“Azərbaycan universitetləri
reytinq
cədvəllərində yerini yüksəltməyi bacaracaq”
Gülçöhrə Məmmədova:
“Artıq mühəndislik ixtisasına olan marağın
qayıtdığı müşahidə edilir”
Azərbaycana yaxşı mühəndislər
lazımdır. Müasir memarlıqla qədim mədəniyyəti
öz yaradıcılığında birləşdirən, fərqli
düşüncə sahibi memarlar da azdır. Bir sözlə, böyük tikinti bumu yaşayan
Bakıda inşaatçının yaxşısını əl-əl
gəzirlər.
İnşaatçının
da, memarın da yetişdiyi, Azərbaycanın ən
böyük ali təhsil müəssisələrindən
olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin
rektoru Gülçöhrə Məmmədova “Azərbaycan
müəllimi” qəzetinin suallarına cavab verir.
- Hələ
bir fakültəykən tələbəsi olduğunuz,
bitirdiyiniz vaxt institutu yaradılan bir universitetin 20 ilə
yaxındır ki, rektorusunuz. Adınız ilk
günündən bəri bu təhsil ocağı ilə
bağlıdır. Burada komsomol katibi,
assistent, baş müəllim, dosent, professor oldunuz. Əməkdar memarsınız. Necə deyərlər,
bu universitetlə birlikdə böyümüsünüz… Daha
çox “kişi ixtisasları”nın
çoxluq təşkil etdiyi, kişilərin
üstünlük verdiyi bir sahə üzrə
ixtisaslaşıb, bu istiqamət üzrə bir təhsil
ocağına rəhbərlik etmək sizin üçün
çətin olmayıb ki?
-
Doğrudur, 1975-ci ildə mən 5-ci kursu bitirəndə təhsil
aldığım fakültə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutuna çevrildi. Bu təhsil müəssisəsinə rektor təyin
olunanda adını dəyişmək qərarına gəldik
və o vaxtdan, yəni 2000-ci ilin iyul ayında verilən qərarla
institut “Memarlıq və İnşaat Universiteti”
adlandırıldı. Əlbəttə, heç kim deyə bilməz ki, bu yolu keçmək,
assistent, baş müəllim, dosent, professor olmaq, bu vəzifəyə
qədər yüksəlmək asan olub. Çünki
bu elə bir yoldur ki, həmişə zəhmət çəkməyi,
öz üzərində işləməyi tələb edir.
1979-cu ildə assistent keçmişəm.
Doktorluq dissertasiyasını müdafiə edəndə
artıq 20 il keçirdi. Həmin 20 il ərzində bütün həyatımı
ancaq işə həsr etmişəm. Həmin
illər ərzində yazdığım 2 dissertasiya
üçün çox böyük əziyyət çəkmişəm.
Elmi işlərimi kabinetdə oturub
yazmamışam. İşimi tamamlamaq üçün
Azərbaycan ərazisinin böyük hissəsini gəzmişəm,
abidələr üzərində işləmişəm və
s. Bu qədər müddət ötəndən sonra həmin
20 il haqqında indi deyə bilərəm ki, çox çətin,
ancaq maraqlı yol idi. Həm intellektual cəhətdən
zənginləşdiyim, həm də ağır çətinliklərlə
dolu, zəhmət tələb edən illər olub. Ancaq gördüyüm işlərdən hər
zaman zövq almışam. İstər
işi, istərsə də, nəticəsini görəndə.
Kişilərin seçdiyi və sayca üstünlük təşkil
etdikləri bir sahədə təhsil alıb karyera
qurmağıma gəlincə, kollektivin kişi
və ya qadın olmasından asılı olmayaraq, rəhbərliyin
çox çətin məqamları var. Heç də asan həll
olunmayan məsələlər ortaya çıxa bilir. Amma
düşünmürəm ki, yerimdə kişi
olsaydı, məndən daha az əziyyət çəkərdi.
Uzun sözün qısası, belə bir
kollektivdə işləyərkən də, ona rəhbərlik
edərkən də özümü narahat hiss etməmişəm.
- İndi vəziyyət necədir? Kişilərlə
qadınların say nisbətindəki kəskin fərq hələ
də qalır?
- Zəmanə
çox dəyişib və elə bir sahə yoxdur ki,
qızlar ona maraq göstərməsin. Sovet dövründə
universitetimizdə qızların sayı cəmi 15 faiz idisə,
indi 30 faiz, bəzi fakültələrdə hətta 50 faizədək
yüksəlib. Ona görə deyə bilərəm
ki, artıq ixtisaslarımızı “kişi ixtisasları”
hesab etmək doğru deyil. Bəli,70-80-ci
illərdə təhsil müəssisəsində əsasən
kişi kollektivi idi. Tələbələrin də,
müəllimlərin də böyük əksəriyyəti
kişiləriydi. Artıq bu nöqteyi-nəzərdən
Memarlıq və İnşaat Universitetinin hər hansı fərqli
xüsusiyyətləri gözə çarpmır və hətta
adi universitetlərdən biridir.
- Tələbələrin
tərkibində qızların faiz göstəricisinin artması
hər hansı dəyişikliyə səbəb olubmu? Məsələn, indi idarəetmə daha asandır,
ya daha çətindir? Yaxud, təhsilin
keyfiyyəti indi yüksəlib, yoxsa əksinə?
-
Qızların sayının artması universitetin xeyrinə
ab-havanı dəyişib. Hətta bir qrupda
qızların olması belə, oradakı mühitə təsirsiz
ötüşməyib. Müşahidələrimiz
və uzun illərin təcrübəsi göstərir ki,
qızların təmsil olunduğu qrupda oğlanlar
özünə qarşı daha diqqətli olur. Belə qruplarda oğlanlar daha tərbiyəli, daha nəzakətlidirlər.Universitetdə
dərs deyən hər müəllim bunu təsdiq edə bilər.
Qızların sayının artmağı hər
cəhətdən müsbət prosesdir. Bu,
sadəcə ab-havanın dəyişməsinə deyil, həm
də təhsilin keyfiyyətinə təsir edir. Təsirin iki tərəfini vurğulamaq istərdim.
İlk növbədə qızlar oğlanlara
nisbətən daha çox oxuyur, daha səliqəli, daha məsuliyyətlidirlər,
təhsilə daha həvəslidirlər. Bu
da ilk növbədə universitetdə verilən təhsilin
keyfiyyətində özünü göstərir.
İkinci bir tərəfdən, bayaq qeyd etdiyim kimi, qızlarla
birgə təhsil alan oğlanlar onlara
özünü daha yaxşı təqdim etməyə, daha
ağıllı göstərməyə
çalışdığından dərslərinə
qarşı daha məsuliyyətli olurlar. Nəticədə
onların da təhsil göstəriciləri
yaxşılaşır və bu, təhsilin keyfiyyətində
də özünü büruzə verir.
- Elmi
Şuranın tərkibində sizinlə birlikdə 12 xanım
təmsil olunur. 61 nəfərdən ibarət Elmi Şurada
qadınlar rektor, bir prorektor, 3 dekan, 1 şöbə
müdiri, 6 kafedra müdiri ilə təmsil olunur. Bu, inşaat
sahəsində qadınların sayının az
olması ilə əlaqədardır, yoxsa 21-ci əsrdə hələ
də önə çəkiləcək qadınların
sayı azdı? Bəlkə bilmədiyimiz
başqa səbəb var?
- 40-50
illik inkişafa nəzər salsaq, həm müəllimlərin,
həm də tələbələrin içərisində
qadınların sayının artmasına baxmayaraq, hələ
də kişilər daha böyük faiz təşkil edir. Bunu nəzərə alsaq, rəhbərlikdə təmsil
olunan qadınların sayını normaya yaxın hesab etmək
olar. Sizə deyim ki, rektorluqda 2 qadının təmsil
olunması, şöbələrin bir çoxunun qadın olması, kafedra
müdirləri arasında qadınların sayının
artması qadınların idarəetməyə cəlb edilməsi
baxımından vacib faktlardır. Üstəlik,
rəhbər vəzifə daşıyan qadınların
sayı bununla da məhdudlaşmır. Elə
şöbələr var ki, müdiri qadındır. Ancaq həmin şöbə Elmi Şuraya
düşməyib. Beləliklə,
universitetdə dekan səlahiyyətlərində olan 10 rəhbər
şəxsdən 4 nəfəri qadındır. Məncə, bu, yaxşı rəqəmdir. Qeyd edim ki, rəhbər vəzifələrdə təmsil
olunan qadınların sayı son illər artıb.
Universitetin yarandığı illərdən bu yana
baxsaq, artım dinamikasını daha aydın görmək
olar. İlk illərdə universitetin Elmi Şurasında cəmi
bir neçə nəfər qadın ola
bilərdi. İndi isə bu rəqəm daha
böyükdür və getdikcə də artır. Məncə bu, yəni rəhbərlikdə təmsil
olunan qadınların sayının artması müsbət
tendensiyadır. Təcrübə göstərir
ki, qadınların rəhbərlikdə təmsil olunduğu
qurumlar daha yaxşı işləyir. Burada
nizam-intizam daha yaxşı, məsuliyyət hissi daha çox,
yeniləşmə isə sürətli olur.
Gəncləri müəllimlik fəaliyyətinə
cəlb etməyə çalışırıq
- Müəllimləriniz
və universitet rəhbərliyinin tərkibini təhlil etsək,
gənclərin nisbəti necədir?
-
Kollektivimizin cavan olduğunu deyə bilmərəm. Daha çox orta və yaşlı nəslin nümayəndələri
ilə çalışırıq. Yaşlı
nəslin nümayəndələri sayca cavanları üstələyir.
Amma yaşı çox olanlar da təcrübəli,
nüfuzlu professorlardır. Professor-müəllim
heyətinin aparıcı qüvvəsi məhz onlardır.
Ancaq son illər kollektivimizdə cavanların da
sayını artırmağa çalışırıq.
Bu, zamanın tələbidir. Ona görə ki, elə sahələr var ki, cavanlar
özlərini daha mükəmməl hiss edir, daha yaxşı
çalışır, daha səmərəli nəticələr
qazanırlar. Bildiyiniz kimi, müasir təhsildə
innovativ istiqamətlər var. Kadrlardan xarici dildə
danışmaq bacarığı tələb olunur. Bu və müasir dövrün əsas tələbinə
çevrilən digər keyfiyyətləri isə cavan nəslin
nümayəndələrində tapmaq olur. Xarici ölkələrdə nüfuzlu universitetləri
bitirən kifayət qədər böyük gənclər
ordusu var. Onların da universitetlərə cəlb edilməsi
çox vacib məsələdir. Çalışırıq
ki, bu istiqamətdə də fəaliyyətimiz olsun. Eyni zamanda, öz universitetimizi bitirən, magistratura,
doktorantura pilləsində təhsil almış gəncləri
müəllimlik fəaliyyətinə cəlb etməyə
çalışırıq.
- Nəticə
necədir? Məqsədinizə nail ola
bilirsinizmi?
-
Düzdür, bu istiqamətdə sürətimiz elə də
çox deyil. Düşünürəm ki, heç ola da bilməz. Bu məsələlər
tədricən həll edilməlidir. Əsas
odur ki, tendensiya artıq var.
AzMİU-ya tələbə qəbulu:
bu
il yerlərimiz 100 faiz dolacaq
- Qəbul
imtahanlarına start verilib. Universitetinizin keçid
ballarında hər hansı dəyişiklik ola
bilərmi? İxtisasların keçid
ballarında yenilik gözlənilirmi?
- Bir
neçə ixtisasımızın keçid balı
digər universitetlərdə eyni ixtisas üzrə tələb
edilən keçid balından yüksəkdir. Bundan
əlavə, abituriyentlərin test imtahanı vermədən,
sadəcə buraxılış imtahanı və qabiliyyət
imtahanı ilə qəbulun aparıldığı dizayn
ixtisasında balları elə müəyyənləşdirmişik
ki, həmin ixtisasa, sözün əsl mənasında,
bacarıqlı uşaqlar gəlsin. Tutaq
ki, dizayn qabiliyyət tələb edən ixtisasdır.
Ancaq onların da ümumi təhsil səviyyəsi kifayət
qədər yüksək olmalıdır. Çünki
universitetimizi bitirən mühəndislərdən,
ixtisasından asılı olmayaraq, müəyyən səviyyədə
biliklər də tələb edilir.
- Yerləriniz
dolurmu?
- Ötən
il yerlərimizin 95 faizi doldu. Qalan 5 faiz isə rus bölməsinə ayrılan və
qiyabi şöbədə təhsil üzrə nəzərdə
tutulan yerlər idi. Bunu nəzərə
alsaq, plan yerlərimizin tamamilə tutulduğunu deyə bilərik.
Keçən ilin nəticələrini bu ilin qəbul
planını verəndə nəzərə
almışıq. Ümid edirik ki, bu il
yerlərimiz 100 faiz dolacaq.
-
Hazırda universitetlərə tələbəsini
özünün seçməsi kimi üstünlüyün
verilməsi müzakirə olunur. AzMİU belə bir səlahiyyət
əldə edərsə, hansı abituriyentlərə
üstünlük verəcək: keçid balını
yüksək səviyyədə toplayanlara, yoxsa qabiliyyəti
ilə seçilənlərə?
- Bizdə
qabiliyyət yalnız 2 ixtisasdadır: memarlıq və dizayn. Yəni bir fakültədədir. 7 fakültəmizin 6-nın tələbələri
test imtahanının, yəni qəbul imtahanlarının nəticələrinə
görə müəyyən edilir. Əlbəttə
ki, test imtahanında ən yüksək nəticə göstərənlərin
universitetimizə gəlməyində maraqlıyıq. Nə
vaxtsa universitet özü qərar verməli olsa, ən
yüksək bal toplayanlara
üstünlük veriləcək. Memarlıq və
dizayn ixtisası üzrə isə hər ikisi nəzərə
alınmalıdır. Həm
buraxılış imtahanının nəticələri
yaxşı olmalı, həm də qabiliyyətli
olmalıdırlar. Bu, həm də ona
görədir ki, biliyi olmayanlar universitetimizdə çox
çətinlik çəkərlər.
-
Ümumtəhsil müəssisələrində kampaniyanız
aparılır. Şagirdlər arasında
heç bir fərq qoymadan, onların AzMİU-nu seçməsini
təmin etməyə çalışırsınız?
- Biz
maraqlıyıq ki, universiteti daha çox abituriyent
seçsin. Nə qədər çox seçsələr,
bizə o qədər xeyirdir. Bilik səviyyələrini
isə biz müəyyənləşdirmirik. Ancaq sayı çox olarsa, onların arasından ən
yaxşıları seçmək imkanımızı
artırmağa çalışırıq. Təbliğat işləri aparır, ölkənin
və Bakı şəhərinin rayonlarını
dolaşırıq. Hətta xarici ölkələrə
də təmsilçilərimizi göndəririk. Hazırlıq fakültəsinin dekanı öz həmkarları
ilə birgə Türkiyənin, şimal-şərqi Anadolunun
bir çox orta və kiçik şəhərlərini gəzib,
türkiyəli gəncləri universitetimizə dəvət
edirlər. Bu da o deməkdir ki, məlumat
artdıqca təhsil müəssisəsinə maraq yaranır.
Odur ki, görüşlər keçiririk.
Belə görüşlərdə
universitetimizin başqalarından fərqini izah etməyə,
üstünlüyünü göstərməyə
çalışırıq. Hansı ixtisası bitirən
mühəndisin harada işləyəcəyini, hansı
iş yerlərinin olduğunu diqqətinə
çatdırırıq. Bu görüşlər
abituriyentləri sadəcə məlumatlandırmır, həm
də seçimlərini dəqiqləşdirməkdə
kömək edir.
-
Kampaniyaların təsirini hiss edirsinizmi?
- Təbii
ki. Suallarla saytımıza müraciət edirlər
və təbii ki, onların arasından universitetə gəlmək
istəyənlər də çıxır. Bir məsələni də deyim. Xaricdə təşkil edilən təhsil sərgilərinə
də çox böyük diqqət ayırırıq. Xüsusən, tələbə cəlb etmək
şansımız olan ölkələrə diqqət yetiririk.
Türkiyə, Rusiya, MDB məkanına daxil olan bəzi ölkələrdən
tələbələrimiz var. Bu yaxınlarda nümayəndələrimiz
Hindistanda keçirilən təhsil sərgisinə
qatılacaqlar. Çalışacağıq ki,
universitetimizə həmin ölkədən də tələbə
cəlb edək. İnanın ki, belə kampaniyaların
çox böyük faydası var. Çünki bəzən
kənd məktəblərinin məzunlarının ixtisaslarla
bağlı məlumatsız olduqlarını müşahidə
edirik.
- İndiyədək universitetə qəbul
aşağı balla olub. Ekspertlərin fikrincə,
aşağı balla daxil olan tələbələrə
universitet daha çox vaxt sərf edir. Əsasən,
AzMİU-nun ixtisaslarının daxil olduğu I ixtisas qrupunda
keçid balı aşağıdır. Üstəlik, qəbul prosesində daha da
aşağı salındığı vaxtlar olub. Vəziyyəti dəyişmək
mümkündürmü? Dəyişmək
üçün universitet olaraq nə edə bilərsiniz?
-
Doğrudur, 600-700 bal, adətən,
humanitar ixtisaslar üzrə olan qruplarda qeydə alınır.
Ancaq I qrupu oxuya bilməyənlərin
seçdiyi fikriylə də razılaşa bilmərəm.
Riyaziyyat, fizika, kimya kimi fənlərin daxil
olduğu bir ixtisas qrupunu oxuya bilməyənlər seçsə
belə, onların uğurlu nəticə əldə edə
bilməsi inandırıcı görünmür.
Çünki bu qrup üzrə imtahanlarda riyaziyyatı
yaxşı bilənlər, ağıllı uşaqlar bal toplaya bilərlər. Etiraf etməliyəm
ki, 2000-ci illərin əvvəllərində, doğrudan da,
çox aşağı balla qəbul həyata
keçirilirdi. Get-gedə vəziyyət dəyişdi.
Statistikanı izləsəniz, görəcəksiniz ki, I qrupa
sənəd verən abituriyentlərin sayı ildən-ilə
artır, topladıqları bal isə
yüksəlir. Başqa bir tərəfdən, I qrupa sənəd
verənlərin yüksək bal toplaya bilməməsinin
səbəblərindən biri bu ixtisas qrupuna aid fənlərin
çətinliyi ilə də əlaqələndirilə bilər.
-
Hazırda ixtisas seçimi mərhələsində olan builki
abituriyentləri universitetinizə cəlb etmək
üçün onlara nə deyərdiniz?
- Qeyd etməliyəm
ki, abituriyentlər də, elə valideynlər də mühəndis
ixtisasına böyük önəm verirlər. Bir vaxtlar humanitar ixtisaslara daha çox meyil
yaranmışdısa, artıq mühəndislik ixtisasına
olan marağın qayıtdığı müşahidə
edilməkdədir. İqtisadiyyatın
inkişafı göstərir ki, ölkəyə yaxşı
mühəndislər lazımdır. Bu ixtisasların
üstünlüyü həm də ondadır ki, universiteti
bitirdikdən sonra mühəndislər özlərinə
başqaları ilə müqayisədə daha tez iş tapa
bilirlər. Əmək bazarında mühəndisə
kifayət qədər tələbat var. Hazırlıqlı
mühəndislərə hər zaman ehtiyac olduğundan bu,
ixtisas seçiminə mütləq təsir göstərir.
Təhsil haqqı: 4 illik təhsilini
6 ilə
uzatmaq tələbəyə lazımdırmı?
-
Universitetinizi müraciət etdiyiniz həmin abituriyentlər
üçün əlçatan edən amillərdən biri də
təhsil haqqıdır. Təhsil
haqqının dəyişmə ehtimalı varmı?
- Təhsil
haqqı dəyişməyib. Qərara gəldik
ki, qüvvədə olan təhsil haqqı bütövlükdə
əhalinin iqtisadi vəziyyətinə uyğundur və
artırılmasına hələlik ehtiyac yoxdur. Daha doğrusu, universitetin ehtiyacı var. Amma zərurət
yoxdur. Bu səbəbdən təhsil
haqqını əvəlki qaydada saxlamışıq.
- Bəs,
ödəmə şərtləri? Birinci kursa qəbul
olunanlardan bəri başdan və birdəfəlik ödəmə
tələb olunur. Bu şərtdə dəyişiklik
mümkündürmü?
- Niyə
dəyişiklik edilməlidir ki?
- Belə
bir qayda var ki, tələbə birinci semestrdə
götürdüyü kreditin pulunu ödəməlidir. Hətta ona təklif edilən tutaq ki, 6 fəndən
4-nün pulunu ödəyib qalanını saxlaya bilər.
- Bunlar
fikir yayındıran söhbətlərdir. Tələbə
birinci kursa oxumağa gələndə fənn seçir?
Ona hüquq verilir, ancaq heç vaxt birinci kurs tələbəsi
bu seçimi aparmır.
- Birinci
kursa qəbul olunan tələbədən söhbət gedirsə,
bu, məlumatsızlıqdan ola bilər. Böyük ehtimaldır ki, tələbə olanlar
onlara belə bir hüquq verildiyindən xəbərsizdir.
- Hesab
edirsiniz ki, bu, tələbənin xeyrinədir? Tələbə
bu il keçmədiyi, saxladığı
fənni nə vaxtsa keçib ondan imtahan verməlidir. Əks halda, diplomunu ala bilməyəcək.
- Amma təhsil
haqqını birinci kursda birdəfəlik və dərhal
ödəmək imkanı yoxdursa, ümumiyyətlə, təhsildən
kənarda qalır.
- Birinci
kursun proqramını iki yerə bölmək, təhsil
müddətini artırmaq deməkdir. Buna
qaydalar imkan verir. Tələbə istəsə, təklif
etdiyimiz proqramla 4 il oxuya bilər, istəsə,
daha uzun müddətə təhsilini tamamlayar. Bəli,
bu mümkündür. Ancaq nə dərəcədə
məqsədəuyğundur? 4 illik təhsilini
6 ilə uzatmaq ona lazımdırmı? Tutaq ki, 4 il sonra onu həqiqi hərbi xidmətə
çağıracaqlar. Bu da o deməkdir ki, təhsilini
hərbi xidmətdən qayıtdıqdan sonra davam etməlidir.
Tələbəyə bunun bir xeyrini
görmürəm. Birinci kurs tələbəsi
tədrisə tam cəlb edilməsin, “fulltaym” oxumasın,
“parttaym” oxusun və 5 kredit alıb təhsil müddətini
artırsın. Prinsipcə bu,
mümkündür. Ancaq nə qədər
məqsədəuyğundur?
AzMİU
verdiyi təhsillə də,
tələbəsi ilə də öyünə bilər
- “Round University Ranking" Beynəlxalq reytinqinin (RUR-2018)
nəticələrinə görə, Memarlıq və
İnşaat Universiteti 762-ci yerdədir. Bu
mövqeyinizdən məmnunsunuzmu? Reytinq cədvəllərindəki
yeriniz sizi qane edirmi?
- Reytinq cədvəllərində
yer tutmaq universitetlər üçün çox önəmlidir.
Ölkədəki ali məktəblər
reytinq cədvəllərində yer almaq üçün tələb
olunan sənədləri, göstəriciləri artıq bir
neçə ildir ki, təqdim edirlər. Hesab
edirəm ki, yaxın illərdə Azərbaycan universitetləri
reytinq cədvəllərində yerini yüksəltməyi
bacaracaq, mövqeyini möhkəmləndirəcək. Soruşacaqsınız ki, bu əminliyi bizə nə
verir? Əvvəla, ölkə universitetləri
çox böyük sürətlə inkişaf edir. İkincisi isə artıq həmin reytinq cədvəllərinin
tələblərini daha yaxşı öyrənirik və
işimizi onlara uyğun qururuq. 5-6 il əvvəl
bunu bacarmırdıq. Artıq nəticələrimiz
də yüksəkdir, informasiyamız da kifayət qədərdir.
Düşünürəm ki, bundan sonra reytinq
siyahısında adı əksini tapan universitetlərin
sayı da artacaq, mövqeyi də yaxşılaşacaq.
- Nəinki
reytinq siyahılarına, AzMİU-nun adı Ginnesin rekordlar
kitabına da salına bilər...
- Bəli,
memarlıq ixtisası üzrə SABAH qruplarının məzunları
Yaqub Mehdiyev və Nəriman Abdinli Moskva şəhərinin məşhur
“Zaryadye” parkının ərazisində inşa edilən
“Üzən körpü” unikal piyada estakadasının layihəsində
iştirak ediblər. “Üzən körpü”
estakadasının unikallığı onun konsolunun 70 metr
uzunluğunda olmasıdır. Estakada
Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir. Layihənin baş mühəndisi Azərbaycan
Memarlıq və İnşaat Universitetinin SABAH
qruplarının müəllimi Qulam Əliyevdir.
(ardı var)
Ruhiyyə
DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
18 may.- S.5.