının sədri, “Space X”in təsisçisi,
baş mühəndisi, sahibi və baş direktoru,
“PayPal”ın təsisçisidir.
Fərqlərin
aşkarlanması
İş adamı və blogger Maykl Simmons bu suallara cavab axtarmağa çalışıb. Onun sözlərinə görə, bir çoxları Maskın uğur qazanmasının əsas səbəbini dayanmadan işləməsində, çətinliyə dözümlülüyündə və uzaqgörənliyində axtarırlar. Mask həftədə 85 saat işləyir. Deyilənə görə, uşaqlıqda gün ərzində 10 saat əlinə keçən bütün kitabları oxuyurmuş. Mask mühəndislik, fizika, raket sənayesi və günəş enerjisi sahələrinin mahir bilicisidir. Simmonsun fikrincə, iş adamı mövcud olan “uğur qazanmaq üçün konkret bir sahənin mütəxəssisi olmalısan” stereotipini dağıtmaqla məşhurlaşıb. O, belə demək mümkündürsə, hər şeyi bilir. Simmons Maskı “ekspert-erudit” adlandırır. Bu termin ilk dəfə “Bain & Company” şirkətinin sahibi Orit Qadiş tərəfindən işlədilib. Ekspert-erudit o şəxsə deyilir ki, müxtəlif sahələri dərindən öyrənir, onları bir-birləri ilə əlaqələndirən bağları müəyyən edir və bunun hesabına müxtəlif istiqamətlər üzrə uğur qazanır. “Maskın həyatını öyrəndikcə belə qənaətə gəldim ki, uğur qazanmaq istəyiriksə, müxtəlif sferaları öyrənməliyik. Hamımız eşidirik: Diqqətini bir işə yönəlt. Yaxud müxtəlif sferaların mütəxəssisi olsan da, heç birinin ustası deyilsən. Bu yanaşma ona əsaslanır ki, əgər siz müxtəlif sahələrlə maraqlanırsınızsa, hər birinə dair səthi bilik əldə edirsiniz və ustalıq səviyyəsinə çata bilmirsiniz. Ancaq ekspert-eruditlərin uğurları bu qənaəti inkar edir. Fərqli sahələrdə təhsil sizə bol informasiya verir, deməli, həm də innovasiyalara yol göstərir” - deyə blogger yazır.
Simmonsun sözlərinə görə, əgər siz texnologiyalarla məşğulsunuzsa və eyni zamanda biologiyadan agahsınızsa, yalnız texniki nəşrlər oxuyan həmkarlarınızı qabaqlayacaqsınız. Çünki elə bir kəşf edəcəksiniz ki, digərlərinin ağlına gəlməyəcək. Həyat göstərir ki, dünyadakı insanların yalnız az qismi öz sahələrinə aid olmayan nələrləsə maraqlanır.
Maraqlı bir araşdırma Simmonsun qənaəti ilə üst-üstə düşür. Dünyanın tanınmış 59 opera ifaçısının həyat və yaradıcılığı öyrənilib və müəyyən olunub ki, onların uğur qazanmalarının səbəbi ustası olduqları janrı fərqli yönlərlə qarışdırıb eksperiment etmələrindədir. UPENN-in tədqiqatçısı Skot Barri Kaufman hesab edir ki, bu, kross-treninq - müxtəlif sahələrin eyni vaxtda öyrənilməsi hesabına mümkün olur.
Qardaşı Kimball Maskın dediklərinə görə, İlon uşaqlıqda günə iki kitab oxuyurmuş. Yəni bu o deməkdir ki, əgər məsələn, biz bir aya bir kitab oxuyuruqsa, Mask 60 dəfə bizdən çox oxuyur. Əvvəl o, elmi fantastika, fəlsəfə, din, proqramlaşdırma, tanınmış iş adamları və ixtiraçıların bioqrafiyaları ilə maraqlanırmış. Bir az böyüdükdən sonra fizika, mühəndislik, biznes texnologiyaları, məhsulun istehsalı kimi mövzulara maraq göstərməyə başlayır. İlonun çox vacib bir xüsusiyyəti var və Simmons uğurların səbəbini bu amildə görür: o, aldığı informasiyaları müxtəlif sahələr arasında bölüşə və paylaşdıra bilir. Beləliklə, bir sferada əldə etdiyi bilik və bacarığı digərlərində tətbiq edir. Mask deyir: “Biliyə bir ağac kimi yanaşın. Əvvəl möhkəm gövdə, yəni fundamental prinsiplər, sonra yarpaqlar, yəni detallar”.
Biliklərin abstrakt prinsiplərə çevrilməsi əldə edilmiş informasiyanın fərqli sahələrdə tətbiqinə şərait yaradır. İnsanların fundamental prinsipləri intuitiv anlamalarına “Fərqlərin aşkarlanması” deyilir. Sadə yolla izah edək. Məsələn, sizin qarşınızda tutaq ki, hərəsində 20 ədəd “A” hərfi yazılmış iki lövhə var. Birinci lövhədə hərflər fərqli dizayn və şriftlə yazılıb. İkinci lövhədə isə bütün “A”lar eynidir. Birinci lövhə ikincidən fərqli olaraq bizə “A” barədə daha çox məlumat, oxşarlıqlar və fərqlər barədə informasiya verir. İkinci lövhə isə eyni “A”lardan ibarətdir deyə, biz fərqli heç bir informasiya əldə edə bilmirik.
İlon Maskın daha bir təkmilləşmə metodu mövcüddur. O, əldə etdiyi prinsipləri yeni sferalarda tətbiq edir. Məsələn, süni intellekt, fizika, mühəndislik və hətta bunlardan uzaq biznes sahəsindəki bacarıqların nəticəsidir ki, aşağıdakı elmi-biznes layihələr uğur qazanıb:
- Aerokosmik sahədə “Space X”;
- Avtomobil sənayesində “Tesla”;
- Lokomotiv və qatar
istehsalında “Hyperloop”. Yeri gəlmişkən, Mask ABŞ
hökumətinə Vaşinqtonla Nyu-Yorku əlaqələndirəcək
yeraltı tunelin tikilməsini təklif edir ki, burada nəqliyyat
vasitəsi həmin “Hyperloop” vakuum qatarları olmalıdır;
- Aviasiyada üfüqi qalxan və
enən elektrik təyyarələrin istehsalı;
- Texnologiyalarda “PayPal”;
- Süni intellekt sahəsində
“OpenAl” qeyri-kommersiya şirkəti. Bu şirkətin
əsas missiyası indi və gələcəkdə süni
intellektin insan həyat və fəaliyyətinə təsirini
minimuma endirmək istiqamətində çalışmaqdan
ibarət olacaq.
Onu bilin ki, hər şeyi bilməlisiniz
Psixologiya professoru Kit Holyak analogiya düşüncələri
üzrə tanınmış ekspertlərdəndir. Holyak hər kəsə
özünə iki sual verməyi məsləhət
görür:
1. Bu mənə nəyi
xatırladır?
2. Niyə bu mənə onu
xatırladır?
Professorun fikrincə, siz daima suallar vermək və ətrafla
maraqlanmaqla beyin əzələlərini məşq etdirir və
digərlərinin nəzərlərini cəlb etməyən
yenilikləri özünüz üçün kəşf
etmiş olursunuz. Bu səbəbdəndir ki, Mask dahi hesab edilir:
- Gənc illərində digərlərindən
60 dəfə çox kitab oxuyub;
- Müxtəlif yönümlü ədəbiyyatı
əxz edib;
- Öyrəndiklərini fundamental
prinsiplərə “parçalayıb” və yenidən
“toplayıb”.
Tanınmış
ekspert-erudit Riçard Bakminster Fullerin düşüncənin
dəyişilməsinə dair araşdırmaları 10 il əvvəl yazılsa da, bu gün də
aktualdır: “Elə bir əsrdə yaşayırıq ki,
hamı dar ixtisaslaşmanı daha məntiqi, arzulanan və təbii
hesab edir. Bu səbəbdən bəşəriyyət
hərtərəfli inkişaf və dərkedilmədən məhrumdur.
İxtisaslaşma insanlarda özünütəcrid
və yadlaşma törədib. Hətta
ona səbəb olub ki, insanlar düşünmək
üçün məsuliyyəti digərlərinə
ötürürlər. İxtisaslaşma elə
qarışıq hisslər doğurur ki, hətta beynəlxalq
və ideoloji pərakəndəlik və müharibəyə
də səbəb ola bilər”.
Əgər
biz vaxtımızı müxtəlif sferalardakı əsasların
öyrənilməsinə sərf etsək və onların
real həyatda tətbiqinə nail olsaq, bu bizə imkan verər
ki, bir sferadan digərinə keçidimiz asan və sadə
olsun. Əsas prinsiplərin toplandığı “ehtiyat
boxçası”nı yaratmaqla insan
onları müxtəlif sahələrdə tətbiq edə
biləcək, indiyədək ona məlum olmayan sferalara
müdaxilə edəcək və öz töhfəsini verə
biləcək.
Gizli məktəb
İlon Maks güman ki, dövrümüzün ən
qeyri-adi şəxsiyyətlərindən biridir. Özünün
var-dövlətini o, müəllifi olduğu inqilabi və belə
demək mümkündürsə, zəmanəni qabaqlayan layihələri
hesabına toplaya bilib. Ancaq onun geniş ictimaiyyətin
gözündən uzaq, qeyri-populyar bir layihəsi də
mövcuddur: Gizli məktəb!
İlon 5 uşaq atasıdır. 2004-ci il
doğumlu əkizlər və 2006-cı ildə dünyaya gəlmiş
“üçlük”. Zaman keçdikcə o da
bütün atalar kimi övladlarının keyfiyyətli təhsilini
təmin etmək gerçəkliyi ilə üz-üzə
qalıb. Əvvəl övladlarını
Los-Ancelesdə fəaliyyət göstərən xüsusi
istedadlı uşaqlar üçün nəzərdə
tutulan Mirman məktəbinə göndərir. Bu məktəbə qəbul olunmaq üçün
xüsusi IQ-testin keçilməsi lazımdır. Maskın uşaqları bu məktəbdə oxusalar
da, o, verilən təhsilin səviyyəsindən narazı
qalır. İlon, ümumiyyətlə,
hesab edir ki, problem məktəbdə deyil, ABŞ-ın təhsil
sistemindədir. İş adamı bu sistemi
tükənmiş və köhnəlmiş hesab edir. Hazırkı məktəblər sənaye
dövrünün məhsuludur. Burada
bütün uşaqlar eyni dərsi keçirlər, baxmayaraq
ki, onların fərdi qabiliyyət və zəkaları
bir-birindən fərqlidir. Bu yanaşma
informasiya dövrünün tələblərinə cavab
vermir, o ki qaldı 2030-2050-ci illərdə aktiv karyera fəaliyyətində
olacaq indiki uşaqların ehtiyaclarına.
Bu səbəbdən İlon 2014-cü ildə
özünün yeni layihəsi - “Ad Astra” adlı özəl
məktəbinin əsasını qoyur. Bu məktəb barədə
heç bir yerdə məlumat yoxdur, nə telefon, nə sayt, nə
sosial şəbəkələrdə səhifələri var.
Məlum olan budur ki, məktəb Los-Ancelesin elit hissəsi olan
Bel-Eyrdə yerləşir, uşaqlar tez-tez dərs və
diskussiyalar üçün “Spase X”in Kaliforniyanın Hotorn
şəhərindəki mənzil-qərargahına
aparılırlar. Məktəbdə
uşaqların sayı məhduddur. Daha doğrusu, burada
Mask və əməkdaşlarının övladlarından
başqa heç kim oxumur. Dərs
deyən müəllimlərlə məktəbin fəaliyyətinə
dair bütün mətləblərin məxfi qalacağı
barədə müqavilə imzalanıb.
“Forum Daily”nin məlumatına
görə, məktəbdə ağırlıq Qərb
dünyası üçün ənənəvi olan mühəndislik,
riyaziyyat, elm və texnologiyalar üzərinə
salınmır. STEM (Science, Technology, Engineering,
Mathematics) artıq çoxdan köhnəlib, təsadüfi
deyil ki, ilk dəfə bu yanaşmanın tətbiqinə hələ
uzaq 1903-cü ildə Avstraliyada başlanılıb. Mask
hesab edir ki, bugünkü uşaqlar süni intellektlə
işləməyi bacarmalı, strategiyanı yaxşı bilməli,
həmçinin həyati vacib məsələlərə dair
abstrakt diskussiyalarda iştirak etməyi bacarmalıdırlar.
“X Prize Foundation”un
sədri Piter Diamindis məktəbin içində olan
azsaylı şəxslərdən biridir. Danışdığına
görə, bütün dərslərin vacib elementi etika və
mənəviyyat barədə söhbətlərdir. Məktəbdə hesab edirlər ki, uşaqlar
toqquşacaqları real həyatın ssenarilərini indidən
öyrənməlidirlər. “Məktəbdə təqribən
belə ssenarili oyunlar keçirilir: təsəvvür edək
ki, bir gölün yaxınlığında zavod fəaliyyət
göstərir. Bu zavodun işləməsi nəticəsində
göl məhv olur. Əgər zavod
bağlanarsa, insanlar işsiz qalacaq. Zavod
işləməyə davam edərsə, göl, onun flora və
faunası süquta uğrayacaq. Nə etməli?”.
Məktəbin daxili valyutası - “Astra” mövcuddur. Uşaqlar bu
pul vahidi vasitəsilə treydinqin əsaslarına yiyələnirlər.
Dərslərə görə qiymət verilmir, ev
işi yoxdur, uşaqlar cəm halında, bir-birlərinə
kömək edə-edə sinifdən-sinfə keçirlər.
“Dərslərdə nəyin müzakirə
olunduğu əhəmiyyətli deyil, istər Arktikanın
sularında hərəkət edən gəmilərin
hüquqları olsun, istər zavodun gölü çirkləndirməsi.
Əsas olan odur ki, uşaqlar bu problemləri evdə
ailələri ilə birlikdə müzakirə etməli və
bir neçə mümkün ssenari hazırlamalıdırlar”
- deyə məktəbin direktoru Coşua Dan söyləyir.
“Space X” texnoloji
şirkət olsa da, bu məktəbdə elektron devayslardan demək
olar istifadə edilmir. Nəzəriyyədən
çox praktikaya önəm verilir. Planşet
qadağandır. Gündə uzağı bir saat “Mac”
kompüterlərindən istifadə olunur, o da “Google Classroom”,
“Khan Academy”, “Code Akademy” və “Edx” kimi təhsil proqramları
ilə əlaqə yaratmaq üçün. C.Dan hesab edir ki,
uşaqlarda fantaziya həddindən artıq güclüdür
və bir çox hallarda onların nəsə etmələri
üçün bir parça təmiz kağız yetərli ola bilər.
Məktəbdə həmçinin xarici dillərə
önəm verilmir. İlon Mask özü əlavə dilin
öyrənilməsinə qarşı çıxır.
Bu isə təsadüfi deyil. Onun əsasını qoyduğu neyrotexnoloji şirkət
- “Neuralink” insan beyni ilə kompüter arasında interfeys əlaqələrinin
istehsalı ilə məşğuldur. Əgər
bu kəşf baş tutarsa, təbii ki, əlavə dil bilgisinə
ehtiyac qalmayacaq.
Maskın qənaətinə görə, abstrakt riyazi məsələlər
və tənliklərin həllinin heç bir xeyri yoxdur. Uşaqlar bunu
niyə etdiklərini anlamırlar, insan beyni isə ona lazım
olmayan informasiyanı çıxdaş edir. Bunun əvəzinə
uşaqlar praktiki fizika və riyaziyyatla məşğul ola, misal üçün, mühərrik söküb-yığmağı,
yaxud peyk yaratmağı öyrənməlidirlər. Təhsilə belə yanaşma çoxdan məlumdur,
ancaq çox nadir hallarda tətbiq olunur. Mask hesab edir ki,
artıq vaxt yetişib.
Peykin
layihələndirilməsi və mühərrik üzərində
iş uşaqlara riyazi və fiziki məsələlərin həllinə
imkan yaradacaq. Əllərindəki alətlər
isə onları təcrübəyə alışdıracaq.
“Uşaqlar bu yolla hər hansı bir problemin həllinə
çalışdıqda, bunu nəyə görə etdiklərinin
fərqinə varacaqlar. Onlarda motivasiya
formalaşacaq və təkbaşına oxuyub biliklər əldə
etməyə müvəffəq olacaqlar” - deyə Mask bildirir.
Rüstəm QARAXANLI
Azərbaycan müəllimi.- 2018.-
7 dekabr.- S.9.