Dünyanın ən nüfuzlu universitetləri

 

Onların arasında Bakı Dövlət Universiteti yer alıb

 

Məlum olduğu kimi, qəzetimizin 8 iyun tarixli  sayında  Böyük Britaniyanın “Times Higher Education” (THE) jurnalının tərtib etdiyi  dünyanın ən yaxşı universitetlərinin reytinq sıralaması dərc olunub.   THE-nin  ardınca Böyük Britaniyanın “QS World University Rankings” nəşri  dünyanın ən nüfuzlu ali məktəblərinin  2019-cu il üzrə növbəti reytinqini  açıqlayıb. Bütövlükdə QS reytinqinə 1000  ali məktəb daxil olub, onlar  ümumi qiymətləndirmədə xüsusi çəkisi olan altı meyar üzrə qiymətləndirilib: akademik mühitdə nüfuz  (40%), müəllim-tələbə nisbəti (20%),  sitatgətirilmə indeksi (20%), işəgötürənlər arasında nüfuzu (10%), əcnəbi müəllimlərin sayı (5%) əcnəbi tələbələrin sayı (5%). Reytinq  tərtib olunarkən 85 ölkədən 4000 -dən artıq ali məktəbə aid məlumatlar təhlil olunub. Tərtibçilər 14 milyondan artıq elmi məqaləni təhlil edib    97 milyon sitatgətirilməni nəzərə alıb, 43 min işəgötürən akademik cəmiyyətin 83 min üzvü arasında sorğu aparıblar.

Qlobal reytinqə artıq 7 ildir ki,  ABŞ-ın Massaçusets Texnologiya İnstitutu liderlik edir. Asiyanın ən nüfuzlu ali məktəbi 11-ci yerdə olan Sinqapurun Milli Universitetidir. Reytinqin  top 400-lüyünə Çinin 40  ali məktəbi daxil olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti  ən yaxşı 100 universitet arasında 90-cı yeri tutub.  Onun rəqibləri olan ali məktəblər sıralamanın  top-250-liyinin sonlarında yerləşib. Məlumata görə,  MDU  əvvəlki illə müqayisədə öz mövqeyini  5 sıra  yaxşılaşdırıb.  Beləliklə, MDU ilk 100-lükdə yer alan yeganə Rusiya ali məktəbidir.  Bütövlükdə  reytinqə Rusiyadan 27 universitet daxil olub. Moskva Dövlət Universitetinin ən yaxın rəqibi  olan Sankt-Peterburq Dövlət Universiteti  235-ci,  Novosibirsk Dövlət Universiteti 244-cü,  Tomsk Dövlət Universiteti  244-cü,  Bauman adına Moskva Dövlət Texniki Universiteti  299-cu yerlərdədir. QS-in nümayəndəsi Zoya Zaytsevanın sözlərinə görə,  Rusiya ali məktəbləri üçün yeganə  Axilles dabanı  elmi məqalələrdən  sitatgətirmə indeksidir. “Bu indikator üzrə  Rusiya universitetlərindən heç biri top-800-lüyə daxil ola bilməyib,  bu isə olduqca kədərli haldır.  Digər tərəfdən, bu,  yaxın gələcəkdə Rusiya  üçün strateji prioriteti göstərir”, - deyə Z.Zaytseva  qeyd edib.   Qeyd edək ki,  dünyanın nüfuzlu ali məktəblərinin siyahısında ölkəmizi  Bakı Dövlət Universiteti təmsil edib.  BDU  reytinqdə  801-1000 arasında yer alıb.

 

Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2018.- 22 iyun.- S.6.