Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfə

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil quruculuğunupedaqoji fikrin inkişafını öyrənən tanınmış tədqiqatçılardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovdur. O, Bakıda, Moskvadaİranda AXC hökumətinin təhsil siyasəti və pedaqoji fikir tarixi ilə bağlı 20-dən çox məqalə nəşr etdirmişdir. Məhz onun təşəbbüsü ilə pedaqoji təmayüllü universitetlərdə tədris olunan “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kursun proqramına “AXC dövründə təhsil və pedaqoji fikrin inkişafı” bölməsi daxil edilmiş, gələcək müəllimlərə AXC dövründə təhsil quruculuğu məsələlərinin, Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Cavadın maarifçilik fəaliyyətinin öyrədilməsi nəzərdə tutulmuşdur. AXC-nin 100 illiyi ərəfəsində professor Fərrux Rüstəmov Məhəmməd Əmin Rəsulzadənin “Seçilmiş pedaqoji əsərləri”ni (Bakı, Elm və təhsil, 2018, 288 s.) nəşr etdirmişdir.

Kitabda M.Ə.Rəsulzadənin maarifçiliklə, təhsil-tərbiyə ilə bağlı 66 məqaləsi, Ümumrusiya müsəlmanlarının və “Müsavat” partiyasının qurultaylarındakı məruzələrinin təhsillə bağlı hissələri daxil edilib. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”, “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamları ilə açılır. Sonra “M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin qısa xronologiyası” verilir. Professor F.Rüstəmov kitaba “Məhəmməd Əmin Rəsulzadənin həyatı və pedaqoji irsi” adlı geniş ön söz yazıb, böyük siyasət və dövlət adamı olan Rəsulzadənin həyatı və yaradıcılığının mühüm məqamlarını diqqətə çatdırıb. Müəllifin fikrincə, XX əsrin əvvəllərində Azərbaycanda məktəb tarixini, pedaqoji hərəkatı, məktəb təhsilinin inkişaf istiqamətlərini, xeyriyyə cəmiyyətlərinin bu sahədəki xidmətlərini öyrənmək baxımından M.Ə.Rəsulzadənin pedaqoji irsi mühüm əhəmiyyət kəsb edir. Xalqın mədəni inkişafında, tərəqqisində, azadlığa qovuşmasında maarifə böyük ümid bəsləyən M.Ə.Rəsulzadə təhsilə aid yazdığı əsərlərdə təlim-tərbiyənin, məktəbin, təhsilin milliləşdirilməsinin, demokratikləşdirilməsinin əsas prinsiplərini şərh etmiş, milli əxlaqın əhəmiyyətini səciyyələndirmiş, milli məfkurənin, istiqlal ideologiyasının təşəkkülündə, xalqın savadlanmasında milli məktəbin rolunu və əhəmiyyətini yüksək qiymətləndirmiş, ümumən millətin oxumasını, elm, təhsil sahibi olmasını azadlığın, məsud yaşamağın başlıca şərti hesab etmişdir.

Məhəmməd Əmin Rəsulzadənin “Seçilmiş pedaqoji əsəri”ni nəşr etdirməkdə professor F.Rüstəmovun əsas məqsədi onun pedaqoji irsinin milli müstəqillik ruhumuzun dövlət müstəqilliyinə çevrilməsindəki rolunu bir daha diqqətə çatdırmaqdır.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2018.- 1 iyun.- S.15.