Məktəblinin tərbiyəsinin
dörd amili...
Qarat Qaratov: “Uşaqlarınıza
diqqət və sevgi ilə yanaşın ki, sonradan əziyyətimiz
də az olsun”
257 nömrəli məktəbin qonağıyıq. Daha doğrusu, məktəbin
direktoru Qarat
Qaratovun. Bu təhsil ocağı iki dəfə
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin
qalibi seçilib. Məktəb hərbi-idman
oyunları üzrə respublika çempionatının
altı dəfə qalibi olub. Təbii ki, məktəbi
bu göstəriciləri qazanacaq həddə gətirən
müəllim heyətinin də zəhmətini danmaq olmaz.
Amma təhsil yox, istənilən müəssisənin
nə qədər yaxşı göstəricisinin olması həm
də yaxşı rəhbərə bağlıdır. Qarat müəllim 22 ildir bu məktəbə rəhbərlik
edir. Bir də o rəhbərin rəhbər
olana qədər keçdiyi həyat yolu var. Qarat müəllimlə
söhbətdə o yoldan danışdıq. Daha
doğrusu, o yolun lap başlanğıcından...
- 1957-ci
ildə Qusarda anadan olmuşam, Qaratoba kəndində. Ailədə
beş uşaq olmuşuq. Ana-atamı
erkən itirmişəm. Atam da, anam da
yaxşı insan idi. Amma nə demək
olar, çox təəssüf, tez getdilər. Anam xəstə idi. Atamsa.... Nə isə...
-
Atanızı nə səbəbdən itirdiniz ki?
-
Düzü, bəzən bunu heç danışmaq istəmirəm
(Uzun bir fasilə verir-red). Atam dənizdə
batıb. Bu yaşıma gəlmişəm,
hələ də onun ölümü barədə
danışanda pis oluram. Görünür,
uşaqlıq zərbələri heç yaddan
çıxmır. Atam da elə faciəli
dünyadan köçəndən sonra bizə
qohumlarımız baxdı. Nə qədər
yaxşı baxılan uşaq olsan da, kimsə adama
ata-anası ola bilməz. Valideyn
ən gözəl nemətdir.
- Qarat
müəllim, uşaqlıqda sevdiyiniz əyləncə nə
idi?
- Bizim kənddə
hava son dərəcə sərt olardı. Çayın
üstü demək olar ki, tamamilə buz bağlayırdı,
düz yaza qədər. Biz buzun bir hissəsini
qırıb, ordan tilov atıb balıq tutardıq. Qışda balıq ovlamaq başqa cür ləzzətli
olur. Bu da mənim uşaqlıq
oyunlarımdan biri idi. Balıq tutanda
sevindiyimizdən nə edəcəyimizi bilmirdik.
- Kəndinizdə
tam orta məktəb var idimi? O zaman ucqar kəndlərdə adətən
belə məktəblər olmazdı...
- Kənd
məktəbimiz 8 illik idi. Qalan 2 ili biz
qonşu kəndin məktəbinə gedərdik. O kənd bizimkindən
böyük olduğu üçün orda 10 illik idi məktəb.
O yolu getmək də bizə maraqlı idi. 8
kilometr aralı idi Qaratobadakı evimizdən. Yolboyu bir topa uşaq oğlanlı-qızlı bir
gedib, bir gəlirdik. Məsələn, yolumuzun
üstündə yaxşı alma
bağları olurdu. Hətta payızda, qışda da
qarın altında alma qalırdı.
- Bağa
oğurluğamı girirdiniz?
- (Gülür). Yox, kənd yolunda kimsənin olmayan bağ
idi. Eləcə tapıb yeyərdik.
- Sonra
hansı dəcəlliyiniz olub məktəb illərində?
- Əslində, mən o qədər dəcəl
uşaq deyildim. Ata-anasız olmuşuq, həmişə
düşünmüşəm ki, kimsə məni cəzalandırar,
atam yox, anam yox, bizi kim müdafiə eləyər.
Amma bir gün belə bir əhvalat oldu. Sinifdə söz qoyuldu ki, dərs
danışılmayacaq. Həmişə dərslərimə
hazırlıqlı uşaq idim. Müəllim kimi
qaldırdı, uşaqlar dedi ki, hazır deyilik. Əslində, bilərəkdən belə deyirdilər.
Müəllim də son ümid yeri kimi mənə
yaxınlaşdı. Üzümə
gülümsədi, həm də son ümid kimi bir şey var
idi baxışında. Qayıtdı ki,
indi Qarat danışacaq. Sonra da əlini çiynimə
qoyub dedi hə,
dur danış görüm. Baxdım
danışmağım sinif yoldaşlarımı satmaq olacaq.
O vaxt uşaq idik, belə yanaşırdıq hər şeyə. Mən də istəmədim
incisinlər. Qayıtdım ki, müəllim,
mən də hazır deyiləm. Heç nə
demədi. Yavaşca qolumdan bir çimdik
aldı. Gözünü də ağartdı
ki, səsini çıxarma. Göynəltidən
qovruldum, amma səsimi çıxarmadım, qorxdum.
Əyilib qulağıma astaca bir də bunu dedi:
“Gözünün içinə qədər yalan deyirsən. Sən dərsi bilə-bilə danışmadın.
Bunun cəzasını alacaqsan”. Əslində, düz deyirdi. Mənim
dərsi öyrənməmək kimi lyuksum olmayıb. Həmişə öyrənmişəm.
Bir dəfə də dəcəl biri olmaq istədim. Ya da istədim
dostlarıma özümü göstərim, deyim ki, baxın,
mən də sizə görə fədakarlıq elədim, iki
aldım, amma danışmadım bildiyim dərsi.
- İndi də fədakarsınız?
-
Bacardığım qədər. Amma vəziyyəti
pisə aparan qədər fədakarlıqların əleyhinəyəm.
Məktəbdə o cür fədakarlıq
lazımsız işdir. Baxmayaraq ki,
uşaqlar hələ də belə fədakarlıqları
edirlər. İndi belə edən şagird görəndə
məni bir az da gülmək tutur, bilmirəm
o şagirdi necə cəzalandırım. Çünki
uşaqlar bütün mərhələlərdən özləri
keçməlidirlər. Bizsə müəllim
və valideyn olaraq onlara yalnız məsləhət verə,
yol göstərə bilərik.
-
Dediyinizdən belə anladım ki, qorxaq uşaq olmusunuz. İndi nədən qorxursunuz?
- Böyüdükcə adam qorxmur. Sadəcə,
ehtiyatlı olur.
-
Uşaqlıq dostlarınızdan bu gün
görüşdükləriniz varmı?
- Əlbəttə var. Elə onlarla bağlı bir
şey düşdü yadıma. Dostlarım var idi,
Vahid, Slavik, Mehdi adında. Bir gün gəldilər
ki, qonşu kənddə bir bostan görmüşük,
yaxşı qarpızlar yetişib, gedək ora. Mən
dedim axı, qorxaq uşaq idim. Çox məcburiyyətdən
sonra məni də razı saldılar. Dedilər
sən hasarın bu tayında dayanarsan, qarpızı biz girib
üzəcəyik tağdan. Sən
çöldən götürüb gizlədərsən.
Özümü sındırmıram, amma
qorxurdum. Çünki bağın mühafizəçisi
bir yekəpər kişi idi. Bizi görsəydi, əməlli əzişdirəcəkdi.
Uşaqlar girdilər. Xeyli
qarpız götürdük. Mən qarpızları bir az uzaqda gizlədirdim. Birdən
hamımızı eyni vaxtda gülmək tutdu. Mühafizəçi səsimizi eşitdi,
üstümüzə bərk çığırdı.
Dedik bu dəqiqə bizi birtəhər edəcək,
tez aradan çıxdıq. Amma
qarpızları gizlətdiyimiz yerdən götürə bilmədik.
Üstündən iki gün keçdi, Slavik gəldi
ki, gedək qarpızlarımızı götürək,
baxmışam, Qarat gizlədən yerdə durur hamısı.
Gedib götürüb gəldik evə. Uşaq idik, hamı elə bildi bostanda kiməsə
kömək etmişik, o da bizə pay qoyub. Amma evdə
hamının ləzzətlə yediyi o qarpızları əslində,
biz oğurlamışdıq. Onda gülməli
gəlirdi, indi yadıma düşəndə utanıram.
Hərdən uşaqlarla görüşəndə
yadımıza salıb gülürük. Amma
sonralar biz tez-tez o kəndə sahələrdə pomidor
yığımına gedirdik. Həmin mühafizəçini
görəndə üzümüzü gizlətməyə
çalışırdıq ki, bəlkə yadında qalarıq. Bizi hamıya göstərər,
deyər ki, bu balacalar bostan oğrusudur. Amma nə tanıyırdı,
nə də deyirdi...
- O Slavik
necə oldu, indi haralardadır?
- Slavik
indi Rusiyada yaşayır, yüksək vəzifədədir. Vahid bizim neft şirkətindədir. O da
mühüm postdadır. Mehdi də dövlət
qulluğundadır.
- Orta məktəbi
neçənci ildə bitirdiniz?
-
1974-cü ildə Qusarda orta məktəbi bitirmişəm. Fizikanı çox sevirdim. İsmət
adlı müəllimimiz vardı, həm də sinif rəhbərimiz
idi. O sevdirmişdi mənə bu fənni. Buna
baxmayaraq, bütün fənləri yaxşı oxuyurdum.
Kiçik yaşlarımdan bilirdim ki, fizik
olacağam. Elə də oldu. Bakı Dövlət Universitetinin fizika fakültəsinin
axşam şöbəsini bitirmişəm. Orta məktəbi qurtaranda fizika kitablarını demək
olar ki, əzbər bilirdim. Əlavə
kitablar da oxuyub öyrənmişdim. O üzdən
universitetdə oxumaq mənə rahat idi.
- Bəs
necə dolanırdınız? İşləyirdinizmi?
- Əlbəttə. Metro inşaatı işində fəhləlik
edirdim. “Nizami”, “20 Yanvar”, “İnşaatçılar” metro
stansiyalarının inşasında əvvəl fəhlələrdən
biri oldum, sonra fəaliyyətimə görə briqadir
keçirdilər.
- İlk maaşınız nə qədər olub,
yadınızdadırmı?
- 180 manat
almışdım, o qədər sevinirdim, gəl görəsiniz.
O illərdə bu, böyük pul idi. Burada
heç zaman bazarlıq etmirdim. Pulumu
üst-üstə yığıb Moskvaya gedirdim. Məndən balaca olanlara da, özümə də
bütün geyim bazarlığını ordan edirdim. Ata-anasız olmuşuq, istəyirdim
bacı-qardaşım daha kasıb yaşamasın.
- İlk pedaqoji fəaliyyətə harada
başlamısınız?
-
Universiteti bitirəndən sonra 265 nömrəli məktəbdə
pedaqoji fəaliyyətə başlamışam. Yaxşı məktəb idi, mən də sevdiyim
işlə məşğul idim. Bizim məktəbə
mənim ilk gəlişim 1991-ci ildə olub. Əvvəlcə direktor müavini kimi işlədim.
Xətai Rayon Təhsil Şöbəsinin müdiri Vaqif müəllim
bir gün çağırdı, dedi, səni məktəbə
direktor təyin edirik. Əvvəlcə
çaşıb qalmışdım. Onun
qızı da bizim məktəbdə işləyirdi. Elə indi də burdadır. Amma adam
qızının yox, mənim namizədliyimi vermişdi və
müdafiə edirdi. Çox qəribə
adam idi.
- Necə
yəni...
- Adama nə
deyirdin de, bircə kəlmə yalanını tutdumu səni
silib atardı. Qaydalar onun üçün dəyişilməz
idi. Qızı da o cür adamdır.
Heç zaman hiss eləməzdin ki, müdir qızıdır. Nə
isə...dedim Vaqif müəllim, məsuliyyətli işdir, mən
bacarmaram, rüsvayçılıq olar. Çox
uzun mübahisə etdik və onun təkidi ilə direktor oldum.
Səmimi deyirəm, inanın heç istəmirdim.
Amma təyin etdi. Uzun müddət
bir yerdə işlədik. Sonra o,
dünyasını dəyişdi. Mən həmişə
deyirəm ki, müəllim, direktor, rəhbər kimi Vaqif
müəllimin şagirdiyəm. Onun tərbiyəsini
görmüşəm.
- Direktor kimi məktəbdə ilk
işiniz nə olub?
- Şəhidlərə
həsr olunmuş
lövhəmiz yox idi məktəbdə. Bu məni narahat edirdi. Bizə təkcə
savadlı şagird lazım deyil, həm də vətənpərvər
şagird yetişdirməliyik. İlk
işim bu oldu məktəbdə. O vaxt Vaqif müəllimlə
mən direktor kimi icra başçısının qəbuluna
gedəndə, başçı nəsə mənim təyinatıma
bir az şübhəli
yanaşmışdı. Deyirdi Qarat müəllim, işləyə
biləcəksənmi, dedim bacardığımı edəcəyəm.
Qayıtdı ki, üç aydan sonra gələcəm
görüm necə ictimaiyyət adamısan. Səmimiyyətimə inanın, mən bu
sözü unutmuşdum. Biz həmin
lövhə və guşənin
açılışını edəndə gördüm
başçı da məktəbə gəldi. Təəccübümü görüb söylədi
ki, sən unuda bilərsən, amma mən gələcəyim
günləri unutmuram. Məktəbdə xeyli iş
görmüşdük, baxdı, xüsusilə vətənpərvərlik
xətti ilə bağlı aparılan işi bəyəndi.
Dedi ki, yox, bacarmısan. Elə o gündən də
rahat işləməyə davam elədim.
- Bəs
indi postunuzdan hansısa daha yüksək vəzifəyə gedərsinizmi?
- Mən
çox şərəfli və faydalı işlə məşğulam.
Bütün vəzifəli adamlar məktəblərdən
çıxır.
- Məktəblərdə kişi pedaqoqların ciddi azlığı hiss
olunur. Bu, oğlan uşaqlarının
xarakterinin formalaşmasına hansı formada təsir göstərir?
-
Savadlı qadın pedaqoqlarımız çoxdur. Amma onlar
oğlanlara kişi keyfiyyətlərini o qədər
də aşılya bilməzlər. Dediyiniz məsələ
məni də narahat edir. Düzünü
demək lazımdır. İndi Azərbaycan
ailələrində evin gəlir gətirəni kişilərdir.
Amma təəssüf ki, bugünkü müəllim
maaşı ilə kişi maddi olaraq ailəsini
təmin edə bilməz. O üzdən bəziləri hətta
peşəsini sevməsinə baxmayaraq, uzaqlaşmağa məcbur
olub. Elə bu müsahibədən istifadə
edib demək istəyirəm ki, yavaş-yavaş vəziyyət
düzəlir. Qoy geri gəlsinlər ki, bu
vəziyyəti dəyişə bilək. Məsələn,
bizim məktəbdə müəllimlərin kişi-qadın
nisbətini götürsəniz, 95 faiz qadın, 5 faiz kişi pedaqoqlar təşkil edir.
- Direktor
həm də müəllim kimi dərs keçirmi?
- Əvvəl dərs deyirdim. Sonra səhhətimdə
problem yarandı, daha dərs saatım yoxdur. Bilirsinizmi, məsuliyyəti
olan adam gərək bir şeyi anlaya. İki işi eyni qaydada, yüksək səviyyədə
paralel apara bilmirsənsə, mütləq birindən imtina etməyi
bacarmalısan. Mən gördüm ki, həm
müəllim, həm də direktor kimi çalışmaq səhhətimə
təsir göstərdi, dərs saatımdan imtina etdim. Müəllimlik ciddi peşədir. Onu dərsi yaxşı keçməməklə
sinifdə gözdən salacaqsansa, heç o dərsi də demə,
o sinfə də girmə.
-
Uşaqlardan razısınızmı?
-
Uşaqlardan bəli, amma bəzən valideynlərdən
razı ola bilmirəm. Məsələn,
bir də görürsən ki, uşaq sinifdə aqressivdir.
Belə olan halda cəzalandırmamış
çağırıram yanıma. İkilikdə
söhbət eləyirik. Uzun söhbətdən
sonra anlayıram ki, evdə valideynlər uşağın
yanında ciddi məsələlər haqda xoş olmayan
mübahisələr edir. Bunun uşağa necə mənfi təsir etdiyinin fərqində
də olmurlar. Yenə də deyirəm, bunu
hamıya aid etmirəm. Amma son zamanlar
müşahidə etdiyim budur ki, ailədə uşaqları nəzərə
almayan valideynlərimiz var. Bu, çox pis nəticələrə
gətirir. Bəli, məktəbin də
qüsurları, səhvləri olur. Amma
uşaqların xarakterindəki qüsurların bir xeylisi
mütləq ailədən gəlir. Məktəb
uşağın tərbiyəsində dördüncü yeri
tutur. Gen, ailə, mühit, məktəb,
ardıcıllıq bu cürdür. Son sözümü
valideynlərə ünvanlamaq istəyirəm. Sizdən
ricam var, əziz valideynlər, uşaqlarınıza diqqət
və sevgi ilə yanaşın ki, sonradan əziyyətimiz də
az olsun.
Jalə MÜTƏLLİMOVA
Azərbaycan müəllimi.- 2018.-
8 mart.- S.13.