26 illik həsrət
Nakam sevgi, sirli gündəlik, qəbiristanlıq
postunda son...
Lent.az-ın “Əbədi tələbələr” layihəsində
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əbədi
tələbəsi Fuad Əsədovu onun
doğmalarının, dostlarının dilindən dinlədim. Bir də... nə qədər
qəribə olsa da, onun öz dilindən... Əlimdə
tutduğum, sovetlərin məşhur “96 vərəqli”, boz
cildli dəftərindən Fuadı cümlə-cümlə, kəlmə-kəlmə
öyrənirəm:
- Dostoyevski məni çox uzaqlara
“aparırdı”. “Cinayət və cəza”nı
oxuyandan sonra hiss etdim ki, mən heç vaxt cinayət edə
bilmərəm...
- Lev
Tolstoyla aramızda bir yaxınlıq görürdüm...
- “Don
Kixot”u oxuyandan sonra xəyalpərəstlikdən
qaçmağa çalışdım...
- “Macal” məndə
hər şeyə ağıllı yanaşma, zəmanəyə
uyğunlaşmağı bacarmaq haqqında düşünmək
meyilləri yaratdı...
- “Səfillər”i
oxuduqdan sonra özümü daha da saflaşdırmağa
çalışdım...
Bir az səliqəsiz, qarışıq xətlərlə
yazılan bu gündəlik onun məhrəmidir,
oxumağım nə qədər doğrudur, bilmirəm...
Qapamaq istəyirəm ki, anası Solmaz Abdullayeva bir müəllimə
tələbkarlığı ilə növbəti səhifəni
açıb göstərir:
Xətti heç yaxşı deyildi, yazmağını
bəyənmirdim. Ona görə də gündəliyində mənim
haqqımda yazdığı hissəni o qədər səliqə
ilə işləyib ki... Həm də qırmızı qələmlə
yazıb... Sanki ürəyinə damıbmış ki,
dünyadan tez köçəcək, onun hisslərini,
duyğularını bu gündəlikdən öyrənməli
olacağıq... Çox həssas uşaq idi... İndi onun adını daşıyan nəvəm də
elədir. Bu, məni qorxudur...
Bacısı Nüşabə
xanım:
- O qədər
diqqətli idi ki... Həkimlərin və müəllimlərin
peşə bayramı günlərinə bir az
qalmış mənə də, kiçik qardaşım
Əsədə də tapşırırdı ki, məktəb
üçün verilən xərcliyi yığaq. Sonra ona bir
açıqca alıb, müəllimlər günündə
anama, həkimlər günündə isə atama təbrik
yazırdıq... Anam həmişə Fuadın xəttinə
irad tuturdu deyə, açıqcaları mənə
yazdırırdı...
- Gündəlik
yazdığını bilirdiniz?
- Nə tələbə
yoldaşlarının xəbəri var imiş, nə də
bizim... Onun 7 mərasiminə hazırlaşanda qızım
dedi ki, keçən dəfə mən dərsdən gəlib
içəri girəndə Fuad tez nəyisə servantın
başına atdı. Ondan sonra axtarıb bu dəftəri
tapdıq... Sən demə, çoxdan yazırmış,
könüllü orduya getmək üçün gələndə
də özü ilə kəndə gətirib...
Əsədov Fuad Qərib oğlu 1972-ci ildə
noyabrın 25-də Cəbrayılın Quycaq kəndində
dünyaya göz açıb. Ailənin ilk
övladı olan Fuad musiqiyə və rəssamlığa
marağı ilə digər uşaqlardan fərqlənib.
Nüşabə
xanım:
- Mən
fortepiano, Fuad isə qarmon sinfinə gedirdik. Qəribədir ki,
Fuad pianonu məndən də yaxşı
çalırdı...
- Dəfələrlə
olmuşdu ki, qızım akkord tutub, Fuad hər hansı
muğamı ifa edəndə qonşular zəng eləmişdi:
“Musiqi harda səslənir? Nə qədər
çalışsaq da radioda o dalğanı tuta bilmirik...”. Bu qədər istedadlı ifa edirdi...
- Rəsm
bacarığını necə kəşf etdiniz?
- 15
yaşında rayonda keçirilən “Gənc memarların
ümumrespublika müsabiqəsi”ndə fərqləndi, onu
“Artek”ə göndərdilər... Bu haqda gündəliyində
əhatəli yazıb...
Ailənin övladları haqqında
hazırladıqları “Fuad dünyası” kitabında onun
şeirləri, gündəliyi, fotoşəkilləri ilə
yanaşı, “Artek”dən yazdığı məktublar da yer
alıb. Məktublarda Fuad həyatında baş verən
yenilikləri bəzən detallı, bəzənsə
üstüörtülü qeyd edib. Atasının
məktubları iki kişinin söhbətini
xatırladırsa, anasının məktubları tam əksini
- Fuad “dünən yağış yağırdı”,
yazırsa anası cavabında “Mağazaya getsəniz
özünə isti corab alarsan, 23-25 ölçüdə.
İsti corab olmasa eybi yoxdur, sadəsini alıb üst-üstə
ikisini geyin...”
Bu məktublar
bir uşağa yazılıb... O uşağa ki,
ömrünün sonuna cəmi beş il
qalmışdı...
Bu beş il ərzində Fuad öz istəyi ilə
Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun
(indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti)
memarlıq fakültəsinə qəbul olunur. O, Cəbrayılın
ilk ali təhsilli memarı olacaqdı. Cəbrayılda elə tarixi abidələr var idi ki,
tarixə yalnız Fuadın cizgilərində
köçüb.
-
Yoldaşım səhər işə gedəndə Fuadı
özü ilə aparıb abidənin qarşısında
düşürdür, nahara qayıdanda götürüb gəlirdi.
Fuad elə həvəslə işləyirdi ki... Müharibə
başlayana qədər... Müharibə başlayandan sonra həyatında
hər şey ikinci plana keçdi...
- Cəbhəyə
getməyini necə xatırlayırsınız? Qərarını sizə necə bildirdi?
- III
kursda oxuyurdu, martın 15-də qapıdan girdi. Elə
bildim, Novruzu qeyd etməyə gəlib. Artıq
Xocalı hadisəsi baş vermişdi, heç birimiz bayram əhvali-ruhiyyəsində
deyildik. Şirniyyatı çox sevirdi, dedim ki, Xocalı
faciəsinə görə əlim qalxmayıb, heç nə
hazırlamamışam... Dedi, gəlib sizi bayrama
hazırlaşan görsəm, ömrüm boyu heç birinizi
bağışlamazdım! Sonra qərarını
açıqladı... Dedim, yox, sən hələ çox
uşaqsan, təhsilini yarımçıq qoyma...
Atası
isə heç nə demədi... Nə qədər
yalvardım ki, səndən çəkinir, icazə vermə
getsin... Dedi ki, sən nə danışırsan, pis yola gedir,
qumar oynayır, içki içir?.. Neyləyir ki, onu geri qaytarım? Fuad elə bir
missiya üçün gedir ki, mən ona qayıt deyə bilmərəm...
Daha ətraflı
Fuaddan dinləyək:
“Martın 17-də
gedib Milli Ordunun könüllülər dəstəsinə
yazıldım. Əvvəl mənə
etimad göstərmirdilər (əsgərlikdə
olmamışdım). Çox xahiş-minnətdən
sonra (bizdə belədir də, gərək ölümə də
gedəndə yalvarasan) məni imtahan edib, yoxlayıb, nəhayət,
martın 28-də ən qaynar nöqtə olan Qışlaq kəndinə
göndərdilər”.
- O,
üzünü mənə çevirib, “ana, püşk
atdılar, mənə qəbiristanlıq postu
düşdü”, deyəndə elə hiss etdim ki, artıq
oğlumu itirmişəm... Bilirəm ki, düz eləmədim,
amma özümdən asılı olmadı:
- Fuad,
bax, başına bir iş gəlsə, səni
ağlamayacağam! - dedim.
- Narahat
olma, ana! Məni quycaqlılar ağlayacaq... -
deyib, heç kefini də pozmadı.
Nüşabə
xanım:
-
Özünün təzə gödəkcəsini atamın
sürücüsünün köhnə
sırıqlısı ilə dəyişdirdi. Sonradan yayda
imtahanlarını vermək üçün Bakıya gedəndə
atamın xərclik üçün verdiyi pula özünə
yeni hərbi forma almışdı...
Dostu, qrup
yoldaşı Əli Ağa Məmmədov da onu sonuncu dəfə
həmin geyimində xatırlayır:
-
Qrupumuzdan könüllü cəbhəyə gedən
yalnız Fuad idi. Sessiya imtahanlarını da verməyə
qaçaraq gəlmişdi. Elə hərbçi geyimində...
Memarlığı necə həvəslə öyrənirdi...
Bəzən aylarla özünə qapanıb mükəmməl
bir sənət əsəri yaradırdı və onun işi
tamlığı ilə seçilirdi...
Yataqxanada bir otaqda qalırdıq. Bir dəfə
gecəni səhərə kimi fasiləsiz kurs işinin üzərində
işlədik, biz qurtaranda artıq səhər
açılmışdı. Fuad sevinclə
kurs işini çarpayısının üstünə
atdı. Tərslikdən
çarpayının yanından asılan kitab rəfi qopub,
düz kurs işinin üstünə düşdü.
Nitqim tutuldu, dedim indi Fuad fəryad edəcək. O isə
çox sakit, güclə eşidiləcək səslə
filmdən bir sitatı pıçıldadı: “Heç
oğlum Yadullanın müsibəti də belə
olmamışdı”. İkimizin də gülümsəməkdən
başqa yolu qalmadı...
Fuadın gündəliyini vərəqlədikcə səhifələrin
kənarına səpələnən qəribə ürəklər
diqqətimi cəlb edir. Solmaz xanım ağlayır, bacısı Nüşabə
izah edir:
- Ərəbcə
öyrənmişdi... Bu ürək işarəsində ərəb
əlifbasındakı “F” və “Ş” hərfləri birləşib...
Eyni naxışı 10 qəpikliyin üzərində
də yonub, kulon düzəltmişdi. Soruşdum, izah
etdi...
Solmaz
xanım:
- Mən
isə bir az gec xəbər tutdum. Bir də gördüm evdə hər yerə “Ş”
yazıb. Dibçəkdən tutmuş, ayaqqabı
şotkasına qədər... Lap elə həyətdəki əncir
ağacına da... Anamın da, qayınanamın da adı
“Ş” hərfi ilə başlayır, qızıma dedim Fuad
hansı nənəsini əzizləyib? Güldü,
keçdi... Əl çəkmədim, axırda söhbətin
ailə dostumuzun qızı Şəlalədən getdiyini
bildim... Özünə dedim ki, oğlum, sən hələ
balacasan, uşaqsan, universitetə qəbul olunacaqsan, o qədər
fərqli adamlar tanıyacaqsan, qızlar görəcəksən,
fikrini dəyişəcəksən....
-
Televizorda eşitmişəm, yazıçı Anar I sinifdən
sevdiyi qızla ailə qurub. Mən isə
artıq VII sinifdə oxuyuram. Necə ola
bilər ki, fikrimi dəyişim? - dedi...
Sonralar
arada “hələ fikrini dəyişməmisən” soruşanda,
“yox”, deyirdi...
- Şəlalə necə, o nə
düşünürdü?
Nüşabə
xanım:
- Sonuncu
döyüşündən iki həftə əvvəl
Bakıya gəlib imtahanlarını verdi,
IV kursa keçdi. Həmin vaxt gedib universitetin
qarşısında Şəlaləni gözləyib, ürəyini
açıb. O haqda gündəliyində yazıb, amma
yarımçıq qalıb... Bu gün kimi yadımdadır,
mən evə gələndə dəftəri bağlayıb,
tulladı... İndi görürəm ki, gündəlik Şəlalə
ilə həmin görüşləri haqda yazanda yarımçıq
qalıb...
-
Görüşləri haqda sizə heç nə
danışmadı?
- Dedi ki,
anama denən mən qızla danışmışam, iş
qalıb sizə. Fuad şəhid olanda valideynləri ilə
birlikdə Şəlalə də gəlmişdi...
-
Artıq həyətimizdəki əncir ağacı boy
atmışdı... Üstündəki “Ş” hərfi əlçatmaz
olmuşdu... - Solmaz xanım göz yaşlarını silir...
- Şəlalə
ilə o barədə heç nə danışmadıq... Məsələni
onlar da bilirdi, biz də... Susduq... Şəlalə ailə
qurana qədər Fuadın gündəliyini də üzə
çıxartmadıq...
Fuad
gündəliyində Şəlalədən O deyərək,
söz edir:
“Ondan başqa heç
nə haqda fikirləşə bilmirəm. Fikirlərimi
azad buraxan kimi O gəlir gözümün qabağına.
Elə bil Onun mənim xəyallarımda “bronu”
var”.
Atası Qərib Əsədov
xatırlayır:
- Bir dəfə
sözarası babasına demişdi ki, atam Nüşabə ilə
zarafat edir, bizimlə isə ciddi davranır. Həmişə
zarafatla “atam məni cəmi iki dəfə öpüb”, deyirdi
- “bir dəfə “Artek”ə yola salanda, bir dəfə də
oradan qayıdanda”. Amma mən onu üçüncü dəfə
də öpdüyümü xatırlayıram... Gətirdilər...
Üstünə saldıqları örtüyü
qaldırdılar... Alnından öpdüm...
- O
günü necə xatırlayırsınız?
- Bazar
günü idi, 1992-ci il, iyunun 28-i...
Bağçada işləyirdim... Bağçamız xəstəxanaya
gedən yola yaxın idi... Gördüm çoxlu maşın
keçir... Dedilər bu gün ağır döyüş olub,
yaralıları gətiriblər... Tez xəstəxanaya
yollandım... Cərrah Vahid həkim məni görən kimi
dedi səni allah göndərib, gəl
kömək elə... Yaralılara yardım göstərəndə
qəfil narahatlıq hiss etdim... Havaya çıxdım...
İndi də deyə bilmərəm maşına necə əyləşdim,
Fuadın xidmət etdiyi posta necə sürdüm... Onu bilirəm
ki, Qışlağa çatmamış rayon hərbi
komissarının maşını ilə rastlaşdım...
Sürücü Bayram kişi
maşından enib bizə tərəf gələndə elə
bildim gülür... Yaxınlaşanda hönkürdüyü
aydın oldu... hər şey... hər şey aydın oldu...
...Komandiri
dedi ki, arxalarınca göndərdiyimiz zirehli maşın
minaya düşüb... Kimi göndərirsizsə, mən də
onunla gedim, dedim... Olmaz, dedilər... Üzeyir adlı bir əsgər
“mən gedib gətirəcəyəm”, dedi...
...Döyüş
meydanından Fuadı və iki başqa şəhidi
çıxarmaq mümkün olmuşdu... 28 şəhidin nəşini
gətirə bilməmişdilər...
Qızım,
mən çox inamlı və cəsarətli adam
olmuşam. Fuadın ölümü ilə həyata
baxışımda, inanclarımda, haqqın zəfər
çalacağı qənaətimdə, dəfələrlə
təcrübədən çıxmış ideyalarıma
güvəncimdə çatlar əmələ gəldi...
Sanki mən cəsarətimi, həyat enerjimi, müqəddəs
ideyalara bağlılığımı oğlumla bərabər
dəfn etdim... Övlad dərdi ağır dərddir...
Solmaz
xanım:
- Dedilər
Bakıya “Şəhidlər Xiyabanı”na aparaq, qoymadım...
Mənim Bakıda nə işim var, balam yanımda qalsın,
dedim... Üzünü doyunca görə bilmədim, heç
olmasa məzarına yaxın olum, dedim... Cəbrayıl
işğal olunanda Fuadı ikinci dəfə itirdim... İndi
vicdan əzabı çəkirəm ki, kaş Bakıda dəfn
edərdik... Balamın ata qayğısı, ana nəvazişi,
bacı sığalı, qardaş məhəbbəti görməyən,
ziyarət olunmayan məzarına qurban olum... Əvvəllər
naməlum məzarlardan birini götürüb qulluq etmək
istədim, razılıq vermədilər...
- Fuadla
eyni döyüşdə şəhid olan 28 hərbçinin
nəşini geri almaq mümkün oldu?
- Ermənilər
meyitləri iki həftədən sonra verdilər... Fuaddan sonra mən çox özümə
qapanır, allaha üsyan edirdim. Bir dəfə rayondan
molla gəlib təsəlli verdi, dedi, sən
sevin ki, övladının meyitini döyüş
meydanından çıxarıblar. Bəs onunla
birgə döyüşən əsgərlərin anaları
neyləsin? Meyitlər ələ gəlmirdi, onları
yanğınsöndürən maşının şlankı
ilə yuduq, kəfənləmək mümkün olmurdu... Dedi
o uşaqların ata-anası qapıya erkək bağlayıb
ki, balamın meyiti gəlsin, kəsib paylayım...
Fuad
gündəliyində anasının qara, uzun hörüklərini
vəsf edir, onlara dən düşdüyünü yazır:
“O saçların ağarmasında
mənim də “zəhmətim” var...”
Nüşabə
xanım danışır:
- İndi
əbədi tələbəsi olduğu universitetin Memarlıq
fakültəsində Fuadın xatirəsinə barelyef
vurulub... Oxuduğu məktəb onun adını
daşıyır, kiçik qardaşım Əsəd həmin
məktəbi bitirib... Fuad şəhid olandan sonra onun
sırıqlısını məktəbin muzeyinə verdik...
Anamla atam Fuadın bəzi əşyalarını muzeyə verdi...
Solmaz
xanım:
- Buna
görə də özümü bağışlamıram...
Çox ürəksiz verdim, sanki duymuşdum balamın
ardınca torpağımızı da itirəcəyimizi... Vəziyyət gərginləşəndə evdə
saxladığım nəyi var idisə, Beyləqana
qardaşımgilə göndərmişdim. Hər
şey qəfil baş verdi və kəndi
tərk edəndə məktəbin muzeyindən Fuadın
heç nəyini götürə bilmədim... Hətta
hüzrə gələn qrup yoldaşlarından da xahiş
etmişdim ki, institutda nə qədər əl işi varsa, gətirin
mənə... Dedilər, mümkün deyil... Amma dekanla
danışıb, yola gətirmişdilər... Nəyi varsa gətirdilər...
Qərib
müəllim:
- Sağ
olsunlar, bu gün Fuaddan əlimizdə qalan bu nişanələrə
görə tələbə yoldaşlarına borcluyuq... Hə,
bir də 11-ci sinfin Azərbaycan dili kitabında 42-ci
çalışmada Fuaddan bəhs edilir... Rafiq Həşimov
onun haqqında “Yarımçıq gündəlik” adlı sənədli
film çəkib...
Solmaz
xanım davam edir:
- Fuad
ilkimiz idi, indi ilk nəvəmizin də adı Fuaddır... Qəribəsi
odur ki, onun adını biz yox, camaat qoydu... Oğlan olduğunu
biləndə hamı “Fuad doğuldu” dedi... Beləcə,
adını Fuad qoyduq...
Və ildə iki dəfə Fuad evə
gəlir... Doğum günündə və şəhid
olduğu gün...
Qərib
müəllim:
- 25 ildə
elə bir gün olmayıb ki, həmin günləri onun
dostları, sinif və qrup yoldaşları bizə baş
çəkməsinlər... O uşaqlar, uşaq deyirəm,
indi hamısının əlliyə yaxın yaşı var,
düz 25 ildir ki, Fuadın ruhu ilə dostluq edirlər.
Solmaz
xanım:
- Mən
onların dostluğunu həmişə şagirdlərimə
nümunə çəkmişəm... Evdə hamı deyir
ki, sən başqa vaxtlar Fuadın dostları gələndə
olduğun qədər xoşbəxt olmursan... Elə bilirəm
ki, Fuad onlarla gəlib, onlarla da çıxıb gedir...
Fuaddan sonra mən toylara getmirəm. Bir dostu evlənəndə
dedi ki, Solmaz xala, əgər gəlməsəz, bir də bu
qapıya gəlməyəcəyəm. Bu, mənim
üçün fəlakət idi. Bir də bizə gəlməyəcək
deyə elə qorxurdum ki... Onda ilk dəfə toya getdim... Eh,
qızım, Fuadın 20 yaşını onsuz qeyd
etmişik... Elə bir ömür yaşamayıb... Lakin mən
onun haqqında günlərlə, aylarla danışaram... Fuaddan danışanda susmaq istəmirəm, elə
bilirəm yaşayır.
P.S. Yazının hazırlanmasında
göstərdiyi dəstəyə görə Azərbaycan
Memarlıq və İnşaat Universitetinin Tarixi muzeyinin
direktoru Gülmira Məmmədova ilə mətbuat katibi Nəcibə
Mirzəyevaya təşəkkür edirəm.
Vüsalə
MƏMMƏDOVA
Azərbaycan müəllimi.- 2018.-
18 may.- S.11.