“Ən önəmli məsələ məzunun
keyfiyyətinin yüksəldilməsidir”
Gülçöhrə
Məmmədova: “Memarlıq fakültəsinin beynəlxalq
akkreditasiyadan keçməsi üçün bütün
imkanlarımızı səfərbər etmişik”
II söhbət
Müasir təhsil standartları ali təhsil pilləsində sürətlə tətbiq edilir. Bu istiqamətdə Azərbaycan Memarlıq və İnşaat Universitetində vəziyyət necədir? Universitetin rektoru Gülçöhrə Məmmədova söhbətimizin bu hissəsində məhz təhsilin keyfiyyətini artırmaq üçün gördükləri işlərdən danışıb.
- AzMİU-da verilən təhsilin keyfiyyətinə zəmanət verə bilirsinizmi?
- Əlbəttə ki, verdiyimiz təhsilin keyfiyyətini yaxşılaşdırmağı düşünürük. Ancaq məlum olduğu kimi, təhsilin keyfiyyəti çoxşaxəlidir. Bizim üçün hazırda ən önəmli məsələ məzunun keyfiyyətinin yüksəldilməsidir. Bunun bir çox komponenti var. Biz keyfiyyət dəyişikliyinə nail olmaq üçün təhsil sənədlərimizin ekspertizasından başlamışıq. Tədris planları, fənlər üzrə işçi tədris proqramlarının ekspertizası üçün mütəxəssislər dəvət etmişik. Nüfuzlu şəxslər - alimlərdən, istehsalat rəhbərlərindən xahiş etmişik ki, hər biri bir ixtisasla bağlı rəyini bildirsin. Bu proses artıq başa çatıb. Biz indi həmin ekspertiza sənədlərini müvafiq fakültələrlə bir-bir müzakirə edirik. Təhsildə keyfiyyəti artırmaq, onların müasirləşməsi, istehsalatın tələblərinə cavab verməsi üçün tədris sənədlərimizə hansı dəyişiklikləri etməli olduğumuza dair qərar veririk. Bir sözlə, təhsil sənədlərimizi ekspertizadan keçirib onları yeniləşdiririk. Bundan başqa, daimi tədqiqatlar, araşdırmalar həyata keçirilir. Hazırda keyfiyyətə nəzarət qrupu yaratmışıq. Universitetdə təhsilin keyfiyyətini məhz həmin qrup araşdırır və universitet rəhbərliyi, fakültələr qarşısında tövsiyələrlə çıxış edir.
Təhsildə keyfiyyətin daha bir komponenti isə kadr
potensialıdır. Müəllimlərin səviyyəsi,
peşəkarlığı, müasirliyi çox vacib məsələlərdir.Əsas
komponentlərdən biri kimi laboratoriya bazamızın da üzərində
işləyirik. Mühəndis ixtisasları üzrə
kadrların hazırlanması üçün laboratoriya və
sınaq bazasının çox böyük əhəmiyyəti
var. Son 10 ildə universitetimizdə bu istiqamətdə
çox böyük dəyişikliklər baş verib.
Çoxsaylı laboratoriyalar yaradılıb, həmin
laboratoriyaların yaradılmasında bir yandan dövlət
kömək edib, büdcədən vəsait ayrılıb,
digər yandan isə partnyor təşkilatların köməyindən
istifadə etmişik. Məsələn, Holcim (Azərbaycan) ASC
ilə birgə beton laboratoriyası yaratmışıq.
“Paşa İnşaat” inşaat
konstruksiyalarının sınaq laboratoriyası yaradıb.
Son əldə etdiyimiz razılaşmaya görə
Almaniyanın tanınmış şirkəti universitetimizdə
laboratoriya açacaq. Mühəndis sistemləri
üzrə tanınmış alman şirkəti olan
"Hager-Berker" şirkəti və onun Azərbaycanda rəsmi
tərəfdaşı olan “Telecommunication and integration solution”
(TİS) şirkətinin nümayəndələri ilə
görüşümüz olub. Qeyd edim ki, "Hager-Berker" şirkətinin
ölkəmizdəki rəsmi tərəfdaşı TİS
şirkəti ilə AzMİU arasında qurulan əməkdaşlıq
bir ildən artıqdır ki, davam edir. “Mühəndis
sistemləri və qurğularının tikintisi” kafedrası nəzdində
“ağıllı binalar” (smart building) üzrə
laboratoriyanın yaradılması bu əməkdaşlığın
nəticəsidir. Düşünürəm
ki, oktyabr ayında “ağıllı binalar” (smart building)
üzrə laboratoriyadan tələbələrimiz istifadə
edə biləcək. Ümumiyyətlə,
istehsalat partnyorlarımızdan, universitet-biznes əlaqələrindən
istifadə edərək maddi-texniki bazamızı müasirləşdirməyə
çalışırıq.
Laboratoriyalarımızın vəziyyəti
hələ üzərində
işləməli olduğumuz məsələlər
sırasındadır
- Təbii ki, maddi-texniki baza
müasir universitet üçün əsas şərtlərdəndir.
Kafedralar müasir avadanlıqlarla təchiz
olunubmu?
-
Universitetimizin tədris sahələri - binalarımız,
auditoriyalarımızın vəziyyəti çox
yaxşı qiymətləndirilə bilər. Hətta
Avropa universitetlərinin heç də hamısında bu
cür maddi baza görmürük. Çoxunda
müasir tələblərə cavab verməyən şəraitlə
qarşılaşırıq. Portuqaliya
universitetləri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində
bir müddət öncə həmin ölkədən gələn
bir qrup universitetimizin qonağı oldu. Onların
bu barədə fikrini soruşdum. İstədim
ki, universitetimizin maddi bazası, tədris sahələrinin vəziyyəti
ilə bağlı qənaətlərini desinlər. Hətta öz təhsil müəssisələri ilə
müqayisə etmələrini istədim. Etiraf
etdilər ki, bu məsələdə universitetimiz onların təhsil
müəssisəsi ilə müqayisədə çox irəlidədir.
“Biz kasıbıq” dedilər. Uzun sözün qısası, universitetimizin maddi
bazasının səviyyəsi kifayət qədər
yaxşıdır. Düzdür, mühəndis
kadrların hazırlanmasında mühüm əhəmiyyət
kəsb edən laboratoriyalarımızın vəziyyəti hələ
üzərində işləməli olduğumuz məsələlər
sırasındadır. Biz də bu istiqamətdə cəhdlərimizi davam
etdiririk.
Akkreditasiya təşkilatı tələb
qoyub ki...
-
Xüsusən, memarlar və inşaatçılar
auditoriyalarda deyil, tikinti sahələrində yetişir. Tələbələrinizin təcrübə ilə
öyrənməsini təmin edə bilirsinizmi?
-
Hazırda bütün qüvvəmizi məhz bu istiqamətə
yönəltmişik. Memarlıq fakültəsinin
beynəlxalq akkreditasiyadan keçməsi üçün
bütün imkanlarımızı səfərbər
etmişik. Akkreditasiya təşkilatı
qarşımızda sahələrin genişləndirilməsi,
memar tələbələr üçün sıx
auditoriyalar deyil, böyük studiyalar yaratmaq tələbi
qoyub. Memar tələbə 2 saat dərs
zamanı yox, səhərdən axşama qədər həmin
studiyalarda işləmək imkanı qazanmalıdır. Bu tələbləri ödəmək
üçün memarlıq fakültəsinin binasına yeni
bina artırmağı nəzərdə tutduq. Hazırda həmin binanın tikintisini həyata
keçiririk.
-
Hansı maliyyə ilə?
- Əsasən öz qüvvəmizlə. Amma dövlət
də bir qədər kömək etdi. Həmin
tikilidə müasir memarlıq mühiti qurmağı
planlaşdırmışıq. Həm təhsil
üçün yararlı, işıqlı, böyük,
eyni zamanda, interyer baxımından da müasir təhsil
mühiti yaradacağıq. Gələcəyin
memarları bu mühitdə yetişsin, formalaşsın deyə.
Gələcəkdə layihələndirdikləri,
tikdikləri binalarda sağlam yaşam mühiti yaratsınlar
deyə.
- Həmin
binada sağlamlıq imkanları məhdud şəxslərin
hərəkəti üçün uyğun şəraitin
yaradılması da nəzərdə tutulubmu? Hər halda belə
tələbələriniz var...
- Bəli,
sağlamlıq imkanları məhdud tələbələrimiz
var. Yeni binada onlar da nəzərə alınıb.
Pul qazanmaq imkanına malik
laboratoriyalar var, ancaq...
- Sabit
maliyyə mənbələri formalaşdırmaq mümkün
olubmu? Bu şərtin yerinə gətirilməsi
üçün nə edirsiniz?
- Ən sabit maliyyə mənbəyi bir büdcədən
ayrılan vəsaitdir, bir də tələbələrin təhsil
haqqıdır. Bundan başqa sabit heç nə yoxdur.
Universitetin özünün, müəllimlərinin
həyata keçirdiyi elmi tədqiqatların, ekspertizanın hesabına
qazandığı vəsaiti nəzərdə tutursunuzsa, o,
sabit deyil. Bu gün var, sabah yoxdur. Bunlar müvəqqəti gəlir mənbələridir.
Universitetimizdə Layihə İnstitutu var. Həmin
institut müxtəlif tenderlərdə iştirak edir, layihələr
udur, işləyir və pul qazanır. Orada
əsasən müəllimlərimiz çalışır.
Amma bəzən tələbələrimizi də
işə cəlb edirik. Sınaq
laboratoriyamız, ekspertiza laboratoriyalarımız var. Hansı
ki, pul qazanmaq imkanına malikdir. Ancaq qazana
bilmir. İnşaat materialları
ekspertizası laboratoriyamız bir zamanlar çox yaxşı
qazanırdı. İnşaatın zəifləməsi
ilə əlaqədar olaraq, onlar da daha qazana bilmirlər.
Müəllimlərimizin bir hissəsi universitetdəki
fəaliyyəti ilə yanaşı, istehsalatda da ekspert,
konstruktor, memar kimi fəaliyyət göstərirlər. Ancaq onların bu fəaliyyəti universitetlə
bağlı deyil. Türkiyə universitetlərinin bir
müəlliminə hər hansı şirkət iş təklif
etmək niyyətindədirsə, mütləq universitetlə
müqavilə bağlayır. Gələn gəlirdən
müəllimin haqqı ödənir. Həmin gəlirdən
universitetə də pay qalır. Təəssüf
ki, bu, bizdə formalaşmayıb. Biznes
qurumları birbaş mütəxəssisin özü ilə əlaqə
qururlar. Bu əməkdaşlıqdan
universitet heç nə udmur. Yeganə
qazancı o olur ki, müəllimi sosial cəhətdən təmin
olunur. Bu, bizim sistemli problemimizdir və həll
olunması çox yaxşı olardı. Onda
Memarlıq və İnşaat Universitetinin əlavə gəlir
mənbəyi formalaşardı. İnşaatçı,
memar, texnoloq müəllimlərimiz bir çox şirkətdə
də fəaliyyət göstərir. Universitet
onların fəaliyyətindən qazanc əldə edə bilərdi.
- Bunu
reallaşdırmağa nə mane olur?
- Bu,
universitetin həll edə biləcəyi məsələ
deyil. Universitet heç bir biznes qurumunu müəllimiylə
əməkdaşlığından ona da pul ödəməyə
məcbur edə bilməz. Müəllimini
də məcbur edə bilməz ki, boş vaxtında əlavə
işlə məşğul olmasın. Bilirsiniz,
müəllim qanunvericiliklə müəyyən olunan dərs
saatlarında universitetdə olmalıdır, qalan vaxtlarda isə
istədiyi işlə məşğul olmaqda sərbəstdir.
Bunu biz ona qadağan edə bilmərik.
- Bayaq Portuqaliya ilə əməkdaşlıqdan
danışdınız. Rəhbərlik etdiyiniz universitetin başqa
universitetlərlə əlaqələri necə qurulub?
-
Keçmiş sovet respublikaları - Rusiya, Qazaxıstan,
Özbəkistan, Gürcüstan, Ukrayna, Latviya, Litva və
Estoniya universitetləri ilə əməkdaşlıq
qurmuşuq. İran, Cənubi Koreya, Misir,
İtaliya, İngiltərə, Avstriya, Fransa, Çexiya,
İspaniya, Polşa, Belçika, İsveç ilə müxtəlif
mübadilə proqramları, layihələr həyata
keçiririk. Türkiyə ilə əlaqələrimiz
xüsusilə yaxşıdır. 10-dan
artıq universitet ilə həm əməkdaşlıq
müqaviləsi, həm də Mövlana Mübadilə
Proqramı çərçivəsində
qarşılıqlı əlaqələr
yaratmışıq. Məsələn, ötən ay
Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin və
Tətbiqi elmlər fakültəsinin dekanı, professor Sezgin
Bakırdere Azərbaycan Memarlıq və İnşaat
Universitetinin qonağı oldu. Bizim təşəbbüsümüz
və dəvətimiz ilə reallaşan bu görüşdə
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində
əlaqələri inkişaf etdirmək məqsədi ilə
universitetlərimizin ikitərəfli əməkdaşlığını,
gələcək perspektivlərini, istiqamətlərini,
uğurlu nəticələrini müzakirə etdik. Yıldız Texniki Universiteti ilə ikitərəfli
əməkdaşlıq müqaviləsi imzaladıq. Müqaviləyə əsasən, hər iki
universitet arasında qarşılıqlı maraq doğuran təhsil
və tədqiqat sahələrində əməkdaşlıq
gerçəkləşdiriləcək.
-
Ümumi statistikaya görə, ölkəmizdə 5410 əcnəbi
tələbə var. Maraqlıdır, onların neçəsi
Memarlıq və İnşaat Universitetinin payına
düşür?
- Əcnəbi tələbələrimiz 700 nəfərdən
çoxdur.
- Bəs,
müəllimlərinizin arasında necə, əcnəbi var?
- Var. Ancaq bizdə uzun müddətə dəvət
olunan müəllimlər olmur. Hazırda Köln
Universitetinin müəllimi fəaliyyət göstərir.
Artıq 1 ildir ki, bizim universitetdədir və çox
güman ki, gələn il də fəaliyyətini
burada davam etdirəcək. Müəllimləri əsasən
bir neçə günlük, bir həftəlik dəvət
edirik. Mühazirə oxumağa, master-klass,
vökşop keçməyə dəvət etdiklərimiz
çox olur. Bir az da dəqiqləşdirsək,
il ərzində 7-10 belə qısamüddətli dəvətlər
gerçəkləşdiririk.
- Universitetdə Prezident təqaüdçüsü
varmı?
- 1 nəfər
var. Bizdə, demək olar ki, Prezident təqaüdçüsü
olmur.
70 faizə yaxın məzunumuz iş
tapır
- Məzunlarınızın keyfiyyəti
sizi qane edirmi? Keyfiyyəti onların iş tapmasının da
müəyyən etdiyini nəzərə alsaq, keyfiyyət
göstəriciniz neçə faiz təşkil edər?
-
Doğrudur, keyfiyyətin əsas göstəricisi məhz məzunların
neçə faizinin iş tapması ilə
ölçülür. Sizə onu deməliyəm
ki, Qərb universitetlərinin ən vacib reytinq göstəricilərindən
biri elə budur. Onlar hətta məzunlarının
hansı əməkhaqqı ilə işə götürüldükləri
ilə bağlı göstəricini də hesablayırlar.
Çoxdan olmasa da, son 3-4 ildə biz də
bununla məşğul olmağa başlamışıq.
Məzunlarımızla mütəmadi əlaqə
saxlayıb işləyib-işləmədikləri, harada
işlədikləri barədə məlumat almağa
çalışırıq. Burada bir faktoru
da nəzərə almaq lazımdır. Tələbələrimizin
əksəriyyəti oğlanlar olduğu üçün bu
faiz bəzən reallığa uyğun olmur. Yəni, bu il məzunlarımızın neçə
faizinin iş tapdığını müəyyənləşdirə
bilmirik. Çünki bakalavrı bitirən kimi
oğlan məzunlarımızın böyük əksəriyyəti
hərbi xidmətə gedir. Onlarla əlaqəmiz bir il tamamilə kəsilir. Qayıtdıqdan
sonrakı bir neçə ay ərzində də onlarla əlaqə
yaratmırıq. İş tapmaq
imkanları olsun deyə, bir müddət gözləyirik.
Bütövlükdə hər oğlan məzunumuz barədə
o, universiteti bitirdikdən il yarım sonra
maraqlanırıq. Nəticələrə əsasən deyə
bilərəm ki, 70 faizə yaxın məzunumuz iş
tapır. Amma onlardan neçə faizi öz
ixtisasına uyğun işləyir, bu rəqəm qeyri-dəqiqdir.
Bizim hesablamalarımıza görə, öz ixtisası
üzrə iş tapan məzunlarımız 50 faizə
yaxındır. Bəzən belə də olur.
İnşaatda iş daimi deyil. Tutaq ki, bir
obyektin tikintisi üçün bir qrup yaradılır. Tikinti başa çatdıqdan sonra həmin qrup
müəyyən müddət ərzində işsiz qala
bilir. Bu amil də bəzən iş tapanların sayı
ilə bağlı dəqiq rəqəmlər söyləməyə
imkan vermir. Odur ki, apardığımız
hesablamalar sadəcə universitetin keyfiyyəti ilə
bağlı ortaya çıxan rəqəmlər deyil, həm
də iqtisadiyyatın inkişaf göstəricisidir. Deyək
ki, 3-4 il əvvəl inşaat sahəsində
çox böyük hərəkətlilik müşahidə
olunurdu. Həmin illərdə məzunlarımızın
da daha çox hissəsi işləyirdi. Hazırda
inşaatın sürəti azaldığından məzunlarımızın
iş tapması baxımından da müəyyən ləngimələr
müşahidə olunur.
Ruhiyyə DAŞSALAHLI
Azərbaycan müəllimi.- 2018.-
25 may.- S.5.