Tərbiyə məktəbinin əsası

XVII Beynəlxalq Pedaqoji Oxular “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusuna həsr olunub

 

Təhsildə mənəviyyat məsələlərinə böyük önəm verən humanist pedaqogika insanın formalaşmasında ailənin rolunu yüksək dəyərləndirir. Bu pedaqogikaya görə, ailə göylərin və Yerin, kişilərin və qadınların, valideynlərin    uşaqların,  sələflərin    xələflərin  öz nəslinə və bəşəriyyətə fayda gətirən xoşbəxt insanın tərbiyəsi üçün nəzərdə tutulan birliyidir. Xoşbəxt ailə sevgi, mənəvi birlik, əməkdaşlıq, qarşılıqlı hörmət, qarşılıqlı  anlama  prinsipləri  əsasında  qurulur. Ailə elə bir yoldur ki, öz təyinatını anlamaqda və buna uyğun hərəkət etməkdə hamı bir-birinə kömək edir. Görünür, elə buna görə də humanist pedaqogikanın ötən ilin yayında qəbul olunmuş çağırışlarından iqtibas etdiyimiz bu fikirlər, ümumilikdə ailə məsələləri Beynəlxalq  Humanist  Pedaqogika  Mərkəzinin  ənənəvi olaraq hər il keçirdiyi Beynəlxalq pedaqoji oxuların  növbəti  tədbirinin  müzakirə  mövzusu  olub.  Sayca  XVII olan builki pedaqoji oxular 23-25 mart tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilib. “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı  ilə  baş  tutan  pedaqoji  oxular  “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusuna həsr olunub.

Qeyd edək ki, pedaqoji oxuların müəllifi müasir humanist pedaqogikanın banisi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Federasiyası Hökumətinin təhsil sahəsində iki dəfə mükafatçısı, psixologiya elmləri doktoru, professor, yazıçı Şalva Amonaşvilidir.

 

10-dək ölkədən 320 dinləyici

 

Pedaqoji oxuların plenar iclasını  rektor Cəfər Cəfərov açaraq bildirib ki, humanist pedaqogika üzrə XVII Beynəlxalq oxularda 10-dək xarici ölkədən 320 dinləyici iştirak edir. Beynəlxalq tədbirin  işə başladığı tarixi universitetlərinin həyatında əlamətdar  gün kimi dəyərləndirən rektor “Belə ciddi və nüfuzlu heyətdə beynəlxalq oxuların keçirilməsi bizim üçün çox şərəflidir”, - deyə bildirib. Professor C.Cəfərov  ümummilli lider Heydər Əliyevin müəllim haqqında dediyi “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” sözlərini xatırladaraq  pedaqogika elminin mahiyyətini, məzmununu təşkil edən insanların tərbiyə edilməsi kimi xeyirxah, nəcib, məsuliyyətli, şərəfli bir  işdə məhz müəllimlərin əvəzsiz rol oynadığını deyib. 2002-ci ildən keçirilən Beynəlxalq pedaqoji oxuların mövzularına diqqət çəkən rektor  aktuallığı ilə seçilən həmin mövzuların humanist pedaqogikanın təşəkkülünə,  inkişafına töhfə verdiyini söyləyib.

 

 Bəşəriyyət üçün təhlükə: tənhalıq hissi güclənir

 

Təbrik nitqində akademik Şalva Amonaşvili növbəti dəfə Azərbaycanda, Bakıda olmasından məmnunluğunu bildirib. Pedaqoji oxularda müzakirə edilən  bütün məsələlərin, mövzuların təhsillə bilavasitə bağlı olduğunu deyən  akademik budəfəki oxularda da məktəb-ailə-cəmiyyət üçlüyündə vacib həlqə,  insan mədəniyyətinin beşiyi sayılan ailənin müxtəlif parametr və baxış bucaqlarından müzakirə olunacağını söyləyib.

Plenar iclasda, habelə, akademik Şalva Amonaşvilinin “Ailə. Uşaqlar. Həyat” mövzusunda çıxışı dinlənilib. Tanınmış alimin dediyinə görə,  ailə yalnız sosial kateqoriya deyil, həm də təbiət kateqoriyasıdır: “Müasir dünyamız sürətlə dəyişir, yeniləşir, inkişaf edir. Çox əfsuslar olsun ki, hazırda cəmiyyətdə tənhalıq hissinin güclənməsi müşahidə edilir. Bu, cəmiyyət, bəşəriyyət üçün çox təhlükəlidir. İnsanın ailə mühiti, ailə hissləri olmadan yaşaması çətindir. Ailənin qorunub saxlanılması olduqca vacibdir”.

Çıxışını ayrı-ayrı nümunələr əsasında quran akademik Ş.Amonaşvili bildirib ki, şagirdlərin tərbiyəsi pedaqoji ustalıq, həssaslıq, yüksək mədəni səviyyə tələb edir. Humanist pedaqogikaya görə, müəllim yalnız bilikləri öyrətməklə kifayətlənmir, o, şagirdlərə varlığını, ürəyinin işığını verir, onlar üçün fədakarlıqla çalışmağı özünün ali məqsədi, başlıca hədəfi bilir.

 

Məktəblilərin funksional savadlılığının

yüksəlməsində valideynlərin də əməyi var

 

Beynəlxalq pedaqoji oxuların iştirakçılarını Təhsil Nazirliyi adından  salamlayan nazir vəzifələrini müvəqqəti icra edən, nazir  müavini Ceyhun Bayramov Ş.Amonaşvilinin ədəbi və elmi əsərlərinin Azərbaycanda yaxşı tanındığını,  Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin ölkəmizdə müxtəlif elmi-praktik konfranslar, seminarlar, ustad dərsləri və digər tədbirlər keçirdiyini bildirib. Beynəlxalq oxuların təhsil sahəsi üçün vacib olduğunu qeyd edən C.Bayramov ölkəmizdə ailənin dayanıqlı institut  olduğunu, çox möhkəm əxlaqi bünövrəyə əsaslandığını və müqəddəs sayıldığını vurğulayıb. Nazir müavini Azərbaycan ailəsinin təhsil prosesinə cəlbinin müsbət effekt verdiyini, 2016-cı ildə aparılmış beynəlxalq PIRLS qiymətləndirmə tədqiqatının nəticələrinin  də bunu təsdiq etdiyini deyib.  Həmin tədqiqatın nəticələrinə əsasən, Azərbaycan məktəblilərinin  funksional savadlılığı əvvəlki dövrdəkinə nisbətən artıb və bunda  müəllimlərlə bərabər valideynlərin də böyük əməyi var.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  çıxışında Beynəlxalq oxuların çox aktual mövzuya həsr edildiyini və bu məsələyə konseptual yanaşmanın vacib olduğunu bildirib. Qeyd edib ki, ailə ümumi mənəvi birlik, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma, rəğbət, təmənnasız xidmət əsasında formalaşmalıdır. Ailə dəyərləri müqəddəs tutulmalı, ailə institutu qorunub saxlanılmalıdır.

 

“Ailə kainatın kosmik

simfoniyasında əsas həyati dəyərdir”

 

Tallin şəhərinin vitse-meri Vadim Belobrovçev, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov çıxış edərək humanist pedaqogikanın yüksək mədəni səviyyəli insanların formalaşmasına müsbət təsir göstərdiyini bildiriblər və beynəlxalq oxuların keçirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıblar.

Fəlsəfə elmləri doktoru, Əməkdar elm xadimi, professor Rəfiqə Əzimova “Azərbaycan ailəsinin ənənələri”, kimya elmləri namizədi Klara Mansurova “Xalqların bütövləşməsində ailənin rolu və əhəmiyyəti”, Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov “Ailə kainatın kosmik simfoniyasında əsas həyati dəyərdir” mövzularında çıxışlar ediblər.

Sonra Beynəlxalq oxular öz işini ustad dərslərində və laborator məşqlərdə davam etdirib. Ustad dərslərində və laborator məşqlərdə ailənin genetik kodu, ailə institutunun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında rolu, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, uşaqların tərbiyəsində mühitin əhəmiyyəti, qadınların ailədəki roluna baxış, ailə dialoqunda qarşılıqlı anlaşmanın rolu, ailədə yüksək mədəniyyət hissinin tərbiyəsi, müasir ailə və zamanın çağırışları, valideynliyin dərk edilməsi, valideynlərin təhsili, valideyn əməyinin qiymətləndirilməsi, ailənin mənəvi əsasları, ailə müdrikliyinin inkişafı ilə bağlı maraqlı təqdimatlar edilib, müzakirələr aparılıb.

Tədbirin ilk günündə İmmanuel Kant adına Baltik Federal Universitetinin tələbələrinin ifasında “Fənərçi” tamaşası, E.İ.Mışkinin müəllifi və quruluşçu rejissoru olduğu “3-cü mərtəbə” tamaşası nümayiş etdirilib.

 

 “Xoşbəxt o adamdır ki...”

 

Humanist pedaqogika üzrə XVII Beynəlxalq oxular çərçivəsində martın 24-də akademik Ş.Amonaşvilinin “Məhəbbət qanunu” mövzusunda təqdimatı dinlənilib. Akademik  bildirib ki, ailə bizim üçün dünyada ən doğma yerdir. Dahi rus yazıçısı və mütəfəkkiri Lev Tolstoyun təbirincə desək, “Xoşbəxt o adamdır ki, öz evində xoşbəxtdir”. Xoşbəxt ailə qarşılıqlı sevgi, mənəvi birlik, yaradıcılıq, əməkdaşlıq, qarşılıqlı hörmət və qarşılıqlı anlaşma əsasında formalaşır. Xoşbəxt ailələr daim mənəvi cəhətdən zənginləşir və bu mənəvi zənginləşmə böyük sevinc hissi verərək həyatın tamlığını təmin edir. Ailə institutu uşağın inkişafında mühüm rol oynayır. Uşaq ailədə qazandıqlarını bütün həyatı boyu saxlayır. Ailə uşağın mənəvi inkişafının beşiyidir. Ailədə uşağın özünüdərkə, sevgiyə, qayğıya, diqqətə, hörmətə və ünsiyyətə olan tələbatı yaranır. Uşaq ailədə valideynlərin insanlığının, müdrikliyinin, dözümlülüyünün, başa düşməsinin və sevgisinin sınağıdır. Ailə insan talelərinin canlı laboratoriyasıdır. Ailədə hər bir üzvün fikirləri, hissləri, cəhdləri, arzuları ilə hesablaşmaq lazımdır. Öz ləyaqətini qoruyaraq güzəştə getməyi bacarmaq vacibdir. Ailə həyatın yeganə dəyəridir. Ailənin məhv olması ilə dünya məhv ola bilər. Ailə elə bir yoldur ki, burada hamı bir-birinə öz təyinatını anlamağa və buna uyğun hərəkət etməyə kömək edir. Ailə həyatının başlıca mənası və məqsədi uşaqların tərbiyəsidir. Tərbiyə məktəbinin əsası isə valideynlərin qarşılıqlı münasibətidir. Ailə səmanın yerlə, kişinin qadın ilə, valideynlərin uşaqlarla, sələflərin xələflərlə birliyidir. Bu birlik öz nəslinə və bəşəriyyətə fayda gətirən xoşbəxt insanın tərbiyəsi üçün müəyyən edilib. Valideynlərin bir-birinə olan sevgisi uşağa xoşbəxtlik bəxş edir. Uşaqları ailə dəyərləri ruhunda tərbiyə etmək olduqca vacibdir. Valideynlərin xeyir-duası insanın taleyini yaradır və çətinliklərin qələbəyə çevrilməsi üçün enerji mənbəyi rolunu oynayır.

 

Mənəviyyat, sevinc, müdriklik bayramı

 

Beynəlxalq tədbirin ikinci iş günü, həmçinin, humanist pedaqogikada şəxs, müəllimlik peşəsi, ailənin mənəvi dəyərləri və digər vacib məqamlarla bağlı ustad dərsləri keçirilib, “Mən səni sevirəm, həyat” adlı ədəbi-musiqili kompozisiya təqdim edilib.

Oxuların son günündə isə Ümumukrayna Humanist Pedaqogika Mərkəzinin prezidenti Stanislav Kruqun “Yüzilliklər boyu ailə müdrikliyinin inkişafı”, müəllim, psixoloq Marina Qalievanın “Qadının etirafı” mövzusunda təqdimatları dinlənilib. Böyük alimlərin, filosofların, şair və yazıçıların, ictimai və dövlət xadimlərinin ailə həyatlarından gətirilən nümunələr əsasında qurulan təqdimatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Rusiya dərsliyi” korporasiyasının strateji kommunikasiya və inkişaf məsələləri üzrə vitse-prezidenti, “Bir sentyabr” nəşrlər evinin baş redaktoru Artyom Soloveyçik öz şəxsi ailə nümunəsindən çıxış edərək gözəl, xoşbəxt ailə, qadının ailədə, cəmiyyətdə missiyası ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra təqdimatlarla bağlı fikirlər, təkliflər, təəssüratlar bölüşülüb, səmərəli müzakirələr aparılıb. Müzakirələrdən sonra “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda humanist pedaqogika üzrə XVII Beynəlxalq oxuların yekun mərasimi keçirilib. Mərasimdə mükafatlar, hədiyyələr və fəal iştirakçılara sertifikatlar təqdim edilib. ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, inzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Bakı Humanitar Kollecinin direktor müavini Afaq Əliyeva, Azərbaycan Respublikasının Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov beynəlxalq oxuların təşkilində fəal iştirak etdiklərinə görə mükafatlandırılıblar.

Rektor Cəfər Cəfərov çıxış edərək bildirib ki, müasir dünyamızda humanist pedaqogikanın tərəfdarlarının sayının sürətlə artması sevindirici haldır. Beynəlxalq oxuların keçirildiyi günləri mənəviyyat, sevinc, müdriklik bayramı kimi qiymətləndirən rektor tədbirin ADPU-da keçirilməsinə görə universitetin çoxminlik kollektivi adından Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin rəhbərliyinə təşəkkür edib.

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov  qeyd edib ki, son illər ölkəmizdə müxtəlif nüfuzlu və mötəbər tədbirlər yüksək səviyyədə keçirilir. Beynəlxalq oxular bu tədbirlər arasında xüsusi yer tutur. Çünki humanist pedaqogikanın məqsədi cəmiyyətin qarşısında duran vəzifələri həll etməyə qadir olan vətəndaş yetişdirməkdir.

Mərasimdə Humanist Pedaqogika üzrə XVIII Beynəlxalq oxuların mövzuları qəbul olunub, yeri və vaxtı müəyyənləşdirilib, humanist pedaqogikanın Himni səsləndirilib. Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin, həmçinin Bakı şəhəri 75 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında maraqlı və rəngarəng konsert proqramı təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib. Akademik Şalva Amonaşviliyə universitetin hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarətləri də təşkil olunub.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2018.- 30 mart.- S.1; 3.